Prezident İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva martın 1-də bir qrup mədəniyyət və incəsənət xadimləri ilə
görüş keçiriblər. Görüşdə incəsənət nümayəndələri tərəfindən çox
önəmli məsələlər qaldırılıb və mühüm təkliflər irəli sürülüb.
Dövlət başçısı görüş zamanı ölkəmizin yeni inkişaf
mərhələsinə qədəm qoyduğunu, bütün sahələrdə çox ciddi islahatlar aparıldığını
vurğulayıb: "Ölkəmizin görkəmli mədəniyyət xadimləri ilə bir çox görüşlərim olub
- həm fərdi qaydada, həm də müxtəlif tədbirlərdə, mərasimlərdə, mədəniyyət
ocaqlarının açılışlarında. Bu gün isə biz daha geniş formatda görüşürük. Hesab
edirəm ki, buna ehtiyac var. İslahatların yeni mərhələsinin anonsu keçən il
prezident seçkilərindən sonra verilmişdi. Ciddi islahatların hazırlanması üçün
keçən ilin ikinci yarısında çox fəal iş aparılırdı və bu ilin əvvəlindən
genişmiqyaslı islahatlara start verildi. Bu islahatlar bütün sahələri əhatə
edəcək. Buna ehtiyac var. Hətta inkişaf etmiş ölkələrdə daim islahatlar
aparılır. İslahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir.
Bu baxımdan 2019-cu il əvvəlki illərdən fərqlənən çox ciddi il olacaqdır. O ki
qaldı mədəniyyət sahəsinə, mən elə bu gün istərdim ki, sizinlə bu məsələlərlə
bağlı fikir mübadiləsi aparım və bundan sonra görüləcək işlər haqqında danışaq.
Çünki əvvəlki illərdə də bu sahədə bir çox işlər görülüb. Mən prezident kimi
çalışırdım ki, həmişə bu sahəyə öz diqqətimi göstərim”.
Görüşdə prezident mədəniyyət nümayəndələrinin
təklif və iradlarını dinləyib, onların bəzilərinin təkliflərini yerindəcə həll
edib. Bu görüşdə böyük rezonans doğuran məsələ isə Xalq artisti Afaq Bəşirqızının
prezidentə aktyorların maddi vəziyyəti ilə bağlı müraciəti olub. Xalq artisti deyib:
"Burada oturanlar bilirlər ki, bizə, bizim mədəniyyətimizə çox böyük qayğı var.
Bəlkə də biz yeganə xalqıq, fikirləşirik ki, problemlərimiz olanda prezidentimizə,
Mehriban xanıma deyəcəyik və onlar bizi bu bəladan, bu problemdən qurtaracaq. Çox
problemləri biz onların vasitəsilə həll etmişik. Amma bu təkcə şəxsi ambisiya
üçün olmamalıdır. Bizdən sonra yeni nəsil yetişir, yeni, cavan nəsil gəlir.
Bəli, çox gözəl mədəniyyət nazirlərimiz olub. Mənim yaşım o vaxta çatmayıb,
amma biz onlarla indiki kimi ünsiyyət qura bilməmişik. İndiki kimi deyə
bilməmişik ki, cənab nazir, filankəs ağır vəziyyətdə xəstəxanadadır, özəl
xəstəxanadır, onun pulu ödənməlidir, o, oradan çıxmalıdır. Bilirsiniz, bütün
bunlar hamısı həyat hadisələridir. Bunun hamısını biz çılpaqlığı ilə deməliyik,
boynumuza almalıyıq. Nə üçün? Çünki bizim həyat devizimiz, yəni, aktyorların,
incəsənət xadimlərinin əsas həyat devizi təbii, düzgün olmaqdır. Biz
yalanlardan uzaq olmalıyıq.
Cənab Prezident, teatr başqa sahələrə nisbətən bir
az çətin vəziyyətdədir. Yəni, Mehriban xanımın qayğısı ilə bizim
musiqiçilərimiz, Allaha şükür olsun, muğam festivalı, hamısı maşallah, təmin
olunublar. Çox sevinirəm. Bizim özümüzün də sizin xüsusi mükafatınız, Allah Ulu
Öndərimizə qəni-qəni rəhmət etsin, xüsusi təqaüdünüz var. Amma biz tək deyilik.
