• şənbə, 27 Aprel, 16:20
  • Baku Bakı 27°C

Hələ yaşamaq istəyirəm... - PORTRET

23.09.23 02:25 13365
Hələ yaşamaq istəyirəm... - PORTRET

Tofiq Ağababayev: “Atam hərbçi, kapitan idi. Repressiya qurbanı oldu. 37 yaşı vardı. “Xalq düşməni”nin oğlu kimi oxumaq, yaşamaq asan deyildi. Mənim onda 9 yaşım vardı. Məktəbdə oxuyurdum. Valideynlər istəmirdilər ki, uşaqları mənim yanımda otursunlar, qorxurdular” 

“Mənim aləmimdə sağlamlıq özünü həmişə formada saxlamaqdır. Həyatı görmək və duymaq üçün hər şeyin qədəri olmalıdır. Ən başlıcası, insanları sevməlisən”. Yaşadığı ömrü boyunca - 95 illik həyat yolunda bu fikirlər onun amalı olub. Çətinliklərə, əzablara da gülümsəməklə sinə gərib. 

Azərbaycanın Xalq rəssamı, Bakının ilk baş rəssamı olan Tofiq Ağababayev indi keçmişdə qalan illərini düşüncəli xatırlayır. 
Yubileyi münasibətilə ona zəng edənlər çox olsa da, bizimlə görüşə məmnuniyyətlə razılıq verdi. Şəmsi Rəhimov küçəsindəki yeganə “xruşovka” binadakı kiçik otaqlı mənzilinə dəvət etdi. 

Evin divarlarındakı natürmortlar, portretlər diqqətimizi çəkdi. Məhəmməd Füzulinin portretinə maraqla baxdığımızı görüb “Füzulinin portretini üç variantda işləmişəm. Bir portreti məndən Moskvadan gələn bir rus aldı. Daha sonra bir amerikalı Füzulişünas alim ikinci əsəri məndən aldı. İndi özümdə qalan budur. Mənim üçün bu əsərlə Füzuli dünyasını, Füzuli poeziyasını duymaq olur”, - deyə bir çox görkəmli şəxsiyyətlərin portretlərini yaratdığını xatırlayaraq söhbətə körpü salır:  “Böyük sərkərdə Şah İsmayıl Xətainin portreti hazırda İtaliyanın Florensiya şəhərindəki Üfutsi qalereyasında saxlanılır. Həmin əsərdə tarixi şəxsiyyətin təsvirini verməklə sanki bütöv bir Azərbaycan dövlətinin qüdrətini, varlığını tərənnüm etməyə çalışmışam”. 

Prezidentin Sərəncamı ilə yubileyi münasibətilə təltif olunduğu “Şöhrət” ordeni isə onu hər şeydən çox sevindirib: “Bu, sənətimə verilən böyük qiymətdir. Prezidentdən çox razıyam. Məni həmişə diqqətdə saxlayıb. Niyə sevinməyim? Müharibəni udduq. İndi o torpaqlarda bərpa işləri gedir. Mən istəyirəm o evlərdə yaşayım...” 

Əsl azərbaycanlı ruhu

T.Ağababayev dəzgah rəngkarlığı, qrafika, monumental dekorativ-tətbiqi sənət, boyakarlıq janrında bir çox əsərlər yaradıb. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirəndən sonra Sankt-Peterburqda keçmiş V.Muxina adına Ali-Sənaye Rəssamlıq Məktəbinin keramika-şüşə fakültəsində aldığı təhsil yaradıcılığında böyük rol oynayıb. T.Ağababayev bütün əsərlərində milli kolorit, əsl azərbaycanlı ruhu duyulan rəssamdır. Dövlət Statistika Komitəsinin, Memarlıq və İnşaat Universitetinin idman salonunun mozaik işləri ona məxsusdur: “İlk əsərim “Azərbaycan lirikası” olub. Oğlum Toğrul qucağımda, bir əlimdə də fırça işləmişəm o əsəri. Bu əsərdə insanpərvərlik var. O vaxtdan bəri çəkdiyim əsərlərin sayı-hesabı yoxdur. Əsərlərim müxtəlif ölkələrin sərgi salonlarında, şəxsi qalereyalarda saxlanır. ABŞ-də, Kanadada olanı da var, Moskvada, Avropa ölkələrində olanı da. Elə əsərlərim var, istəyiblər, satmamışam. İndi də satmıram...”

Səttar Bəhlulzadənin qonşusu

Köhnə emalatxanasında dahi rəssam Səttar Bəhlulzadə ilə qonşu olub. Evləri də qonşuluqda imiş: “Bir binada yaşayırdıq. Emalatxanamız da qonşu idi. Onun çox faciəvi taleyi vardı. Emalatxanaya hamıdan tez gəlirdi. Səhər saat 7-də emalatxanada idi. Qapını açan kimi “Tofiq, yaxşı çayım var, gəl” deyirdi. Emalatxanası böyük idi. Özü emalatxananın küncündə o qədər balaca görünürdü ki...”, - deyə xatırlayır: “Sonra emalatxanam dəyişdi. İndi damı uçub tökülüb. İçərisindəki əsərləri daşıdılar ki, korlanmasın. Ona görə emalatxanaya gedə bilmirəm...” 

