• cümə axşamı, 28 mart, 16:51
  • Baku Bakı 16°C

İşıq gələn tərəfə gedirik

04.09.21 09:15 644
İşıq gələn tərəfə gedirik
Şair demiş, "uzun, incə bir yoldayıq”. Çətin, keşməkeşli bir yol gəlməkdə olan çap mediasının yaşadılması üçün əlimizdə olan bütün imkanları işə salmışıq. "Üç əsrin qəzeti” kimi Azərbaycanın yazılı mətbuatının tarixində xüsusi yeri olan "Kaspi” qəzeti artıq oxucularının görüşünə yeni dizaynda, yeni tərtibatda gəlir.
Bunu niyə edirik?
Sual yarana bilər ki, bunu niyə edirik? Ona görə edirik ki, hələlik dünyada qəzet erasının başa çatmadığı qənaətindəyik. Düşünürük ki, yaranmış yeni şəraitin imkanlarından yararlanmaqla qəzetləri yaşatmaq üçün çalışmaq lazımdır.

Axı hələ dünyanın heç bir ölkəsi "internet mediası var deyə qəzetləri tamamilə bağlayırıq” mərhələsinə qədəm qoymayıb, belə bir qərar verməyib. Amerikada, Avropa ölkələrində, qonşu Türkiyədə, Rusiyada hələ də nüfuzlu çap mediası nümunələri qalmaqdadır. Hətta dünyanın inkişafdan geri qalan Afrika ölkələrində belə qəzet çapı davam edir. Belə olan halda biz niyə təslim olmalıyıq ki? Təslim olmaq fikrimiz də yoxdur.
Qollarımızı çırmamışıq

Əksinə, Azərbaycan oxucusuna daha gözəl tərtibatlı, daha nəfis, daha maraqlı qəzet təqdim etmək niyyətindəyik. Necə deyərlər, işıq gələn tərəfə gedirik. Komanda olaraq bu amal, bu məqsədlə qollarımızı çırmamışıq. Xeyli müddətdir davam edən hazırlıqlardan sonra bu gün yeni dizayndakı ilk nömrəmizlə görüşünüzə gəlirik. Məqsədimiz Azərbaycanın ən gözəl tərtibatlı, ən maraqlı qəzeti olmaqdır. Bunun asan olmayacağını bilirik, amma bu dünyada asan nə var ki?
Cığıraçan rolunu oynayacağıq
İnanırıq ki, oxucu, bazar bizim jestimizə müsbət reaksiya verəcək. Bu işimizlə həm də Azərbaycanın digər çap mediası təmsilçiləri üçün cığıraçan rolunu oynayacağıq.

Bu müqəddəs hesab etdiyimiz işin necə uzun və incə olduğunun da fərqindəyik. Aşmalı olduğumuz maneələrdən də xəbərdarıq. Amma nikbinik. Bu uzun, incə yolun bizi hədəfimizə aparıb çatdıracağına əminik.
İlham Quliyev



banner

Oxşar Xəbərlər