• cümə, 29 Mart, 19:23
  • Baku Bakı 14°C

Hamı üçün bərabər hüquqlar və imkanlar yaradılmalıdır - Fotolar

14.11.18 09:30 9214
Hamı üçün bərabər hüquqlar və imkanlar yaradılmalıdır - Fotolar
Azərbaycanda əlilliyi olan şəxslərə münasibət sahəsində sosial siyasət - həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilib. Cari ilin may ayında qəbul edilən "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun əlilliyi olan şəxslər barəsində dövlət siyasətini müəyyən edir, cəmiyyət həyatının iqtisadi, siyasi və sosial sahələrində iştirak etmək üçün onların bütün başqa vətəndaşlarla bərabər imkanlar almasına, həmin şəxslərin öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılmasına təminat verir. Bu Qanunda əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi məsələsi də öz əksini tapıb. Qeyd olunub ki, "Məşğulluq haqqında” Qanuna uyğun olaraq, əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə və təşkilatlarda kvota müəyyən edilir. Kvota müəyyən edilmiş iş yerlərinə əlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə işə qəbul edilirlər.
İşə düzəlmək üçün əlilliyi olan şəxslərə verilmiş göndəriş, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyət növündən və təşkilati hüquqi formasından asılı olmayaraq, müəssisə və təşkilatlar tərəfindən qəbul edilməlidir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilliyi olan şəxsləri, onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər qanunla müəyyən edilmiş məsuliyyət daşıyırlar.

Bəhs edilən kvotanın müəyyən edilməsi qaydası "Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvotatətbiq edilməsi Qaydası”nın və "Kvota şamil edilməyən müəssisələrin Siyahısı”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarında açıq-aydın göstərilib. Həmin qərara görə, mərkəzi və yerli seçkili orqanlar (seçki yolu ilə tutulmayan vəzifələristisna olmaqla), elm və ali təhsil müəssisələri (elmi və elmi-pedaqoji fəaliyyətlə bağlı müsabiqə yolu ilə tutulmayan vəzifələr istisna olmaqla), işçilərinin orta illik siyahı sayı 25 nəfərdən az olan müəssisələr, hərbi qurumların, hüquq mühafizə,dövlət təhlükəsizliyi, xarici kəşfiyyatvə prokurorluqorqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən strukturbölmələri, penitensiar müəssisələr və istintaq təcridxanaları kvota şamil edilməyən müəssisələrdir. Yerdə qalan bütün müəssisələrdə qanunun tələbinə uyğun olaraq, əlilliyi olan şəxslər üçün işçi kvotası nəzərdə tutulmalıdır.

Kvotanı təmin etmək üçün şərait yoxdursa...

