• bazar ertəsi, 30 iyun, 11:21
  • Baku Bakı 21°C

"Həyatı şablon şəkildə yaşamaq istəmirəm" - Fotolar

09.11.16 11:13 7361
"Həyatı şablon şəkildə yaşamaq istəmirəm" - Fotolar
Zarina Qurbanovanı uzun müddətdir ki, tanıyıram. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alarkən universitetin bütün layihələrində ilk olaraq məhz onun adı çəkilirdi, televiziyada, saytlarda ancaq o idi. Çılğın, dəlisov, ərköyün Zarina. Bu gün çəkilən əksər filmlərdə də onun siması görünür. Sevilir də. Noyabrın 11-də premyerası keçiriləcək "Gizlənpaç” filmində əsas obrazlardan birini canlandıracaq. Artıq filmin foto-video afişaları kinoteatrlarımızda nümayiş olunur və yenə də o sima ən ön sıralardadır.Zarina güclü vokal səsi, peşəkar aparıcılıq qabiliyyəti və aktrisalıq sənəti ilə tanınsa da, ixtisasca rejissordur. Hər nə qədər "Mən rejissor deyiləm” desə də. Qeyd edək ki, aktrisa son zamanlar mətbuata danışmaqdan imtina etmişdi. O, uzunmüddətli susqunluğunu bizimlə pozdu.
- Siman çox məşhurdur. Ancaq oxucularımız haqqında az məlumatlıdır. Əslində Zarina kimdir? Bu sənətə necə gəlib?
- Şablon olsa da, deyim ki, uşaqlıqdan incəsənət aləmindəyəm. 6 yaşımdan rəqslə məşğulam. Bayıl qəsəbəsində 3 saylı musiqi məktəbinin vokal sinfini bitirmişəm. İncəsənətə böyük həvəsim olsa da, bu sahədə inkişaf etmək, özümü tanıtdırmaq üçün valideynlərim mənə icazə vermirdilər.
- Bəs necə oldu ki, valideynlərini razı saldın?
- Onları razı sala bilmədim. Mən İncəsənət Universitetinə gizli daxil olmuşam. Orada təhsil aldığımı anamdan başqa heç kim bilməyib. İkinci kursda oxuyanda qohum-əqrəbalarımız xəbər tutdular ki, əslində mən onları aldatmışam. Çoxları elə bilirdi ki, Xarici Dillər Universitetində təhsil alıram. Birinci kursda oxuyarkən ATV-də rejissor köməkçisi kimi işləməyə başladım.
- İstəyin rejissor olmaq idi?
- Qətiyyən yox. Birbaşa aktyorluq ixtisasına daxil olsaydım, ailəm məni oxumağa qoymazdı. Hətta məni övladlıqdan çıxarardılar (gülür).
- Aktrisa kimi səni səhnədə görəndə necə reaksiya göstərdilər?
- Mən həm ödənişsiz oxuyurdum, həm də yaxşı tələbə təqaüdü alırdım. 17 yaşımdan işləyirəm. Evə pul gətirirdim. Ailəm məni aktrisa kimi qəbul etmirdi. Birinci kursun sonunda reklamlara çəkilməyə başladım. Çəkildikcə də reklamların simasına çevrildim.
- Qohumların biləndə ki, Xarici Dillər Universitetində deyil, İncəsənət Universitetində təhsil alırsan, münasibətləri necə oldu?
- Biz Cənub zonasındanıq. Bilirsiniz ki, oradakı insanlar dinə çox meyillidir. Bunu biləndə, valideynlərim qarışıq, mənə ağız büzdülər. "Səni heç kim almayacaq”, "bu sahə çox çətindir”, "sən bacarmayacaqsan”, "hansı ağılla belə hərəkət etdin?”, "bizim nəslimizə yaraşmır” kimi sözlər eşitdim. Bütün bunlara rəğmən, bilirdim ki, daxilən bu sənəti çox istəyirəm. Əgər bir şeyi istəyirəmsə, onu mütləq etməliyəm.
- Və aktrisa kimi ulduzun parlamağa başladı...
- 2008-2009-cu illərdə seriallar, filmlər bu qədər inkişaf etməmişdi və bu qədər çox film çəkilmirdi. İlk obrazım 2009-cu ildə "Məhkumlar” serialında Röya oldu. Ancaq o serialı yarımçıq tərk etdim.
- Səbəb?
- Çünki serialın rejissoru ilə konfliktimiz yarandı. Bəzi məsələlərdə razılaşmadıq.
- Davam edək.
- Ondan sonra kinostudiyaya getdim. Kinostudiyada rejissor assistenti kimi çalışmağa başladım. Rejissor kimi özümü tanıtmaq istəmirdim. Çünki mənə evdən təzyiqlər gəlməyə başlamışdı. Dedilər ki, sən heç zaman aktyor kimi çalışmayacaqsan, rejissor kimi fəaliyyətini davam etdirməlisən. Kinostudiyada "Sirr” filmində rejissor assistenti kimi çalışmağa başladım. Ancaq dözə bilmədim (gülür). Həmin filmdə baş qəhrəmanın dublyorunu canlandırdım. Orada bir qədər təcrübə yığdıqdan sonra başa düşdüm ki, mən rejissorluq edə bilmərəm. Aktrisalığın yerini heç nə vermir. İlk tammetrajlı filmim isə Ramil Ağasıyevin çəkdiyi "Arzuların ardınca” filmi oldu.
- Düşünürsən ki, "Arzuların ardınca” filmi kino aləmində sənin üçün bir tramplin oldu?
- Xeyr. O filmdə mən özümü bəyənmirəm. Özümü orada qəbul edə bilmirəm. Düzdür, mənim tanınmağıma həmin film çox yaxşı təsir etdi. Ondan sonra çox yerlərdən təkliflər aldım. Əslində təkliflər çox olsa da, hər filmə, seriala çəkilmirəm. Həmin filmdən sonra "Qırıntılar” filmində rol aldım. Bundan başqa, iranlı rejissor Babək Şirinsifətin rejissorluq etdiyi "Üçüncü günün adamı” filmində rol aldım. Bu filmdə ölkəmizin ən güclü aktyorları ilə tərəf müqabili oldum. Babək müəllimlə işləmək mənim üçün böyük bir təcrübə oldu."Məhkumlar” isə mənim iştirak etdiyim ilk və sonuncu serial oldu. Hesab edirəm ki, serialda nə sənət, nə də inkişaf var. İşin maddiyyat tərəfi də az olanda, daha da həvəsdən düşürəm. Açığını desəm, serial aləmində indiyə qədər ürəyimcə olan gözəl bir obraza dəvət almamışam. Bəzən deyirlər ki, Zarina özündən razıdır. Ancaq mən istəyirəm ki, keyfiyyətli filmlərə çəkilim. Ssenarini oxuduqca, orada özümü görmürəmsə, çəkilməkdən imtina edirəm. Simam tanınsın deyə, hər layihəyə də "hə” demirəm. Ona qalsa, gərək bütün günü efirlərdə olum. Bir dəfə xalq artistimiz Fəxrəddin Manafovla söhbət edirdik. Ona dedim ki, müxtəlif seriallara, filmə dəvət almışam. Ancaq keyfiyyətli filmdə oynamaq istəyirəm. Dedi ki, hazırda sənin dayanmadan çəkilən vaxtındır. Dayanmadan çəkil, təcrübə topla, sənin seçən deyil, seçilən vaxtındır. Onun bu sözündən sonra 5 təklifin 3-nü dəyərləndirmək qərarı verdim. Artıq təcrübə toplamağa başlamışam.
- Belə aydın olur ki, özünün doğru bildiyin yolda irəlilədin və uğur da daima evinin qonağı oldu.
