• şənbə, 21 Iyun, 09:30
  • Baku Bakı 19°C

Hind filmində çəkiləcəyimi ağlıma gətirmirdim

23.05.15 08:25 3642
Hind filmində çəkiləcəyimi ağlıma gətirmirdim
Həmidə Ömərova: “Bu film mədəniyyətimizin Yaxın Şərqdə geniş təbliğ olunmasında mühüm rol oynayacaq”
Bu günlərdə hindistanlı rejissor Priyadarşan, ekran işinin prodüseri, “Full House” kino şirkətinin baş direktoru sənət adamlarını və mətbuat nümayəndələrini ətrafına cəm edib, azərbaycanlı və hind aktyorlarının birgə layihəsi olacaq yeni hind filmi “Yekun qətnamə” barədə danışdı. Azərbaycanın “MR-Pictures Pro” şirkətinin rəhbəri Rauf Mehdiyev, həmçinin filmdə rol alan xalq artistləri Amaliya Pənahova, Həmidə Ömərova, Rasim Balayev və əməkdar artist Fizuli Hüseynov da fikirlərini bölüşdülər.
Mətbuat konfransından sonra “Kaspi”-yə müsahibə verən xalq artisti H.Ömərova yeni layihədən və planlarından danışdı. Hind filminə çəkiləcəyini ağlına belə gətirmədiyini, ancaq bu arzusunun nə zamansa həyata keçəcəyinə həmişə inandığını qeyd etdi.
- Bu yaşınızda filmə çəkiləcəyinizə görə sevinirsinizmi?

- Əlbəttə ki, sevinirəm. Bunu heç ağlıma belə gətirmirdim. Çünki uşaqlıqda aktrisa olmaq istəmirdim. Ümumiyyətlə, özümü aktrisa kimi görmürdüm. Təsadüfən aktrisa oldum. Dünyada oxşar adamlar çoxdur. Mən bunu aktrisa olandan sonra bilmişəm. Hind aktyorları ilə Azərbaycan aktyorları da bir araya gələcəklər, inşallah. Bizi birləşdirən cəhətlər çoxdur. Birincisi onlar da istiqanlı xalqdır, bizim kimi qonaqpərvərdirlər, oxşar sözlərimiz də var. Mənə elə gəlir ki, dil baryeri olmayacaq, çünki müasir kompyuter texnologiyasının köməyi ilə bir-birimizlə ümumi dil tapa biləcəyik. Bu film triller janrındadır. Və mənə elə gəlir ki, tamaşaçıları maraqlandıran bir film ərsəyə gələcək.
- Bu filmdən sonra Hindistandan təklif gəlsə, başqa bir filmdə çəkilərdinizmi, orada tanınmaq istərdinizmi?

- Çox istərdim. Kim istəməz ki, xarici ölkədə çəkilsin. Mən Rusiyada, Özbəkistanda, Tacikistanda, İranda çəkilmişəm. Amma çox istərdim ki, Hindistanda da çəkilim.
- Hind aktyorlarından kimləri çox bəyənirsiniz?

- Çox sevdiyim aktrisalar var. Hima Malina, Ayşvariya Ray, Retxar. Onlarla çəkilməyi çox istərdim.
- Siz özünüz hind filminə baxanda, ssenarini, aktyorları, rejissor işini bəyənirsinizmi?

- Hər hansı bir Avropa kinosuna baxanda deyirsiniz ki, necə də gözəl filmdir! Yəni onun qəhrəmanlarına pərəstiş edirsiniz. Fikirləşirəm ki, həmin insanlar da məsələn, «Arşın mal alan»a baxsalar, o hissləri keçirəcəklər. Necə ki biz «Avara», «Cənab 420», «Zita və Gita», «Daş və çiçək», «Fillər mənim dostumdur» və s. kimi filmlərə baxanda o hissləri keçiririk, onlar da həmin hissləri keçirəcəklər. Xalqlar, insanlar eynidir. Ailə, övlad, ata-ana münasibətləri demək olar ki, bütün xalqlarda var. Bu bir tərəfdən yaxşıdır ki, bizim millətlər arasındakı dostluq möhkəmlənir, digər tərəfdən də mədəniyyətimizin Yaxın Şərq ölkələrində təbliğ olunmasında mühüm rol oynayacaq.
- Hindistan filmləri həmişə Azərbaycanda məşhur olub. Bəs, Azərbaycan filmlərinin orada məşhurlaşması üçün bu film nə dərəcədə rol oynayacaq?

- Bu şirkət Hindistanda ildə 100, bəlkə də daha çox film çəkir. Onlar artıq o biri filmlərini də planlaşdırıblar. Mənə elə gəlir ki, bu filmdə uğur qazanan aktyorlardan o biri filmlərində də istifadə edəcəklər. Düşünüəm ki, əməkdaşlığımız get-gedə möhkəmlənəcək. Təki, bu proyekt uğurlu olsun.
- Bəzi insanlar çəkildiyiniz serialları yüksək qiymətləndirmirlər. Buna münasibətiniz necədir?

- Vaxtilə dublyaj başlayanda da deyirdilər ki, Azərbaycanda dublyaj yoxdur. Biz Sovetlərin tərkibində olanda burnunda danışan bir kişi var idi, rusca dublyaj edirdi, səsləndirirdi. «Xaç atası» filmində bir kişi danışırdı. Ona o vaxt icazə vermirdilər filmləri dublyaj etməyə. Ərsəyə gətirdikləri işi kaset formasında buraxırdılar. Biz onlara baxırdıq, onları qəbul edirdik, amma öz dilimizdə hansısa xarici qəhrəmanların danışığını qəbul etmirdik. Tədricən bu proses püxtələşdi. Neçə ildir dublyaj var. 10 ildir ki, artıq o söhbət arxada qalıb. Yəni hər şeyi başlamaq lazımdır. Yavaş-yavaş başlamaq və inkişaf etdirmək lazımdır. Türkiyə seriallarından birində çalışan məşhur bir türk mütəxəssisi bizim seriallara baxıb dedi ki, Azərbaycan serialları çox sürətlə inkişaf edir. Belə getsə, 5 ildən sonra onlar türk seriallarını ötüb keçəcək. Yəni, biz artıq öz xalqımızın auditoriyasını toplamışıq. Düzdür, nöqsanlar var, amma inkişaf prosesi gedir və seriallar artıq reytinq qazanırlar. Baxılmasaydı, reytinq toplamazdı. İnsanlar “qurtarmayın” deyir, “ardı olacaqmı” soruşurlar. «Bir ailəm var» serialı barədə mənə deyirdilər ki, «Nolar, ərinizlə barışın da». O gün Uğur gəlib deyir ki, bu qədər çəkilmişəm, amma indi serialdan sonra hara gedirəmsə, mənə deyirlər «Uğur müəllim, Uğur müəllim». Yəni aktyorları seriallardan tanıyırlar. Bu nöqteyi-nəzərdən, inanıram ki, seriallar inkişaf edəcək. Sadəcə, müəyyən bir vaxt keçməlidir ki, bizim rejissorlar inkişaf etsinlər. İndi seriallara peşəkar aktyorlar cəlb olunur. Bunun özü də müsbət bir haldır. Artıq burada gənclərlə bərabər işləyirik. Bu da böyük bir məktəbdir. Gənclərimiz istedadlıdırlar. Mən də onlardan nəsə öyrənirəm. Onlar çevikdirlər, həm də mehribandırlar. Buna görə də gənclərə daha çox önəm vermək lazımdır. Gələcək onların əlindədir. Onlar indidən formalaşmasalar, teatrın, kinonun da gələcəyi sağlam olmaz.
- Həmidə xanım, sizin gözünüzlə bugünkü kinomuzun vəziyyətini görmək istərdik. Kinomuzun hazırkı durumunu necə dəyərləndirərdiniz?

- Hazırkı kino çəkilişlərindən xəbərim yoxdur, çünki filmlərə çəkilmirəm. Serialların çəkilməsi prosesini izləyirəm və bəyənirəm. Çünki onlar arasında əsl aktyor rəqabəti yaranıb. Rəqabət olmayan yerdə inkişaf yoxdur. Bütün kanallarda seriallar çəkilir və hər kəs serialların baş qəhrəmanlarını müzakirə edir. Düşünürəm ki, hansı serial daha çox müzakirələrə səbəb olursa, demək ki, o, tamaşaçıların diqqətini çəkməyi bacarıb. Danışılan serialda nəsə var ki, o, tamaşaçıların qəlbinə toxuna bilib. Misal üçün, mən hazırda “Bir ailəm var” serialında Əsmər rolunu canlandırıram. Tamaşaçılar söyləyir ki, bu Əsmər necə anadır, elə ana olarmı? Demək ki, bu obraz tamaşaçının qəlbinə toxunur. Biz də istəmirik ki, ekran qarşısında oturan tamaşaçı ya yuxuya getsin, ya da kanalı dəyişsin. Biz seriala ona görə çəkilirik ki, tamaşaçılar maraqlansınlar və müxtəlif fikirlər yürütsünlər. Tamaşaçılar tez-tez məndən soruşur ki, Əsmər rus gəlini ilə barışacaq, yoxsa yox? Hətta məndən onunla barışmağım üçün xahiş edən tamaşaçılar da olub. Həmin serialda insanların həyatından bir çox problemlər canlandırılır. Bunlar hamısı həyatdan götürülmüş şeylərdir. Bu məsələlər tamaşaçıların yaralı yerlərinə toxunur və onları düşünməyə vadar edir.
- Həmidə xanım, siz “Peşəkar kinoaktyorlar gildiyası”nın rəhbərisiniz. Bu gildiya özünü doğrultdumu? Həmin gildiya bu günə qədər nəyəsə nail ola bilibmi?

- Bizim gildiyanın aktyorlarının demək olar ki, 80-90 faizi indi seriallarda və filmlərdə çəkilir. Təbii ki, bizim də burada böyük təşəbbüsümüz oldu. Biz aktyorlar üçün sayt yaratdıq. Bu gün hər hansı bir aktyorun ünvanı kimə lazım olarsa, o zaman gildiyaya müraciət edir. Bu bizim borcumuzdur. Bunu sizə öyünmək üçün demirəm. Gildiyanın bu sahədə rolu böyükdür. Bu gün nəinki seriallara aktyorlarımız gedir, həm də dövlət tədbirlərində iştirak edirik, mərhum aktyorların yubileylərini keçiririk. Gildiyanın maddi bazası olmadığına görə bizim tez-tez toplaşmaq, məsələləri müzakirə etmək üçün imkanlarımız məhduddur. Biz pərakəndə formada işləyirik və bütün tədbirlərdə iştirak etməyə çalışırıq.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər