İdmanla məşğul olmazdan əvvəl və sonra energetik içkilər qəbul etmək aritmiya yaradır
Son vaxtlar bəzi yeniyetmələr energetik içkilərin aludəçisinə çevrilib. İtirilən enerjini qaytarmaq, ya da yuxusuzluqdan xilas olmaq üçün gənclər həmin içkilərə meyil salırlar.
AZƏRTAC xəbər verir ki, həkim-terapevt Yeganə Cəfərova energetik içkilərin orqanizmə zərərli təsirləri barədə məlumat verərək deyib: “Tərkibində kofeinin miqdarı çox olduğundan energetik içkilər əsəbilik, yorğunluq, ciddi nevroloji problemlər, ürək döyüntüsü və mədə bulanması kimi problemlər yarada bilər. Energetik içkilərin tərkibinə əlavə edilən qatqılar orqanizmə birbaşa öz təsirini göstərir. Bəzən laqeyd yanaşaraq elə fikirləşirlər ki, həmişə içilən içkidir, indiyə qədər heç bir əlavə təsiri görünməyib. Lakin onun qəbulu tədricən orqanizmə öz fəsadını göstərə-göstərə nə vaxtsa ciddi sağlamlıq problemləri əmələ gətirir”.
İdmanla məşğul olmazdan əvvəl və sonra enerji içkiləri qəbul edənlərdə ciddi aritmiyalar yaranması və ani ölüm hallarına səbəb olması baş verə bilər. Enerji içkiləri idman zamanı qətiyyən qəbul edilməməlidir. Hamilə qadınlar, uşaqlar, şəkərli diabet və ürək-damar xəstəliyi olanlar mütləq ondan uzaq durmalıdırlar.
“Orqanizmdə D vitamini mənimsənilməsinə zərərli təsir göstərən əsas səbəblərdən biri energetik içkilərdir. Aparılan bəzi tədqiqatlar onun hətta genetikada da böyük rolunun olduğunu göstərir. Energetik içkilər yeniyetməlik dövründə olan uşaqların cinsi cəhətdən formalaşmasına da mənfi təsir edir”, - deyə həkim-terapevt bildirib.
Energetik içkilərin qablaşdırılması üzərində gündə 1 ədəd içilməsi barədə xəbərdarlıq edilir. Lakin elə insanlar var ki, gün ərzində bir neçə dəfə içirlər. Bu isə kökəlmə və şəkərli diabet kimi xəstəliklərin yaranma riskini artırır.