Hanı o səyyar kinolar?

Təsəvvür edin, sovet dövrünün sonları, türk, hind, amerikan
filmlərinin qapalı cəmiyyətə ayaq açdığı o illər... Sahələrdə işləyən kolxozçular «axşam kəndə kino gələcək” deyərək, ən yaxşı paltarlarını geyinib kinoya baxmağa
gedərmişlər. Bu gün köhnə filmlərə baxdıqca, ailələrimizdəki
yaşlılar onları könül xoşluğu
ilə xatırlayır, həmin filmləri rayonlara, kəndlərə gələn səyyar kino vasitəsilə izlədiklərini deyirlər. Yadımdadı, nənəm deyirdi: "9
uşağımın yeməyini yedirib rahatlayırdım, işlərimi tamamlayıb axşam uşaqları da
yanıma alıb xarici
filmlərini izləməyə gedirdim. Bu gün sizin həvəslə izlədiyiniz o filmlər bizim qapımızın ağzına
gəlirdi...”
O gündən bu günə çox şey dəyişib. İndi kompyuter,
internet əsridir. Bu gün Azərbaycan kino sahəsində də böyük irəliləyiş nəzərə
çapır. Yerli filmlərimiz nəinki kinoteatrlarımıza ayaq açır, bu aləmdə xarici
filmlərlə rəqabətə belə girirlər. Danılmaz faktdır ki, bu gün yerli
filmlərimizə maraq kifayət qədərdir. Onlar daha çox izlənilir və baxılır. Hətta
çəkilən filmlər öz büdcəsini kinoteatrlarımızdan çıxara bilirlər. Əlbəttə ki,
bu, sevindirici haldır, di gəl ki, bu filmlər bölgə kinoteatrlarına gedib çata
bilmir. Bəs bu gün o nostalji hisslərlə xatırlanan səyyar kino industriyası
niyə yoxdur? Onun bərpa olunması üçün hansı prosedurlardan keçmk gərəkdir?
Məsələ ilə bağlı ekspertlərə müraciət etdik. Onlar
səyyar filmləri XXI əsr üçün o qədər aktual hesab etməsələr də, çəkilən filmlərdən
bölgədə yaşayan vətəndaşların xəbərdar olmasını vacib saydılar.
Səyyar kino
xidmətini təşkil etmək hazırda aktual mövzu deyil
Mədəniyyət Nazirliyinin
Kino şöbəsinin sektor müdiri Yusif Şeyxov bizimlə
söhbətində sovet dövründə səyyar kinoteatrların mövcud olduğunu və onların bu günə
qədər insanların yaddaşlarında xoş xatirə kimi qaldığını vurğuladı: "Əvvəllər Gəncədə,
Naxçıvanda, Lənkəranda və digər inkişaf etmiş bölgələrimizdə stasionar kino olub.
O dövrün səyyar kinodaşıma nəqliyyat vasitəsi mövcud idi ki, onun vasitəsi ilə
bu filmlər kəndlərə daşınırdı. Yeni çəkilən xarici və yerli filmlər kəndlərdə nümayiş
olunurdu. Kənd camaatı da həmin filmləri həvəslə izləyirdi. Sovet dövrünün sonlarında
Azərbaycanda 220 səyyar kinoqurğu var idi. Onlar UAZ-69, QAZ-51, QAZ-53 maşınları
bazasında olurdu. Yaylaqlara, uzaq fermalara aparılır, orada vətəndaşlara yeni
filmləri göstərirdilər. Məhsul yığımı vaxtı tarlada işləyənlər üçün axşamlar
səyyar filmlər göstərilirdi. Əlbəttə, bu, dövrün tələbatından irəli gəlirdi”.
Y.Şeyxov indiki dövrdə peyk televiziyasının
mövcudluğunu, zəmanənin dəyişdiyini və bölgələrimizin belə internetə çıxışı
olduğunu, tamaşaçıların istədikləri informasiyanı rahat şəkildə əldə
etdiklərini bildirdi: "Bu gün yetəri qədər televiziya kanallarımız mövcuddur.
Onlar vasitəsi ilə gün ərzində minlərlə seçim aparmaq olar. Təkcə paytaxtda
deyil, uzaq bölgələrimizdə də. Güman etmirəm ki, indi səyyar kinoteatrlara ehtiyac
var. Əvvəllər kinolaşdırma deyə bir şey vardı. Yəni kinonu ən ucqar yerlərə çatdırmaq
üçün kinoşəbəkə mövcud idi. Bundan
başqa, radiolaşdırma adlı termindən
də istifadə edilirdi. Onlar indi öz əhəmiyyətini itirib. Çünki radionu ən ucqar
bölgələrdə belə tutmaq olur. Bunun üçün xüsusi naqillər vasitəsi ilə xətt çəkməyə
ehtiyac yoxdur. Oxşar vəziyyət kino ilə də bağlıdır. Səyyar kino xidmətini təşkil
etmək hazırda aktual mövzu deyil”.
Kinonun tamaşaçının ayağına getməsi daha
effektlidir
Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüsal Nəsirli bizimlə söhbətində hazırda Lənkəranda səyyar
kinoteatrların olmadığını və buna zərurətin yaranmadığını vurğuladı: "Lənkəran
Mədəniyyət evlərinin şəraiti olan zallarında yerli filmlərimiz
nümayiş etdirilir. Ancaq açığını deyim
ki, səyyar şəkildə filmlərimizin tamaşaçılara nümayiş olunmasının şahidi
olmamışam. Bilirsiniz ki, ötən il mədəniyyət nazirimiz Əbülfəs Qarayev
əmr imzaladı ki, bölgələrdə milli filmlərimiz nümayiş olunsun. Biz də tapşırılan göstərişə əməl edirik
və həftədə 3 dəfə olmaqla mədəniyyət müəssisələrimizdə milli filmlərimizi nümayiş etdiririk. Hansı mədəniyyət müəssisələrimizdə filmlərimizi
göstərmək üçün şərait və proyektorlar varsa, Lənkəran tamaşaçılarına milli filmlərimiz nümayiş olunur. Bu ənənə bu gün də davam edir. Sentyabr ayından
bu günə qədər 5-6 məkanda milli kinolarımız nümayiş olunub. Ancaq səyyar film nümayişi
ilə bağlı bir layihəmiz olmayıb və bunun üçün heç bir təlimat da almamışıq”.
V.Nəsirli səyyar kinoteatrın tamaşaçı cəlb etməyin ən
yaxşı vasitələrindən biri olduğunu da gizlətmədi: "Çünki hər hansı bir məkanda
film nümayiş olunanda insanlar vaxt ucbatından filmə baxmağa gələ bilmir. Ancaq
filmin tamaşaçının ayağına getməsi, onun evinin yaxınlığında nümayiş olunmasının
daha effektli olacağını düşünürəm. Bunun nəticəsi də olar ki, tamaşaçı həmin filmlə
tanış olar. Lənkəran tamaşaçıları
kinosevərdilər. Yerli filmlərimizi nümayiş etdirərkən mərkəzlərdə zalın yarısı dolu
olur. Hər dəfə də fərqli-fərqli tamaşaçılar gəlir. Uzun illərdir ki, insanlar kinoteatrlara
getməyiblər. İndi insanlar kompyuterdən ayrılıb kinoteatrda film izləmək istəyir. Çünki kinoteatrda baxılan
filmin effekti tamaşaçı üçün daha maraqlı olur”.
"Desəm ki bu filmlərə böyük maraq var, yalan olar”
Şəki Regional Mədəniyyət
və Turizm İdarəsinin rəisi Mirvari Zeynalova bir ildir
ki, Şəkidə mədəniyyət ocaqlarında yerli filmlərin ödənişsiz şəkildə
nümayişlərinin keçirildiyini bildirdi: "Bir ildir yerli filmlərimizi kino
göstərmək üçün şəraiti olan mədəniyyət ocaqlarımızda göstəririk. Heç bir bilet satışı yoxdur. Şəki tamaşaçılarının
teatra və kinoteatra böyük marağı var. Səyyar şəkildə rayonlara gedib orda
filmlər nümayiş etdirmək təbii ki, mümkündür, ancaq tələbat olan yerdə. Əvvəllər
səyyar klublar olurdu və müğənnilər gedib orada konsertlər verirdi, köhnə
kinolar göstərilirdi. Bu gün sizə desəm ki bu filmlərə böyük maraq var, yalan olar.
Biz özümüz də Şəkidə mədəniyyət mərkəzində həftədə iki dəfə Azərbaycan filmlərini
nümayiş etdiririk. Nazirlik tərəfindən bizə filmlərin disklərini göndəriblər və
biz də mədəniyyət evlərində nümayiş etdiririk. Ancaq
bunlar səyyar filmlər deyil. İndiki zəmanədə hamının əlində telefon var və
kiçik alətlə dünyaya açılmaq imkanı əldə edirlər. Hər kəs istədiyi filmə telefonda baxır. İstədikləri filmlərə evlərində rahat
şəkildə oturub izləmək imkanları əldə edirlər. Bunun üçün də sizə deyə bilmərəm ki, səyyar filmlərə yüksək
səviyyədə maraq ola bilər”.
Lənkəranlı əməkdar jurnalist Təranə
Məhərrəmova keçmişdə fəaliyyət göstərən səyyar kinoteatrları belə
xatırlayır: "Uşaqlıqdan Lənkəranda belə səyyar kinoteatrların
olduğunu xatırlayıram. Axşamlar
xarici kinolar nümayiş olunurdu və başqa kəndlərdən də həmin filmləri izləməyə
tamaşaçılar gəlirdi. Hind, türk, meksikan
filmləri nümayiş olunurdu. Beləliklə, rayon camaatı həm kinonu sevir, həm də xarici
filmlərdən xəbərdar olurdu. Bu gün o ənənə təəssüf ki, yoxdur. Bəlkə həmin yay
kinoteatrı fəaliyyət göstərsəydi, insanlar
yenə də gedib, mənəvi ehtiyacını təmin edərdi. Mənim kinonu sevməkdə əsas səbəblərimdən biri məhz o səyyar kinoteatrlar
olub. Evimiz həmin kinoteatra yaxın yerləşdiyindən orada göstərilən filmlərin səsi həyətimizə qədər gəlib
çatırdı”.
Qeyd edək ki, həmin illər paytaxtımızda 24,
bölgələrdə 60-a qədər qış kinoteatrı olmaqla, ümumilikdə ölkənin şəhər, kənd və
qəsəbələrində 2000-dən çox səyyar və stasionar kino qurğusu mövcud olub.Qədim kinoteatrlardan "Dostluq”, "Pioner”,
"Moskva”, "Nizami”, "Azərbaycan”, "Bakı”, "Vətən”, "Sevil”, "28 Aprel”, "Cəfər
Cabbarlı”, "Sülh”, "Oktyabr”-ı göstərmək olar. Sovet dövründə yaşayan kinomanlara bu adlar
yaxşı tanışdır. İllər əvvəl insanların hind, türk, rus, eləcə də yerli filmlər
daxil olmaqla bir çox sənət əsərlərinə baxdıqları bu məkanların indi demək olar
ki, heç biri işləmir. Bu
isə müzakirə ediləsi ayrı bir mövzudur.
Xəyalə Rəis