Sözügedən qərarın, eləcə də əlillərin məşğulluğunun təmin edilməsi barədə müvafiq qanunvericiliyin tələblərinin hansı səviyyədə yerinə yetirildiyini müəyyənləşdirmək üçün ilk növbədəVətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquqşünas Sahib Məmmədova müraciət etdik. O,qəzetimizə açıqlamasında söylədi ki, 1992-ci ildə qəbul edilən "Əlillərin sosial müdafiəsi haqqında” Qanunda əks olunan kvota sistemi işləməyib. Onun sözlərinə görə, yeni qanunda bununla bağlı mexanizmlərin yaradılması və sair məsələlərin yer alması gözlənilirdi. Hüquqşünas təəssüflə vurğuladı ki, qəbul edilən yeni qanunda əlilliyi olan şəxslərin əmək bazarına cəlb olunması üçün mexanizmlər əksini tapmayıb: "Biz gözləyirdik ki, əlilliyi olan şəxslərə passiv deyil, aktiv dəstək siyasəti göstəriləcək. Passiv dəstək budur ki, dövlət əlilliyi olan şəxsə hansısa məbləğdə müavinət verir. Əlilliyi olan şəxs də bu məbləği alıb evdə oturur, buna uyğun həyatını qurur. Təbii ki, əgər qura bilirsə. Lakin bunun tamam əksi olan aktiv dəstək siyasəti var. Bu zaman əlilliyi olan şəxsin əməyə cəlb edilməsi prosesi gedir. Avropada bu cür təcrübə var. Misal üçün, işəgötürənləri dövlət stimullaşdırır ki, əlilliyi olan şəxsləri işə götürsün. Xorvatiya təcrübəsinə görə, əlilliyi olan şəxs tam sağlam rəqabətli əmək bazarında işəgötürən tərəfindən işə götürülür. Reallıqda əlilliyi olan bu şəxsin hasilat qabiliyyəti tam sağlam adamın əmək qabiliyyətinin 70 faizini təşkil edir. Ancaq buna baxmayaraq, əlilliyi olan həmin şəxsə hasilat qabiliyyəti 100 faiz olan sağlam işçinin maaşı həcmində əməkhaqqı verirlər. Xorvatiyadakı sistem belədir ki, xüsusi yaradılmış Fond əlilliyi olan şəxsin yerinə yetirə bilmədiyi 30 faizlik hasilatın haqqını, məbləğini işəgötürənin hesabına kompensasiya kimi ödəyir. Bu, dövlətin aktiv dəstəyi, stimullaşdırıcı siyasətidir. Azərbaycanda nə əvvəlki, nə də yeni qanunlarda bu kimi tədbirlər nəzərə alınmayıb. Sadəcə, yeni qanunumuzda əvvəlki qanunda olduğu kimi, kvota sistemi nəzərdə tutulub. Bu kvotanı təmin etmək üçün şərait yoxdur. Yəni idarə, müəssisə, hətta yaşayış binalarında əlilliyi olan, hərəkət məhdudiyyəti olan şəxslərin sərbəst hərəkəti üçün tələb olunan şərait yaradılmayıb. Yalnız son illərdə küçə və prospektlərdəki səkilərdə hərəkət məhdudiyyəti olan şəxslərin sərbəst hərəkəti üçün imkanlar yaradılıb ki, bu da yetərli deyil”.
Əlilliyi olan hər bir vətəndaş məşğulluq hüququna malikdir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə də əlaqə saxladıq. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov"Kaspi”yə açıqlamasında bildirdi ki, Dövlət Məşğulluq Xidmətinin rayon-şəhər Məşğulluq Mərkəzləri tərəfindən göndərilmiş əlilliyi olan şəxsləri və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxsləri, onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən, eləcə də kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar barədə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müvafiq forma üzrə aylıq hesabatı məşğulluq mərkəzlərinə təqdim etməyən işəgötürənlər barədə qanunvericilikdə inzibati məsuliyyətə cəlb olunma, müvafiq məbləğlərdə cərimələr tətbiq edilməsi nəzərdə tutulub. O, hazırda Azərbaycanda əlilliyi olan şəxslərin sayının 620 minə yaxın olduğunu diqqətə çatdırdı: "Əlilliyin qiymətləndirilməsi zamanı şəxsə əlillik təyin olunarkən, artıq onun "əmək qabiliyyətsiz”liyi qeyd olunmur ki, bu da əlilliyi olan şəxsin məşğulluq imkanlarının məhdudlaşdırılmasının aradan qaldırılması üçündür. Yəni hansı qrup üzrə əlilliyi olan şəxs olmasından asılı olmayaraq, əlilliyi olan hər bir vətəndaş fiziki imkanları müqabilində məşğulluq hüququna malikdir. Məsələn, məşğul əhali arasında I, II və III qruplardan olan əlilliyi olan şəxslər də var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən iş üçün müraciət edən əlilliyi olan şəxslərin məşğulluğunun təminatı üçün müvafiq işlər aparılır. 2018-ci ilin 10 ayında Xidmətin xətti ilə 480 nəfər əlilliyi olan şəxs fiziki imkanlarına uyğun münasib işlərlə təmin edilib. Onlardan bir hissəsi qanunvericiliyə uyğun olaraq, müəssisələrdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota üzrə ayrılmış iş yerlərində işlə təmin olunublar. 60-a yaxın əlilliyi olan şəxs isə haqqı ödənilən ictimai işlərə cəlb olunub”.

F.Talıbov qeyd etdi ki, cari ilin 10 ayında Dövlət Məşğulluq Xidməti, habelə ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən ümumilikdə 260-a yaxın əlilliyi olan şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. Nazirlik rəsmisi vurğuladı ki, özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edənlər arasında əlilliyi olan şəxslərə də üstünlük verilir: "2018-ci ildə proqrama cəlb olunanların 1000 nəfərdən çoxu əlilliyi olan şəxslərdir. Artıq onların da proqram çərçivəsində mal və materiallarla təminatı həyata keçirilir. Əlilliyi olan vətəndaşların təqribən 10-12 faizi muzdla çalışanlar, 20-22 faizi isə fərdi sahibkarlıqla və ailə-kəndli təsərrüfatında məşğul olanlardır”.
Holdinqdə 200-ə yaxın əlilliyi olan şəxs çalışır
Dövlət qurumu ilə paralel olaraq, müstəqilliyimizlə həmyaşıd olan, 1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətinə də mövzu üzrə müraciət etdik. Qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən və ölkəmizin qabaqcıl şirkəti sayılan bu qurumdan bildirdilər ki, "Azersun Holdinq”in tabeliyində olan müəssisələrdə ümumilikdə 200-ə yaxın əlilliyi olan şəxs çalışır. Hər bir işçi kimi onlar da gördükləri işə görə əməkhaqqı alır, öz tələbatlarını ödəyirlər. Bundan başqa, şirkət daxilində yardımlaşma komissiyası fəaliyyət göstərir ki, əlilliyi olan şəxslərin reabilitasiyası, müalicəsi üçün bu komissiya vasitəsilə, həmçinin həmkarlar təşkilatının xətti ilə müəyyən tədbirlər görülür. Şirkətdə çalışan əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır. "Azersun Holdinq”dən onu da bildirdilər ki, şirkətdə çalışan bütün şəxslər kimi, əlilliyi olan işçilərin də sığortası var. Bununla yanaşı, müxtəlif idman müəssisələri var ki, şirkətin verdiyi dəstək hesabına texniki heyət, o cümlədən əlilliyi olan işçilər buranın imkanlarından faydalana bilirlər. Eyni zamanda, əlilliyi olan şəxslər də daxil olmaqla, şirkətin işçilərinin asudə vaxtlarını səmərəli keçirməsi üçün ayrıca şərait yaradılıb.

BMT-yə hesabat təqdim olunub
Ombudsman Aparatının sektor müdiri Müqalib Mahmudov əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi məsələsinə xüsusi həssaslıqla yanaşdıqlarını dilə gətirdi. Qeyd etdi ki, Azərbaycan BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında” 13 dekabr 2006-cı il tarixli Konvensiyanı 2 oktyabr 2008-ci ildə ratifikasiya edib. Onun sözlərinə görə, ölkəmizin bununla bağlı ilk hesabatı BMT-yə təqdim olunub və növbəti belə hesabat 2019-cu ildə hazırlanacaq. O, bu Konvensiyada nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin də əlilliyi olan şəxslərin məşğulluq probleminin aradan qaldırılmasında özünəməxsus rol oynadığını söylədi. Kvota məsələsinin pozulmasına gəldikdə isə həmsöhbətim bildirdi ki, hələlik bununla əlaqədar Ombudsmana hər hansı müraciət daxil olmayıb: "Ancaq bu o demək deyil ki, müəssisələrdə qanunvericilikdə nəzərdə tutulan kvotaya 100 faiz əməl olunur. Sadəcə, reallıq budur ki, indiyə qədər bununla əlaqədar Ombudsmana müraciət edilməyib. Əgər belə bir müraciət edilərsə, Ombudsmanın səlahiyyətləri çərçivəsində müvafiq addımlar atılacaq”.
Stimullaşdırma olmasa...
Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimliəlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi üçün qanunvericilikdə müvafiq qeydlərin, o cümlədən kvota sisteminin əks olunduğunu dilə gətirdi. Lakin təəssüflə bildirdi ki, sözügedən kvota sistemi Azərbaycanda işləmir: "Bu kvota sistemi sadəcə, Azərbaycanda deyil, ümumiyyətlə bütün dünyada problemli məsələdir. Yaxın keçmişdə BMT-nin Daşkənddə təşkil etdiyi beynəlxalq konfransda məhz bu məsələyə xüsusi diqqət yönəldilib. Milli qanunvericilikdə kvota sistemi göstərilib, Nazirlər Kabinetinin müvafiq qərarında kvotanın tətbiq edilməsi qaydaları əks olunub, amma işəgötürənlər tərəfindən bu kvotaya yüksək səviyyədə riayət olunmur. Kvotaya riayət etmədiyi üçün hansısa müəssisəyə sanksiya tətbiq olunmasına, bu sanksiyanın ödənməsinə və sairə də rast gəlinməyib. Bu sistemin daha aktiv bir təcrübə ilə əvəz edilməsi, əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi üçün bir çox təkliflər səsləndirilir. Həmin təkliflər arasında ən mütərəqqisi dövlət tərəfindən işəgötürənlər üçün stimullaşdırıcı tədbirlərin nəzərdə tutulmasıdır. Stimullaşdırma olmasa, yalnız inzibatçılıq metodu ilə nəyəsə nail olmaq qeyri-mümkündür. Əlilliyi olan şəxslərin məşğulluq problemində özünü göstərən əsas amillərdən biri də həmin şəxslərin əmək bazarında rəqabət qabiliyyətli olmamalarıdır. Bu isə təhsillə infrastrukturun olmaması ilə əlaqədardır. Yəni, onlar zamanında ibtidai, orta, peşə, ixtisas, ali təhsil ala bilmədikləri üçün mövcud əmək bazarında rəqabət qabiliyyətli deyillər”.
Rufik İSMAYILOV
Yazı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

banner

Oxşar Xəbərlər