"Biz Xalq yazıçısı Anarı yazar, nasir, dramaturq, şair, ssenarist,
böyük nəslin övladı, Nigar Rəfibəyli ilə Rəsul Rzanın oğlu kimi qəbul edirik.
O, böyük bir sevgi dastanı yaşadan ailənin övladıdır. O ailənin ki, Tanrı SÖZ-ü
o nəslə var-dövlət kimi bəxş edib”. Kaspi Liseyində ənənəvi "Milli yaddaş”
layihəsi çərçivəsində Xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anara həsr edilən
"Torpağın oglu” adlı görüşdə səslənən bu fikirlər şagird, müəllim və valideynlərin
görkəmli yazıçı və ictimai xadimin təkcə həyat və yaradıcılığı deyil, həmçinin
vətəndaş kimi cəmiyyətdəki mövqeyi ilə yaxından tanış etmək fürsəti qazandırdı.
Kaspi Təhsil Şirkətinin təsisçisi,
şairə-publisist Sona Vəliyeva "Milli yaddaş” layihəsi çərçivəsində görkəmli
insanlarla keçirilən görüşlərin şagirdlərin yaddaşında həmişə yaşayacağını qeyd
edərək, təsisçisi olduğu təhsil ocağının məramı haqqında qısaca məlumat verdi:
"Fərqli məkanlarda fərqli məktəblər var. Biz isə tam fərqli məktəb – milli məktəb
qurmaq, hərtərəfli insan yetişdirmək istədik. Belə ki, onun elmi dünyagörüşü
olacaq, texnoloji biliklərə yiyələnəcək, ancaq ən əsası Azərbaycan qurucusu
olacaq. Bu məqsəd bizim konsepsiyamızda yer aldı. Bu şagirdlərin hər biri həmin
konsepsiyanı əzbərdən bilirlər. Biz "Milli yaddaş” layihəsi ilə şagirdlərin azərbycançılığı,
milli-mənəvi dəyərləri əxz etmələrinə çalışırıq”. Milli ruha yaxın şəxslər
yetişdirmək üçün milli yaddaşa ehtiyac olduğunu vurğulayan S.Vəliyeva bu məqsədlə
liseydə tez-tez elm, incəsənət, ədəbiyyat xadimləri ilə görüşlər keçirildiyini
qeyd etdi: «Biz uşaqların azərbaycançılıq, milli-mənəviyyat dərslərini birbaşa
olaraq dəvət etdiyimiz insanların özündən əxz etmələri üçün bu cür görüşləri təşkil
edirik”. Ruhi dövlətçilik yaddaşı
S.Vəliyeva yazıçının nəsil və soy-kökünün bütövlükdə dövlətçiliyə
bağlı olduğunu söylədi: "Tədbirin "Torpağın oglu” adı ilə keçirilməsi Anar müəllim
haqqında hər şeyi deyir. Bu ad Anar müəllimin vətənə və torpağa bağlılığını
göstərir. Bu görüş Anar müəllimi bütövlükdə yadda saxlayacaq”. S.Vəliyeva
yazıçı haqqında məlumat verərək Anarın bütövlükdə türk dünyasında tanınan şəxsiyyət
olduğunu qeyd etdi: "Bu ad dünya insanlarına, kitabsevərlərə yaxşı bəllidir.
Anar müəllimi sevdirən təkcə əsərlərinin məzmunu deyil, həm də onun torpağına
bağlılığı, vətəndaş mövqeyidir. Anar müəllimin dövlətçiliyə münasibəti ruhi
yaddaşdır. İstər ana, istər ata tərəfdən soy kökü Azərbaycana bağlıdır. Anar müəllimin ana tərəfdən babası Ələkbər
bəy Rəfibəyli "Difai” Partiyasının yaradıcılarından olub. Anar müəllimin
babası Xudadat bəy Azərbaycan Xalq Cümhuriyyətini quranlardan biri, ilk ali təhsilli
cərrah, Gəncənin şəhər meri və general-qubernatoru səviyyəsinə qədər yüksələn
insan idi. Ata babası Azərbaycan-Rusiya münasibətləri haqqında apardığı söhbətlərə
görə həbs olunub və zəhərlənərək öldürülüb. Anar müəllim nə yazıbsa, orada
bütövlükdə bir rabitə oldu. Sanki Anar müəllim Azərbaycan xalqının ruhu haqqında
yazmağa başladı. Və orada əlaqənin sınmamasını gözləyə-gözləyə böyük bir toplum
onun yaradıcılığı ilə tanış oldu”. Anarın yaradıcılığında başlıca ideyanın
ünsiyyət olduğunu qeyd edən S.Vəliyeva yazıçının cəmiyyətin ehtiyacı olduğu
mövzulara toxunduğunu vurğuladı: "Anar müəllim öz sətirlərinin arxasından
boylanaraq nümunə kimi yazmağı bacarır. Anar müəllim ailə mövzusunu qabartdı. O,
ruhi dövlətçilik yaddaşından çıxış edərək Dədə Qorqudu yazdı. Dövlətin,
torpağın qorunmasının şərtlərini bu əsərdə ortaya qoydu. Yazıçının mühitimizdən
seçdiyi insan əslində dünyanın insanıdır. Hər millət övladını elə yetişdirmək
istəyər. Sadəcə, hər millətin Anar kimi yazıçısı olmalıdır ki, o obrazı ortaya
çıxara bilsin”.
