• cümə axşamı, 28 mart, 23:26
  • Baku Bakı 13°C

Heç bir ərazi itkimiz olmayıb, mövqelərimiz əvvəlki qaydada dayanır

13.07.20 14:33 439
Heç bir ərazi itkimiz olmayıb, mövqelərimiz əvvəlki qaydada dayanır
Cəbhə xəttində erməni hərbi birləşmələrinin təxribatının qarşısını almaq üçün adekvat cavab tədbirləri görülüb.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Müdafiə nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı deyib.
Onun sözlərinə görə, düşmən tərəfi növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə hücum ediblər: "Amma həmin hücumun da qarşısı alınıb. Heç bir ərazi itkimiz olmayıb, mövqelərimiz əvvəlki qaydada dayanır və Azərbaycan Ordusunun mövqeləri hazırda durduqları yerdədir, düşmənə qarşı cəza tədbirləri həyata keçirirlər. Düşmən tərəfi təxribat nəticəsində verdikləri itkilərə cavab məqsədilə yenidən mövqelərimizi və Tovuz rayonunun Ağdam kəndini atəşə tutub. Mülki şəxslər arasında heç bir itki yoxdur".
Nazirlik rəsmisi bildirib ki, bu gün səhər saatlarında bölmələrimiz tərəfindən düşmənin dərinlikdə olan mövqeləri, dayaq məntəqələri, avtomobil texnikalarına, artilleriya qurğularına və canlı qüvvəsinə zərbələr endirilib: "Bu zərbələr nəticəsində düşmən ağır itkilər verib. Lakin həmişə olduğu kimi bu dəfə də düşmən itkilərini gizlədir".
V.Dərgahlı qeyd edib ki, cəbhə bölgəsindəki vəziyyətlə bağlı sosial şəbəkələrdə əsassız məlumat yayılır: "Azərbaycan xalqından, xüsusən də KİV nümayəndələrindən xahiş edirik ki, bu məsələ ilə bağlı yalnız rəsmi məlumatlara istinad etsinlər. Yalan məlumat yaymaq düşmən dəyirmanına su tökməkdir. Həmçinin bir qrup şəxs sosial şəbəkələrdə Azərbaycan Ordusuna dəstək məqsədilə çağırışlar ediblər. Biz anlayırıq ki, bu, vətəndaşlarımızın vətənpərvərlik hissindən irəli gəlir. Amma bildirmək istəyirik ki, Azərbaycan Ordusunun bölmələri, əsgərləri düşmənə cavab verməyə qadirdir. Bu cür məlumatlar yayıb çağırış etməyə ehtiyac yoxdur. Bu məlumatlar yalnız düşmənin maraqlarına xidmət edir. Hazırda bölgədə atəşkəsin pozulması davam edir, ara-sıra qarşılıqlı artileriya zərbələri endirilir".
Nazirlik rəsmisi bildirib ki, Tovuzla yanaşı digər istiqamətlərdə də - həm dövlət sərhəddində, həm də qoşunların təmas xəttində vəziyyət gərginliyə doğru gedir.
banner

Oxşar Xəbərlər