• şənbə, 21 Iyun, 08:45
  • Baku Bakı 19°C

İlk səhifəni cıran, uzun müddət düşünən...

04.09.21 11:45 3185
İlk səhifəni cıran, uzun müddət düşünən...
Yazıçılarımız qeyri-adi və maraqlı yazı vərdişlərindən söz açdılar
Müxtəlif peşə sahiblərinin özünəməxsus fərqli vərdişləri var. Bu, onların həyat tərzindən, iş ortamından, peşəsindən asılı olaraq dəyişir. Muzayla – ilham pərisiylə yazan, onsuz qələmə (klaviaturaya) yaxın durmayan (istisnalar da var) yazıçıların yazı vərdişləri, yazıya yanaşma tərzləri və yazıyla harmoniyası xüsusilə fərqlidir.
"İlk səhifəni cırıb atıram....”

Xalq şairi Sabir Rüstəmxanlı deyir ki, poeziya elə bir şeydir ki, ilham pərisi gələn vaxtı gərək onu dəyərləndirəsən, dərhal yazasan ki, uçub getməsin. Maraqlı fikirdir. Bəs proza? Proza yazanda necə olur? İndi də yazıçı kimi izah edir: "Proza tamam başqa şeydir. Mən lap cavan vaxtlarımdan qəzetdə işləmişəm, yazmağa özümü alışdırmışam. Gün ərzində işləmişəm, axşamlar dost-tanışla görüşlər, ailə, məişət qayğıları ilə məşğul olmuşam, təbii ki, yazmağa vaxt qalmayıb. Ona görə də gecələr bir az yatıb, səhərə yaxın saat 4-5 radələrində oyanıb yaradıcılıqla məşğul olmuşam. Bir də o vaxtlar ildə bir dəfə 24 günlük yaradıcılıq evlərinə gedirdik və bütün yarımçıq yazılarımızı orda tamamlayırdıq.

İlk cümləni yazmaq çətinliyi

Əlbəttə ki, ilk cümləni yazmaq həmişə çətindir. Yazının tempini, ahəngini tutmaq, onu müəyyənləşdirmək, haradan başlamağı tapmaq məsələsi çox vaxt aparır. Mən hər zaman yaza-yaza düşünürəm. Bir də məndə elə əvvəllərdən ilk səhifəni cırıb atmaq vərdişi yaranıb. İndi də kompüterdə yazıram, düşünmə prosesim ekranda gedir. Buna görə ilk səhifəm elə ekrandaca silinir. Kompüterdə yazmaq daha çox imkanlar yaradır. Amma bununla yanaşı, mənfi tərəfləri də var. Bəzən yazdığın 30-40 səhifə yazı ehtiyatsızlıq ucbatından silinib gedir.
"Yazmaq istəyimə heç nə mane olmur”
Mən yazmaq istəyəndə bir tərəfə çəkilib yaza bilirəm. Uşaqlarımın, nəvələrimin səsi gəlsin. Bu, mənim üçün daha da xoşdur. Yəni iş otağımda yazarkən o səsləri eşidəndə daha rahat oluram. Sanki yaxınlarımı, doğmalarımı yanımda hiss edirəm. Bəzən elə olur ki, televizora baxa-baxa, bəzən söhbət edə-edə də yazıram. Yazmaq istəyimə heç nə mane olmur. Payız və qış aylarında, dağlara çəkiləndə, yaxud da dəniz qırağında olanda daha rahat olur yazmaq mənə. Nə çay, nə də qəhvə içirəm, bulaq suyunu sevirəm. Klassik musiqi, türkülər, saz havaları, Azərbaycanın simfonik muğamlarını dinləyərək də yazıram. Amma bəzən də yorur məni musiqi dinləmək”.

"Nə ilham pərisini gözləyirəm, nə də bir məqam...”

Gənclik illərində yazmaq üçün muza gözləyən, indi isə buna sırf peşə kimi yanaşan Xalq yazıçısı Natiq Rəsulzadə də təcrübəsini bizimlə bölüşdü: "Gənclik illərində məni yazı masasına oturmağa məcbur edən məqamlar olurdu. Yəni ilham pərisi gəlirdi, yazırdım. Amma 20 ildən çoxdur, sırf peşəkar kimi yazıram. Nə ilham pərisini, nə də başqa bir məqamı gözləyirəm. Buna bir iş kimi yanaşıram. Yazıçılıq da bir peşədir. Mən yazıçılığa bir iş kimi yanaşıram. Məsələn, necə ki, müəllim, mühəndis, həkim işə gedir, deyək ki, saat 9-dan 6-ya kimi işləyir, yazıçı da o cür işləməlidir. Təki əhvalım nəyləsə korlanmasın. Yəni məişət problemləri, qayğıları ilə yüklənməyim. Onda işləməyə həvəsim olmur. Ruhum, fikirlərim sakit olanda daha yaxşı və asan yazıram.
"Yazmayanda adam xəcalət çəkir”
Böyük yazıçılar da elə gündəlik işləyiblər. Tutalım arada üç gün, beş gün işləmədinsə, elə bil həmin günlər ömürdən boşa gedib. Amma sənətin budursa, niyə işləməyəsən axı? İşləməyəndə adam sanki özü-özündən xəcalət çəkir. Düzdür, bunu deyirəm, amma işləmək üçün bir təkan da lazımdır. Yəni ilham pərisi istənilən halda lazım olur. Hazırda paralel olaraq bir neçə yazı üzərində işləyirəm. Biri ssenaridir. Eyni zamanda roman da yazıram. Hər gün mütəmadi olaraq bu işlə məşğulam”.

Uzun müddət düşünür, qısa müddətə yazır
Yazacağı əsəri illər boyu düşünən, beynində emal edən yazıçı Fəxri Uğurlu deyir ki, adam yazıya qapananda heç yemək də yadına düşmür: "Yazını illər boyu düşünürəm. Yəni uzun müddət düşünür, qısa müddətə yazıram. Bəzən bu düşünmə onillər çəkir. Heç vaxt da qeydlər aparmıram. Qeydlər fikrimi yayındırır. Hər şeyi ancaq beynimdə saxlayıram. Çünki yazı prosesində ağlıma düşündüyümdən daha maraqlı versiya gələ bilir. Amma qeydlərim olanda, sanki bu, maneə törədir. İmkan vermir ki, üzə çıxsınlar. Motivasiyam özümü ifadə etmək istəyidir. Əvvəllər forma axtarışlarına daha çox fikir verirdim. Sonralar isə mövzu axtarışlarına, yeni düşüncə, dünyaya yeni baxış marağında oldum. Məzmunu – nə yazmaq istədiyimi tapandan sonra artıq ona uyğun forma da gəlir. Adam var yazıların üzünü dönə-dönə köçürür, ağlama yazır, qaralama yazır. Mən cəmisi bir dəfə yazıram. Əlyazmanın üzərində çox az düzəliş edirəm. Gecə fikirlərim daha açıq olur. Amma yazmaq istəyəndə günün istənilən vaxtında yaza bilirəm. Birinci cümlə və yekunu tapmaq çox çətindir... İlk cümləni tapsam da, əgər yekunu bilmirəmsə, yazmıram.

Film izləyir, əsər yazır...

Sakitlikdə yaza bilməyən yazıçı-dramaturq İlqar Fəhminində qeyri-adi vərdişləri var. Dediyinə görə, əsər yazan vaxt mütləq şəkildə kompüterdə filmə baxır: "Tam sakitlik olanda işləyə bilmirəm. Sakitlik, sanki fikrimi yayındırır. Tez-tez tünd çay içirəm, bu, mənə düşünməyə daha çox kömək edir”. Yazıçı tam sakitlikdə işləyə bilməməyini daha çox uşaqlığı ilə bağlayır. Belə ki, kiçik yaşlarında kiçik bir evdə yaşadıqlarından dərslərini həmişə televizorda gedən verilişlərin səsi altında edib.

"Yazırsan və birdəfəlik unudursan...”

Sözlərin dadını, tamını hiss edən yazıçı Saday Budaqlı deyir ki, yazı hansısa bir duyğudan, ağrıdan doğulur: "Nəsə sənə toxunur, içini titrədir, yadında həmişəlik qalır, aylarla, illərlə səndən əl çəkmir, rahatlıq vermir. Sonra onu yazırsan və birdəfəlik unudursan. Yazacağım yazının ilk və son cümləsini əvvəlcədən bilirəm. Qalanı iş prosesində yaranır. Bir vaxtlar gecə yazırdım, az qala, səhərə qədər işləyirdim. Sonra səhərlər işləməyə üstünlük verdim. Əsas olan günün eyni vaxtında işləməyə vərdiş etməkdir. Onda həmin vaxt sözlər səni "tərpədir”, onların dadını, tamını hiss edirsən. Yazı məndən ötrü intim prosesdir. Kiminsə kənardan baxmasını istəmirəm. Belə olanda sanki özümü çılpaq hiss eləyirəm”.
Xanım Aydın

banner

Oxşar Xəbərlər