• cümə, 29 Mart, 11:40
  • Baku Bakı 5°C

İşğal altındakı irsimiz yox edilir: Nə etməli?

15.10.19 15:15 593
İşğal altındakı irsimiz yox edilir: Nə etməli?
Azərbaycan torpaqlarının işğal olunmasından sonra Ermənistanın əsas hədəfi işğalın leqallaşdırılması oldu. Bunun üçün işğalçı dövlət ona dəstək verən xarici qüvvələrlə birlikdə iki istiqamətdə fəaliyyətini yoğunlaşdırdı; tarixi Azərbaycan torpaqlarının erməniləşdirilməsi və bu mümkün olmayanda isə özgəninləşdirilməsi. Azərbaycan torpaqlarının erməniləşdirilməsi üçün bir tərəfdən Dağlıq Qarabağ və işğal edilmiş ətraf rayonlarda daha əvvəl ermənilərin yaşamadığı bölgələrə ermənilərin yerləşdirilməsi, digər tərəfdən isə tarixi Azərbaycan torpaqlarında yer adlarının erməniləşdirməsi siyasəti həyata keçirildi.
Ermənistan eyni zamanda erməniləşdirə bilmədiyi tarixi əsərləri özgəninləşdirilməsi fəaliyyəti ilə regiondan Azərbaycan izlərini silməyə çalışır. Azərbaycan dini işlər üzrə dövlət komitəsindən verilən məlumata əsasən işğal altındakı Azərbaycan torpaqlarında tarixi-dini abidə sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahdır. Bu tarixi dini abidələrin ən önəmlilərindən biri də Azərbaycan mədəniyyətinin beşiyi Şuşa şəhərindəki tarixi "Yuxarı Gövhər ağa” məscididir. 14 oktyabr tarixində işğalçı rejim bu məscidi "bərpa” edərək açılış mərasimini həyata keçirdi. Ermənistan mətbuatı bu açılışı "tarixi Fars məscidi” bərpa olunaraq dünya ictimaiyyətinə təqdim olundu”, təqdim etdi. "Yuxarı Gövhər ağa” məscidinin "bərpası layihəsi” qondarma Qarabağ hökuməti, Ermənistandakı Tarixi Şərq Mirasının Dirçəlişi Fondu və İran-Ermənistan Dostluq Assosiasiyasının maddi və mənəvi dəstəyi ilə icra olundu. Burada aparıcı rolu "Part Saman Cahan Co” şirkəti oynadı ki, şirkətin rəhbəri Ermənistanda memarlıq ixtisası üzrə ali təhsil alan İran vətəndaşı Səid Nəhəvəndidir. İran xarici işlər nazirinin mətbuat katibi bu barədə məlumatlı olmadıqlarını desə də iranlı şirkətlərin Ermənistan və işğal altındakı torpaqlarda tarixi Azərbaycan əsərlərinin "bərpa” olunmasında aktiv rol oynamağı diqqət çəkir. Məsələn, İrəvandakı Göy məscidin Azərbaycana məxsus milli memarlıq üslubu dəyişdirilərək "bərpa” olunması işi də İran şirkəti tərəfindən həyata keçirdilmişdir.
Maraqlıdır ki, Ermənistan mətbuatı "Yuxarı Gövhər ağa” məscidini fars məscidi olaraq təqdim etsə də, tarixən Dağlıq Qarabağ ərazisində farsların yaşamaması bu faktı inkar edir. Digər tərəfdən, Ermənistan mətbuatının məscidin tarixi haqqında verdiyi məlumatın özü də onun Azərbaycana aid olduğunu ortaya qoyur. Məsələn, Ermənistanın Səsi radiyosunun səhifəsidə verilən "В ШУШИ ВОССТАНОВЛЕНА ПЕРСИДСКАЯ МЕЧЕТЬ” başlıqlı məqaləni oxuyan bir oxuyucu məqalənin başlığı ilə içi haqqında əlaqəsizliyi çox rahat görə bilər.Tarixdən hamıya məlumdur ki, "Yuxarı Gövhər ağa” məscidi 1883-1884-cü illərdə İbrahimxəlil xanın qızı Gövhər ağanın tapşırığı ilə memar Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabagi tərəfindən inşa edilib. İndiki məscidin yerində hələ Pənahəli xanın dövründə qarğı və qamışdan bir məscid tikilmişdi. Pənahəli хanın tikdirdiyi qarğı məscid 1768-ci ildə İbrahimxəlil xan tərəfindən daşla əvəz edilmişdi. "Yuхarı Gövhər ağa” məscidi isə Gövhər ağa tərəfindən inşa edilmişdi.
