• cümə, 19 Aprel, 22:37
  • Baku Bakı 24°C

İlin fəsilləri

15.01.20 10:00 2785
İlin fəsilləri
Yer kürəsi təkcə sənət əsəri deyil, həm də bu əsəri tərənnüm edən, onu daha da gözəlləşdirən sənətkarın özüdür
İnsanın gözəlliyi onun üstünlüyüdür, yoxsa üstünlüyü onun gözəlliyidir? Bəlkə yaradılış aktındakı üstünlüyün mühərriki gözəllikdir? Bəlkə də əksinə?
Ancaq "mühərrik" ifadəsini biz təsadüfən işlətmədik. Çünki söhbət məhz yaradılış aktından gedir. Zira, yaradılışın ən əsas qayəsi onun hərəkətdə olmasıdır. Hərəkət isə, həyatın yeganə şəriksiz və əvəzedilməz şərtidir. Əgər hər hansı yaradılış ünsürü, hər hansı bir nəsnə yaşamaq üçün davamlı hərəkətdədirsə, deməli, o hər zaman və hər yerdə gözəldir. Bu isə onun üstünlüyüdür. Yaradılış aktındakı üstünlük qiyasın törəməsi deyil. Buradakı üstünlük anlayışı kamillik və ucalıq, dolayısı ilə, ülvilik əlamətidir. Yəni nəsnələr bir-biriylə müqayisədə üstün deyil, üstünlük onlar üçün yarış səbəbi deyil, onların xilqəti və xislətidir. Yaz yaydan, payız qışdan üstün deyil.
Onların hamısıayrılıqda, bəli, məhz ayrılıqda ülvidirlər. "Ülvi" sözü ərəb dilində ""ali", "əli", "ələvi" sözləriylə eyni kökdəndir (buradakı sözlər leksik olaraq ad və ya hər hansı bir zümrə, firqə mənasını vermir). Yəni, ucalıq, ülvilik təkcə üstünlük deyil, eyni zamanda paklıq və kamillikdir. Əgər ilkin yaradılış qüsursuzdursa, deməli, bu xüsusiyyət onu sonuna qədər müşayiət edəcək. Yuxarıda kəsdiyimiz şərtə uyğun olaraq, deməli, yaradılış öz kamilliyini və ülviliyini qorumaq üçün daimi hərəkətdədir. Son olmadığı üçün deməli, kamillik sonsuza qədər sürəcək. Qəribə ifadədir bu "sonsuza qədər". İlk baxışda heç də məntiqli görünmür - həm "sonsuz", həm də bitiş və ya qeyri-müəyyən müddət anlamına gələn "qədər" ifadələri yan-yana durduğunda xaos yaranır. Ancaq türk dillərində tez-tez işlədilən bu məşhur ifadə deyəsən, boşuna deyilməyib. Mən həmişə sonu qəbul etmədiyim kimi, sonsuzluğu da qəbul etməmişəm. Deyəsən, insanlar həqiqətən də sonsuzluğun özünə bir zaman biçiblər. Hərəkətin daimiliyi üçün onun mükəmməlliyi birinci amildir. Onun cızdığı trayektoriya elə olmalıdır ki, nə məkan, nə də müşahidə, necə deyərlər, yeyilməsin, Anadolu türkləri demişkən, yıpranmasın. Əgər məkan yıpransa, onu müşahidə edən göz də yıpranacaq. Halbuki, görünən nəsnə, elə ilk
növbədə görünmək üçündür. Görünmək, yəni görmək isə, anlamaq, həzm etmək, qəbul etmək deməkdir. Əgər bir ünsür davamlı görünür, ancaq yıpranmırsa, deməli, o, ya anlaşılmazdır, ya da mükəmməl. Bizə görə isə anlaşılmazlıqla mükəmməlliyin uzaqdan-uzağa qohumluğu var. Mükəmməlliyi anlamaq elmdir, onun anlaşılmazlığı isə dindir. Həqiqət isə bunların heç birində deyil. Çünki, elm hər şeyin anlaşıldığını və anlaşılmaq zorunda olduğunu deyir. Bu, sadəlövhlükdür və onun həlli söylənildiyi qədər də sadə görünmür. Din isə yaradılışın, yəni dolayısı ilə kamilliyin heç zaman anlaşılmayacağını iddia edir. Bu azmış kimi, anlaşılmazlıqla fəxr edir. Onu Tanrının əlçatmazlığı, insanın isə acizliyi olaraq qəbul edir. Bu, daha bərbad bir nəzəriyyədir. Dediyimiz həqiqət isə xəyali üçbucağın üst bucağıdır.
