İranın kimyəvi çirklənməyə məruz qalmış kənd təsərrüfatı məhsulları

Son illərdə qeyri-neft sektorunun prioritet
sahələrindən olan kənd təsərrüfatına diqqət və qayğı günü-gündən daha da
artırılır. Bununla bağlı dövlət tərəfindən müxtəlif layihələr həyata keçirilir, müxtəlif sərəncamlar qəbul edilir. Elə bu yaxınlarda prezident İlham Əliyev kənd təsərrüfatı məhsullarının inkişafı ilə bağlı əlavə sərəncam da
imzalayıb. Sərəncam kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə
mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sığortanın inkişaf etdirilməsi və
aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi məqsədi daşıyır. Görülən bütün
bu tədbirlərin fonunda Azərbaycanda ölkənin sosial-iqtisadi həyatında xüsusi
əhəmiyyət kəsb edən kəndə təsərrüfatı
məhsullarının istehsalı və emalı sektoru ötən dövr ərzində iqtisadiyyatın əsas
sektorlarından biri kimi müəyyənləşdirilib və Azərbaycanda bu sektorun inkişafı
üçün əlverişli şərait yaradılıb. Aparılan islahatlar bu sahənin inkişafını
təşviq etsə də, bəzi problemlər hələ də qalmaqdadır. Hələlik, kənd təsərrüfatı məhsulları daxili bazarın təminatını
tam ödəmir. Buna görə də bir çox ölkələrdən bəzi məhsullar hələ də idxal
edilir. Bu ölkələr sırasında qonşu İran da var. Lakin təəssüflər olsun ki,
İrandan idxal olunan heç də bütün məhsulların tərkibi keyfiyyət baxımından qənaətbəxş səviyyədə deyil.
Belə ki, İranın kənd təsərrüfatı məhsullarının
35 faizinin kimyəvi cəhətdən çirkləndiyinə dair məlumat yayılıb. Fins.az-ın
məlumatına görə, bunu İran Məclisinin Səhiyyə Komissiyasının üzvü Behruz
Bonyadi deyib. Onun sözlərinə görə, İranda kənd təsərrüfatı sahəsində
pestisidlər və antibiotiklərdən həddən artıq istifadə olunduğuna görə, kənd
təsərrüfatı məhsullarında mikroblara qarşı dayanıqlılıq yaranıb, bu isə insan
sağlamlığı üçün təhlükə yaradır. B.Bonyadi deyib ki, İran orqanik kənd
təsərrüfatı məhsullarının yetişdirilməsinə başlamalıdır. Bəs görəsən İrandan idxal olunan malların arasında kimyəvi
çirklənməyə məruz qalan məhsullar varmı? İrandan gətirilən malların tərkibi
yoxlanılırmı? İndiyə kimi hansısa təhlükəli fakt aşkar edilibmi?
Məsələ ilə bağlı Kaspi-yə danışan Kənd Təsərrüfatı
Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevbildirdi ki, ölkəmizə idxal olan bütün məhsullar yoxlamadan keçir: "İdxal olunan məhsulun
keyfiyyəti yoxlanıldıqdan sonra respublikaya buraxılır və satışına icazə
verilir. Bütün bu prosedurlar Dövlət
Fitosanitar Nəzarət Xidməti tərəfindən həyata keçirilir. Qeyd edim ki, nəinki
idxal, hətta ixrac olunan məhsulların keyfiyyətinə də adıçəkilən qurum tərəfindən
nəzarət edilir. Ət və ət məhsullarının keyfiyyətinə isə Dövlət Baytarlıq Nəzarəti
xidməti nəzarət edir. Hələlik ölkəyə kimyəvi cəhətdən çirklənmiş məhsul idxal
olunmayıb. Bəzən olur ki, İrandan gətirilən kartoflarda zərərli maddələrə rast
gəlinir. Ancaq təbii ki, həmin məhsulların ölkəyə idxalına icazə verilmir. Qeyd
edim ki, hələlik bu məsələ ilə bağlı ciddi problemə rast gəlinməyib”.
"Azad
İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, İrandan gələn kənd təsərrüfatı məhsullarının
tərkibində problemlər aşkar olunub: "Məsələn, kartof, soğan, badımcan kimi kənd
təsərrüfatı məhsullarının tərkibində
nitritlərin miqdarı normadan çoxdur. Təəssüflər olsun ki, bu gün Azərbaycana İrandan genetik
modifikasiya olunmuş məhsullar da ötürülür. Əslində, Azərbaycan
qanunvericiliyində belə məhsulların ölkəyə idxalı qadağan edilib. Bu gün kənd təsərrüfatı
məhsulları ciddi yoxlamadan keçmir. Bazarlarda həcmcə normadan çox böyük olan İran kartofları, soğanları və digər
kənd təsərrüfatı məhsulları var. İstehlakçılar isə buna diqqət yetirmirlər və həmin kənd təsərrüfatı
məhsullarının görünüşünə aldanıb alırlar. Lakin
hələlik bununla bağlı bizə hansısa şikayət daxil olmayıb”.
E.Hüseynov deyir ki, belə məhsulların ölkəyə idxal
olmasının qarşısını alınması üçün ilk növbədə ölkədə mükəmməl istehlakçı siyasəti
formalaşdırılmalıdır: "Həmçinin, yeyinti
məhsulları haqqında qanun daha da sərtləşdirilməlidir. Digər tərəfdən, biznes
qurumlarının onlara verilən toxunulmazlıq şəraitindən sui-istifadə hallarına
son verilməlidir. Hesab edirəm ki, ölkədə müstəqil laboratoriyalar yaradılmalı
və bu laboratoriyalardan götürülən analizlər hüquqi sənəd kimi tanınmalıdır.
Ölkəyə idxal olan kənd təsərrüfatı məhsullarının yoxlanma səviyyəsi qənaətbəxş
deyil. Bu da bəzən sui-istifadə hallarına gətirib çıxarır”.
Şəbnəm
Mehdizadə
