• cümə, 29 Mart, 16:01
  • Baku Bakı 14°C

İş vətəndaşların ayağına gedir Fotolar

24.05.13 08:42 9715
İş vətəndaşların ayağına gedir Fotolar
Mayın 23-də Səbayel rayonu “20-ci sahə”də söhbət yayıldı ki, yaşayış massivinə işsizlərə iş verənlər gəlib. Biz də reportaj hazırlamaq üçün sözügedən məntəqəyə yollandıq. Üzərində “Səyyar Əmək Birjası” yazılan Səbayel rayon Məşğulluq Mərkəzinin xüsusi maşını “20-ci sahə” yaşayış massivinin dairəsində qərar tutmuşdu. Xüsusi maşından stol və stullar, gündən qorunmaq üçün günlük yerə endirilmiş və elə bayırdaca işsizlərin müraciət etməsi üçün “ofis” yaradılmışdı. Biz “ofis”ə çatanda artıq işaxtaranlar yavaş-yavaş növbəyə düzülürdülər.
Statistika xatirinə təşkil edilən iş?
Taksi sürücüsü işləyən Elman bizimlə söhbətində dedi ki, daimi maaşı olan bir iş istəyir. Orta təhsili olan Elman həm də Qarabağ veteranıdır: “Yerli şirkətlərdən birində sürücü işləyirdim, 1 ay əvvəl işimi itirdim, indi “taksovatlıq” edirəm. Amma yalnız taksi sürməklə də ailəni dolandırmaq olmur. Çünki qazandığımızın hamısı bizə çatmır, işləməyimiz üçün ona-buna da pul veririk”.
Adının çəkilməsini istəməyən 31 yaşlı Qafqaz Universitetinin məzunu da iş axtaranlar içərisində idi: “Dövlət işində çalışıram, amma aldığım maaş heç təkcə özümü belə təmin etmir. Yoldan keçirdim, gördüm əmək birjasıdır, gəldim. Amma, sözün açığı, heç belə şeylərə inanmıram. Bunlar statistika, görüntü xatirinə bu işi təşkil edirlər”.
İş tapacağına inanmasa da müsahibimiz sabah Səbayel rayon Məşğulluq Mərkəzinə gedəcəyini dedi: “Oranın telefon nömrəsini aldım, sabah gedəcəyəm”.
Orta təhsilli və orta yaşlı işaxtaranlar
Saatlıda qeydiyyatda olan Elmir iş tapmaq sevdasıyla Bakıya gəlsə də, hələ də arzusuna çatmayıb. Ümid edir ki, səyyar əmək birjasında ona da bir iş düşəcək.
İqtisadiyyatı bitirən Sənan aqronom işləyir, amma maaşı aşağı olduğuna görə işləyə-işləyə özünə yeni iş axtarır: “Heç olmaza 400 manat maaşı olan iş axtarıram”.
Neft akademiyasının mühəndis ixtisası üzrə bitirən 50-55 yaşlı Təbriz də hazırda neft mədənlərindən birində çalışdığını dedi: “Qarabağ müharibəsindən əvvəl neft mədənində mühəndis kimi çalışırdım. Müharibədən qayıdandan sonra məni əvvəlki işimə qəbul etmədilər. Yalvar-yaxarla fəhlə götürdülər. 350-400 manat arasında maaş alıram, amma işim çox ağırdır. Evdə çalışan tək mən olduğuma görə aldığım maaş ailəmi saxlamağa yetmir. Buna görə də daha çox maaşlı iş axtarıram”.
Müşahidələrimiz göstərdi ki, iş üçün müraciət edənlər daha çox orta yaşlı və ali təhsili olmayan insanlardır. Orada olduğumuz müddətdə cəmi bir orta təhsilli qadın Səyyar Əmək Birjasına müraciət etdi.
Minimum 125, maksimum 1300 manat
Səyyar Əmək Birjası Səbayel rayon Məşğulluq Mərkəzinin direktoru Fərəc Qasımzadə də bizimlə söhbətində onlara daha çox ixtisası, peşəsi olmayan insanların müraciət etdiyini dedi: “Hər hansı ixtisası, peşəsi olmayan adamlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi peşə kurslarına cəlb edirik. İxtisası olanlara isə iş tapmaqda yardım edirik. Məşğulluq mərkəzi olaraq biz işaxtaranlarla işəgötürənlər arasında bir növ vasitəçiyik. Buna görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tədbirlər planına uyğun olaraq əsasən əhalinin sıx yaşadığı məntəqələrə gedib özümüz onlara əlimizdə olan boş iş yerlərini təklif edirik”.
F.Qasımzadə hazırda 54 müəssisədən 900-ə yaxın vakansiya ilə səyyar əmək birjasına çıxdıqlarını dedi: “Minimum əmək haqqı 125, maksimum 1300 manat təşkil edir. Xarici və yerli şirkətlər, dövlət müəssisələrindən vakansiyalar çıxarmışıq”.
Məşğulluq Mərkəzinin direktoru bundan əvvəl Badamdarda səyyar əmək birjası təşkil etdiklərini bildirdi: “Bu tədbirlərimiz davam edəcək. Digər rayonların məşğulluq mərkəzləri də Bakının müxtəlif yerlərində bu cür yarmarkalar təşkil edirlər”.
Badamdarda keçirdikləri səyyar əmək birjasında 16 vətəndaşı qeydiyyata götürdüklərini deyən müsahibimiz onlardan 8-ni kompyuter, mühasibatlıq kimi peşə kurslarına yazdıqlarını bildirdi: “Dörd vətəndaşa isə bizdə olan vakansiyalar üzrə göndəriş verdik. Göndəriş əsasən yerli şirkətlərdə 200-300 manat maaş müqabilində menecer, operator vəzifələrinə oldu. Xadimə işinə də göndəriş verdik”.
Hansı peşə sahiblərinə ehtiyac var?
F.Qasımzadə onların siyahısındakı yüksək maaşlı işlərin əsasən neftlə bağlı xarici şirkətlərdə olduğunu dedi: “Məsələn, 1300-1700 manat əməkhaqqı müqabilində neft, qaz, neft avadanlıqlarının təmiri üzrə mühəndisə ehtiyac var. Kriteriyalara uyğun işaxtaran vətəndaşlar bizə müraciət edəcəyi təqdirdə biz həmin işlərə göndəriş verir, həmçinin birbaşa müəssisənin rəhbəri ilə əlaqə saxlayıb onu da məlumatlandırırıq. Düzdür, biz göndəriş verən kimi o demək deyil ki, vətəndaşı işə götürürlər. Vətəndaşlar adətən test üsulu, müsahibə, müsabiqə yolu ilə işə götürülürlər”.
F.Qasımzadənin sözlərinə görə, əsasən istehsalla məşğul olan, xaricdən mal gətirən yerli şirkətlər satışı gücləndirmək məqsədilə menecer axtarırlar: “Bundan başqa, mebel fabrikləri, ət, süd və digər məhsulların emalı ilə məşğul olan yerli şirkətlərimizdə texnoloqdan tutmuş, xadiməyə, satış menecerinə qədər vakansiyalar var. Hazırda Səbayel rayonu üzrə 2200 civarında iş axtaran vətəndaşımız bizdə qeydiyyatdadır. Onlardan 54-ə işsizlik müavinəti verilir və biz daim bizdə qeydiyyatda olan vətəndaşlarla əlaqə saxlayırıq, onlara uyğun boş iş yerləri olan kimi xəbər veririk”.
Lalə Musaqızı

banner

Oxşar Xəbərlər