İdeya yaxşı idi, amma reallaşmasında problemlər çıxdı
Və ya xaricə mal ixrac etdiyinə görə sahibkarlara,
yaxud kənd təsərrüfatı məhsulları istehsalçılarına vəsait ödənilməsi ilə bağlı
yaşanan çətinliklər
"Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ixrac yönümlü iqtisadi model əsas
götürülərək yüksək əlavə dəyər yaradan ixrac yönümlü iqtisadiyyata
transformasiya mühüm məqsəd kimi müəyyən edilib. Bu çərçivədə əsas vəzifələrdən
biri qeyri-neft sektorunun yüksək inkişaf tempini qoruyub saxlamaqla onun ixrac
imkanlarını genişləndirmək olub. Qeyri-neft məhsullarının ixracının
stimullaşdırılması, rəqabət qabiliyyətli qeyri-neft məhsullarının istehsalı və
ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə
əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə Prezident İlham Əliyev
18 yanvar 2016-cı il tarixdə "Qeyri-neft məhsullarının ixracının
stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama
uyğun olaraq Nazirlər Kabineti kənd təsərrüfatı və emalı məhsullarına ixracla
bağlı geri ödəmə dəstəklərinin verilməsi mexanizmini müəyyənləşdirib. Prezident
İlham Əliyevin 1 mart 2016-cı il tarixində imzaladığı "Qeyri-neft məhsullarının
ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanda 2016-2020-ci
illərdə Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi
istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi məsələləri əks olunub. Qeyd
edilib ki, Azərbaycanda istehsal olunan və istehsal prosesində istifadə olunan
yerli komponentlərin və ölkəmizdə yaradılan qeyri-neft məhsullarının dəyərinin
xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq,
respublikamızda qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət
büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilsin. Ödəniləcək ixrac
təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın
ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 (üç) faizini təşkil
edib. Bu fərman 2016-cı il martın 1-dən qüvvəyə minib və 2020-ci ilin dekabrın
31-dək qüvvədə olub.
Cavabsız qalan
sorğular
Maraqlıdır, prezidentin 18 yanvar 2016-cı il
tarixli sərəncamından və 1 mart 2016-cı il tarixli fərmanından irəli gələn
vəzifələrin yerinə yetirilməsi üçün mərkəzi icra hakimiyyəti orqanları
səviyyəsində hansı işlər görülüb? İmzalanan sənədlərin qüvvədə olduğu müddətdə
xaricə mal ixrac etdiyinə görə neçə sahibkara, yaxud kənd təsərrüfatı
məhsulları istehsalçısına ümumilikdə nə qədər vəsait (ixrac təşviqi - geri
ödəmə) ödənilib? Ümumiyyətlə bu stimullaşdırma tədbirinin əhəmiyyəti nədən
ibarət olub, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafına
necə təsir edib? Belə stimullaşdırıcı tədbirlərin davam etdirilməsinə ehtiyac
varmı? Bu kimi suallarla bağlı İqtisadiyyat, Maliyyə, Kənd Təsərrüfatı
nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Qida Təhlükəsizliyi Agentliyinin
elektron ünvanlarına iyunun 29-da jurnalist sorğusu göndərdik, eyni zamanda
iqtisadçı ekspertlərin münasibətini öyrəndik. Maliyyə Nazirliyi, Dövlət Gömrük
Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyindən bu suallarla bağlı İqtisadiyyat Nazirliyinə
müraciət etməyimiz tövsiyə olundu.
Malın gömrük
dəyərinin 3 faizi
İqtisadiyyat
Nazirliyindən iyulun
6-da bizə göndərilən məlumatda qeyd edilib ki, dövlət başçısının 1 mart
2016-cıiltarixli "Qeyri-neft məhsullarının ixracının təşviqi ilə
bağlı əlavə tədbirlər haqqında” fərmanına əsasən, qeyri-neft məhsullarının
ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac
təşviqinin ödənilməsi nəzərdə tutulub.Fərmanın 3.1-ci bəndinin icrası məqsədi
ilə Nazirlər Kabinetinin qərarı ilə "Qeyri-neft məhsullarının ixracı ilə məşğul
olan şəxslərə ixrac təşviqinin ödənilməsi” Qaydası təsdiq edilib. Həmin qərarla
həmçinin, "İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici
iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı” və "Məhsulların növündən
asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq Əmsallar” təsdiq
edilib. Fərmanda nəzərdə tutulmuş müddətə əsasən, 2016-cı il 6 oktyabr
tarixindən qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət
büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi həyata keçirilib.
