• cümə axşamı, 25 aprel, 07:31
  • Baku Bakı 14°C

İctimai nəqliyyatda tibbi maska qadağası...

25.06.21 15:30 1495
İctimai nəqliyyatda tibbi maska qadağası...
Qadağa qalır, amma əməl edənlər azalıb
Ötən aydan etibarən açıq havada tibbi maskalardan məcburi istifadə qaydası ləğv edildi. Bu qərar hamımızı sevindirdi. Çünki isti havalarda tibbi maskalardan istifadə etmək dözülməz idi. Qapalı məkanlarda, insanların kütləvi toplaşdığı ictimai yerlərdə isə tibbi maskadan istifadə məcburidir. Xüsusilə də ictimai nəqliyyat vasitələri... Lakin ictimai nəqliyyat növü olan avtobuslarda qanunun bu tələbinə məhəl qoyan çox azdır. Sərnişinlərin bir qismi maska taxsa da, digər qismi avtobusda əyləşən kimi tibbi maskanı çıxardır, ya da yalnız ağız nahiyəsində saxlayır.
"Hər kəsin başının üstündə polis dura bilməz”
Sərnişin İlahə hər gün avtobusdan istifadə edir. Deyir ki, insanların əksəriyyəti maskanı öz sağlamlığını qorumaq üçün deyil, məhz cərimələrdən yayınmaq üçün taxır: "Mənim günüm maska taxmayanlara irad bildirməklə keçir. Artıq hamı bu xəstəliyin necə dəhşətli olmasından xəbərdardır. Mənə çox maraqlıdır, necə çəkinmirlər, qorxmurlar. Əksər insanlar maskadan istifadə etmək istəmir. "Xahiş edirik, maskanızı taxın” deyəndə də sərt reaksiya nümayiş etdirirlər. Təkcə COVID-19-la yox, ümumi qrip, vərəm infeksiyalarına yoluxma riskinə görə də tibbi maskadan mütləq istifadə etməliyik”.
Sərnişin Adil dayı də deyir ki, qaydalara əməl etməyənlərin nə istədiklərini anlamır: "Qızım, mən yaşlı insanam. Sağlamlığımı qorumaq üçün tibbi maskadan istifadəyə etməyə məcburam. İctimai nəqliyyatda bir çox hallarda sosial məsafəni qorumaq mümkün olmur. Heç olmasa, maska taxaq. Gənclərin əksəriyyəti bu qaydalara əməl etmir. İnanın ki, sərt karantinə də ən çox maska taxmayanlar etiraz edir. Nə qaydalara riayət edib xəstəliyin kökünü kəsməyə çalışırlar, nə də sərt karantin istəyirlər? Biz nə edək, yıxılaq ölək? Axı insan özü məsuliyyət daşımalıdır? Hər kəsin başının üstündə polis dura bilməz”.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyir ki, avtobuslarda maska taxılmasına nəzarət yalnız polis orqanları tərəfindən həyata keçirilir: "Sürücü, dispetçer və marşrut xəttinin işinə nəzarət edən digər hər hansı bir əməkdaş yalnız sərnişinlərə tövsiyə edə bilər ki, maskadan istifadə etsin”.
Məlumat üçün bildirək ki, Dövlət Yol Polisi İdarəsi (BDYPİ) də qapalı yerlərdə və ictimai nəqliyyatda tibbi maskalardan istifadə üçün vətəndaşlara müraciət edib: "Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli qərarı ilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən məcburi istifadə edilməsinə dair tələb ləğv olunub. Lakin bu o demək deyil ki, qapalı məkanlarda, o cümlədən ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməmək olar. Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli qərarına əsasən, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) mütləq istifadə edilməlidir”.
"Polis cərimələməkdə maraqlı deyil”
Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, polis heç bir halda vətəndaşın cərimələnməsində maraqlı deyil: "Qapalı məkanlarda, eləcə də ictimai nəqliyyatdan istifadə edən şəxslər birmənalı şəkildə tibbi maska taxmalıdırlar. Qaydalara əməl etməyən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq inzibati tənbeh tədbirləri tətbiq edilir. Nə qədər ki, pandemiya şəraitində yaşayırıq, koronavirus riski olan yerlərdə hər bir şəxs tibbi maskadan istifadə etməlidir. Hər kəs nəzərə almalıdır ki, tibbi maskadan istifadə etməklə özünü, yaxınlarını, əzizlərini, digər şəxsləri koronavirus infeksiyasından qorumuş olur. Bu tədbirləri həyata keçirən polis heç bir halda vətəndaşın cərimələnməsində, inzibati tənbeh tədbiri görməkdə maraqlı deyil”.
Hər nə qədər istilərdən əziyyət çəksək də, xəstəliyin yayılmasının qarşısını almaq, yenidən sərt karantinə getməmək, ən əsası, əzizlərimizi qorumaq naminə qapalı yerlərdə tibbi maskalardan istifadə etməliyik. Maskanı cərimə üçün deyil, sağlamlığımızı qorumaq üçün taxmalı, məsuliyyətli olmalıyıq. Arxayın olmaq, sevinmək üçün hələ tezdir...
Aygün ƏZİZ


banner

Oxşar Xəbərlər