• çərşənbə axşamı, 16 aprel, 11:20
  • Baku Bakı 14°C

İranla “Taliban” arasında su müharibəsi - TƏHLİL

03.06.23 00:00 2298
İranla “Taliban” arasında su müharibəsi - TƏHLİL

İranla “Taliban” arasında yeni gərginlik yaranıb. Budəfəki böhranın əsas səbəbi isə transsərhəd su mənbələrindən birgə istifadə ilə bağlı razılığın pozulmasıdır. Ekspertlər lokal toqquşmaların irimiqyaslı münaqişəyə çevrilə biləcəyini proqnozlaşdırır.   

İran daha bir qonşusu - Əfqanıstanla sərhəd qarşıdurması yaşayır. Bölgədə “lider dövlət” olmağa can atan fars-molla rejiminin indiyə kimi Türkiyə, Azərbaycan, İraq və digər ölkələrlə gərginliyin səbəbkarı olduğu faktdır. Bura illər uzunu münasibətləri müharibə həddində olan Səudiyyə Ərəbistanı da daxildir. “Taliban”ın idarə etdiyi Əfqanıstanla gərginliyə gəldikdə, bu, spontan baş verən hadisə deyil. Məsələ ondadır ki, bu il Tehranın diplomatik güzəştlərə getməsinə və Əfqanıstan səfirliyinin binasının “Taliban”a verilməsinə baxmayaraq, tərəflər arasında fikir ayrılıqları sürətlə artır. İki ölkə arasında sərhəddə su mənbələrindən istifadə ətrafında həll olunmamış problemlər var. “Taliban” 2021-ci ildə hakimiyyətə gəldikdən sonra Gilmənd çayı üzərindəki bənddən istifadə edərək İrana axını kəsmək istəyir ki, bu da vəziyyəti daha da mürəkkəbləşdirib. Baxmayaraq ki, çayın resurslarından istifadə 1973-cü ildən ikitərəfli razılaşmalarla tənzimlənir. “Taliban” rəsmiləri maneələrin yaranmasını obyektiv amillərlə əlaqələndirirlər.  Ekspertlərin və müşahidəçilərin gəldiyi qənaət budur ki, İranın çökdürülməsi planı işə düşüb. İcraçılar Qərb, köməkçi vasitə isə “Taliban” seçilib. Proseslər də günbəgün gərginliyə doğru istiqamət götürməkdədir.

Rəisi hədələyir, “Taliban” ələ salır

Beləliklə, Tehran “Taliban”ı İrana suyu az buraxmaqda günahlandırır. “Taliban” isə ölkəsində quraqlıq olduğunu və İrana kifayət qədər su verə bilməyəcəyini bildirir. Neçə müddət idi ki, tərəflər arasında söz davası gedirdi. Son olaraq İran prezidenti İbrahim Rəisi talibləri açıq şəkildə təhdid edib və məsələ daha da gərginləşib. Prezident açıq şəkildə bəyan edib ki, Kabil “sonradan şikayət etməmək üçün” bütün xəbərdarlıqlara mümkün qədər ciddi yanaşmalıdır. Rəisinin sözlərinə görə, “Taliban” iranlı mütəxəssislərə Əfqanıstana gəlmək və su təchizatı ilə bağlı vəziyyəti yoxlamaq imkanı verməyə borcludur. Lakin “Taliban” tərəfi bu müraciətə cavab olaraq ziddiyyətli davranış nümayiş etdirib. Əfqan rəsmilərindən biri - Mubin Xanın sosial şəbəkədə plastik qabı su ilə doldurduğu və İran prezidentinə su göndərmək istədiyini əks etdirən videosu yayımlanıb. “Mən ona (Rəisini nəzərdə tutaraq) Loqar vilayətində su toplayıram, çünki o, bizə ciddi xəbərdarlıqlar göndərib. Xahiş edirəm bizə ciddi xəbərdarlıqlar göndərməyin, çünki dəhşətə gəlirik”, - Xan istehza ilə deyib.