- Elədir. Bu sənətə məşhur olmaq üçün gəlməmişəm. Məşhurluqdan qorxuram. Çox azad ruhlu insanam. 26 yaşım var və demək olar ki, dünyanın əksər ölkələrini gəzmişəm. Qorxuram ki, kimsə mənim azadlığımı əlimdən alsın. Azad olmasam, insanların içində olmasam, mənim üçün həyat darıxdırıcı olar. Əgər bir şey istəyirəmsə, onu mütləq etməliyəm. Ətrafdakı insanların fikri mənim üçün o qədər də əhəmiyyətli deyil. Mənə evdə deyirlər ki, sən çox dikbaşsan. İnsan həyata bir dəfə gəlir. Bir dəfə gəldiyim bu həyatda nə üçün şablon şəkildə yaşamalıyam? Düzdür, seçdiyim sənət heç də asan deyil. Mən bu sənətə başlayanda çox zaman deyirdilər ki, boyun balacadır, bacarmayacaqsan. Ancaq boyca hündür aktrisalardan daha çox uğur qazanmışam.
- Zarina, səni həm də aparıcı kimi tanıyıram. Ancaq belə görürəm ki, aktrisalıqdan başqa digər sənətlər sənin üçün o qədər də əhmiyyət daşımır.
- Elədir. Aparıcılığa 2010-cu ildə Gün.az televiziyasında "Musiqili saat” verilişi ilə başladım. Orada bir il aparıcılıq etdim. Daha sonra Xəzər TV-də "İkinci sənət”, Region TV-də "Gəzək-yeyək”, Lider TV-də "Hər şey sizin üçün” adlı verilişlərin aparısı olmuşam. Ən çox qorxduğum şey aparıcı kimi tanınmağım idi. Çalışırdım ki, heç kim məni aparıcı kimi görməsin. Çox zaman dostlarla otururduq, verilişim gedəndə boynuma qoya bilmirdilər ki, o aparıcı mənəm. İndi də aparıcı kimi verilişlərə dəvət alıram. Bu sənətdə heç bir inkişaf görmürəm. Aparıcısansa, hər günün stabildir, verilişi aparmaq, ekspertlər, qonaqlar... Hər gün eyni şey. Ancaq aktrisalıqda həyat var. İnsanları müşahidə edirəm, hər gün nəsə tapıram. Aktrisalıq mənim həyat devizimə uyğundur. Bu sənət mənim üçün böyük bir macəradan ibarətdir.
- Azərbaycanın ilk qorxu filmi "Xənnas” çəkilir. Filmdə əsas obrazlardan birini sən canlandırırsan. Bu film tamaşaçılara nələr vəd edir?
- Çox şey. Filmin rejissoru Elvin Abdullayevlə ikinci iş birliyimdir. İlk dəfə onun "Məriz” adlı qısametrajlı filmində çəkilmişdim. Bu filmə görə "İlin ən yaxşı aktrisası” adını aldım. Bu mənim ən çox sevdiyim qısametrajlı filmlərdən biridir. Orada istədiyimi göstərə bilmişəm. "Xənnas”a gəlincə isə, bir il bundan qabaq Elvin belə bir layihə həyata keçirmək istədiyini və əsas obrazlardan birini mənə həvalə edəcəyini demişdi. O, Azərbaycanda ilklərə imza atan rejissorlardandır. Filmdə mənə daha yaxın olan bir obraz seçdik. Mənə çılğın, həyat dolu bir obraz təqdim etdi və mən də razılaşdım. Çəkilişlər Şəkidə baş tutur və çox maraqlı gedir. Çoxlu mistik hadisələr baş verir. Belə ki, kameralarımız sınır, mən yıxılıram. Film gecə çəkilir. Təsəvvür edin ki, gecə, hava soyuq. qəbiristanlıq, meşə... Əslində mən qorxaq insanam. Amma bu filmdən sonra saatlarla qaranlıqda qalsam da, heç nədən qorxmuram.
- Gələcək hədəflərin nələrdir?
