AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Həyatın normal ritmini bərpa etməyin yeganə yolu kütləvi vaksinasiyanın həyata keçirilməsidir

Həyatın normal ritmini bərpa etməyin yeganə yolu kütləvi vaksinasiyanın həyata keçirilməsidir

Cəmiyyət
22 İyun 2021, 19:15 166
COVİD-19 pandemiyasının ölkəmizdə yayılmağa başladığı ilk günlərdən etibarən Prezident İlham Əliyevin Azərbaycan xalqına çağırış edərək "Biz birlikdə güclüyük” şüarı qısa zamanda milli birliyimizin devizinə çevrilərək həm pandemiya ilə mübarizədə, həm də Vətən müharibəsi dövründə öz təzahürünü tapdı. Bu birliyin nəticəsidir ki, ölkəmiz pandemiyaya qarşı uğurlu mübarizə aparmaqla dünyanın bir çox ölkələrinə örnək təşkil edir. COVID-19 pandemiyası ölkəmizdə yayılmağa başlayanda qətiyyətlə apardığımız mübarizəni, vaksinasiya prosesində də davam etdirməliyik. Bu bəşəri bəladan xilas olub, həyatın normal ritmini bərpa etməyin yeganə yolu kütləvi vaksinasiyanın həyata keçirilməsidir.
Kaspi.az xəbər verir ki, bu barədə Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
"Xəstəlik yaşa baxmır" deyən millət vəkili bildirib ki, vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. Belə ki, gənc və sağlam insanlar da xəstələnə bilər və həyatını itirə bilər. Belə nümunələr həm ölkəmizdə, həm də dünyada yüzlərlədir. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanlara böyük təhlükə yarada bilərlər. Bu səbəbdən vaksin həyatları xilas etmək üçün yeganə yoldur. Maska taxmaq, sosial məsafə saxlamaq, gigiyena və s. kimi tədbirlər görmək virusa məruz qalmaq və ya başqalarına yoluxdurmaq şansını azaldır. Sağlam qidalanmaq, idmanla məşğul olmaq və sağlamlıq müayinələrindən keçmək kimi vaksinlər də insanların sağlam olmasında mühüm rol oynayır. Lakin bu tədbirlər kifayət etmir. Peyvəndlər immunitet sistemimizi virusla mübarizə aparmağa hazır edir.
Eyni zamanda millət vəkili xüsusilə qeyd edib ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi dəqiq yol xəritəsi sayəsində Azərbaycan vaksinasiya prosesinə ən erkən başlayan ölkələr sırasındadır. Belə ki, Prezident İlham Əliyev 2020-ci ilin aprel ayında nazirlərin iştirakı ilə keçirdiyi iclasda söyləmişdir: "Bizim üçün prioritet məsələ, - mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, - insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir.” Bu aydın hədəflər nəticəsində Azərbaycan səhiyyə sistemi tez bir zamanda COVID-19-la mübarizəyə səfərbər edildi və pandemiya səbəbindən işsiz qalan əhalinin sosial müdafiəsi gücləndirildi. Uzaqgörən və çevik qərarlar Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmasına səbəb oldu.
T.Cəfərova vurğulayıb ki, bu gün dünyanın bir çox ölkələrində vaksin qıtlığı yaşanır. Buna baxmayaraq, ölkəmizdə vaxtında və qətiyyətlə alınmış tədbirlər sayəsində əhalinin vaksinasiya prosesində seçim şansı vardır. Bu nöqteyi-nəzərdən qeyd etməliyik ki, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir.

Şübhəsiz ki, Azərbaycan xalqı hər zaman tale yüklü məsələlərdə həmrəylik nümayiş etdirib. Koronavirus pandemiyası bu gün bütün dünyanın eləcə də ölkəmizin gələcək inkişafına təsir edən mühüm məsələdir. Əminliklə deyə bilərik ki, xalqımızın uzaqgörənliyi, müdrikliyi və dövlətimizin vaxtında gördüyü tədbirlər sayəsində tezliklə COVID-19 pandemiyasından xilas olacağıq.