"Kaspi” liseyi "World Scholar's Cup”
intelektual yarışına yenidən ev
sahibliyi edir. Liseyin Bakıxanov filialı
artıq ikinci ildir ki, intellektinə güvənən şagirdlər üçün qapılarını açıb. "Dünya
Alimlər Kuboku”nun Bakı raundu ötənilki kimi yenə də qələbəliklə keçir.
Yarışmanın ümumilikdə 10 ildən çox tarixi olsa da, artıq 70-dən çox ölkəni əhatə edə bilib. Mütəmadi
olaraq hər il regionlarda yarışa seçim turlarını keçirmək üçün fərqli ölkələrdə
seçmə mərhələləri təşkil olunur. Yekun mərhələ olan "Global Raund" isə
6 böyük mərkəzdə, fərqli ölkələrdən olan minlərlə şagirdin iştirakı ilə
keçirilir. Yarışmanın final mərhələsi isə ABŞ-ın Yale Universitetində 6 raundun
qalibləri arasında aparılır. Şagirdlərin dünyagörüşü, bilik və qabiliyyətlərini
praktiki cəhətdən inkişaf etdirməsinə köməklik göstərən "Dünya Alimlər Kuboku”
yarışmasına məktəblilər aşağı və yuxarı yaş qrupları üzrə 3 nəfərlik komandalar
şəklində qatılırlar.
Cənubi Qafqaz
regionu üzrə təkcə Azərbaycanda təşkil olunan intellektual yarışma artıq ənənəvilik
hüququ qazanmağa başlayıb. Qeyd edək ki, 4 ayrı panel üzrə aparılan yarışmanın
fərqli kateqoriyaları var. "Scholar's bowl” - strateji və səsli müsabiqə ümumi
zalda aparılır və hər sual öncəkindən çətin olur; "Collaborative writing” - verilən
mövzular əsasında esselər yazılır və dəyərləndirilir; "Scholar's challenge” - bu
müsabiqədə iştirakçının bilikləri test imtahanı əsasında yoxlanılır; "Komanda
debatı” - müəyyən mövzu əsasında debat yarışı aparılır.
"Kaspi” liseyində
28-29 yanvar tarixlərində - iki gün davam edən yarış bir-birini əvəz edən
panellərdən ibarət oldu. Hər panel şagirdlərin özünütəsdiqinə, dünyagörüşünü sərgiləməyə,
məntiqini ortaya çıxarmağa imkan yaratdı. Şagirdlər esse yarışlarında, ingilis
dillində keçirilən debatlarda, strateji intellektual müsabiqələrdə, yoxlama
sınaq imtahanlarında iştirak etdilər. Şagirdlər yarış boyunca xarici dil biliklərini
inkişaf etdirmək, komanda ilə işləmək bacarıqlarını inkişaf etdirmək şansı
qazandılar. Yarışın əsas məqsədlərindən biri də, uşaqların sosiallaşmasına dəstək
verməkdən ibarət idi. Yarış müddətində yeni tanışlıqlar qazanan, keyfiyyətli
fikir mübadiləsində olan azyaşlılar, bilikləri ilə paralel, əhatə dairələrini də
genişləndirdilər.
«Kaspi» liseyinin beynəlxalq layihələr üzrə
koordinatoru Elxan Tahirov qəzetimizə
açıqlamasında artıq ikinci ildir keçirilən yarışmanın get-gedə populyarlıq
qazandığını bildirdi: "Builki müsabiqədə ümumilikdə 260-a yaxın şagird iştirak
edir. Yarışma ingilis dilində keçirildiyi üçün dövlət məktəblərindən daha çox,
özəl məktəblər qatılıb. Sevindirici haldır ki, dünyanın bir neçə ölkəsində
keçirilən yarışma Azərbaycanda da təşkil olunur. Həmçinin Cənubi Qafqaz ölkələri
arasında bu yarışmaya ev sahibliyi edən yeganə dövlət Azərbaycandır”. E.Tahirov
yarışmanın məqsədindən danışaraq, şagirdlərin daha çox humanitar fəndə özlərini
ifadə etmək qabiliyyətlərini, məntiqi təfəkkürlərini ölçməyə əsaslandığını
bildirdi: "Bu yarışmada qalib olanlar final turuna, yəni 6 mərhələdə keçirilən
"Global round” yarışmasına adlayırlar”. Keçən ilə nisbətən yarışmaya bu il
marağın daha da artdığını bildirən E.Tahirov, müsabiqənin hələlik paytaxt
şagirdlərinin iştirakı ilə məhdudlaşdığını qeyd etdi: "Hələ ki, yarışmada yalnız
Bakının təhsil müəssisələrində oxuyan şagirdlər iştirak edir. Gələn ildən məqsədimiz
yarışmanı regionlara da yaymaqdır. Yarışma, iştirakçıların natiqlik,
özünüinkişaf qabiliyyəti üçün əhəmiyyətlidir. Bu yarışlarda fənn olimpiadalarına
maraq artır. Olimpiada hərəkatı isə artıq respublika səviyyəsində geniş vüsət
alır”. Koordinator humanitar sahənin - özünüifadə sahəsinin, debatların və s. kölgədə
qalmaması üçün bu sahələri inkişaf etdirməyə çalışdıqlarını deyir: "Başqa
yarışmalarda şagirdlərin üzərində imtahan stressi olur. Ancaq bu yarışmalarda
şagird əylənərək çalışır. Şagird bilik dərsi nümayiş etdirməkdən çox, yeni
qabiliyyətlər qazanmağa gəlir”. E.Tahirov bildirdi ki, builki yarışmaya
qatılanlar arasında keçənilki yarışmanın iştirakçılarından da var. Belə ki, şagirdlər
arasında hazırlaşıb keçən ilki yarışa nisbətən daha yaxşı iştirak edənlər olur.
