• cümə axşamı, 28 mart, 17:17
  • Baku Bakı 16°C

İqtisadi və hərbi üstünlük qazandıracaq layihələr

28.08.21 09:30 1182
İqtisadi və hərbi üstünlük qazandıracaq layihələr
Ekspertlərin fikrincə, beynəlxalq hava limanlarımız, yollarımız nə qədər çox olarsa, regionun təhlükəsizlik potensialı da bir o qədər yüksək olar
44 günlük Vətən Müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdıqdan sonra Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərdə genişmiqyaslı quruculuq işlərinə start verilib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın yanvarın 14-də Füzuli rayonuna və Şuşa şəhərinə səfəri çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının təməli qoyulub. Təməlqoyma mərasimindən sonra geniş ictimaiyyətə yeni infrastruktur layihəsi barədə açıqlama verən dövlət başçısı bildirib ki, uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq hava limanı beynəlxalq standartlara uyğun səviyyədə inşa ediləcək. Burada təyyarələrin qəbulu və yola salınması, sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq. Azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli layihə olan Füzuli Beynəlxalq Hava Limanının əsas məqsədlərindən biri də xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər. Perspektivdə Şuşa şəhərində Xarıbülbül formasında müasir helidromun inşası da planlaşdırılır.


Naxçıvana yol açılacaq

İşğaldan azad olunmuş ərazilərdə ikinci hava limanının tikintisinə aprelin 26-dan start verilib. Prezident və birinci xanımın Cəbrayıl, Zəngilan rayonlarına səfəri çərçivəsində təməli qoyulan Zəngilan Beynəlxalq Hava Limanının uçuş-enmə zolağı üç kilometrə bərabər olacaq. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etməyə qadir olacaq. Zəngilan rayonunun coğrafi yerləşməsi və burada olan imkanlar gələcəkdə Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirəcək. İşğaldan azad olunan ərazilərdə inşa edilən hər iki aeroport bütün Qarabağ və şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Ümumi götürsək, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaq.


Tarixi torpaqlarda aparılan abadlıq-quruculuq işləri

Füzuli, Zəngilandan sonra üçüncü beynəlxalq hava limanı Laçın rayonunda inşa edilir. Belə ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın avqustun 16-da Kəlbəcərə, Laçına səfəri çərçivəsində Laçın rayonunun Qorçu kəndinin ərazisində Laçın Beynəlxalq Hava Limanının təməli qoyulub. Laçın hava limanın inşası işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Bununla yanaşı, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili də özündə ehtiva edir. Belə ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.


İlk sınaq uçuşları

Sevindirici haldır ki, artıq Füzuli Beynəlxalq Hava Limanında sınaq uçuşları həyata keçirilir. Belə ki, təməlqoyma mərasimindən cəmi 7 ay sonra – avqustun 20-də Füzuli Beynəlxalq Hava Limanında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə uçuşlara start verilib. Avqust ayının 25-ə qədər davam edəcək yoxlama, ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış Aerodata AD-FIS-112 uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi ilə gündəlik olaraq həyata keçirilməkdədir.


Hərbi qüdrətin artırılması

Hər üç beynəlxalq hava limanının strateji əhəmiyyətini "Kaspi” qəzetinə şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib ki, Füzuli, Zəngilan və Laçında aeroportların inşası iqtisadi, siyasi və hərbi baxımdan mühüm hadisədir. Onun sözlərinə görə, ilk növbədə sərnişin və yük daşınması, o cümlədən hərbi yüklərin çatdırılması, şəxsi heyətin manevr imkanlarının artırılması, çevik yerdəyişməsi üçün aeroportların rolu əvəzsizdir: "Misal üçün, Bakıdan Füzuliyə 4 saata gedəcək hansısa təcili yardımı 30-40 dəqiqə ərzində helikopterlə daha tez çatdırmaq mümkündür. Yaxud təxliyə məsələlərində aeroportların, təyyarə və helikopterlərin geniş imkanları var. İstənilən halda hərbi infrastrukturun işğaldan azad olunmuş ərazilərdə yaradılması Azərbaycanın hərbi qüdrətinin artmasına xidmət edəcək. Ona görə də, bu ərazilərdə beynəlxalq hava limanlarımız, yollarımız nə qədər çox olacaqsa, o regionun təhlükəsizlik potensialı bir o qədər yüksək olacaq. Biz kimsənin qarşısında öhdəlik götürməmişik ki, yeni tikilən aeroportlardan, salınan yollardan hərbi məqsədlər üçün istifadə edilməsin. İşğaldan azad olunan ərazilər Azərbaycana məxsusdur və biz orada yaradılan infrastrukturdan öz məqsədlərimiz üçün yararlanacağıq. Yəni istəsək, o aeroportlara sərnişin və yük təyyarələri, hərbi təyyarələr, helikopterlər, yaxud pilotsuz uçuş aparatları endirə bilərik. Ümumi götürsək, azad olunan ərazilərdə inşa edilən 3 beynəlxalq hava limanı Azərbaycanın hərbi qüdrətinin artırılması istiqamətində də mühüm hadisədir. O aeroportların hər birinin özünəməxsus funksiyası var. Dövlət bu qədər vəsait sərf edərkən, yeni infrastruktur qurarkən ən xırda məsələləri belə nəzərə alır”.