Biz özümüzdən sonrakıları da fikirləşməliyik. Cənab Prezident, mənim işlədiyim
Musiqili Teatr, - şəhərin mərkəzində yerləşən, öz sənəti, öz tarixi, öz
sənətkarları olan bir teatr, - üçüncü kateqoriyadadır. Mən bir faktı
diqqətinizə çatdırmaq istəyirəm. Aktyor səhər tezdən kirayə qaldığı
Müşfiqabaddan iki övladı və yoldaşı ilə çayını, çörəyini götürüb gəlib
Konservatoriyanın qabağında dayanır. Uşaqların biri dərsə gedir, ikinci uşağı
ikinci növbəyə hazırlayırlar. Orada onu yedirdir, özü isə məşqə gedir. Axşam
yenə də həmin o ailə qayıdır Müşfiqabada. Sizə demək istəyirəm ki, bəli, Afaq
Bəşirqızına ev, mükafat, fəxri ad verilib. Çox sağ olun. Amma Afaq Bəşirqızı
tək deyil. Afaq Bəşirqızı özündən sonrakıları fikirləşməlidir. Sizə olan
xahişlər buna görədir, ümumi xalq üçündür.
Canım Prezidentim, çox xahiş edirəm, imkansız
aktyorların maaşı və bir də evlə təmin olunması məsələsinə diqqət yetirilsin.
Aktyorlarımızın mənzil şəraiti və sosial vəziyyəti ağırdır, bilirsiniz ki,
maaşlarımız azdır. Başa düşürük, indi bizim sizdən heç nə tələb etməyə
ixtiyarımız yoxdur. Çünki biz müharibə şəraitində yaşayan bir ölkəyik. Bunun
hamısını bilirik və başa düşənlər bunu bilirlər”.
Bu çıxışdan sonra prezident İlham Əliyev teatr
işçilərinin əmək haqları ilə bağlı təkliflərin hazırlanması haqda göstəriş
verdi.
Afaq Bəşirqızının görüşdəki çıxışı aktyorlar, eləcə
də teatr cameəsinin digər nümayəndələri tərəfindən böyük rəğbətlə qarşılandı, sosial
şəbəkələrdə müzakirələrə səbəb oldu.
Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru
Azərpaşa Nemətov bizimlə söhbətində görüşdə müzakirə olunan
məsələləri çox önəmli hesab etdiyini bildirdi: "Mədəniyyətə, incəsənətə
prezidentimizin və onun xanımı Mehriban Əliyevanın hər zaman diqqətini hiss
etmişik.
Prezident görüşdə iştirak edən incəsənət
nümayəndələri ilə çox səmimi idi, onlara hörmət edirdi. Sənət adamları ilə
münasibətində sevgi, hörmət - bunların hamısı açıq-aydın sezilirdi. Onların
təkliflərini, fikirlərini diqqətlə, səbrlə dinlədi. Ölkə rəhbəri ilə sənət
adamları arasında üzbəüz, canlı ünsiyyət çox vacib amillərdəndir. Prezident
bildirdi ki, ayrı-ayrı formatlarda mütəmadi olaraq bu cür görüşlər olacaq.
Orada, diqqət etdinizsə, bir çox məsələlər də operativ, yerində həll edildi.
Bunların hamısı çox təqdirəlayiqdir”.
Afaq Bəşirqızının çıxışına gəldikdə isə, A.Nemətov
bəzi məqamlarda onun haqlı olduğunu, amma müəyyən məqamlarla bağlı razılaşmadığını
dedi: "Afaq xanım müəyyən şeyləri düz dedi.
Aktyorların sosial rifahı, maaş məsələsi yerində vurğulandı, ancaq
İttifaq haqqında, İttifaqın festivalı haqqında dedikləri ilə mən razı deyiləm”.
Abdulla Şaiq adına
Dövlət Kukla Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə bizimlə
söhbətində prezidentin incəsənət nümayəndələri ilə görüşünü yüksək
qiymətləndirdi: "Hər zaman dövlət tərəfindən teatrlara diqqət və qayğı göstərilib.
İstər teatrla bağlı qanunların qəbul edilməsi, teatrların təmiri, beynəlxalq tədbirlərin
keçirilməsi, istərsə də teatrlarımızın beynəlxalq festivallarda iştirakı zamanı
biz bu qayğını üzərimizdə hiss etmişik. Bilirsiniz ki, indi bütün sahələrdə islahatlar
aparılır. İncəsənət xadimləri ilə belə bir görüşün təşkili prezidentin teatra,
incəsənətə olan diqqətin göstəricisidir. Bu, teatr əməkdaşları arasında çox xoş
təəssürat yaradır. Biz də Abdulla Şaiq adına Dövlət Kukla Teatrı olaraq belə görüşlərin
keçirilməsinə sevinir və inanırıq ki, belə görüşlər mütəmadi olaraq keçiriləcək.
Mədəniyyət Nazirliyi bizim və digər teatrların fəaliyyətini daim diqqətdə
saxlayır. Əlaqədar qurum kimi dövlətin siyasətinin tətbiqində fəaliyyəti
danılmazdır. İstənilən halda ölkə başçısı səviyyəsində bu cür səmimi münasibət
ürəkaçandır”.