Aşağıda bir-birinə paralel şəkildə bulunan elm və dinin qovuşdurduğu, sufilər demişkən, ikinin birliyə yetdiyi tək bucaq məhz həqiqətdir. Əlbəttə, üçbucağın əmələ gəlməsi üçün, məhz üç bucaq tələb olunur. Yəni, həqiqəti doğuran nəsnə elmin və dinin izdivacı nəticəsində gerçəkləşir. Bəli, dinin anlaşılmazlıq teologiyası bir mənada anlaşılandır. Zatən, dindən anladığımız yeganə şey məhz anlaşılmazlıqdır ki, dinin varlığını bu günlərə qədər sürüyüb gətirən şey də elə budur. Elmin
anlamaq istəyi isə, kaş ki, hər zaman istək olaraq qalsaydı... Bəli, elmin fərqi və dindən üstünlüyü anlaşılmazlığı qəbul etməməsidir. Lakin həm də elmin qüsuru kamilliyin hər zaman idrakdan bir addım öndə olduğunu qəbul etməməsidir. Bunu dinin qələbəsi olaraq görmək cahillikdir, çünki, din ümumiyyətlə idrakı tanımır.
Öncə idraka yetmək, sonra onun yetməzliyini qəbul etmək lazımdır. Din idrakı qəbul etmədən, onun yetməzliyini qəbul edir. Dərk etmək istəməyən birinin dərrakənin naqisliyini iddia etməsi çox gülüncdür. Sonsuzluğun nə olduğunu yalnız və yalnız sonu axtaranlar bilər. Dini kitablarla meraca qalxmaq olar, ancaq kosmosa qalxmaq üçün elmi kitablar lazımdır. Kamilliyin dərki idrakın naqis olduğunu anlamaqla mümkündür. Bunun üçün isə öncə naqis olmaq lazımdır. Bəli, ən başından naqisliyi qəbul etmək yox, məhz naqis olmaq lazımdır. Şərq təsəvvüf ədəbiyyatında tez-tez işlədilən, əslində isə ürfani bir termin olan "vəfasızlıq" özlüyündə kamillik deməkdir. Çünki bivəfa olan məşuqdur. Aşiq isə naqisdir, çünki vəfalıdır. Vəfa nədir? Bir nöqtəyə bağlanmaq, dolayısı ilə hərəkətsizlik. Vəfasızlıq isə anlaşıldığı üzrə, hərəkətdir, dolayısı ilə, kamillikdir. Yazının başında mükəmməlliyi həm də gözəllik adlandırmışdıq. Məntiq isəvəfasızın, yəni, gözəlin, yəni mükəmməlin məşuq olduğunu diktə edir. Rəhmətlik Molla Məhəmməd Bağdadi Füzuli demişkən; "Mən gəda, sən şahə yar olmaq yox amma, neyləyim..." Hər şey necə də yerinə oturur! Kamil olanın hər zaman bir addım öndə olması qeyri-kamil olanın hər zaman hərəkətdə olmasına səbəbdir. Dolayısı ilə, qeyri-kamil məhz kamilə nisbətdə naqisdir. Qeyri-kamil dərk edəndir, kamil dərk edilən. Əgər qeyri-kamil dərk edəndirsə, onda niyə naqisdir? Çünki dərk olunan şey hər zaman bir addım öndədir.
