• cümə, 27 Dekabr, 07:50
  • Baku Bakı 10°C

İyirmi dörd saatın hökmü - TƏHLİL

23.09.23 07:00 3858
İyirmi dörd saatın hökmü - TƏHLİL

Bakı Cənubi Qafqazın “sülh, əməkdaşlıq və rifah evi” olmasını hədəfləyir. Bu yolda addımlayarkən milli maraqlarımızı təhdid edən, torpaqlarımıza yenidən göz dikməyi arzulayanlar bir həqiqəti tam olaraq anlamalıdırlar ki, “dəmir yumruq” hər zaman yerindədir.

Qarabağda separatizmin kökünü kəsmək, suverenliyimizin bütün ərazilərimizdə tam bərpasını təmin etmək üçün dəfələrlə keçirilməsinin bir zərurət olduğu vurğulanan antiterror tədbirləri nəhayət reallaşdı. Özü də bütün proqnozları və gözləntiləri alt-üst edərək heç də günlərlə, həftələrlə yox, cəmi 23 saat 51 dəqiqə davam etdi. 

“Vur” əmrinin verilməsinə səbəb olan faktorlar 

Əslində, lokal xarakterli antiterror tədbirlərinin yaxınlaşdığını göstərən məqamlar aylardır müşahidə edilirdi. Qondarma humanitar böhran adı ilə İrəvanın başlatdığı, separatçıların isə baş rolda oynadığı şou prosesləri daha da sürətləndirdi. Laçın yolu ilə iki il boyunca qanunsuz silah daşımaları, ərazilərimizdəki Ermənistan ordusunun qalıqlarının çıxarılmaması, mina terrorunun davam etməsi əsas səbəblər olsa da, son bardağın daşmasına səbəb yenə də Paşinyan oldu. Sentyabrın 2-də qondarma rejimə “müstəqillik təbriki” göndərməklə İrəvanın bəyan etdiyi “Qarabağ Azərbaycandır” açıqlamasının sadəcə sözdən ibarət olduğunu bütün dünya gördü. Separatçıların növbəti “prezident” seçmələri, “status” məsələsini yenidən gündəmə gətirmələri, son günlərdə həyata keçirilən infrastruktur layihələri və Azərbaycan vətəndaşlarını hədəfə alan mina terroru “Vur” əmrinin verilməsi ilə nəticələndi.   

Otuz illik problemlər saatlar içində həll edildi

Cəmi bir gün davam edən lokal tədbirlər nəticəsində Azərbaycan beynəlxalq hüquqla tanınan ərazilərində suverenliyini tam olaraq bərpa etdi. Ciddi təhlükə mənbəyi sayılan qanunsuz hərbi birləşmələr tərk-silah olunmağa razılıq verdilər. Qurama rejimin təslim aktına imza atması ilə Qarabağda separatizm meyllərinin kökünün kəsilməsi istiqamətində tarixi nailiyyət əldə edildi. 

Antiterror tədbirlərinin siyasi tərəfinə gəldikdə isə, bu proses sülh danışıqlarında Ermənistanın müddəti uzatmaq, danışıqları yenidən dalana dirəmək üçün istinad edə biləcəyi bir çox kartları onun əlindən çıxartmış oldu. Artıq sülh danışıqlarında yalnız iki tərəf var - Azərbaycan və Ermənistan. Sülh prosesinin əsas məğzini isə hansısa “Qarabağ ermənilərinin hüquq və azadlıqları” yox, iki ölkə arasında sərhədlərin müəyyənləşməsi, kommunikasiyaların, xüsusilə də Zəngəzur dəhlizinin açılması, indiki Ermənistan ərazisindən qovulmuş soydaşlarımızın tarixi torpaqlarına qayıdışı, onların hüquq və təhlükəsizliklərinin təmini, ölkəmizə qarşı 30 illik işğal dövründə vurulmuş ziyana görə milyardlarla dollar təzminatın ödənilməsi və sair təşkil edəcək.  

