Heydər Əliyev Sarayı yeni mövsümdə

Yeni mövsüm
yenilik, bol enerji deməkdir. İstirahətdən qayıdan mədəniyyət ocaqları böyük
ruh yüksəkliyi ilə mövsümə başlayır. Bunun üçün ilk növbədə rəngarəng repertuar
planı hazırlanır. Ancaq bu gün sizə təqdim edəcəyimiz, ölkəmizin ən qabaqcıl və
böyük auditoriyaya xitab etməyi bacaran, böyük səhnəyə malik olan Heydər Əliyev
Sarayının repertuarı tərtib olunmur. Belə ki, ölkənin ən nüfuzlu mədəniyyət
ocağı hesab olunan bu sarayda konsert proqramları vermək üçün təşkilatçılar və
yerli olduğu qədər də xarici şou-biznes nümayəndələri müraciət edir.
Bu mövsüm də Heydər
Əliyev Sarayında biri-birindən maraqlı konsert və animasiyalar nümayiş
olunacaq. Belə ki, hər ilki kimi sarayda istənilən yaşlı tamaşaçının zövqünə
uyğun zəngin konsert proqramları hazırlanıb təqdim olunacaq.
İndoneziya Mədəniyyət Festivalı
Sözügedən mədəniyyət
ocağının mətbuat xidmətinin rəhbəri Anar Fərəczadə bizi sarayda mövsüm ərzində
nümayiş olunacaq proqramla tanış etdi. Bildirdi ki, Heydər Əliyev Sarayında
yeni mövsüm sentyabrın 9-da İndoneziya mədəniyyəti festivalının açılışı ilə baş
tutub. İndoneziya
Mədəniyyət Festivalı çərçivəsində sərgi və mədəni tamaşa təqdim olunub.Tamaşaçılar Sarayın
foyesində İndoneziyanın milli mədəniyyətini əks etdirən sərgi ilə tanış
olublar. Daha sonra isə indoneziyalı musiqiçilərin çıxışı və professional rəqqasların
ifasında bu ölkənin ənənəvi və milli rəqs nömrələri təqdim edilib.
Yeni mövsümün
ikinci böyük konserti Koreya Respublikası və Azərbaycan Respublikası arasında
diplomatik münasibətlərin 25 illiyi ilə əlaqədar sentyabrın 17-də ənənəvi
Koreya musiqisi konsertinin keçirilməsi olub. Bu konsert də böyük marağa səbəb
olub.
"Məşhurlar və övladları”
O ki qaldı yeniliklərə, sentyabrın 23-də
Sarayda "Məşhurlar və övladları” adlı konsert proqramı təqdim olunub. İlk dəfə keçirilən layihədə respublikanın xalq
artistləri Gülyaz Məmmədova, Fidan Hacıyeva, Şəfiqə Eyvazova, Zümrüd Məmmədova,
əməkdar incəsənət xadimi Aqil Məlikov, əməkdar artistlər Nuriyyə Hüseynova,
Elza Seyidcahan, Lalə Məmmədova, Yadigar Muradov, tanınmış müğənnilər Aşıq
Zülfiyyə, Rüfət Axundov, Emil Bədəlov, Elxan
Qaraxanoğlu, Eldəniz Məmmədov, Kəmalə Nəsibova, Rəna Talıbova və övladları
iştirak ediblər. Konsertdə müğənniləri Nəsib Məhərrəmovun rəhbərliyi ilə
"Şuşanın səsi” instrumental ansamblı müşayiət edib.
Layihənin xüsusi qonaqları xalq
artisti Faiq Ağayev, əməkdar artist Aybəniz Haşımova, Nadir Qafarzadə və Vüqar Əbdülov
(meyxana) olub.