Şuşadakı "Yuxarı Gövhər ağa” məscidinin bərpa olunması və bunun bir İranlı şirkətə verilməsinin isə bir neçə səbəbi vardır. Birincisi, bildiyimiz kimi 1987-ci ildən etibarən Ermənistanın məqsədi Azərbaycanlı izinin işğal etdiyi torpaqlardan silinərək, azərbaycanlıların tarixi torpaqlarına dönüşünə maneə olmaqdır. Digər tərəfdən, işğalçı dövlət Azərbaycan tarixi əsərlərini özgəninləşdirərək Ermənistanın guya fərqli dinlərə hörmət göstərdiyini təqdim etməyə çalışır. Çünki beynəlxalq platformada Ermənistan işğal nəticəsində monoetnik dövlətə çevrildiyi ortaya çıxmışdır. Prezident İlham Əliyevin MDB-nin Aşqabat Zirvəsi görüşündə Ermənistanda Nijdeye qoyulan heykəl haqqında dedikləri isə Ermənistanın bu məsələdə həqiqi üzünü ortaya qoyulması baxımından yeni nümunədir.
Işğalçı rejim bu məscidi özgəninləşdirmək yolu ilə "bərpa” edərək Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək verən Müsəlman ölkələrin dəstəyini almağı hədəfləyir. Bildiyimiz kim İslam Əməkdaşlıq Təşkilatının işğal altındakı bölgələrdəki əsərlərin yox edilməsi haqqında qərarları mövcuddur. Digər tərəfdən, Prezident İlham Əliyev dəfələrlə İslam ölkələrinin Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyinin əhəmiyyətli olduğunu qeyd etmişdir. Belə ki, Türkiyə Ermənistanla sərhədlərini bağlayıb, Pakistan, Ermənistanı dövlət olaraq tanımır və Səudiyyə Ərəbistanı Qarabağı işğal etdiyi üçün diplomatik əlaqələr qurmur. Bu səbəbdən Ermənistan müsəlman ölkələrinə də məscidi "bərpa” edərək mesaj vermək isdəyir. Digər tərəfdən, Ermənistan bu tarixi əsərləri özgəninləşdirmək yolu ilə "bərpa” edərək bu regiona Müsəlman turistlər xüsusən İrandan turistlər cəlb edərək maddi gəlirlərini artırmağı və bölgənin işğalını leqallaşdırmağa təmin etməyi çalışır.
Əlbəttə Ermənistanın işğal altındakı torpaqlarımızda apardığı dağıdıcı siyasətinin qarşısının alınması üçün Azərbaycan beynəlxalq və regional təşkilatlarda aktiv fəaliyyət aparır. Bunun üçün həyata keçirən diplomatik səylər bəzi hallarda fakt araşdırıcı missiyanın regiona getməsi ilə nəticələnsə də, təəssüflər olsun ki, bu sadəcə keçmiş Dağlıq Qarabağ ətrafındakı işğal altında olan 5 və ya 7 rayon ilə məhdudlaşmışdır.
ATƏT-in fakt araşdırıcı missiyası 2005 və 2010-cu illərdə hazırlanan hesabatlarında işğal olunmuş Azərbaycan torpaqlarında mədəni irsin dağıdıldığını qeyd etmişdir.
Bunlara muzeylər, tarixi abidələr, mədəni və dini abidələr. 14 mart 2008-ci ildə BMT Baş Assembleyasında qəbul edilən "İşğal olunmuş Azərbaycan torpaqlarında son vəziyyət” adlı qətnamədə də Azərbaycanın mədəni varlıqlarının yox edilməsi haqqında maddələr var. İşğal olunmuş ərazilərimizdə Ermənistanın dağıdıcı fəaliyyəti fakt araşdırıcı missiyaların hesabatlarında öz əksini tapsa da, təəssüflər olsun ki, indiyə kimi qarşı tədbir alınmamışdır. Bunun nəticəsində Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi tərəfindən 27 aprel 2010-cu ildə BMT Baş Katibinə məktub yazaraq Şuşada Azərbaycan tarixinə aid abidələrin dəyişdirilərək bərpa edildiyini, Ağdamda arxeoloji qazıntılar aparıldığını bildirmişdir. Məktubda Ermənistanın bu fəaliyyətlərinin 1954-cü il Hərbi konfliktlər vaxtında Mədəni Abidələrin Qorunması Haqqına Haqa Konvensiyasına, və onun 1954 və 1999 protokollarına zidd olduğu bildirilmişdir. Konvensiya və əlavə protokollar işğal edilmiş bölgədə arxeoloji qazındı aparmağı, tarixi, mədəni və elmi sübutların dağıdılmasını qadağan edir.
Göründüyü kimi Ermənistan işğal altındakı qeyri-qanuni fəaliyyətlərini davam etdirir, Azərbaycanın səylərinə və beynəlxalq hüququn bizim lehimizə olmasına baxmayaraq beynəlxalq təşkilatlar tədbir görməkdə yetərsiz qalır. Bu isə Azərbaycanın qarşısında 2 alternativ qoyur - Ya burada fəaliyyət göstərən dövlətlərlə siyasi müstəvidə məsələnin həll etmək, ya da tək tərəfli beynəlxalq hüququn Azərbaycana tanıdığı imkanlardan istifadə etmək.
Cavid Vəliyev
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi
banner

Oxşar Xəbərlər