• cümə, 26 Aprel, 04:48
  • Baku Bakı 16°C

İnnovasiyanın siyasi iqtisadiyyatı

25.07.20 11:15 4074
İnnovasiyanın siyasi iqtisadiyyatı
İnsan həyatı dinamik bir proses kimi daim yenilik və dəyişikliklərlə müşaiyət olunur. Sözügedən prosesin tərkib hissəsi olan istənilən sfera yaxud spesifik komponent də zaman keçdikcə effektivlik nöqteyi-nəzərindən təkmilləşməyə və ya transformasiyaya zərurət duyur. Bu baxımdan, yüksək səmərəlilik və tərəqqi məqsədilə yeniliyin tətbiqi, başqa sözlə insanın intellektual fəaliyyətinin, kəşfinin, ixtirasının son nəticəsinin və ya təkmilləşdirilmiş halının cəmiyyətə təqdim edilməsi innovasiya adlanır. İnnovasiyanın təsir miqyası onun tətbiq sahəsindən, tətbiq edən subyektin növündən, bütövlükdə innovativ aktın özünün formasından birbaşa asılıdır və qeyd edilən amillərə əsasən bir sıra kateqoriyalarda səciyyələnir.
İqtisadi proseslərə innovasiyanın elmi cəhətdən inteqrasiyası avstriyalı iqtisadçı Yozef Şumpeterin "İqtisadi inkişaf nəzəriyyəsi” kitabı ilə başlayaraq sonrakı dövrlərdə bir qisim müfəssəl tədqiqatlar əsasında daha da geniş vüsət aldı. Qeyd edilən əsərdə təqdim edilən "Kreativ destruksiya" yaxud "Şumpeter fırtınası” anlayışı, iqtisadi quruluşu fasiləsiz olaraq daxildən dəyişdirən, davamlı olaraq sistemdə mövcud olan köhnə elementi dağıdarkən yenisini formalaşdıran transformasiya prosesini ifadə edir. Belə olan halda, Şumpeterə istinad edərək kapitalist mexanizmlərin hərəkətverici qüvvəsinin innovasiya olduğunu demək mümkündür. Belə ki, kapitalist sistemin mahiyyətini təşkil edən və özəl mülkiyyət prinsiplərinə söykənən sahibkarlıq subyetklərinin rəqabət mühitində öz fəaliyyətlərini qurmaları və zaman-zaman "rəqabət üstünlüyü” amilinin meydana gəlməsi ilə bir subyektin digərini bazar payı baxımından, sıradan çıxarmaqla əvəzləməsi qeyd edilən hipotezi təsdiqləyir. Buna əlavə olaraq, biznes tsiklində iqtisadi böhran anlayışı da əslində reziliyent biznes əməliyyatları apara bilməyən subyektlərin fəaliyyətini məhdudlaşdırmaqla yanaşı, dövrün tələbinə uyğun subyektlərin formalaşmasına rəvac verərək ikinci qrupda təmərküzləşənlərin uğurlu və davamlı fəaliyyətinin fonunda, dayanıqlı iqtisadi tərəqqini stimullaşdırır.
İnnovasiyanın, yeniliyin ölçülməsində və bütövlükdə onun keçmişlə gələcək arasındakı roluna dair müxtəlif fikirlər var. Alman filosof Fridrix Nitsşe keçmişə dair istənilən anlayış, məvhum və əxlaqi mühakimənin qüsurlu cəhətlərinin mövcudluğuna görə keçmişin tətbiqinin keçmiş xətaların da təkrarı olacağından, daha genişmiqyaslı yanlışlara zəmin hazırlamamaq üçün onların proseslərdən tamamilə kənarlaşdırılaraq yeni, qüsursuz və zamanın tələbinə uyğun nəzəriyyələrin tərtib edilməsinin zərurətini vurğulayır. Müasir dövrdə isə innovasiyanın kateqoriyalaşdırılması və onun dərəcələrinin müəyyənləşdirilməsi "İnnovasiya matris”i əsasında həyata keçirdilir. Mahiyyət etibarı ilə 4 sektordan (sırası ilə İnqilabi, Dəstəkləyici, Bəsit və Dağıdıcı İnnovasiya) ibarət olan matris innovasiyaya zərurət duyulan sahə ilə bu zərurəti şərtləndirən problem arasındakı əlaqəni tədqiq edir. İnnovasiya kortəbii bir proses olmadığından, onun labüdlüyünün ölçülməsi və mümkün nəticələrinin səmərəlilik baxımından qiymətləndirilməsi nəticə etibarilə müvəffəqiyyət üçün müstəsna əhəmiyyət kəsb edir.
Uğurlu idarəçilikdə, ələlxüsus iqtisadi idarəçilikdə innovasiyanın yeri və rolu danılmazdır. Bu baxımdan, spesifik olaraq istehsalatda innovasiya faktorunun əhəmiyyəti artıq stereotip halına gəlmiş "Ford Motor Company” örnəyində açıq şəkildə müşahidə edilir. 1908-ci ildə qeyd edilən şirkət tərəfindən kütləvi istehsalına başlanınlan "Ford Model T” avtomobilinin istehsal xəttinə innovativ üsul və vasitələrin inteqrasiyası ilə 6 il ərzində istehsal müddətini 68 faiz, istehsal xərclərini isə 62 faiz azaltmaqla şirkət həm mənfəətini maksimallaşdırdı, həm də avtomobilin əlçatanlığını artıraraq yeniliyin və innovasiyanın qısa bir dövr ərzində digər sahələrə də sirayət etməsinə şərait yaratdı. Birləşmiş Ştatlarda innovasiya, məvaciblərdən tutmuş ömür uzunluğuna kimi ən müxtəlif yaşam elementlərində çox ciddi irəliləyişə səbəb oldu. Eyni zamanda, texnologiya məhsulları innovasiya sayəsində daha da münasibləşərək "Ford” nümunəsində olduğu kimi, yaşamın bütün sferalarında tərəqqi mühitini bərqərar olmasında önəmli rol oynadı. Xüsusən, ayrı-ayrı biznes subyektləri aspektindən məsələyə nəzər salındıqda, təkmilləşən əməliyyatlar və artan məhsuldarlıq nəticəsində izafi xərclərdən azad olmanın fonunda, biznes ekosisteminin sürətli inkişaf fazasına qədəm qoyaraq ABŞ-ın texnoloji və innovativ üstünlüyünün təmin olunmasında əlahiddə əhəmiyyətə malik olması müşahidə edilir.
İstənilən halda, yenilikçi üsul və vasitələrin həm fərdi həm də korporativ qaydada dinamik proseslərin lokomotivi halına gəlməsi yalnız proqressiv yanaşma nəticəsində mümkün ola bilər. Məlumdur ki, uğurun fundamental faktoru kimi innovasiya olduqca kompleks predmetləri özündə ehtiva etməklə yanaşı, tətbiq zamanı ciddi iradə tələb edir. Adətən vertikal iyerarxik strukturların (biznes subyektləri və ya dövlət aparatları) innovasiyanın tətbiqindəki uğur və impedans dərəcəsinin kökündə idarəedici rəhbərliyin iradəsi dayanır. Bu kontekstdə ölkəmiz də son illərdə yeni islahatlar mərhələsinə qədəm qoyaraq innovativ metodların tətbiqində ciddi qətiyyət nümayiş etdirir. O cümlədən innovasiyanın konspetuallaşdırılması, korporativləşdirilməsi və strukturlaşdırılması istiqamətində də olduqca mühüm addımlar atılır. Hesab edirəm ki, "daha yaxşısı üçün dəyişiklik” prinsipindən çıxış edən Azərbaycan, dünya üçün yenilik və innovasiya nöqteyi nəzərindən kifayət qədər uğurlu bir nümunədir.
Rəqəmsallaşmanın geniş vüsət aldığı indiki zaman kəsiyində, heç şübhəsiz ki, innovativ metodların zərurəti özünü daha qabarıq formada büruzə verəcək. Yaxın illərdə ortaya çıxacaq yeni situasiya elastik olmayan və potensial baxımından monokultur iqtisadiyyatlar üçün dağıdıcı xarakter daşıyacaq. Nəzər alsaq ki, iqtisadi elastikliyi və diversifikasiyanı formalaşdıran əsas amillərindən biri də innovasiyadır, o zaman, tarixən olduğu kimi gələcəyin dünyasında da onun həyati əhəmiyyət daşıyacağı açıq-aydın görünür.
Nicat Muradzadə
İstanbul Universitetinin İdarəetmə fakültəsinin bakalavrı
banner

Oxşar Xəbərlər