Heydər Əliyev Fondunun və Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcən Üzeyir Hacıbəyli IX Beynəlxalq
Musiqi Festivalı çərçivəsində sentyabrın 25-də Heydər Əliyev Sarayında Azərbaycan
opera və operettalarından ibarət "Əbədi musiqi” adlı konsert-tamaşa təqdim
edilib. Gecədə Azərbaycan klassik opera və operettalarından ən gözəl parçalar,
solo nömrələr və duetlər ifa olunub. Konsertdə Samir Cəfərov, Fidan Hacıyeva,
Anar Şuşalı, İnarə Babayeva, Fərid Əliyev, Afaq Abbasova, İlahə Əfəndiyeva,
Gülnaz İsmayılova, Fəridə Məmmədova, Nərgiz Kərimova, Taleh Yəhyayev, Cahangir
Qurbanov, Mahir Tağızadə və başqaları iştirak ediblər. Konsert-tamaşada müğənniləri
Nazim Hacıəlibəyovun rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun
Niyazi adına simfonik orkestri müşayiət edib.
Ədəbi-bədii musiqili gecə sizləri gözləyir
Sentyabrın 29-da Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, şair Əliağa Vahidin yaradıcılığına həsr olunmuş "Böyük
Füzulimizin yadigarı mən özüməm” adlı ədəbi-bədii musiqili gecə keçiriləcək.
Gecədə xalq artisti Əminə Yusifqızı, əməkdar artistlər Bəyimxanım Vəliyeva, Babək
Niftəliyev, İlkin Əhmədov, xanəndələr Elnur Zeynalov, Abgül Mirzəliyev, Səbinə Ərəbli,
Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Nigar Şabanova, Hüseyn Məlikov, Gülnar Qüdrətli,
Məhəmməd Nəcəfov, Vəfa Vəzirova və Almaxanım Əhmədli iştirak edəcəklər.
Konsertdə xanəndələr Əliağa Vahidin qəzəllərinə bəstələnmiş musiqi nömrələrini
səsləndirəcəklər.
Musiqili
gecədə xanəndələri xalq artisti Möhlət Müslümovun rəhbərliyi ilə Azərbaycan
Televiziya və Radiosunun Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblı
müşayiət edəcək.
Sarayın mətbuat xidmətindən verilən məlumata
görə, oktyabr ayı da repertuar baxımından zəngin və rəngarəngdir. Belə ki, oktyabrın
12-də Heydər Əliyev Sarayında "Ulduzların
dueti” adlı konsert proqramı keçiriləcək.
Konsertdə respublikanın xalq artistləri Gülyanaq Məmmədova,
Gülyaz Məmmədova, Heydər Anatollu, əməkdar artistlər Teymur Əmrah, Lalə Məmmədova,
Almaz Orucova, Almaz Ələsgərova, Təyyar Bayramov, Zakir Əliyev, İlahə Əfəndiyeva,
müğənnilər Rəşad İlyasov, Elton Hüseynəliyev, Sevda Yəhyayeva, Aynur İsgəndərli,
Nicat Cəfərzadə, Nadir Qafarzadə, Günay İmamverdiyeva, Sərxan Bünyadzadə, Ayşən
Mehdiyeva, Kamilə Nəbiyeva, Zabitə Alıyeva, Ayaz Qasımov, Mirələm Mirələmov,
Arzu Rzayev və başqaları iştirak edəcəklər.
Oktyabrın
18-də isə Saraydadünya şöhrətli fransız müğənni Patrisiya Kaas konsert
verəcək. Dünya turu çərçivəsində keçiriləcək konsertdə müğənni tamaşaçılara ən
sevilən və "Patricia Kaas” albomuna daxil olan yeni musiqilərini təqdim edəcək.
Bu dəfə də Bakı sakinlərini və qonaqları möhtəşəm şou proqram gözləyir.
Sarayın
repertuarına nəzər saldıqda, 20-21 oktyabr tarixlərində tanınmış müğənni Nuri Sərinləndiricinin
"Etiraf” adlı solo konsertinin yer
aldığını görürük. Konsertdə ifaçı öz repertuarından ən sevilən və seçilən
mahnıları ifa edəcək.
Caz dünyası
Sarayın
repertuarında müxtəlif musiqi janrlarına rast gəlmək mümkündür. Belə ki, hər
bir zövqə sahib insanlar asudə zaman keçirmək üçün bu məkana üz tuta bilərlər.
Yerli və xarici ifaçıların konsert proqramları ilə bərabər, sarayda oktyabrın 26-da tanınmış yerli caz
ifaçılarının konsert proqramının keçirilməsi planlaşdırılır. "jAzzeri Muğam Bands” caz musiqisi axşamında əməkdar incəsənət
xadimi Cəmil Əmirov və "Savab” caz qrupu, əməkdar artist Mircavad Cəfərov və "Cəngi”
estrada folklor qrupu, əməkdar artist Rəşad Haşımov və "Rast” qrupu, çoxsaylı
müsabiqələrin laureatları, ifaçılar Arslan Növrəsli (tar), Şəhriyar İmanov
(tar), Elvin Bəşirov (quartet), Nicat Aslanov (quartet) və Afşin Əlizadə (quartet)
iştirak edəcəklər. Konsertdə yerli caz kompozisiyaları və dünyaca məşhur əsərlər
səsləndiriləcək.
Noyabrın 09, 10,
11-də "Bu şəhərdə”-nin növbəti "TəkƏr”
yumoristik konserti keçiriləcək. Hər il ənənələrinə sadiq qalan "Bu şəhərdə”-nin
yaradıcı heyəti bu dəfə də tamaşaçılarına bol gülüş vəd edir.
Uşaqların
sevimli qəhrəmanları
Heydər Əliyev Sarayı
yeni mövsümdə mahnıları, rəqsləri, qəhrəmanları,
həyəcanverici mövzuları ilə uşaqlara da möhtəşəm əyləncə vəd edir. Belə ki,
oktyabrın sonlarına yaxıb Ankara teatrının iştirakı ilə "Keloğlan Masalları Müzikali-2. Uzun-Huysuz
Kosmosda” yeni interaktiv müzikl-tamaşası təqdim olunacaq. Türk cizgi filmindən
səhnəyə uyğunlaşdırılan, musiqisi və ssenarisi peşakar qrup tərəfindən
hazırlanan və yüz minlərlə tamaşaçının rəğbətini qazanan "Keloğlan Masalları”nın
yeni "Uzun-Huysuz Kosmosda” müzikl-tamaşası 22 oktyabrda uşaqların ixtiyarına
veriləcək. Yalnız bir gün saat 12:00 və 15:00-da təqdim ediləcək
müzikl-tamaşanın biletləri 6 manatdan başlayır.
Bundan əvvəl - oktyabrın 8-də "Bir ömrə bərabər məktəb illəri” adlı
musiqili-əyləncəli konsert proqramı təqdim olunacaq. Uşaqların
marağına səbəb olacaq konsertdə milli və müasir rəqslər, vətənpərvərlik
mövzusunda mahnılar və şeirlər, muğam və aşıq ifaları, rəngarəng çıxışlar və
digər sürprizlər gözlənilir.
Bundan başqa, Rusiya və Ukrayna teatrlarının iştirakı ilə uşaqlar
üçün noyabrın 12-də «Холодное сердце» (Soyuq ürəklər), dekabrın 23-də "Барбоскины или Тайна книжной полки” (Barboskinlər və
ya kitabxananın sirri), dekabrın 24-də "С Новым Годом,
Лунтик!” (Yeni ilin mübarək, Luntik) və dekabrın 29,30-da "Фиксики” (Fiksiklər)
yeni il tamaşaları təqdim olunacaq.
Qeyd edək ki,
sarayın repertuar planı bununla yekunlaşmır. Yeni mövsüm ərzində sarayda bir
çox dövlət tədbirlərinin, yerli və dünya ulduzlarının konsertləri
planlaşdırılır.
Xəyalə Rəis






