• cümə axşamı, 18 aprel, 15:56
  • Baku Bakı 22°C

İqtisadiyyatının xeyrinə işləməli olan yerli investisiya

25.08.20 19:00 2480
İqtisadiyyatının xeyrinə işləməli olan yerli investisiya
Ekspertlər deyirlər ki, sərmayənin ölkə daxilində yatırılması üçün potensial kifayət qədər çoxdur

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib. Videogörüş zamanı prezidentin toxunduğu məsələlərdən biri də yerli sahibkarların investisiya qoyması ilə bağlı olub. Prezident icra başçılarına bildirib ki, rəhbərlik edəcəkləri rayonlara sərmayə qoyuluşunun artmasına çalışmalı, həm yerli, həm xarici investorları rayonlara cəlb etməlidirlər: "Onları maraqlandırmalısınız, onlara şərait yaratmalısınız. Çünki investisiya olmadan heç bir bölgə, heç bir rayon inkişaf edə bilməz. Düzdür, bu gün dövlət investisiyaları hesabına işlərin böyük əksəriyyəti görülür - ilk növbədə, infrastruktur layihələri və digər layihələr. Ancaq özəl sektorun inkişafı, təbii ki, sərmayə tələb edir. Onu da deməliyəm ki, hazırda xarici investorları aqrar rayonlara cəlb etmək o qədər də asan deyil, bunu biz hamımız başa düşməliyik. Xüsusilə bu gün dünyada hələ ki, davam edən maliyyə və iqtisadi böhran bu imkanları məhdudlaşdırır. Eyni zamanda, pandemiya dövründə, ümumiyyətlə, iqtisadi fəallıq çox aşağı düşüb. Dünyada bu iqtisadi fəallıq nə vaxt bərpa ediləcək və yaxın gələcəkdə ediləcəkmi, bunu demək mümkün deyil. Ona görə, biz gərək bu məsələyə çox praqmatik nöqteyi-nəzərdən yanaşaq və bilməliyik ki, bu gün xarici investorlar üçün Azərbaycanda cəlbedici sahələr energetika sahəsi ilə bağlıdır - neft-qaz layihələri, elektrik enerjisinin istehsalı, bərpaolunan enerjinin istehsalı, nəqliyyat layihələri”.
Prezident, həmçinin qeyd edib ki, əsas ümidimiz yerli investorlaradır. İlk növbədə, yerli sahibkarlar Azərbaycana sərmayə qoymalıdırlar: "Bu gün Azərbaycan sahibkarları ölkəmizdə mövcud olan və gündən-günə möhkəmlənən sabitlikdən, əmin-amanlıqdan istifadə edərək, dövlətin onlara verdiyi dəstəkdən faydalanaraq, onlar üçün yaradılmış şəraitdən bəhrələnərək, iqtisadiyyatımızın liberallaşmasından xeyir görərək xarici ölkələrə böyük həcmdə sərmayə qoyurlar. Bu, təbiidir, dünya iqtisadiyyatı belə idarə olunur və bunu biz qadağan edə bilmərik. Ancaq xarici ölkələrə on milyonlarla dollar həcmində investisiya qoyan Azərbaycan sahibkarı, ilk növbədə, öz Vətənini düşünməlidir, öz insanlarımızı düşünməlidir. Onu düşünməlidir ki, bu gün pandemiya dövründə, neftin qiymətinin kəskin düşməsi şəraitində işsizlik arta bilər. Əlbəttə ki, bu, sahibkarların mənəvi öhdəliyi olmalıdır. Ona görə mən Azərbaycan sahibkarlarına üz tutub deyirəm ki, indiki şəraitdə sizin vəsaitiniz ölkə iqtisadiyyatının xeyrinə işləməlidir. Azərbaycana vəsait qoyun. Burada sizin vəsaitiniz ən yüksək səviyyədə qorunur".