Ancaq gəlin düşünək, kamil qeyri-kamili çəkir, yoxsa qeyri-kamil kamili qovur? Bu sual gerçəkdən də müəmmalıdır. Sadə dillə soruşsaq, məşuq gözəl olduğu üçün aşiq onu sevir, yoxsa aşiq onu sevir deyə, məşuq bu qədər gözəldir? İradə hansı tərəfdədir - gedən tərəfdə, yoxsa aparan tərəfdə? Necə bilək, tökülən qanın səbəbi ovçudur, yoxsa ov? Bütün bu mənaları incələdikcə görürük ki, adicə fəsillərin dəyişməsi nə böyük müəmmadır! Buna sıradan bir kosmos hadisəsi kimi baxmayaq. "Kainata nisbətdə Yer kürəsi nöqtə belə deyil" deyənlər heç düşündülərmi ki, bir nöqtə belə olmayan bu Yerdə sonsuz kainata bəs edəcək bir idrak mexanizmi mövcuddur. Bu sonsuz boşluqda hələ ki, İlahikamilliyi və yaradılış aktını bu qədər mükəmməl şəkildə ifadə edən ikinci bir nöqtə bulunmayıb! Bu mənada Yer kürəsi təkcə sənət əsəri deyil, həm də bu əsəri tərənnüm edən, onu daha da gözəlləşdirən sənətkarın özüdür! Nöqtə boyda Dünya sonsuz kainata meydan oxuyur! Belə ki, o gözəlim Venera həqiqətdə tam bir cəhənnəmdir! Adına göz yaşardan əsərlər yazılan Ay sadəcə olaraq, uzaqdan işıqlıdır! Əsl fanilik, əsl xaos Dünyanın kənarındadır! Dünyaya "fani" demək bu mənada insafsızlıqdır! Çünki Dünyadakı gözəlliklərin bir də yansıması var. Yəni, əks olunması, təfsiri, necə deyərlər, interpritasiyasıdır. Zira, burada o gözəllikləri, o mükəmməlliyi, dolayısı ilə, həmin yaradılış aktlarını qeydə alan, ona məna verməkdən çox, onun iç mənasını, əslini açan şüurlu düşüncə və onun daşıyıcısı olan insan adlı məxluq yaşayır. Bu məxluqdan başqa heç yerdə yoxdur! Kainatın başqa heç bir yerində ikinci bir Antonio Vivaldi yoxdur ki, kosmik hadisə olan fəsillərin dəyişməsini bu qədər gözəl və mənalı tərzdə ifadə edə bilsin! "İlin fəsilləri" adlı bu məşhur musiqi əsərini mədəni dünyada dinləməyən demək olar ki, yoxdur. Şəxsən mənim içimdə, mənim ağlımda və mənim məntiqimdə bu əsərdən sonra qəribə bir paradoks yaranır - onu hər dinlədikdən sonra.
Belə ki, Vivaldi fəsilləringözəlliyindən ilhamlanaraq, bu əsərləri yazıb. Ancaq mən nə üçünsə, bu əsərdən ilhamlanaraq, fəsillərin gözəlliyini anlamağa və ondan zövq almağa başlayıram. Əcaib görünə bilər, ancaq bu belədir, nə edim?! Bethovenin "Pastoral Simfoniya"sı da həmçinin. O da mənə sevmədiyim təbiəti sevdirdi. Sanki, təbiətdə olan, ancaq mənim duymadığım səsləri mən bu əsərlərdə eşidirəm. Ya bəlkə də belə deyil? Bəlkə də təbiət elə təbiətdir, yəni hər kəsin gedib ocaq qaladığı, çay qırağında, ağac kölgəsində kabab çəkdiyi sıradan bir mənzərədir? Bəlkə o dahilər həmin bu sıradan təbiətə sıradışı bir şey qatıblar? Bəlkə onlar təbiətə bir təbiət əlavə ediblər, ya da təbiətdən bir təbiət çıxarıblar?! Bilmirəm, ancaq, ana təbiətə and olsun ki, ondakı bahar Antonio Vivaldinin "Bahar"ı qədər gözəl deyil. Bu ağaclar o ağaclar deyil, bu yağan qar o qar deyil, bu çaylar o çaylar deyil! Ancaq adından da göründüyü kimi, təbiətdə təbiilk var. Zira, insan zəkasının yaratdığı təbiət qeyri-təbii təbiətdir. Daha doğrusu, bu təbiət qeyri-təbiətdir. Bu, Tanrının ikinci bir istəyidir. Bu, təkcə yaradılışın vəsfi deyil, eyni zamanda və daha çox yaradılışdan doğan yaradılışdır. Şah Xətainin "Dəhnamə"sini oxuyuram. Axı buradakı "Bahariyyə" ilkin yaradılış olan həmin bahar deyil! Bu, ikinci bahardır!
Obrazlıdesək, insan Tanrının ikinci baharıdır. Bəlkə də gülşəndəki bülbülləri, badi-səbanı, ahı, göz yaşını yaradan Tanrı həmin bu "Bahariyyə"dən sonra ikinci dəfə öz yaratdıqlarına aşiq oldu?! Adətən Yaradan aşiq olub, sonra yaradır. Bu səfər deyəsən, yaradıb, sonra aşiq olub! Çünki, son səmavi kitabda açıq şəkildə deyilir ki, insanı yaradandan sonra özünə "əhsən" dedi Tanrı! Bəlkə də "İlin fəsilləri"ni dinləyəndən sonra öz yaratdığı ilin fəsillərini daha çox sevməyə başladı Tanrı! Çünki mən belə görürəmsə, O çoxdan bunu belə görnüşdür! Çoxları bilmir ki, bilinməzlik, daha doğrusu, bilməzlik uca Yaradanın öz sifətlərindən biridir! Nə olacağını, necə olacağını O da bilmir. Daha doğrusu, bilmək istəmir. Öz yaratdığının hara, nəyə varacağı, çox güman ki, Ona da maraqlıdır. Bu mənada sonsuzluq ayrı şeydir, son ayrı. Bilinməzlik hərəkətdir, həyatdır, qeyri-kamilin kamilə dönüşməsinin tək yoludur. Elə bu səbəbdən də yaranış və feiliyət haqqında dediklərimizin üzərində dayanaraq, bir daha qeyd edirik, bu məsələdə elmin də dinin içərisində çox boşluq vardır. Onlar birləşə bilməz, ancaq birləşdirə bilər! Məsələn, həmin bu birləşdirmənin ən bariz örnəyi keşiş Vivaldinin elmin sirlərinə vaqif olduqdan sonra yaratdığı ölməz və təbiəti də ölməyəqoymayan əsərləridir. Şəxsən mənim içimdə "təbiət" adlı məfhum, "Tanrı", "peyğəmbər" adlarındakı qüdsallıqlar çoxdan ölmüşdü, çoxdan sönüb getmişdi - Vivaldi, Bethiven, Xətai, Nəsimi olmasaydı!
Yəni, insan olmasaydı! O insan ki, yaranışıyla Tanrının özünü özünə aşiq etdi! O insan ki, Tanrının baharına bahar, təbiətinə təbiət, Tanrısına Tanrı qatdı! "İlin fəsilləri"ni dinlədikdən sonra, mən nə bahardan gül-çiçək, nə yaydan istilik, nə payızdan qızıl meşələr, nə də qışdan bəyaz gözəllik ummağa başladım. Anladım ki, fəsillərin mahiyyəti bu deyil. Anladım ki, hər şey kimi, fəsillərin də cismi olduğu qədər, ruhu da var! Onun ruhunu isə, Tanrı gizli saxladı. Fəqət insan açığa çıxardı. Ancaq Tanrının açdığı qapı ilə, insanın açdığı qapının mühüm fərqi ondadır ki, Tanrının açdığı qapıdan hər kəs keçə bilir, ancaq insanın açdığı qapıdan hər kəs keçə bilmir. Ona görə yox ki, bu qapı dardır, balacadır. Ona görə ki, Tanrının iradəsi belədir. O, hər kəsindir, Vivaldi isə hər kəsin deyil. Tanrının yaratdığı təbiətin qoynunda hər kəsə dincələ bilər, ocaq qalayıb, samovar sala bilər. Amma Vivaldinin təbiətinə bu yaddır. Bəlkə elə buna görə də insan insandır, Tanrı isə Tanrı! Fəqət mən hər zamankı kimi, birinci təbiəti yox, ikinci təbiəti sevirəm - daha doğrusu, qeyri-təbiəti! O təbiət ki, Tanrının ən alişüurla, ən dərin eşqlə və ən üstün sifətlərlə yaratdığı insan tərəfindən yaradılmışdır. Tanrı məhz bu insana, yəni eşqin və təbiətin ömrünü uzadan yaradıcı insana baxdıqdan sonra özünə "əhsən" dedi!
Fəxrəddin Salim
banner

Oxşar Xəbərlər