- 30-40 yaşımdan sonra rejissor kimi özümü göstərmək, istedadlı gəncləri toplayıb onları xalqa təqdim etmək istəyirəm. Nə xoş ki, son zamanlar kastinqlər başlayıb. Mən çəkildiyim bütün filmlərin hamısına kastinqlərdən keçib gəlmişəm. Rejissorlar birbaşa "Zarina, sən gəl çəkil” deməyib. Kastinqlərin olmağı yaxşıdır ki, biz də inkişaf edirik.
- Noyabrın 11-də Müşfiq Şahverdiyevin prodüserlik, aktyorluq etdiyi "Gizlənpaç” filmi təqdim olunacaq. Həmin filmdə əsas obrazlardan biri də sənin öhdənə düşüb.
- Rejissorların çoxu məni dram obrazına daha uyğun hesab edirlər. Ancaq mən komediyanı da çox sevirəm. Bu mənim üçün bir eksperiment idi. Maraqlı bir layihə oldu. O filmdə çılğın, qısqanc bir qızı oynayıram. O, sevgilisini beş dəqiqədən bir izləyən obrazdır. Sevgilisini izləyəndə tamam başqa nüanslar ortalığa çıxır. Hər nə qədər qısqanc olsa da, final xoşbəxt sonluqla bitir. Çəkildiyim filmlərdən yeganə "Gizlənpaç” filmidir ki, sonda ölmürəm. Bu günə qədər çəkildiyim bütün filmlərdə canlandırdığım qəhrəmanlar filmin sonunda ölür. Hətta teatrda uşaq tamaşası canlandırıram, orda da sonda "ölürəm”.
- Necə bir obraz canlandırmaq istəyərdin?
- Dəli, həyatın hər üzünü görən, böyük həyat hekayəsi olan bir qızın obrazını canlandırmaq istəyirəm.
- Özəl həyatında vəziyyət necədir?
- Super. Həyatımda özəl biri var. O, mənim ən böyük stimulumdur. Məni çox dəstəkləyir. Sevirik də...
- Kimdir, nəçidir, harada yaşayır?
- Azərbaycanlıdır, idmançıdır. Vəssalam... Hələ ki bunu çox adam bilmir. Ağzımdan başqa söz ala bilməzsiniz (gülürük).
- Toy haqda düşünürsünüz?
- Hələ ki toy barədə düşünmürük. Bir-birimizi tanımaq ərəfəsindəyik. Düşünürəm ki, gələcək həyatımı yalnız onunla bölüşə bilərəm.
- Bir həftədir ki, müsahibə almaq üçün səni bir yerdə tuta bilmirik. Ailə quracağın insan bütün bunları gözə alıbmı?
- Bu sahədə mənim bəxtim gətirib. Allaha min şükür. Hələ ki o məni belə qəbul edir, dəstəkləyir, ancaq bilmirəm, bu, evlilikdən sonra da belə davam edəcək, yoxsa yox. O çox savadlı və dünyagörüşlü insan olduğu üçün məni çox yaxşı başa düşür.
- Özünə kimi rəqib görürsən?
- Yaşıdlarım arasında hər kəsi özümə rəqib görürəm. Rəqabət olmayan yerdə inkişaf yoxdur. Mən özümü bir nömrəli görsəm, heç kimi saymasam, inkişafdan geri qalaram, qaldığım yerdə də çabalayaram. Bütün dostlarımı, qrup yoldaşlarımı, həmyaşıdlarımı özümə rəqib görürəm.
- Səni aktrisa kimi həvəsdən nə sala bilər?
- Mən sevdiyim insanlara çox bağlıyam. Anam, yaxın dostlarım, çevrəmdəki insanlardan diqqət, qayğı görməsəm, bu mənə psixoloji olaraq pis təsir edər. O zaman həyatdan soyuyaram. Çünki mən sevgi ilə böyümüşəm. Ailədə, məktəbdə, universitetdə valideynlərim, müəllimlərim tərəfindən böyük sevgi görmüşəm. Sevgisiz qala bilmərəm.
Xəyalə Rəis









banner

Oxşar Xəbərlər