“İşim mənim namusumdur”

"O, həqiqətən bir əfsanədir. Çox sevdiyimiz bir sıra
məşhur mahnıların bəstəkarı və müəllifidir. İllər keçir, ancaq onun mahnıları hələ
də sevilir, köhnəlmir, zamana məğlub olmur. Necə edirsə, gənc nəsilləri də özünə
cəlb etməyi bacarır. Selami Şahin çox fərqli insandır, təvazökardır. Eyni zamanda,
bir filosofdur. Əlbəttə ki, bir tərəfi də şairdir” - bu sözləri Türkiyənin
"Hüriyyet” qəzetinin yazarı Ayşe Arman Selami Şahinlə müsahibəsinə giriş olaraq
qeyd edib. Ayşe Arman yazır ki, bu aralar ifaçının "Başdan-başa sən” adlı albomu
işıq üzü görüb.
- Əfsanə olduğunuz
qədər həm klassik, həm də müasir bir ifaçısınız. Təvəllüdünüz çox köhnədir, amma
heç zaman fiziki, mənəvi olaraq köhnəlmirsiniz. Özünüzü tamaşaçılara dinlətdirirsiniz.
Bunun səbəbi və sirri nədir?
- Daim gözəl əsərlər ifa etsəniz, təbii ki, köhnəlməzsiniz.
Sirr bundadır. Nə edirsinizsə-edin, hər şeyin ən yaxşısını görməyə çalışın və onu
hiss edərək hazırlayın. Mən 4 mövsümlük, zamansız əsərlər hazırlayıram. Bəzən
mahnılarımı 8-9 yaşındakı uşaqların dinlədiyini görürəm, hansı ki, həmin
mahnıları 80-90 yaşındakı insanlar da dinləyir. Şükürlər olsun ki, Türkiyədə bəstələrimi
oxumayan ifaçı qalmayıb. Bu, bir bəstəkar üçün çox böyük xoşbəxtlikdir. Hazırladığım
mahnılarım mükəmməl olmasa, mən onlara imzamı qoymaram. İşim mənim namusumdur. İllərdir
xalqın sevgisində varam. Şükürlər olsun ki, mən yaddaqalan biriyəm.
- Sizi yaddaqalan edən
nə oldu? Çox mahnı bəstələməyinizmi, yoxsa zamanın ruhunu tutmağınızmı?
- Mənim işim duyğularladır. Mahnı bəstələdiyim zaman
özümü onu dinləyəcək insanların yerinə qoyuram. O insanları məhz qəlbindən tutmaq
istəyirəm. Ona görə də çoxluğun diqqətini çəkən mövzuları tapmağa çalışıram. Bu
işdə hamımızın yaşadığı şeyləri fərqli izah edə bilmək önəmlidir. İşlənməmiş musiqini
təhvil vermək mənim işim deyil. İstəyirəm ki, mahnılarım o qədər iddialı,
yaddaqalan olsun ki, məndən daha çox yaşasın.
- Mahnılarınızın sözləri
çox gözəldir, bu sözləri haradan tapırsınız?
- Bəzən yaşadığımız sevgilərdən, bəzən dərdini danışan
dostlarımdan təsirlənib yazıram. Bir anlıq özümü onların yerinə qoyuram və
hisslərimi qeyd edirəm. Masamın başında oturub, "bu gün bir mahnı bəstələyəcəyəm”
deyə düşünüb yazmıram. Bu mümkün deyil. İlham birdən gəlir, məcburi şəkildə heç
nə istehsal etmək olmur.
- İlham ən çox hardan
gəlir?
- Heç bəlli olmur. Gözləmədiyim bir anda sanki qapı
döyülür, bir də baxıram ki, melodiya gəlib və həmin an onu nota köçürürəm. Bilirsiniz
ki, mən ali məktəb məzunu deyiləm, ancaq buna baxmayaraq, notların hamısını özüm
öyrənmişəm. Heç zaman müəllimim olmayıb.
- Əgər təhsil alsaydınız,
sizcə, mahnılarınız daha yaxşı olardı?
- Daha yaxşı olacağını deyə bilmərəm, amma bilirəm ki,
fərqli olacaqdı. İmkansız ailədə doğulmuşam. Hətta uşaqlıq şəklim belə yoxdur.
Bir dəfə ibtidai sinif müəlliməm səsimin gözəl olduğunu və gələcəkdə müğənni ola
biləcəyimi dedi. O söz mənə çox cəsarət verdi. 15 yaşımda təkbaşına İstanbula gəldim.
- Sizcə, sizi Selami
Şahin edən nədir?
- Musiqiyə dəlicəsinə aşiqəm. Əgər dünyaya bir daha
gəlsəm, yenə bəstəkar, müğənni, şair olmaq istəyərəm. Yenə də mahnılarım heç kimin
mahnısına bənzəməsin, yazılmış mövzulara toxunmayım - deyə düşünərəm.
- Bəs mahnılarınızı
30 yaşındakı insanlara dinlətdirməyi necə bacarırsınız?
- Bəzən yolda gedirəm və 9-10 yaşındakı uşaqlar mənə
yaxınlaşıb şəkil çəkdirirlər. Marağıma güc gəlib, onlardan hansı mahnımı sevdiklərini
soruşuram. 9 yaşındakı uşaq deyir ki, ən çox "Ben sevdalı, sen belalı” mahnınızı
sevirik. Demək ki, o ailədə mənim mahnılarım dinlənilir. Əgər uşaqların valideynləri
o mahnıları sevirsə, uşaqlar da normal olaraq həmin mahnıları sevir.
- Ruhunuz yaşlanmırmı?
- Özümü 20-25 yaşımdakı kimi hiss edirəm.
- Bir tərəfiniz filosof,
digər tərəfiniz isə həyatı ciddiyə almayan şən bir insandır. Bunu necə bacarırsınız?
- Gülmək insan üçün ən böyük məlhəmdir. Bunu heç zaman
unutmayın. Həyatı ciddiyə almıram, halımdan da çox məmnunam. Bu həyatdan gedənlərin
heç biri geri dönməyib. Həyatın nəyini ciddiyə alacağam? Heç kimin qəlbini qırmadan
xoşbəxt yaşamaq istəyirəm. Onsuz da bu həyatda qonağıq. İçimdə məndən üstün bir
mən var. Çox duyğusal biriyəm. Yolda gedərkən qarışqaları belə əzib, öldürməmək
üçün diqqət edirəm. Bəzən güzgünün qarşısına keçib özümlə danışıram. Deyirəm ki,
kədərlənərək, məyus olaraq nəyi həll edəcəksən? Əgər sənə bir şey olarsa, bir həftədən
sonra hər kəs səni unudacaq. Bu, dünya halıdır. Ona görə də heç bir şeyi dərd etmə.
Əsas sən önəmlisən, başqalarını boş ver.
- Geriyə baxanda həyatınızdan
film çəkmək olarmı? Parklarda yataraq bir albom çıxarırsınız və məşhur olursunuz.
- Türk filmi də çəkmək olar, gözəl bir roman da
yazmaq mümkündür. Doğulduğum kənddən ayrılmağım... Antakyada iki ay bir kafedə çalışdım,
sonra İskenderun, Adana, Ankara - hamısı ayrı bir hekayədir. Nəticədə "bu məmləkətdə
müğənni olmaq mümkün deyil” deyərək İstanbula gəldim. Beyoğlunda Şato adlı oteldə
iş tapdım. Tualet təmizləməklə işə başladım və bir çox işlər gördüm. Soğan-çörəklə
günümü keçirirdim. Daha sonra başqa kafelərdə işlədim. Taksim və Gülhanə parklarında
yatdığım günlər oldu. Valideynlərimə göndərəcəyim pul azalmasın deyə, otellərdə
qalmadım.
- Bu qədər çətinliklər
yaşadığınız dönəmlərdə necə oldu ki, birdən-birə məşhur oldunuz?
- Kasetlərin hazırlandığı bir studiyada özümə bir iş
tapdım. Bir gün Avni Anıl Yusuf adlı bəstəkar dostları ilə iş yerimə gəlmişdi. Cəsarətimi
toplayıb "mənə kaset çıxarın” dedim. Bəstəkar mənə baxıb dedi ki, sənin hələ 16
yaşın var. Türk dilini də güclə öyrənmisən, not da bilmirsən. Gördüm ki, o mənə
yanaşmaq istəmir. Başladım qəfildən dərdli-dərdli "Qürbətdə ömrüm keçəcək”
mahnısını oxumağa. Səsimi dinlədikdən sonra onlar ayağa qalxdılar, "bu nədir?”
deyib bir-birlərinə baxdılar. Səsimi sevdilər. 16 yaşımın sonlarında artıq məşhurlaşdım.
Valideynlərimə dəstək olduğum üçün Allah mənim üzümə baxdı. Mən çox yaxşı övlad
oldum. Valideynlərimin bir dediklərini iki etmədim. Onları kənd həyatının
çətinliklərindən xilas etdim. Həcc ziyarətinə göndərdim və yanıma gətirdim. Əgər
sən ata-anana yaxşı baxarsansa, Allah da o zaman səni qiymətləndirər.
- İlk bəstənizi
aldatma hekayəsi üzərində yazmısınız. Sizi kim necə aldadıb?
- Bir sevgilim vardı. O zamanlar tətili çadırda
keçirmək daha çox dəb idi. İnsanlar çadır kirayələyib orada yaşayırdılar. Həmin
tətillərin birində alman gəncləri ilə tanış oldum. Onlardan iki qız, bir oğlan idi. Birinin sevgilisi yox idi,
çox da gözəl idi. Onunla bir-birimizə baxırdıq. Mən onları bir kluba apardım. Klubda
səhnəyə çıxıb, mahnı oxudum. Qız mənə, mən də ona vuruldum. Onunla 3-4 günlük bir
eşq yaşadım. Əcnəbi bir qızla sevgili olduğum üçün çox havalıydım. Sevgili
olduğumuz 4-cü günü yuxudan ayıldım ki, sevgilim yanımda yoxdur. Düşündüm ki, yəqin
səhər yeməyinə düşüb. Onu axtarmağa başlayanda gördüm ki, yanında başqa birisi var.
Sən demə, bu qızın sevgilisi imiş. Qız məni uzaqdan görən kimi göz-qaş etdi ki,
sevgilim gəlib, mənə yanaşma. Beləliklə, mən bu sevgilimi yalançı dünyaya bənzətdim.
"Yalançı dünya kimi yalançısan, sevgilim” mahnısını məhz həmin qıza həsr etmişəm.
O mahnı ilin əsəri, bəstəsi seçildi. Hətta "Altın kələbək” mükafatı aldı.
- Siz yaxşı aşiq idinizmi?
- Vallah, dürüst bir aşiq idim. Heç bir bicliyim, kələkbazlığım
yox idi. Mənə edilməsini istəmədiyim şeyləri başqasına etmərəm. Birisi ilə eşq yaşayıramsa,
"səninlə evlənəcəm” kimi vəd verib, o insanı ölsəm də aldatmaram. Bu, böyük günahdır.
Həyat yoldaşımla tanış olana qədər heç kimə evlilik təklif etməmişəm.
- Qadınları nəyiniz
cəzb edir?
- İnsanlarla münasibətdə olarkən ikinci bir maskadan
istifadə etmirəm, olduğum kimiyəm. Hər zaman eyni olmağa çalışmışam. İlk gün necə
olmuşamsa, son gün də elə olmuşam. Bir də heç kimdən küsmürəm. Pis münasibət göstərmirəm.
Əgər kimsə məni yarı yolda qoyursa, ona "nə üçün belə etdin?”, "mən sənə nə etdim?”
kimi suallar vermirəm. Ağır danışıb insanların qəlbini qırmıram. Məndə şiddət, hiddət,
bağırma-çığırma yoxdur.
- Ən çox nəyinizdən
şikayət edirlər?
- Ən çox şorgöz olduğumu deyirlər.
- Bəs nə zaman düzəldiniz?
- Evləndikdən sonra. Həyat yoldaşım mənə dünyanın ən
gözəl 3 hədiyyəsini verdi, indi paklanmışam. Dalğalandım və duruldum.
Xəyalə Rəis