Şagirdlər özlərinə əminliklə çıxış edirlər. Biz onları müşahidə etdikcə, aralarında
qeyri-adi qabiliyyətlilərin olduğunu görürük”.
E.Tahirov məlumat
verdi ki, bir neçə kateqoriya üzrə keçirilən yarışmada "Ən yaxşı debat”, "Ən
yaxşı komanda”, "Ən yaxşı esse”, "Ən yaxşı test” (dünyagörüşü ilə bağlı
suallar), "Sürətli məntiqi suallar” və s. kateqoriyalar üzrə şagirdlər öz
qabiliyyətlərini nümayiş etdirirlər.
Yarışmada iştirak
şərtlərinə gəlincə, hər məktəb öz səviyyəsində komandasını seçə və bir neçə
komanda ilə iştirak edə bilər: "Bunun üçün limit yoxdur. Senior və Junior qrupları (aşağı və yuxarı yaş qrupları), hər
qrupun da ayrı nominasiyası var”. Yarışmanın qalibə verdiyi üstünlükdən danışan
E.Tahirov bildirdi ki, iştirakçısı "Global” mərhələdə mükafat qazansa, təhsilini
humanitar fənlər üzrə davam etdirəcəyi təqdirdə, müəyyən təqaüdlər almaq imkanı
əldə edə bilər: "Hələliksə, həmin mərhələdə ölkəmizdən iştirak edən olmayıb.
Çünki "Global” mərhələdə şagirdlərin iştirakı üçün pul tələb olunur. Yəni
iştirak etmək istəyən pul ödəyib o yarışmaya qatılmalıdır. Maliyyə isə şagirdlərin
qarşısında iştirak üçün maneə yaradır”.
Yarışın ikinci
günü keçirilən istedad şousunda şagirdlər öz bacarıqlarını nümayiş etdirərək əyləncəli
vaxt keçirməyi bacardılar. Bağlanış mərasimində müxtəlif kateqoriyalarda önə
çıxan şagirdlər həm qrup, həm də fərdi şəkildə kubok və medallarla təltif
edildilər.
Turnir bu il də uğurlu
təşkilatçılıq və yeni istedadların üzə çıxması ilə yadda qaldı. Ən əsası,
şagirdlərin özünəinamını artırmaq və özlərini sınamaq, zəka yarışmalarına
qatılmağa motivasiya, dünyagörüşlərini formalaşdırmaq baxımından, yarışmanın əhəmiyyəti
bir daha təsdiqini tapdı.
Yarışmanın yekunu olaraq komanda
yarışlarında fərqlənən komandalar Kaspi Liseyi, Azərbaycan Britaniya
məktəbi, Bakı Oksford məktəbi və Landau məktəbi oldular.
Aşağı yaş qrupu üzrə inşa (writing ) kateqoriyasında 1-ci yer :
Nurgul Cahandarlı (Baki Oksford Liseyi”,
2-ci yer:
İbrahim Aslanlı (Bakı Oksford Liseyi),
3-cü yer:
Məryəm Quliyeva (Kaspi Liseyi), Komanda şəklində inşa
qalibləri: 1-ci yer:
Oksbridc Akademiyasi,
2-ci yer:
Kaspi Liseyi,
3-cü yer:
Azərbaycan Beynəlxalq Məktəbi
Da Vinci mukafati: Aydan Əllezova (Kaspi Liseyi), Çempion alimlər: Aqsin Əlisoy (Kaspi Liseyi, aşagı yaş qrupunda),
Yuxarı yaş qrupunda Leyla İsgəndərli (Landau Məktəbi) Yuxari yaş qrupunda inşa
qalibləri: 1-ci yer:
Leyla İsgəndərli (Landau məktəbi)
2-ci yer:
Bikəxanım Hüseynli (Kaspi Liseyi),
3-cü yer:
Tamilla Axundlu (Oksbridc Akademiyası).