İrəvanın “sübut bazası”na öldürücü zərbə - ŞƏRH

Beynəlxalq Ədalət Məhkəməsinin qərarında üzərinə
götürdüyü öhdəliklərə sadiq olan Azərbaycandan fərqli olaraq, Ermənistan həm də
irqi ayrı-seçkiliyin mövcud olduğu dövlət kimi təsbit olunur
Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) 7 dekabr 2021-ci
il tarixdə keçirilən iclasında Ermənistanın "müharibə məhbuslarının dərhal geri
qaytarılmasına dair” iddiasını təmin etməyib. Məhkəmədə Ermənistanın Hərbi Qənimətlər
Parkının bağlanmasına və Azərbaycan tərəfindən müharibə cinayətlərinin
araşdırılmasına dair iddiaları da təmin edilməyib. Bunun əksinə olaraq, BƏM Ermənistanda
etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı rəsmi
İrəvanın təcili tədbirlər görməsinə dair qərar qəbul edib.

Azərbaycanlıların insan hüquqlarının pozulması
Nəticə etibarilə, Məhkəmə Ermənistanın, o cümlədən bu
ölkənin ərazisində fəaliyyət göstərən, azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar
tərəfindən irqi nifrətin təşviq edilməsini qadağan edən müvəqqəti tədbirlərə
dair Azərbaycanın vəsatətini təmin edib. BƏM əsaslı olaraq Ermənistandan tələb
edib ki, azərbaycanlıların insan
hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görsün. Bu qərar
2021-ci il oktyabrın 14-dən 19-dək olan Məhkəmə dinləmələrindən sonra verilib.
Azərbaycan Xarici İşlər Nazirliyi BƏM-in Ermənistana qarşı verdiyi qərarı
alqışlayıb və İrəvanı Məhkəmənin qərarını dərhal yerinə yetirməyə çağırıb. XİN-in
bu barədə yaydığı bəyanatda vurğulanıb ki, Azərbaycan, Beynəlxalq Ədalət Məhkəməsinin
irqi ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı qeyd etdiyi tədbirlərə əməl
edəcək. Ölkəmizin Beynəlxalq Konvensiyalarla üzərinə götürdüyü öhdəliklərə
sadiq olduğunu diqqətə çatdıran bəyanatda o da bildirilib ki, Azərbaycan beynəlxalq
hüquq çərçivəsində bütün vətəndaşlarının hüquqlarını qorumağa, Ermənistanın
beynəlxalq hüquq pozuntularına görə cavabdehlik daşımasını tələb etməyə davam
edəcək.

"Hərbi əsir” demarşının fiaskosu
Qeyd edək ki, BƏM-də Ermənistanın iddialarının təmin
olunmaması Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut-dəlilləri
məhkəməyə təqdim etməsindən qaynaqlanır. Milli Məclisin İnsan hüquqları
komitəsinin üzvü, hüquqşünas Bəhruz Məmmədovmövzu ilə bağlı "Kaspi” qəzetinə
açıqlamasında deyib ki, Məhkəmənin qərarında bizim üçün ən vacib məqamlardan
biri, Ermənistan tərəfindən qaldırılan, "saxlanılan erməni əsilli şəxslərin dərhal
azadlığa buraxılması”, habelə, "Bakıdakı Qənimətlər Parkının dərhal
bağlanmasına dair” vəsatətlərin yekdilliklə rədd edilməsidir. Deputatın sözlərinə
görə, bu, hər şeydən öncə ona görə vacibdir ki, Ermənistanın məhkəməyə müraciətinin
kökündə dayanan arqumentlərdən ən zəruri ikisi məhz sözügedən məsələlər idi: "Məhkəmə
müvəqqəti xarakterli təminat qərarında mövqeyini müəyyən mənada ifadə etməklə,
İrəvanın sübut bazasının qiymətləndirilməsi üçün əsas meyarlar olan sübutların
"mötəbərlik” və "mümkünlüyünə” ciddi zərbə vurdu. Yəni yaxın gələcəkdə mahiyyəti
üzrə qərar çıxararkən bu məsələlərə istinad ediləcəyi ehtimalı, demək olar ki,
sıfıra bərabərdir. İkincisi, müvəqqəti təminat tədbirinin çıxarılması tələbinin
vacib epizodu kimi, saxlanılan "erməni əsilli şəxslərin dərhal azadlığa
buraxılması barədə” qərarda ifadə olunan "2020-ci il münaqişəsi zamanı əsir
götürülən və həbsdə qalan bütün şəxslərin zorakılıqdan müdafiəsi, onların təhlükəsizliyi
və qanun qarşısında bərabərliyi təmin edilməlidir" tələbi Azərbaycanın
maraqlarına tam mənada cavab verir. Əvvəla ona görə ki, məhkəmə Azərbaycanın ötən
bir il ərzində beynəlxalq humanitar hüquqa istinadən israr etdiyi mövqeyə uyğun
olaraq, "əsir” dedikdə yalnız münaqişə zamanı saxlanılanları nəzərdə tutur. Bu,
özlüyündə İrəvanın "hərbi əsir” demarşının fiaskosu deməkdir. Digər tərəfdən,
BƏM "2020-ci il münaqişəsi zamanı” ifadəsi işlətməklə bəzi Qərb dairələrində
iddia olunanın əksinə, münaqişənin artıq başa çatdığını məhkəmə aktında təsbit
edir”.

İrqi ayrı-seçkiliyin mövcud olduğu dövlət
B.Məmmədov söyləyib ki, Məhkəmənin qərarında daha
bir mühüm məqam, Azərbaycanın vəsatəti əsasında BƏM-in Ermənistandan öz sərhədləri
daxilində fərdlər və təşkilatlar tərəfindən irqi ayrı-seçkiliyi qadağan etməyi
tələb etməsi ilə bağlıdır: "Bununla Məhkəmə İrəvan üzərinə pozitiv öhdəlik
qoyaraq bu ölkədə hazırda irqi ayrı-seçkiliyin mövcud olmasını tanıyıb. Əlbəttə,
arqument sürülə bilər ki, məhkəmə eyni zamanda Azərbaycandan irqi
ayrı-seçkiliyin qarşısını almaq üçün tədbirlər görməsini də tələb edib. Bəli,
bu, ilkin baxışda belədir, lakin tələblərin məzmununa diqqət etməklə fərqi
aydın görə bilərik. Məhkəmə müharibədən çıxmış bir ölkə kimi, Azərbaycandan
mümkün irqi ayrı-seçkiliyin qarşısını almaq üçün tədbirlər görməsini, Ermənistandan
isə artıq mövcud olan bu problemi qadağan etməsini tələb edir. Bununla da
Xarici İşlər Nazirliyinin məsələyə dair bəyanatında ifadə olunduğu kimi Beynəlxalq
Konvensiyalarla üzərinə götürdüyü öhdəliklərə sadiq olan Azərbaycandan fərqli
olaraq, Ermənistan həm də irqi ayrı-seçkiliyin mövcud olduğu dövlət kimi təsbit
olunur”.

Siyasi mövqeyimizi gücləndirmək üçün…
Millət vəkili Məhkəmə qərarında (qərardadında) Azərbaycana
və eləcə də Azərbaycan və Ermənistana münasibətdə müəyyən edilən birgə öhdəliklərə
də toxunub. Bildirib ki, bu məsələdə siyasi mövqeyimizi gücləndirmək üçün
potensial məqamlar olmasına mütləq diqqət yetirilməlidir: "Məhkəmənin Ermənistanın
iddialarına uyğun olaraq təmin etdiyi müvəqqəti öhdəliklərin mahiyyətinə nəzər
salsaq, aydın formada görərik ki, Azərbaycanın milli maraqları və beynəlxalq
nüfuzu ziddinə heç bir öhdəlik yoxdur. Təsadüfi deyil ki, elə qərardad elan
edilən gün Azərbaycan Xarici İşlər nazirliyi bəyanat yayaraq çox konstruktiv
formada razılığını ifadə etdi. Məsələn, öhdəliklərdə hər iki tərəfdən ziddiyyətləri
dərinləşdirə və ya mürəkkəbləşdirə, mübahisənin həllini çətinləşdirə biləcək hərəkətlərdən
çəkinmək, irqi zəmində nifrətin qızışdırılmasınayol verməmək kimi tələblər
müəyyən edilib. Zatən, bu, Azərbaycanın özünün müdafiə etdiyi yanaşmadır və Prezident İlham Əliyev dəfələrlə bu məsələni şəxsən gündəmə gətirib”.
Rufik İSMAYILOV