Zəngilan logistik hab olacaq
İqtisadçı-ekspert Eldəniz Əmirov da qəzetimizə açıqlamasında bildirib ki, işğaldan azad olunan ərazilərdə tikilən beynəlxalq hava limanları həm hərbi fəaliyyətin təşkili, həm də iqtisadi reinteqrasiyaya nail olmaq üçün son dərəcə vacib infrastruktur layihələrdir. İqtisadçının qənaətincə, cari ilin sonuna qədər əldə edilən ciddi nəticələri hər kəs görə biləcək: "Hava limanları üzrə vəziyyəti ayrı-ayrılıqda təhlil etsək, görərik ki, Füzuli və Zəngilan aeroportları bir çox parametrlərə görə bir-birinə bənzəyir. Laçında olacaq hava limanı isə əvvəlkilərdən tamamilə fərqlənir. Hər üç koordinata baxsaq, görərik ki, bu, üçbucaq şəkilli bir halqa – şəbəkə yaradır. Bu təsadüfi seçim deyil. Yerləşmə elə seçilib ki, bütövlükdə coğrafiya əhatə olunur. Bununla da, gələcəkdə hərbi, iqtisadi, logistik proseslərin həyata keçirilməsi mümkün olacaq. Füzuli Beynəlxalq Hava Limanı daxili turistlərin Qarabağa səfərləri zamanı intensiv istifadə olunacaq. Eyni zamanda bu hava limanı vasitəsilə digər aeroportlarla da əlaqə yaradılacaq. Zəngilan Beynəlxalq Hava Limanına gəlincə, Zəngəzur dəhlizi fəaliyyətə başladıqdan sonra Zəngilan logistik hab olacaq. Buradakı hava limanı logistik habın tərkib hissəsinə çevriləcək, beynəlxalq yükdaşımalarında özünəməxsus rol oynayacaq”.


Azərbaycanın ikinci Azad İqtisadi Zonası

Ekspert vurğulayıb ki, coğrafi ərazisinə görə, Zəngilan hava limanı turistlərin, digər sərnişinlərin aktiv istifadəsi ilə yanaşı, hərbi məqsədlər üçün də yararlı olacaq, kənd təsərrüfatının emal sənayesinin yaradılmasına müsbət təsir edəcək: "Bu hava limanı gündəlik 4 minə qədər sərnişinə xidmət göstərəcək. İllik istifadədə bu, kifayət qədər böyük rəqəmə çevriləcək. Düşünürəm ki, gələcəkdə Zəngilan Azərbaycanın ikinci Azad İqtisadi Zonasına çevriləcək. Bunun üçün bu coğrafi ərazinin böyük potensialı var. Laçın Beynəlxalq Hava Limanı isə xarakterik xüsusiyyətlərinə görə özündən əvvəlkilərdən tamamilə fərqlənir. Coğrafi relyefi nəzərə alsaq, burada hava nəqliyyatı avtomobil yolu və dəmir yolundan daha aktualdır. Ümumilikdə, hər bir hava limanının öz funksiyası və çəkisi var. İqtisadi baxımdan əlverişli olan hər bir hava limanı hərbi məqsədlər üçün də geniş imkanlar açır. İqtisadi və hərbi marağın, fürsətin yarandığı coğrafi koordinatda, bu istiqamətdə üstünlük əldə edən tərəfdə, istər-istəməz siyasi dividentlər qazanmaq imkanları da olur. Bu baxımdan, hər üç hava limanının strateji əhəmiyyətini saymaqla bitməz. Hər üç hava limanının bizim indi təsəvvür edə bilmədiyimiz yeni üstünlüklərinə gələcəkdə şahid olacağıq. Ən nəhayət, belə infrastrukturun yaradılması sülh prosesini sürətləndirir. Ermənistan sülh müqaviləsini imzalamağa təhrik olunur”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər