• çərşənbə, 08 May, 23:51
  • Baku Bakı 18°C

Hikmət Babaoğlu: Ukrayna ilə Azərbaycan arasındakı münasibətlər universal və çoxşaxəlidir

16.01.22 11:20 322
Hikmət Babaoğlu: Ukrayna ilə Azərbaycan arasındakı münasibətlər universal və çoxşaxəlidir
Ukrayna ilə Azərbaycan arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir. Son 30 ilin, yəni hər iki ölkənin müstəqillik tarixinin bütün mərhələlərinə nəzər salsaq görəcəyik ki, bu münasibətlər həm də universal və çoxşaxəli hesab edilə bilər. İki ölkə arasındakı əlaqələr sosial-iqtisadi, hərbi sahədən tutmuş mədəni humanitar sahələrə qədər bütün sahələri əhatə edib.
Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanı dost ölkə adlandıraraq Taras Şevçenkonun adını çəkməsi təsadüfi deyildi. Bakıda Ukrayna meydanının olması da ölkələrimiz arasındakı münasibətlərin kifayət qədər yaxınlığından xəbər verir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Deputat qeyd edib ki, hazırda iki ölkə arasında münasibətlərin daha da dərinləşməsi və inkişaf etdirilməsi şərtləri formalaşıb və bu, hər iki ölkənin maraqları çərçivəsindədir. Onun sözlərinə görə, əgər bu perspektivlər bir tərəfdən Azərbaycanın yaratdığı yeni reallıqlar və onun getdikcə böyüyən iqtisadiyyatı, idxal-ixrac imkanları ilə bağlıdırsa, digər tərəfdən dünyada baş verən yeni qlobal çağırışlarla bağlıdır.
"Bu məsələdə çoxsaylı iqtisadi-siyasi amillər böyük rol oynayır. İki ölkə arasında imzalanan sənədlər də bunu təsdiq edir. Rəsmi səsləndirilən rəqəmlərə baxdıqda, iki ölkə arasında ticari dövriyyə təqribən bir milyard dollar ətrafındadır. Ancaq potensial bu rəqəmdən dəfələrlə çoxdur. Xüsusilə, aqrar və aqrar-sənaye sektorunda, neft və digər enerji daşıyıcıları istiqamətində, ağır sənaye, maşınqayırma və nəqliyyat-tranzit sahəsində böyük imkanlar var. Buna görə də 2024-cü ilə qədər ticari dövriyyənin daha da artırılması məqsəd kimi müəyyənləşdirilib”, - deyə Hikmət Babaoğlu bildirib.
Deputat vurğulayıb ki, imzalanan sənədlər qida təhlükəsizliyi, ikitərəfli ticarətdə təcili əməkdaşlıq, aqrar və energetika sahələrini nəzərdə tutur ki, hazırki mərhələdə bu sahələrin hər biri özlüyündə olduqca aktualdır. Postpandemiya iqtisadiyyatı yeni keyfiyyət və yeni yanaşmalar tələb edir. Bu mənada qida təhlükəsizliyi və aqrar sektorun inkişafı təhlükəsiz ərzaq təminatı baxımından olduqca əhəmiyyətlidir. Ona görə də, dövlətimizin başçısının səfəri real iqtisadi münasibətlərdə öz nəticələrini qısa müddətdə verməklə gələcək üçün daha yaxşı perspektivlər yaradacaq.
banner

Oxşar Xəbərlər