AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Hazırladığı silah YUNESKO-nun yarışında birinci olan azərbaycanlı

Hazırladığı silah YUNESKO-nun yarışında birinci olan azərbaycanlı

Mədəniyyət
08 May 2021, 12:00 1807
Emin Məmmədov: "Bu sahədə olan məlumatları gələcək nəsillərə çatdırmaq üçün əlimdən gələni etməyə çalışıram”
 
15 yaşından silah hazırlanması işinə maraq göstərir, elə həmin vaxtdan da araşdırmalara başlayır və bu sahə onun hobbisinə çevrilir. Orta təhsilini bitirir, başqa sahədə təhsil alır, müxtəlif ölkələrdə fərqli şirkətlərdə çalışır, amma paralel olaraq silahsazlıqla da məşğul olur. Bu gün əl işləri Azərbaycan, Argentina və İsrail kimi ölkələrin muzeylərində və fərqli ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.

Söhbət Kanadada yaşayan və orda mühəndis olaraq çalışan həmyerlimiz Emin Məmmədovdan gedir.

Hobbisi silahsazlıq olan E.Məmmədov həm soyuq silahlar (bıçaqlar, xəncərlər və qılınclar), həm də odlu silahların hazırlanması ilə məşğuldur.

Emin Məmmədov öz əl işi olan gümüş xəncərlə YUNESKO tərəfindən bu ilin aprel ayında Parisdə təşkil olunan müsabiqədə birinci yeri tutub.

Qeyd edək ki, E.Məmmədov 1979-cu ildə Bakı şəhərində musiqiçi ailəsində anadan olub. Tarzən, xalq artisti Hacı Məmmədovun nəvəsidir. Orta təhsilini Bakıda 160 nömrəli tam orta məktəbdə alıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində geologiya üzrə bakalavr, Almaniyanın Kiel Universitetində sahil mühəndisliyi üzrə magistr təhsili alıb. İngilis dilində yazılan "The Azerbaijan armourer's art" (Azərbaycanlı silahsazın sənəti) kitabının həmmüəllifidir.

- Profilinizdə iş yerlərinizə göz atdım, Kanadadan əvvəlki təcrübəniz fərqli ölkələrdir. Tez-tez işi və ölkəni dəyişməyinizdən başlayaq. Səbəb nə idi?
- Bəli, fərqli ölkələrdə yaşayıb işləmişəm. Əsasən, ərəb ölkələrində çalışmışam. Demək olar ki, Misirdən başqa bütün ərəb ölkələrində iş təcrübəm var. Tez-tez iş, ölkə dəyişmək elə təəssürat yaratmasın ki, işə düzəlib tez də çıxırdım. Mən Bakıda yaşayırdım və öz sahəmlə bağlı məsləhətçi kimi fərqli ölkələrin layihələrində işləmək üçün gedirdim. Layihə bitəndə, qayıdırdım, sonra başqa ölkədə layihə olurdu, ora gedirdim. Proses belə olurdu. Düzdür, hansısa ölkədə daimi işləyə də bilərdim. Amma mən bir yerə davamlı bağlı olmağı sevmirəm. Həm də fərqli ölkələrdə fərqli şirkətlərdə çalışmaq xarakterimə uyğun idi, mənə maraqlı gəlirdi. 2012-ci ildən Kanadaya köçdüm və burda işləməyə davam etdim.
 


- Azərbaycanda iş təcrübəniz olmayıb?
- Azərbaycanda az yaşamışam, ona görə, orda elə çox iş təcrübəm olmayıb. Yalnız "Bakı-Tbilisi-Ceyhan” layihəsində işləmişəm.

- Fərqli ölkələrdə çalışmağın xarakterinizə uyğun olduğunu dediniz. Sizə maraqlı gələn tərəfləri nələr idi?
- Fərqli ölkələrdə yaşamaq, işləməyin yaxşı tərəfləri çoxdur. Başqa ölkəyə gedirsən, fərqli insanlarla, yeni mədəniyyətlərlə tanış olursan, başqa qayda-qanunları öyrənirsən, müxtəlif dillərə yiyələnirsən, gələcəkdə vacib olacaq əlaqələr formalaşdıra bilirsən. Mən belə baxıram. Dubayda keyfiyyətə nəzarət işi ilə başladım, sonra əməliyyatlara keçdim. Neftlə əlaqəli inşaat layihələrində də işləmişəm. Mühəndis kimi çalışdım, sonra layihə idarəetməsinə keçdim. Yəni fərqli ölkələrin iş mühitində olmağın özü də başqa təcrübədir.

- "Növbəti iş olmaya və yaxud gec ola bilər” kimi riskləri nəzərə alaraq xarici ölkədə iş tapanda, çox adam yaranan imkandan istifadə edib getdiyi yerdə qalmağı düşünür. Belə risklə bağlı narahatlığınız yox idi?
- Riskləri sevən biriyəm. Düzdür, risk edib mənfi tərəflərini də gördüyüm olub. Amma yaxşı nəticə aldığım daha çox idi. Alınmırsa, problem deyil. Adam rahat yatır ki, cəhd etdim, çalışdım, alınmadı. Bir də var ki, cəhd etmirsən, yoxlamırsan, amma sonra peşmanlığını yaşayırsan ki, bəlkə cəhd etsəydim, alınardı. Şans yaranırsa, istifadə etmək lazımdır. Bunu yaşamamaq üçün fürsət olanda, risk edirəm.
 
 

- Digər işinizlə yanaşı, həm də silahsazlıq sənəti kimi hobbiniz var. Bu sahə ilə nə qədər vaxtdır maraqlanırsız, məşğul olursuz?
- 1994-cü ildən maraqlanmağa başladım. Azərbaycanda araşdırdım, sonra Cənubi Azərbaycana getdim, orda da bu işlə bağlı məlumat yığırdım. Silahdan xoşum gəlirdi və araşdırdıqca daha da marağım artırdı. Elə həmin vaxt qərar verdim ki, bu sahəni öyrənim. Orta məktəbin son illərinin yay tətilində Gürcüstana gedib orda bu sahənin sirlərinə yiyələnirdim. Belə-belə öyrəndim, sonra özüm də məşğul oldum.

- Araşdırmalara başlayanda, kolleksiyalara baxmaq marağı yarananda, 15 yaşınız olub. Bu yaşda birinə kolleksiyaçılar öz kolleksiyalarını göstərməkdə nə dərəcədə maraqlı olurdular?
- (Gülür) İlk vaxtlar bu cəhətdən müəyyən problemlər olurdu. Zamanla hər şey qaydasına düşürdü. İstək böyükdürsə, insan ona nail olur. Qarşımdakılar o istəyi məndə hiss edirdilər, görürdülər ki, qısamüddətlik həvəs deyil, davamlı maraqlanıram, köməklik edirdilər.

- Bəs nə vaxtdan artıq özünüz də silahları hazırlamağa başladınız?
- Maraqlanmağa başladığım ilk vaxtlar özüm də nələrsə hazırlamağa çalışırdım. Söhbət soyuq silahlardan gedir. Sonra Gürcüstanda bu sahə ilə bağlı öyrənməyə gedirdim, ondan sonra daha təkmil soyuq silahlar hazırlamağa başladım. Zamanla, təbii ki, təkmilləşdirirdim. Odlu silahlara gəlincə, Azərbaycanda bununla bağlı qanunvericilik çox sərt olduğu üçün məşğul ola bilmirdim. Kanadaya köçəndən sonra burda odlu silahların hazırlanması ilə bağlı peşə təhsili aldım, sertifikat əldə etdim və bu sahədə də çalışmağa başladım. Kanadada odlu silahların hazırlanması ilə qanuni şəkildə məşğul olmaq hüququm var. Silah almaq və satmaq üçün lisenziyan olmalıdır. Mən də silah satışı üçün o lisenziyanı almışam və hazırladığım işlərin qanunu şəkildə satışını edə bilirəm. Soyuq silahlar bağlı da problem yoxdur.

- Lisenziya almaq prosesi necə olur?
- Lisenziya almaq 2 ay vaxt apardı. Sənədləri göndərdim, 3 gün kursa gedirsən, sonra səni və ailə üzvlərini araşdırırlar. Kriminal durum yoxdursa, 2 ay ərzində verirlər. Lisenziyanı 2012-ci ildə gəldiyimdə almışam.

- YUNESKO-da yer tutan əl işiniz gümüşdən idi. Ancaq gümüşdən hazırlayırsız, yoxsa başqa metallarla da işləyirsiz?
- Bu sahə zərgərliklə dəmirçiliyin birləşməsidir. Müxtəlif metallarla işləyirəm. Amma üstünlük qızıl, gümüşdədir.

- Öz əl işlərinizdən ibarət kolleksiyanız varmı?
- Məndə kolleksiya yoxdur, düzəldib satıram, yaxud muzeylərə vermişəm. Qədimdən, dədə-babadan qalma bir-iki işi özümdə saxlayıram. Qədim "Koft Qari” xəncərinin kopyasını hazırlamışam. Dəmirdir, üzəri də qızıl işləmələrlə. Onu Bakıda Xalça Muzeyinə göndərəcəyəm. Şah İsmayıl dövrünə aid latundan "Şəmşir” xəncərini düzəltmişəm, kopyasıdır. Eyni xəncər Şah İsmayıl Xətainin dövründə istifadə olunub. Bu, hələ ki, özümdədir. Təbrizdə muzeydə originalı var. "Şuşa fatehi” Tehran Mənsimov üçün xəncər düzəldirəm. Hazır olanda, özünə hədiyyə verəcəyəm.

- Sizinlə bağlı paylaşımda qeyd olunmuşdu ki, xarici muzeylərdə də əl işiniz saxlanır...
- Amerikada çox böyük Metropolitan Muzeyi var. Orda Azərbaycana aid çox az eksponat var. Muzeydə Səfəvilər dövrünə aid çoxlu eksponatlar sərgilənir. Kataloqa baxanda, onları kimlərin muzeyə ianə etdiyi görünür. 99 faizi erməni adlarıdır. Əgər muzeyə nəyisə ianə edirsənsə, onun tarixini özün yazırsan. Onlar Azərbaycana aid işləri özlərininki kimi qələmə veriblər. Mən də çalışıram ki, özəl işlər hazırlayım, yaxud hansısa qədim silahı kopya edib muzeylərə verim, Azərbaycan adına nələrsə olsun. Argentinada olan Azərbaycan səfiri bir xəncərimi Buones-Ayresdə Arujua muzeyinə vermişdi. İsraildə, Şamaxıda muzeylərdə var. Xalça Muzeyinə də göndərəcəyəm.

- Bu sahədə əsrəyə gələn kitabın həmmüəlliflərindənsiniz. Kitab fikri necə yarandı?
- Tarixə baxsaq, ulu babalarımız yaxşı döyüşçü olublar və bu ölkədə güclü silah mədəniyyəti olub. Döyüşçülərimiz qəhrəmanlarımız silahları ilə seçiliblər. Amma bu mədəniyyət sonra bizdən silindi. Bunda tam olaraq rusları günahlandırırlar. Düzdür, onların da rolu var, amma biz yaşatmaq üçün çalışsaydıq, nəticə belə olmazdı. Yəni özümüzün də silinməsində rolumuz var. Bu sahənin bizdə qədim tarixə söykəndiyini təbliğ etməyəndə, ermənilər də bizə məxsus işləri öz adlarına çıxarırlar. Emma Astvatsaturyan adlı erməni silah üzrə mütəxəssis var idi. Qafqaz silah mədəniyyəti barədə birinci kitabı 60-cı illərdə o yazıb. 8 kitab buraxmışdı, 2 il öncə öldü. Kitabda, demək olar ki, 5-6 azərbaycanlı adı qeyd olunub. Azərbaycan ərazisində qeyd etdiyi ustaların adları, demək olar ki, ermənidir. Gözləyirdim ki, bizimkilər bu istiqamətdə nələrsə etsinlər. Amma üstündən o qədər il keçib, amma heç bir iş görülmədi. Fikirləşdim ki, özüm yazım. Tarixçi deyiləm, amma silahdüzəldənəm və həmmüəllif Alexsandr Volovik ilə birləşib yazdıq. Həm Şimal, həm Cənub, həm də Qərbi Azərbaycanı əhatə etməyə çalışmışıq. Kitab həm Mədəniyyət Nazirliyi, Həm Heydər Əliyev Fondu tərəfindən tövsiyə olunub.

- Kitabla bağlı araşdırmaları nə vaxtdan aparırdız? Çünki xaricdə işləmisiniz, sonra birdəfəlik köçübsünüz...
- Bu məlumatları elə 1994-cü ildə araşdırma aparmağa başlayandan yığırdım. İlk olaraq Azərbaycanda araşdırma apardım, regionlarımızda oldum, hər rayonun ornamentlərini ayrıca yığdım. Kitabda məhz bu bölgü ilə də verilib. Bir müddət mən xaricə iş üçün gedib-gəlirdim, amma yaşayış yerim Azərbaycan idi, o vaxt da araşdırmalarımı davamlı şəkildə aparmışam. Keçmişdə olan ustaların adlarını, yerlərini, möhürləri, yazılarını yığırdım. Tarix Muzeyindən də bununla bağlı məlumatı götürmək istədim, amma mənə vermədilər. Problem ondadır ki, Azərbaycanda silah işini bilən adam azdır. Mən də istədim ki, bu sahə ilə bağlı məlumatı kitab vasitəsilə çatdırım. Kanadaya köçsəm də, gəlib-getmişəm, araşdırmalarımı aparmışam. Albert Aqarunovun nəslində silah düzəldən bir nəfər var idi. Biz həmmüəlliflə onu da tapdıq. Onun üzərində Aqarunovun möhürü olan xəncərini tapdıq və kitaba əlavə etdik. Çalışdıq ki silahla bağlı itirilmək üzrə olan məlumatları toplayıb yazaq. İstəyirəm ki, ikinci kitabı buraxaq. Araşdırmalarım gedir. Planlar böyükdür, görək necə olur.

- Bu sahə ilə ölkəmizdə məşğul olmaq istərdiniz?
- Azərbaycanda 2-3 yerdə karxana açmaq istərdim. Çünki istedadlı uşaqlar çoxdur. Gərək onları itirməyək. YUNESKO-un mən qatıldığım yarışına 11 erməni silah ustası qatılmışdı. Yarışda azərbaycanlı təkcə mən idim. Mən də Kanadada yaşayıb fəaliyyət göstərirəm. Real olaraq Azərbaycanda yaşayıb fəaliyyət göstərən bir nəfər yox idi. Mənim ad, soyadım, milliyətim azərbaycanlı olaraq qeyd edilirdi, ancaq yenə də fəaliyyət yerim Kanadadır. Azərbaycanda yaşayıb fəaliyyət göstərənlərin qatılmaması təəssüfedicidir. Mən özümü usta saymıram, hələ çox şeyi öyrənməliyəm. Öz biliyimin üstündə daim çalışıram. Mən bu sahəni Azərbaycanda yenidən həyata qaytarmaq, bu sahədə olan məlumatları gələcək nəsillərə çatdırmaq üçün əlimdən gələni etməyə çalışıram. Digər tərəfdən, bu sahədən turizm cəhətdən də istifadə etmək olar. Silah işi ilə maraqlanan turistlər də çox olur. Onlar gəlib baxarlar, hazırlanan əl işlərini alıb aparacaqlar. Azərbaycanda bu əl işini alsalar belə, ölkədən çıxarmaq problemdir. Ermənistan, Gürcüstan, Özbəkistanda bu, problem deyil.
Aygün Asimqızı