İqtisadi potensialı böyük olan, amma tam açılmayan coğrafi məkan
Oktyabrın
14-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin
xarici işlər nazirlərinin iclası keçirilib. Bu gün isə Şuraya üzv olan
ölkələrin dövlət başçılarının görüşü baş tutacaq. İlk dəfə olaraq Özbəkistan Türk Şurasının
tamhüquqlu üzvü kimi iclasda iştirak edib. 2009-cu il
oktyabrın 3-də Naxçıvanda yaradılan Şuranın məqsədi üzv dövlətlər arasında
hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Təşkilat yaranandan bəri üzv
ölkələrin liderlərinin altı iclası baş tutub. Görüş ərəfəsində Türkiyə
Prezident Administrasiyasından bildirilib ki,
Türkdilli ölkələrin əməkdaşlığının güclənməsi bütün regionun xeyrinədir.
Qeyd olunub ki, bugünkü gün türkdilli ölkələri təkcə tarixi və mədəni köklər
yox, həm də bütün regionun inkişafına yönələn ümumi maraqlar bağlayır.
Administrasiyadan bildiriblər ki, Türk Şurasının yaradılması ilə türkdilli
ölkələr arasında münasibətlər daha da möhkəmləndi. Türkdilli ölkələr əvvəllər
olduğu kimi bütün sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, turizm və hərbi
sahələrdə münasibətləri inkişaf etdirəcək. Qeyd edilib ki, bu gün türkdilli
ölkələr sözün əsl mənasında öz regionlarında iqtisadi və enerji lokomotivinə
çevrilir, Türkiyə türkdilli ölkələrlə bütün sahələrdə öz təcrübəsini bölüşməyə
hazırdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri ərəfəsində
deyib ki, Türkiyə türkdilli ölkələrlə münasibətləri ilə fəxr edir. O bildirib ki, türkdilli ölkələr arasında münasibətlər
bundan sonra inkişaf edəcək. Türkiyə Prezidenti əlavə edib ki, Azərbaycana
səfəri çərçivəsində Türk Şurasına üzv dövlətlərinin rəhbərləri ilə ikitərəfli
görüşlər keçirəcək.
Bəs
görəsən bu sammit ölkələr arasındakı iqtisadi münasibətlərə necə təsir edəcək?
Ümumiyyətlə, türkdilli ölkələr arasında olan ticarət dövriyyəsinin artırılması
üçün daha nələr edilməlidir?
İqtisadçı-ekspert Rəşad Həsənovdeyir ki, bu görüşlərin keçirilməsində əsas məqsəd türkdilli ölkələrin dayanışmasını
ortaya qoymaqdır: "Əsas hədəflərdən biri də bu ölkələr arasında qarşılıqlı
iqtisadi və ticarət əlaqələri genişləndirmək istiqamətində mövcud potensialı
nisbətən daha effektiv formada istifadə etməkdir. Xüsusilə, ticarət
dövriyyəsinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşlarının edilməsi
ilə bağlı müzakirələr aparılacaq. Bu istiqamətdə mümkün şərtlərin daha da
liberallaşdırılması, qarşılıqlı iqtisadi münasibətlərin təşviqedici mexanizmləri
haqqında müzakirələrin aparılacağı istisna edilmir. Nəzərə almaq lazımdır ki,
türkdilli ölkələr Rusiyanın qonşuluğunda böyük bir coğrafiyanı əhatə edir. Bu
ölkələrin iqtisadi potensialı kifayət qədər böyükdür. Həmçinin bu iqtisadi
potensial işlənməmiş hesab olunur. Bu məqam öz növbəsində imkanların
genişləndirilməsi üçün baza
formalaşdırır. Təbii ki, bu ölkələrin hər biri üçün spesifik iqtisadi model mövcuddur.
Bəzilərində idarəetmənin liberal olmaması və zəif təşkili və s. məqamlar da
var. Bu ölkələrin iqtisadi mühitində ciddi nöqsanların olması türkdilli
ölkələrin iqtisadi potensialının tam olaraq istifadəsini çətinləşdirir. Ümid
edirəm ki, bu görüş qeyd olunan istiqamətdə mümkün imkanların daha effektiv
formada istifadəsi üçün bir şərait formalaşdıracaq”.
İqtisadçı millət vəkili Azər Badamovsöylədi ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət başçılarının Bakı
görüşü türkdilli dövlətlər arasında iqtisadi və siyasi əlaqələrin inkişafı baxımından böyük
əhəmiyyət daşıyır: "Bu birlik türk dövlətlərinin bir-birini dəstəklədiyini və
yanında olduqlarını bütün dünyaya bir daha sübut edir. Türkdilli dövlətlərin
qarşılaşdığı bir sıra qlobal problemlər var. Bu problemlərin həlli
istiqamətində türkdilli dövlətlərin tez-tez bir araya gəlməsi dünyada güclü
ittifaqın olmasını təsdiq edir. Bununla yanaşı, görüş türkdilli ölkələr
arasında ticarət əlaqələrinin inkişafında yeni bir mərhələ rolunu oynaya bilər.
Bu ölkələr arasında qarşılıqlı iqtisadi əlaqələr günü-gündən inkişaf edir. Amma
qardaş ölkələr arasında iqtisadi münasibətlərin gələcəkdə daha da
təkmilləşdirilməsinə ehtiyac var. Orta və uzunmüddətli dövr ərzində bu
əlaqələrin daha da genişləndirilməsi baxımından, bu görüş mühüm əhəmiyyət kəsb
edir. Türk dünyası ölkələrinin iqtisadi potensialı çox böyükdür. Amma bu
potensialdan tam olaraq istifadə edilmir. Görüşün əsas prioritetlərindən biri
də, bu əlaqələri genişləndirmək olacaq”.
Şəbnəm
Mehdizadə