Ardınca da İranın bir neçə sərhədçisinin  əsir alındığı xəbərləri yayılıb. Onların arasında yüksək rütbəli zabitlər də var. Sərhədçilər arasında silahlı toqquşma olduğu bildirilir. Hər iki tərəf bir-birini atəş açmaqda günahlandırır. Vəziyyət gərgin olaraq qalır. İranda su böhranı ilə bağlı məsələ hökumətin əsas problemlərindən biridir. Ölkə ciddi quraqlığa doğru gedir və bu da iqtisadiyyata mənfi təsirlərini göstərir. 

Molla rejiminin hədəfi

Baş verənlərin bir neçə səbəbi var - molla rejimi ölkə daxilində hökm sürən siyasi və iqtisadi problemlərdən diqqəti yayındırmaq üçün qonşularla süni gərginlik yaratmağa çalışır. Ermənistana dəstək verərək Azərbaycanla sərhəddə gərginlik yaradan Tehran indi də Əfqanıstandakı hakim “Taliban” hökuməti ilə su gərginliyinə rəvac verir. ABŞ-nin Əfqanıstandan çıxarılmasını böyük qələbə kimi qiymətləndirən və “Taliban”ı təbrik edən İran hökuməti ümid edirdi ki, onları öz tərəfinə çəkəcək. İran təxminən üç milyon əfqan mühaciri qəbul edib. Suriyada və Yaxın Şərqin müxtəlif ölkələrində İran adından döyüşən əfqan şiələri onlardan seçilib. Əfqanıstanın “Taliban” hakimiyyəti altında sabitləşməsinin İrana miqrant axınının qarşısını alacağı düşünülsə də, əfqanlar İrana və buradan da Türkiyəyə qaçmaqda davam edir. Su, sərhəd, məzhəb kimi fərqliliklərlə yanaşı, İran üçün ən böyük təhlükələrdən biri “Taliban” rejiminin daxilində sabitliyin olmamasıdır. “Taliban” öz daxilində Həqqani və Qəndəhar klanlarına bölünür və təşkilat içərisində puştun, özbək və taciklərin arasında da problemlər var. Digər tərəfdən, Taliban rejimi tərəfindən Əfqanıstandakı şiə qruplarının siyasi qərarların qəbulu prosesindən kənarda saxlanması uzunmüddətli perspektivdə “Taliban” və Tehran arasında müəyyən problemlər vəd edir. Son dönəmlərdə əfqan miqrantların İran polisi tərəfindən zorakılığa məruz qalması, Herat şəhərində İran konsulluğuna hücum və Əfqanıstandakı şiə məscidlərində İŞİD tərəfindən törədilən teraktların qarşısının alınmaması İran-Taliban münasibətlərini yenidən pozub və sərhəddə lokal toqquşmalara səbəb olub.

Körfəz-Qərb ittifaqı gərginliyin müəllifidir?

İran elitası “Taliban”ın ikinci dəfə hakimiyyəti ələ keçirməsinə yardım göstərən Körfəz-Qərb ittifaqının İran-“Taliban” qarşıdurmasını yaratmaqda maraqlı olduğunu düşünür. Bu iddianı gücləndirən amillərin başında ABŞ Silahlı Qüvvələrinin Əfqanıstanı tərk edərkən silah və texnikanı Kabildə qoyub getməsidir. Ötən ay ABŞ Konqresi Əfqanıstanda tərk edilən 7,12 milyard dollarlıq silahlar barəsində Müdafiə Departamentindən hesabat tələb edib. İran siyasi elitası belə düşünür ki, ABŞ-nin bu silahları “Taliban” üçün qoyub getməsi, həm də Çinin sərhədləri yaxınlığında və ticarət dəhlizi üzərində yeni bir münaqişə ocağının yaradılması Qərbdəki dairələr tərəfindən dəstəklənə bilər. Bütün bu iddialar və hazırda Kabil və Tehranda baş verən hadisələrin gedişatı lokal xarakterli insidentlərin irimiqyaslı bir münaqişənin arxa planı ola biləcəyi barədə ehtimalları gücləndirir.

Azər Nuriyev

banner

Oxşar Xəbərlər