İyirmi beş erkən nikah halının qarşısı alınıb
Qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi istiqamətində 2666 nəfərin iştirakı ilə 15 təlim və seminar keçirilib. 8336 nəfər rayonlarda yaradılan Qadın Resurs mərkəzlərinin xidmətlərindən bəhrələnib. Uşaq hüquqlarının qorunması, uşaq iştirakçılığının artırılması, cəmiyyətdə baş verən mənfi hallardan onların müdafiəsi, erkən nikah və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması və digər istiqamətlər üzrə keçən il ərzində 13 min 434 nəfərin iştirakı ilə 162 təlim, seminar və konfrans təşkil olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova komitənin 2023-cü il fəaliyyətinin yekunlarına həsr olunmuş brifinqdə deyib.
B.Muradova qeyd edib ki, komitənin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək mərkəzlərinin fəaliyyətindən 32 min 399 nəfər yararlanıb. Eyni zamanda, 33 min 43 nəfərdən 3096 müraciət daxil olub və onlardan 1224-ü təmin edilib, digərləri isə aidiyyəti üzrə yönləndirilib. Həmçinin 2023-cü il ərzində erkən nikah hadisəsi ilə bağlı 29 fakt üzrə monitorinq-ailə səfərləri təşkil edilib, 25 erkən nikah halının qarşısı alınıb.
B.Muradova, həmçinin, vurğulayıb ki, qurumun mövcud “Qadın Dəstək Xətti”nə 4079, “Uşaq Qaynar Xətti”nə 4453, Gender əsaslı zorakılıqla bağlı Dəstək xəttinə 302 müraciət daxil olub. Bu müraciətlərin əksəriyyəti hüquqi yardımla bağlı olub və hər biri təmin edilib.