Anarın kinematoqrafiya təhsilinin də olduğunu deyən S.Vəliyeva onun
ssenariləri əsasında "Uzun ömrün akkordları”, "Dədə Qorqud”, "Xatirələr sahili”, "Var olun, qızlar”, "Gecə
işıqları”, ”Gün keçdi”, ”Torpaq, dəniz, od, səma” və s. filmlərin ərsəyə gəldiyini
qeyd etdi: "Hansı yazarın sözü folklora çevrilirsə, o yaşayacaq. Anarın əsərləri
əsasında çəkilən televiziya tamaşalarında, o cümlədən filmlərdə səslənən fikirlər
dillərdə məsələ kimi işlənir. Onun filmlərində də dəst-xətti aydın görünür”.
Anarı böyük ictimai xadim kimi dəyərləndirən S.Vəliyeva yazıçının vətəndaşlıq
mövqeyini yüksək qiymətləndirdi: "Azərbaycanın dərdi həmişə Anar müəllimin
içindən keçərək üzündə, saçında yer alıb. Ö, ölkəmizlə bağlı məsələlərdə həmişə
vətəndaş mövqeyindən çıxış edib. Totalitar rejim vaxtı "Yaxşı padşahın nağılı”
kimi hekayələrində dövlət və cəmiyyət quruluşunu, dövlət və yazıçı münasibətlərini
ustalıqla ortaya qoyub”.
Türkiyəli yazar Mehmet
Nuri Parmaksız belə görkəmli şəxsiyyətlə bağlı tədbirə
qatılmasından qürur duyduğunu söylədi: "Görkəmli insanlar haqqında çox sözlər
yazıla bilər. Anar haqqında nə qədər danışsan onu bir gündə anlatmaq mümkün
deyil. Yazıçının dəyəri yazmaq deyil. Yazdıqdan sonra yazdıqlarının insanların
ruhunda, qəlbində, ağlında yer edə bilməsidir. Anar da belə yazıçıdır. Bu üzdən
onun ismi, şəxsiyyəti həmişə yaşayacaq.
Anarı tanısanız onun ruhunu tanıyacaqsınız”. Qonaq Anarın gələn il olacaq
80 illik yubileyi ilə bağlı Türkiyədə silsilə tədbirlərin keçiriləcəyini qeyd
etdi: "Bu tədbirlərə hazırlıq görülür. Həmçinin müxtəlif nəşrlərin çap olunması
da nəzərdə tutulub”. "Sizinlə daim görüşmək
lazımdır”
Ən xoşladığı görüşlərin məktəblərdə şagirdlərlə olduğunu deyən yazıçı Anar bu tədbirləri "gələcəklə
görüş” adlandırdığını bildirdi: «Siz gələcəyin adamlarısınız. Ona görə sizinlə
daim görüşmək lazımdır». Mənəvi babalarımızdan danışan yazıçı «Mirzə Fətəli
Axundov, Həsən bəy Zərdabi, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə, Üzeyir
Hacıbəyov kimi insanlar olmasaydı, azərbaycanlılar bir millət kimi özlərini təsdiq
edə bilməzdilər», - deyə qeyd etdi: «Həmçinin ölkəmiz müstəqilliyini də qazana
bilməzdi. Azərbaycan müstəqilliyinə gedən
yol bu insanların fəaliyyətindən keçib». Yazıçı son vaxtlar mətbuatda yer alan
bəzi yazıların onu narahat etdiyini də dilə gətirdi: «Bir çox cavan müəlliflər
elə hesab edirlər ki, keçmişdə nə varsa hamısını inkar etmək lazımdır. Onlar
Mirzə Cəlilə, Sabirə əl uzadırlar. Deyirlər ki, dərslikdən Sabirin, Mirzə Cəlilin
adını çıxarmaq lazımdır. Sabiri, Mirzə Cəlili çıxarandan sonra dərsliklərdə kim
qalacaq? Cavan nəsilləri kimin timsalında tərbiyə edəcəyik? Onlar bəhanə edirlər
ki, bu yazıçılar milləti tənqid ediblər. Onlar milləti tənqid etməyiblər, əksinə,
millətə zidd olan cəhətləri tənqid ediblər. Milləti Mirzə Cəlil, Sabir, Mirzə Fətəli
kimi sevən insanlar cəmiyyətin nöqsanlarını da, yaxşı cəhətlərini də deyiblər,
bununla insanları tərbiyə ediblər”. Və yaxud deyirlər ki, «Sovet dövründə
Yazıçılar Birliyi yaranıb, gəlin, onu inkar edək. Sovet dövründə Mirzə Cəlili
böyük yazıçı hesab ediblər, gəlin, indi hesab etməyək». Bu kimi fikirlər düzgün
deyil. Səthi münasibət bizə böyük zərər vurur”. Yazıçı şagirdlərə səslənərək:
«Siz gələcəkdə də bu yazıçıları sevə-sevə oxumalısınız və bilməlisiniz ki,
onların böyük vətənpərvərliyi və ürək yanğısı məhz yazdıqları tənqidi əsərlərində
əks olunub». Hazırda «Qum saatı» adlı publisistik yazısı üzərində işlədiyini
deyən yazıçı «Cəmiyyətdəki hadisələr,
keçmişə münasibət qum saatını xatırladır. Keçmişdə olan hər şeyi inkar etmək
olmaz. Hər şey dəyişir, tamam başqa dəyərlər
ortaya çıxır. Hər şey qum saatına aid olanda vaxtı göstərir, amma cəmiyyətin həyatına
aid olanda bu, düzgün deyil. İstəyirəm uşaqlar bu fikirləri unutmasınlar!”
Görüşdə Anarın sözlərinə həsr olunan mahnılar, əsərləri əsasında səhnəciklər
təqdim olundu. Yazıçı Anara və Azərbaycan-Türkiyə ədəbi əlaqələrindəki xidmətinə
görə Mehmet Nuri Parmaksıza Kaspi Təhsil Şirkəti adından plaketlər təqdim
olundu.