Ödənilən ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac
olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3
faizini təşkil edib.
157 sahibkarlıq
subyektinə 27,5 milyon manat ödənilib
Nazirliyin məlumatında qeyd olunub ki, fərmana
əsasən, ixrac təşviqinin ödənilməsi müddəti bitənədək 157 sahibkarlıq
subyektinə 27,5 milyon manatdan çox dövlət büdcəsi hesabına ixrac təşviqi
ödənilib. Bu mexanizmin tətbiqi sayəsində 5 il ərzində yeni və ənənəvi ixrac
bazarlarında daxili tələbatı ödəməklə ixrac potensiallı məhsulların qiymətinin
rəqabətqabiliyyətliliyi təmin olunub. Bunun nəticəsində sözügedən məhsullar
bazarlarda öz yerini tutub, istehlakçıların rəğbətini qazanıb ki, bu da
mexanizm qüvvədən düşəndən sonra belə, həmin məhsulların ixracının yüksək
səviyyədə qalmasını təmin edib. Nazirlikdən bildirilib ki, qeyd olunan
mexanizmin tətbiqi kənd təsərrüfatı məhsullarının tədarükü və ixracı sahəsində
inkişafa təkan verir.
Nə qədər qəribə səslənsə də...
İqtisadçı
ekspert Natiq Cəfərli
hesab edir ki, Prezidentin imzaladığı sərəncam və orada nəzərdə tutulanlar
ideya olaraq çox müsbət qarşılanır. Onun sözlərinə görə, Azərbaycan reallığına
uyğun olaraq ən yaxşı ideyalar da pis və bərbad şəkildə həyata keçirilir:
"Prezidentin imzaladığı məlum sərəncamın icrası zamanı bir çox tələblər
qoyuldu. Təşviq paketinin alınması, mal və məhsulların əvvəlcədən bəyan
edilməsi, müqavilələrin öncədən qeydiyyatdan keçirilməsi və sair prosedurlar
normal, oturuşmuş sistemlərdə qəbulediləndir. Amma Azərbaycan reallığında
məsələ başqa cürdür. Misal üçün, Azərbaycanda kənd təsərrüfatı ixracı ilə
məşğul olan fermer və iş adamlarının mütləq əksəriyyəti köhnə qaydalarla
işləyirlər. Bu, onların günahı deyil. İndiyə qədər oturuşmuş bir sistem və
qaydalar olub. Onlar da bu qaydalarla işləyiblər, yəni əkib-becərdiyi məhsulu
maşınlarına doldurub xarici bazara çıxarıblar. Bu vətəndaşlara normal bir
sistem təklif etmək, onlara köməklik göstərib təşviq proqramlarının əhatəsini
genişləndirmək, əllərindən tutmaq istiqamətində heç bir addım atılmadı. Kənd
təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan şirkətlərə, yaxud fiziki
şəxslərə böyük bir dəstək olmaq üçün hansısa proqramın reallaşdırıldığını
söyləmək mümkün deyil. Nə qədər qəribə səslənsə də, təşviq proqramlarından
əsasən iri şirkətlər, özü də payçısı dövlət olan şirkətlər faydalana biliblər.
Qeyri-neft sektorunda ixracatla məşğul olan bəzi törəmə şirkətləri, qapalı
səhmdar cəmiyyətlərini buna misal gətirmək olar. Lakin bu, geniş kütlələrə
çatmadı, ixracatın stimullaşdırılması tədbirləri daha çox iş adamlarını əhatə
etmədi. Nəticə etibarilə ideya yaxşı olsa da, həyata keçirilməsində ciddi
qüsurlar ortaya çıxdı”.
Rufik İSMAYILOV