Mövzu ilə bağlı mütəxəssislərin fikirlərini öyrəndik.Millət vəkili Azər Badamov qeyd etdi ki, böyük biznesmenlər investisyaların xaricə yatırılmasını dayandıraraq ölkədaxili investisyalara üstünlük verməlidir: "Dünyada ölkələr investisyaların cəlb edilməsi üçün mübarizə aparır. Azərbaycan investisiyaların yatırılması üçün ən rahat ölkələrin arasındadır. Bu, Dünya Bankının "Doing Busines” hesabatında qeyd olunub. Xüsusilə neftin qiymətinin aşağı düşdüyü və qlobal pandemiyanın dünya iqtisadiyyatını böhrana sürüklədiyi bir vaxtda biznesmenlərimizin sərmayələrini ölkə daxilinə yerləşdirməsi, yeni müəssisələrin ərsəyə gətirilməsi və iş yerlərin yaradılması bu gün ölkəmiz üçün vacib məsələdir. Sərmayələrin ölkə daxilində yatırılması üçün potensial kifayət qədər çoxdur. Regionlarda emal müəssisələrinin yaradılması, yerli xammaldan istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi üçün bütün infrastruktur imkanlar dövlət tərəfindən yaradılıb. İcra hakimiyyətlərinin başçıları yerli və xarici sərmayələrin təmsil etdikləri regionlara cəlb edilməsinə şərait yaratmalı, sahibkarlara dəstək göstərməlidirlər. Düşünürəm ki, bütün məmurlar və sahibkarlar cənab Prezidentin çıxışını dinləmişdir. Cənab Prezdentin verdiyi tapşırıqları və tövsiyələri rəhbər tutaraq hər kəs öz fəaliyyətinə bir daha yenidən baxış edəcək. Ölkənin müstəqilliyinin möhkəmlənməsi, dövlətin güclənməsi, iqtisadiyyatın inkişaf etdirilməsi və sosial siyasətin genişlənməsində hər bir vətəndaş tutduğu vəzifəsindən və sosial mövqeyindən asılı olmayaraq xidmət etməyə borcludur”.
İqtisadçı millət vəkili Vüqar Bayramovun sözlərinə görə, bu istiqamətdə görüləcək ilk iş investisiya mühitini daha da yaxşılaşdırmaqdır: "Regionların inkişafı Azərbaycan dövləti üçün hər zaman prioritet məsələ olub. 2015-ci ildən sonra ölkəmizdə aparılan islahatlar birmənalı şəkildə əvvəlki illərdə formalaşmış infrastrukturun dəyərə çevrilməsinə hesablanıb və bu baxımdan da həm yerli, həm də xarici investorların cəlbi həmişə vacib məsələ olaraq qalır. Reginonlara yeni investisiyaların cəlb olunması yeni iş yerlərinin yaradılması üçün əhəmiyyətlidir. Regionlara investisiya cəlb edilməsi istiqamətində fəaliyyət gücləndirilməlidir. Bunun üçün investisiya mühiti daha da yaxşılaşdırılmalıdır. Etiraf etmək lazımdır ki, bəzi bölgələrdə yerli icra hakimlərinin biznesə müdaxilələri var. İlk növbədə həmin müdaxilələr aradan qaldırılmalıdır. Eyni zamanda stimullaşdırıcı tədbirlər görülə bilər. Misal üçün regionlarda fəaliyyət göstərən sahibkarlar üçün girov mexanizminin asanlaşdırılması, maliyyə resurslarına çıxış imkanlarının artırılması, daha ucuz, aşağı faizli kreditlərin verilməsi lazımdır”.
İqtisadçı ekspert Pərviz Heydərov isə qeyd edir ki, sahibkarın öz vəsaitini investisiya şəklində hara qoyması, onun bilavasitə şəxsi biznes maraqlarına, iqtisadi mənafeyinə və istəyinə uyğun bir məsələdir: "Yəni heç bir sahibkara vəsaitini bu və ya digər biznes sahəsinə qoymasını, o cümlədən ölkədən kənara çıxardaraq xərcləməsinə maneə yaratmaq mümkün deyil. Bu, iqtisadi azadlıqlar prinsipinə uyğun gələn məsələ deyil. Lakin hər bir sahibkar öz ölkəsinin sərhədləri daxilində biznesini genişləndirsə, bu, yeni iş yerlərinin açılmasından əlavə, ölkə iqtisadiyyatı üçün də töfhəverici amildir. Eyni zamanda dövlət büdcəsi üçün yeni gəlir mənbəyinin təşkil olunması deməkdir. Bu mənada dövlətin də üzərinə müəyyən vəzifələr düşür. O mənada ki, özəl sektorda çalışan iş adamlarının daha çox daxili bazara xidmət etmələrini təmin etsin, bu sahədə stimullaşdırıcı şərait yaratsın və yerli sahibkarların vəsaitlərini daxilə yatırmaları üçün onlarda həvəs yaratsın”.

Günel Azadə



banner

Oxşar Xəbərlər