AZE | RUS | ENG |

“Çirkin məhsul”dan necə gəlir əldə etməli?

“Çirkin məhsul”dan necə gəlir əldə etməli?
Ekspertlər deyirlər ki, bunun üçün ölkədə yeyinti sənayesinin inkişaf etdirilməsi vacibdir

Adətən meyvə-tərəvəz alarkən dadı ilə yanaşı, onun görünüşünə fikir verilir. Hətta birinci, görünüş diqqət çəkir. Ona görə də məhsulu bazara çıxaranlar onu yetişdirənlərdən, görünüşü gözəl olanları alırlar. Əmtəə görünüşü yaxşı olmayan, alıcını cəlb etməyən məhsullar isə fermerlərin, kəndlilərin əlində qalır. Və bu, yetişdirilən məhsulun heç də az olmayan hissəsini təşkil edir. Ancaq o məhsullardan da səmərəli istifadə edilməsi ilə bağlı dünya təcrübəsində çox yaxşı nümunələr var. Bəs bu nümunələrdən bizdə nə dərəcədə istifadə olunur? Görünüşü gözəl olmayan məhsulların yerdə qalmaması üçün nə kimi tədbirlər görülür?

Böyük gəlirdən məhrum edən səbəb

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli deyir ki, meyvə-tərəvəz yetişdirənlərin öz gəlirlərindən narazı olmasının əsas səbəblərindən biri də budur: "Fermerlərdən, fəaliyyətlərinin iqtisadi baxımdan səmərəli olub-olmadığını soruşanda, əksəriyyəti "yox” cavabı verir. Bu cavabın arxasında itkilər dayanır. Kənd təsərrüfatı elədir ki, burda itkilər mütləq olur. Çünki yetişdirilmə açıq sahədə həyata keçirilir. Burda isə məhsulun keyfiyyət və kəmiyyətinə təsir göstərən iqlim amillərindən tutmuş, obyektiv səbəblərə qədər o qədər faktor var ki. Təsərrüfat mövsümünün ya əvvəlində, ya ortasında, əsasən də axırında ümumi məhsul üzrə bazarda yararsız, əmtəə görünüşündə problem olan, keyfiyyət göstəriciləri aşağı məhsul hökmən olur. Məsələn, bu il pomidor sahələrində gec yetişmə baş verdi. Bəzi sortlar var ki, optimal müddətdə yetişə bilməyəcək və kal pomidorlar sahələrdə qalacaq”.

N.Nəsirli bildirdi ki, əvvəllər kəndli, fermer məhsulunun itkiyə getməməsinin qeydinə özü qalırdı: "Əvvəllər məhsulu yetişdirənlər satışa getməyən hissəsinin xarab olmaması üçün mütləq çıxış yolu tapırdılar. Bişirirdilər, qurudurdular və s. Hazırda ildə Azərbaycana 5 min tondan çox quru meyvə idxal edilir. Bizdə də yerdə qalan o meyvələri qurutmaq olar. Qurumuş meyvə-tərəvəz sənayesi qurmuş ölkələr heç də müasir texnologiyalardan istifadə etmirlər. Əsasən köhnə ənənələrə söykənərək bu işi görürlər. Birinci problem odur ki, kənd yerlərimizdə insanlar bu vərdişləri itiriblər. Əldə qalan məhsulu yığıb cemə çevirməyə, əlavə bir məhsul yaratmağa maraqlı deyillər. Regionlarda bunu o adamlar edirlər ki, onların müəyyən xidmət sahələri – restoran, kafelərlə əlaqələri var, hazırlayıb onlara satırlar. Ümumilikdə, bu sahədə əvvəlki vərdiş yoxdur. Fermer və ailə təsərrüfatları başa düşməlidirlər ki, bu itki ilə çox böyük gəlirdən məhrum olurlar”.

Böyük çaplı emal müəssisələri azdır

N.Nəsirlinin sözlərinə görə, konserv zavodları çox olsa və o zavodlar daha çox çeşiddə məhsul istehsal etsələr, bu, problemin həllində böyük paya sahib olar: "Ümumilikdə, ölkə üzrə tədarük sistemindən danışırıqsa, burda böyük həcmdə məhsul yetişdirilir. Bizdə bir mövsümdə təqribən 130 çeşiddən çox məhsul formalaşır. Onların içərisində meyvə də var, tərəvəz də. Onların hamısının tədarük olunaraq emala yönəldilməsi mümkündür. Amma burda hökmən bir iqtisadi mexanizm olmalıdır. İlk növbədə bu qədər məhsulu qəbul edə biləcək konserv zavodlarına ehtiyac var. Xaçmazda 1, Lənkəranda 2 konserv zavodu var. Ümumilikdə, ölkə üzrə 4-5 zavod olar. Böyük çaplı emal müəssisələri azdır. Emal müəssisələri olmalıdır. Daha bir problem də, emal müəssisələrinin bir istiqamətdə formalaşmasıdır. Deyək ki, Xaçmaz konserv zavodu yalnız cem istehsal edir. Bizim emal müəssisələrində qida texnoloqlarına ehtiyac var. Xarici ölkələrə getdiyimizdə görürük ki, xeyli çeşiddə məhsullar hazırlayırlar. Yaşı, qurusu, yeməyə əlavələr və s. hazırlayırlar. Bəzən zavodlardan, niyə insanların məhsulunu götürmədiklərini soruşanda deyirlər ki, yetərli qədər götürmüşük. Onlar bir məhsul çeşidi üzrə nəzərdə tuturlar. Tutaq ki, konserv zavodu planı doldurub, yetərli qədər cem istehsal edib. Ancaq almadan başqa məhsullar da hazırlamaq mümkündür axı. Texnologiyalar tətbiq etmirlər. Böyük vəsait qoyulub, iri bir emal müəssisəsi qurulub, geniş kollektiv yığılıb, illərlə təcrübələri var, lakin iki-üç məhsulun üzərində formalaşıblar. Qida texnoloqlarını cəlb etsələr, məhsullarının çeşidlərini artırsalar, kəndlinin məhsulu əlində qalıb itkiyə getməz”.

N.Nəsirli deyir ki, emal müəssisələri, çeşid sayını artırmamaqlarına səbəb kimi bazarda tələbat olmamasını göstərirlər: "Emal müəssisələri deyirlər ki, bazar bunu qəbul etmir. Amma istehsalçı bir növ istehlakçının zövqünü formalaşdırmalı, maraqlı məhsullar təqdim etməlidir ki, bir az zarafatla desək, marketdə müştərinin iştahası çəksin, alsın. Bir növ cem istehsal edirlər, müştərinin seçimi olmur. Bu günlərdə İranda idim, baxdım ki, bir zeytundan nə qədər çeşid məhsul hazırlayıblar. Onlar da cem bişirirlər, ancaq fərqli çeşidləri çoxdur. Onları almamaq mümkünsüz, özünü saxlaya bilmirsən. İnsanı almağa, yeməyə təşviq edirlər”.

Tənbəlləşmə faktoru da var, marağın olmaması da

Ekspert qeyd etdi ki, bu gün dünyada ailə təsərrüfatlarının gücləndirilməsinə böyük maraq var, biz də buna getməliyik: "Biz təşviq edirik ki, bütün xırda təsərrüfatlar birləşib xırda korporasiya formasında fəaliyyət göstərsinlər. Bu da lazımdır, ancaq dünya artıq o mərhələni keçib. Ailə təsərrüfatlarını gücləndirirlər, çünki bu təsərrüfatlar əlavə dəyər yaradır. Almadan 5-10 cür məhsul ala bilir. Ailə təsərrüfatı nə qədər güclüdürsə, bazara o qədər çox məhsul təklif edə bilir. Bizdə sadə dillə izah etsək, tənbəlləşmə faktoru da var, marağın olmaması da. Ən ciddi problem odur ki, xüsusilə kiçik təsərrüfatlarda qeydiyyat sistemi yoxdur. Adam hesablama aparmır ki, bir hektar alma bağından nə qazanır, nə xərcləyir? Yaxud əldə qalan məhsulu çayın kənarına aparıb tökəndə nə qədər maliyyə itirmiş olur? Yaradıcılığa meyillilik azdır. Bəlkə yaradıcı yanaşsalar, daha çox gəlir əldə edərlər. Bizim elə rayonlarımız var ki, ora gedənlərin sayı çoxdur. Məsələn, Qəbələni götürək. Qəbələyə hər həftə gedənlər var. İnsanları ora çəkən təkcə təbiət deyil, mətbəxi də var. Yolun kənarında meyvə-tərəvəz quruları, onlardan hazırlanan tozlar, tərəvəz məhsullarını satırlar. Bunlar da aqro və eko turizm üçün önəmli faktorlardan biridir”.

Yerli resursların dəyərsizləşməsi, səmərəsiz istifadəsi

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, dünya təcrübəsində bu cür məhsullar yeyinti sənayesinə yönəldilir. Azərbaycanın yeyinti sənayesi zəif inkişaf etdiyi üçün bu cəhətdən problem yaranır: "Əmtəə görünüşü zəif olan məhsulların bazarlarda yerləşdirilməsi bir az problem yaradır. Bu da istehlakçı ilə bağlı olan məsələdir. İstehlakçı məhsul alarkən görünüşü gözəl olana üstünlük verir. Nəticədə görüşü zəif olan məhsullar dəyər zəncirinin müxtəlif halqalarında dövriyyədən kənarlaşır. Bu pərakəndə satışda da ola bilər, topdan satışda da. Vaxtında alınmayan məhsul da xarab olur. Dünya təcrübəsində bu məhsulların yeyinti sənayesində hansısa formada tədarükü təmin olunur. Həmin məhsullar nisbətən aşağı qiymətə təklif olunur, bu, təbiidir. Azərbaycanda da bənzər təcrübə var, amma ölkəmizdə yeyinti sənayesi nisbətən zəif inkişaf edib. Bu baxımdan bir sıra hallarda istehsalçılar məhsullarını qeyd edilən müəssisələrə yerləşdirə bilmirlər. Yəni məhsullarının satışı təmin olunmur”.

İqtisadçı bildirdi ki, bu problemin qarşısını almaq üçün atılmalı ilk addım yeyinti sənayesinin inkişaf etdirilməsidir: "Bir sıra hallarda müşahidə edirik ki, yeyinti sənayesi məhsullarının əhəmiyyətli hissəsi idxal olunur. Hansı ki, yerli məhsullar bu istiqamətdə həm qiymət, həm də keyfiyyət baxımından nisbətən daha rəqabətli ola bilər. Çünki son illər bununla bağlı bənzər təcrübənin də şahidi oluruq. Müşahidə edirik ki, xüsusilə yeyinti məhsulları digər növ məhsullarla müqayisədə yerli istehlakçılar tərəfindən daha çox rəğbət qazanıb. O baxımından, bu fürsəti dəyərləndirmək, istehsalın miqyasını genişləndirmək və prosesi təşviq etmək lazımdır. Əgər belə olarsa, nəticədə əmtəə görünüşü zəif olan məhsulların istehlakı üçün də imkanlar yaranar”.

R.Həsənov deyir ki, Azərbaycanda kənd təsərrüfatlarında istehsalçıların 97 faizi ailə təsərrüfatlarıdır. Ailə təsərrüfatları da kiçik həcmdə istehsalçılar olduqları üçün əmtəə görünüşü zəif olan məhsulların onların ümumi məhsulunda payı daha aşağı olur. Buna görə, onlar nisbətən daha rahatlıqla o məhsulu gözdən çıxara bilirlər. Amma ümumi yanaşanda, bu, yerli resursların dəyərsizləşməsi, səmərəsiz istifadəsinə gətirib çıxarır. Bunun təşkili – yığımı, tədarükü və istehlakçıya çatdırılması ilə bağlı müəyyən mexanizmlər formalaşa bilər. Bizdə istehsalçılar əksər hallarda korporativ istehsalçılar deyillər. Tədarük təmin olunarsa, kəndbəkənd, ailəbəailə məhsulların yığılması və müəyyən mənfəət müqabilində nisbətən daha yüksək qiymətə son istehlakçıya çatdırılması istiqamətində müəyyən təşviqlər olarsa, zərərin əhəmiyyətli bir qismini kompensasiya etmək olar”.

Aygün Əhmədova 
 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873