Əsas hədəf sivillər olmadı

Antiterror tədbirlərindən dərhal sonra Yevlax şəhərindəki ilk təmas Bakının problemlərin güc yolu ilə deyil, danışıqlar yoluyla həllinə üstünlük verdiyini bir daha sübut etdi. Qanunsuz silahlı birləşmələrin ləğvi, separatçı rejimin buraxılması və Qarabağın erməni əsilli sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinin başlaması məsələlərinin ilkin müzakirəsinin aparıldığı dialoqdan çıxan qərarda humanitar çətinliklərin həllinə də xüsusi diqqət yetirildiyini bütün dünya gördü. Artıq ilkin nəticələr də var. Çox qısa zaman kəsiyində Qarabağdakı ermənilərin ehtiyaclarının qarşılanması məqsədi ilə hazırlanan ilk yardım karvanı Ağdam-Xankəndi yoluyla bölgəyə yola salındı. Özü də bu yardım hansısa xarici dövlətin deyil, Azərbaycanın özünün yerli məhsullarından təşkil olunub. Bu fakt bir daha sübut edir ki, Azərbaycan üçün əsas hədəf sivil insanlar yox, məhz dövlətimizin suverenliyini, təhlükəsizliyini təhdid edən qanunsuz silahlı birləşmələr və separatizmə rəvac verən meyllər idi. 

BMT-də rəzil duruma düşənlər

Azərbaycanın bir günlük ildırım sürətli lokal antiterror tədbirləri və qarşısına qoyduğu hədəflərə çox qısa zamanda çatması bir çoxlarının ölkəmizə qarşı növbəti “fürsət” kimi gördüyü bu proseslə bağlı planlarını da alt-üst etdi. Ermənistan rəhbərliyi, bölgədə separatizm kartından yararlanaraq özlərinin geosiyasi hədəflərini qorumağa çalışan güclər, xüsusilə də Fransanın BMT-də dünən Azərbaycana qarşı əvvəlcədən bəyan etdiyi müzakirələr tam əks effekt verdi. Paris, Vaşinqton, ən çox da İrəvanın gözlədiyi hansısa anti-Azərbaycan bəyanat və ya qətnamə layihəsi qəbul olunmadı. Ritorika bir qədər sərt olsa da, Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edildi, Bakı və İrəvan arasında münasibətlərin güc yoluyla deyil, danışıqlarla həllinə dair 30 il eşitdiyimiz ənənəvi bəyanatlara daha biri əlavə olundu. BMT-də müzakirələr zamanı Azərbaycanın təqdim etdiyi arqumentlər və faktlar bütün dünyaya haqq işimizin beynəlxalq hüquq prinsiplərinə əsaslandığını göstərdi. Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağda atəşkəsdən sonra mövcud vəziyyətə dair etiraflarını da xatırlatmaq yerinə düşər. Hansı ki, rəsmi Bakı bu etirafın münaqişə tərəfi olan bir dövlətin baş naziri tərəfindən edildiyini xüsusi olaraq qabartdı. İstədiklərini bu dəfə də əldə etməyənlərin düşdükləri pərt vəziyyət onların davranışlarında, səs tonlarında xüsusilə seçildi. Ermənistan XİN başçısının azərbaycanlı həmkarı Ceyhun Bayramov çıxış edərkən zalı tərk etməsi məqamı İrəvanın hansı isterik vəziyyətdə olduğunun göstəricisidir.

“Dəmir yumruq” hər zaman yerindədir!

Əslində antiterror tədbirləri başa çatdıqdan sonra proseslərin hansı istiqamətdə irəliləyəcəyinin anonsunu Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində açıqladı. Azərbaycan Prezidentinin də vurğuladığı kimi, rəsmi Bakı Cənubi Qafqazın “sülh, əməkdaşlıq və rifah evi” olmasını hədəfləyir. Lakin bu yolda addımlayarkən milli maraqlarımızı təhdid edən, torpaqlarımıza yenidən göz dikməyi arzulayanlar bir həqiqəti tam olaraq anlamalıdırlar ki, “dəmir yumruq” da yerindədir! 

Azad Əliyev 

banner

Oxşar Xəbərlər