• cümə axşamı, 26 dekabr, 22:43
  • Baku Bakı 9°C

İçərişəhərə avtomobillə giriş məhdudlaşdırılır

26.10.24 00:16 1985
İçərişəhərə avtomobillə giriş məhdudlaşdırılır

Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində oktyabrın 27-dən paytaxtın mərkəzi hissəsi - İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı təklif edilən layihənin icrasına başlanılır. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən təsdiq edilən layihədə İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinədək avtomobil hərəkətinin məhdudlaşdırılması, Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması, Əziz Əliyev küçəsində avtomobillərin hərəkətinin tam məhdudlaşdırılması nəzərdə tutulur. İçərişəhər ərazisinə sakinlərin və burada yerləşən diplomatik nümayəndələrin, operativ, texniki, mənzil-kommunal xidmətlərinin, müəssisələrin təchizat zəncirinin idarə edilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri istisna olmaqla, bütün avtomobillərin girişi məhdudlaşdırılacaq. Sözügedən nəqliyyat vasitələrinin İçərişəhərə girişə Neftçilər prospektindən icazə veriləcək.

Ərazidə piyada zonası və mikromobillik zolaqlarının yaradılması planlaşdırılır.

Nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması avtomobillərin sayını, səs-küyü və tullantıları azaltmaqla İçərişəhər sakinləri və qonaqların rahatlığı və təhlükəsizliyinə xidmət edir.

Dünyanın böyük şəhərlərinin təcrübəsi nəzərə alınmaqla hazırlanan layihə, digər amillərlə yanaşı, paytaxtın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir incisinin qorunub saxlanmasına töhfə verəcək, buradakı infrastrukturun tez aşınmasının qarşısını alacaq.

banner

Oxşar Xəbərlər