Görüşdə Afaq Bəşirqızının səsləndirdiyi fikirlərə
gəlincə isə, R.Əhmədzadə xalq artistinin fikri ilə razı olduğunu və onu
dəstəklədiyini qeyd etdi: "Bu yaxınlarda bütün ölkə üzrə minimum maaş və təqaüdlər
artırılmışdı. Afaq xanımın müraciətindən sonra möhtərəm prezidentimiz teatr əməkdaşlarının
maaşının da artırılacağını vurğuladı. Əlbəttə ki, bu bütün teatrları sevindirir.
Biz də Afaq xanıma bu məsələni diqqətə gətirdiyi üçün təşəkkür edirik”.
Əməkdar incəsənət xadimi, Sumqayıt Dövlət Dram Teatrının direktoru
Mübariz Həmidov bu
görüşün onların ürəyindən xəbər verdiyini və arzuolunan bir görüşün baş
tutduğunu dedi: "Sumqayıt Dövlət Dram Teatrının kollektivi olaraq bunu böyük
ruh yüksəkliyi ilə qarşıladıq. Bilirsiniz ki, teatrımızın 50 illik bir tarixi
var, Azərbaycan teatrları tarixinə müəyyən töhfələr vermiş bir mədəniyyət
ocağıyıq. Hazırda bu görüşdən sonra teatrda yüksək əhval-ruhiyyə yaranıb. Biz prezidentin
bu addımını dəstəkləyir, alqışlayırıq. Sumqayıt Dövlət Dram Teatrı hər zaman
olduğu kimi, bu gün də, sabah da ölkə başçısının yanındadır. Onun mədəniyyətə,
incəsənətə, ədəbiyyata, eləcə də digər sahələrə göstərdiyi diqqət və qayğıdan
bizim şəhərimiz də kənarda qalmayıb və Sumqayıt bu gün xeyli inkişaf edib,
inanılmaz dərəcədə dəyişib. Cənab prezident bizim teatrın açılışında da iştirak
etmişdi. Bizi yeni bina ilə təmin etdiyi üçün də ona minnətdarlığımızı
bildiririk. Təşəkkür edirik ki, ölkəmizin bütün sahələri cənab prezidentimizin
diqqət mərkəzindədir”.
M.Həmidov Afaq Bəşirqızının görüşdə bütün teatr
işçilərinin ürəyindən keçən fikirləri səsləndirdiyini bildirdi: "İnanırıq ki,
cənab prezidentin dediyi kimi, yaxın günlərdə teatrların həm statusları, həm də
aktyorların əməkhaqlarında əhəmiyyətli dərəcədə artım olacaq. Bu da teatr
əməkdaşlarına yeni bir ruh, stimul verir. Gənc istedadlı aktyorların sosial-iqtisadi
vəziyyətinin, əməkhaqqının, mənzil şəraitinin yaxşılaşdırılması, çox güman ki,
öz həllini tapacaq. Ən sevindirici hal odur ki, səslənən təkliflərin hamısı
müsbət qarşılandı. Cənab prezident hər bir təklifi çox diqqətlə təhlil etdi və
sonda da həll olunacağını bəyan etdi”.
Azərbaycan Dövlət
Musiqili Komediya Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Əliqismət Lalayev "Azərtac”-a açıqlamasında prezident İlham Əliyevin
mədəniyyət və incəsənət xadimlərinə bugünkü diqqət və qayğısının ulu öndər
Heydər Əliyevin yolu olduğunu vurğulayıb: "Ulu Öndər mədəniyyət və incəsənət
xadimlərinə diqqət və qayğısını heç vaxt əsirgəməyib. Həmişə aktyorlarla,
rəssamlarla, rejissorlarla və digər yaradıcı insanlarla görüşərək problemləri
ilə maraqlanıb. Biz də həmişə fəxr etmişik ki, belə bir Prezidentimiz var.
Başqa ölkələrdən olan həmkarlarımızla görüşlərdə onlar həmişə bizə həsəd
aparıblar. İllər öncə deyirdilər ki, Heydər Əliyev kimi rəhbəriniz var və bu
gün də həsəd aparırlar ki, bizim İlham Əliyev kimi böyük bir dayağımız var”.
O bildirib ki, insan kiməsə arxalanmasa, kimsə ona
dayaq olmasa, çox zəif görünər. Yaradıcı insanlara bu, xüsusən vacibdir: "Bizim
Musiqili Teatr kimi gözəl bir binamız var. Burada tamaşalarla yanaşı, müxtəlif
tədbirlər, beynəlxalq konfranslar keçirilir. Dünyanın bir çox ölkələrindən
gələn qonaqlar bu binanı görəndə valeh olurlar. Biz də çox qürurla deyirik ki,
belə gözəl binanı təmir edərək yaradıcı insanlara Prezidentimiz bəxş edib”.