“Xalq düşməninin oğlu”

Rəssamın xatirələri bir-birinə calanır. Uşaqlıq illərini yada salır: “Uşaqlığım çox çətin olub. Atam hərbçi idi. Azərbaycan diviziyasında xidmət edirdi. Kapitan idi. Repressiya qurbanı oldu. 37 yaşı vardı. “Xalq düşməni”nin oğlu kimi oxumaq, yaşamaq asan deyildi. Mənim onda 9 yaşım vardı. Məktəbdə oxuyurdum. Valideynlər istəmirdilər ki, uşaqları mənim yanımda otursunlar, qorxurdular. Atamın heç bir təqsiri yox idi. Moskvaya hesab verirdilər ki, bu qədər adamı güllələdik...”

Bakının simvolik açarının taleyi

Bakı Sovetinin üzərində gerbin bərpası və Bakının simvolik açarının düzəldilməsi Tofiq Ağababayevin adı ilə bağlıdır. O, 1966-68-ci illərdə Bakı şəhərinin baş rəssamı vəzifəsində çalışıb. Paytaxtda bəzi heykəllərin yerləşdirilməsində onun əməyi var: “Bakının gerbi 1870-ci ildən olsa da, orada Xəzər dənizinin təsviri yer almamışdı. Mən 1967-ci ildə həmin gerbə dəniz şəklini artırdım. Gerbdə Xəzərin şəkli 5 dalğalı təsdiq olundu. Amma indi baxanda görürsən ki, dalğa sırasının xətləri pozulub. Həmçinin  Bakının simvolik açarının eskizini hazırlamışdım. Kamil Əliyev onu zərgərlik fabrikinə aparıb düzəltdirdi. Brejnev Bakıya gələndə o zamankı Bakı meriyasının rəhbəri simvolik açarı ona bağışladı. Bu, bağışlanmalı hədiyyə deyildi...”  

Köhnə bakılı

T.Ağababayevin oğlu Toğrul da rəssamdır. Kanadada yaşayır. “Niyə oğlunuzun yanına köçmədiniz?” - deyə maraqlanırıq: ”Niyə gedim? O gəncdir, yoldaşı ilə köçüb gedib. Mən köhnə bakılıyam. Leninqradda oxuyanda mənə xaricdə yaşamaq üçün təkliflər edirdilər. Amma mən heç yerə getmədim. Sevirəm də bu şəhəri. Yatanda da, duranda da... Bakı çox hadisələr görüb - inqilablar da, qırğınlar da. Mənə ən çox təsir edən 20 Yanvar hadisələri oldu. İndi Bakının siması çox dəyişib”. 

Ahıl rəssamın öyrətmək həvəsindən də heç nə əskilməyib. Öz bilik və bacarığını həvəslə gənc rəssamların yetişdirilməsində əsirgəmir. 2000-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dərs deyir, professordur: “Rektor deyir ki, heç olmasa həftədə iki dəfə gəl. Tələbələr mənə çox hörmət edir, dediklərimi daha yaxşı mənimsəyirlər. İstedadlı gənclərimiz çoxdur. Onlara şərait yaratmaq lazımdır ki, bacarıqlarını göstərsinlər. Qabaqlar gənclərin sərgiləri keçirilirdi. İndi yoxdur. Amma bu, vacibdir. Bu sərgilər inkişaf etməyə imkan verir”.

O gözəllik beynimdə qalacaq...

“Sizcə yaradıcılıq üçün ən yaxşı yaş dövrü hansıdır?” - deyə maraqlanırıq. “Yaş məsələsi deyil”, - deyə cavab verir: “Sevinc həmişə sevincdir: ailə sevinci, dost sevinci, bayram sevinci... Burada nə 20, nə 30, nə 50 yaş rol oynayır. Baxın, musiqi çalır. Səndən başqa yüz adam eşidir. Sən elə bir dünya görürsən ki, onu o birilər hiss eləmir. Həyat budur...” 

“İndi nə çəkirsiniz?” sualıma siqaretini yandırıb cavab verir: “Nəsə düşünürsən, amma fikir başqa yerdədir. Neçə gündür çalışıram gülləri çəkim (masa üstündəki ağ qızılgül buketini göstərir), hələ alınmır, mümkün edə bilmirəm. Güllər korlanır, ancaq o gözəllik beynimdə qalacaq... Həyat yoldaşım Nadya ilə artıq bu fikrə gəldik ki, rəssamın gərək evi geniş olsun. Emalatxanası da evində olmalıdır. Bir də görürsən, axşam yata bilmirsən. Durub keçirsən emalatxanaya, beyninə gələn ideyanı reallaşdırırsan. Onda keyfiyyət də, məna da, say da yüksək olur. Bilirsinizmi, rəssamlıq ilhamdır. Yaxşı bir şey görürsən: gözəl bir qadın, onun gülüşü və ya əsrarəngiz təbiət. Bu sənə ilham verir. O gözəlliyi kətana köçürmək istəyirsən”. 

Tofiq Ağababayev 95 yaşının olmasına isə hələ də inanmır: “İllər sürətlə keçdi. Yaşım çoxdur, ancaq yaşamaq istəyirəm. Həyatı sevirəm...”

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər