Son bir il
ərzində Vətən Müharibəsinə həsr olunmuş 20-dən artıq müxtəlif metrajlı filmlərin
istehsalına maliyyə dəstəyi göstərilib, 11 filmin çəkilişləri davam edir
Zəfərimiz
ruhumuzun ən yüksək zirvəsidir. Zəfər zirvəsinə gedən yol 44 günlük Vətən
müharibəsindən keçir. Hansı ki, bu zəfəri biz düz 27 il gözlədik. Gözləməyimizə
dəydi, bu müharibədən şərəflə, alnıaçıq, üzüağ çıxdıq. Torpağın üzü güldü, vətən
övladlarının addımlarını sinəsində hiss etdikcə. Rahatlığına qovuşdu, özünə
qayıtdı. Günəş də əvvəlkindən daha parlaq saçdı şölələrini torpağa, çünki o
torpaqda daha düşmən yox idi, yurdun öz sahibi gəlib, torpağına dən səpir,
sünbülünü tanrıya ucaldır. Bu müharibə gözümüzün önündən, bu söz nə qədər
şablon olsa da, doğrudan da, film kimi keçdi. Bəs bu filmi film kimi gerçəkləşdirə
bildikmi?
Bədii filmlər çəkilməlidir
Millət vəkili,
yazıçı Aqil Abbas düşünür ki, müharibə haqqında sənədli filmlər çəkilməlidir,
bu öz yerində, amma ən vacibi bədii filmlərin çəkilməsidir: "Sənədli filmlər sənəd
üçün, tarix üçün lazımdır. Amma bədii filmlərin çəkilməyi daha vacibdir. Çünki
sənədli filmin o qədər də böyük tamaşaçısı yoxdur. Amma bədii filmin
auditoriyası daha genişdir, yükü daha çoxdur. Yəni bədii filmə iki üz milyon və
bəlkə də daha çox adam baxır. Yəni o film daha effektlidir. Ona görə də, düşünürəm
ki, bədii filmlərin çəkilişinə daha çox önəm verilməlidir.
Pis film çəkməkdənsə...
Bilirəm
ki, rejissor Vaqif Mustafayev "Fəryad-2” filmini çəkir. Vaqif Mustafayev çox
gözəl rejissordur, inanıram ki, ortaya qoyduğu film də yüksək səviyyədə olacaq.
Hər halda, başqa filmlər də çəkilir və çəkiləcək. Bir film ssenarisi də mən
yazmışam. Mən yazan, həqiqətən də, "Dolu-2”-dir. Baxaq görək onu da çəkə biləcəklərmi?
Amma istənilən halda, filmlər çəkilməlidir, mütləq çəkilməlidir. Məsələn, bu yaxınlarda bir film izlədim efirdə.
Lazımsız film idi. Məncə, elə filmləri çəkməkdənsə, heç çəkməmək daha yaxşıdır.
"Fəryad”, "Biz qayıdacağıq”, "Xoca” kimi filmlər çəkilməlidir. Mən "Dolu”dan
danışmaq istəmirəm. Onu izləyicilər desin. Birinci Qarabağ müharibəsi ilə bağlı yaxşı
filmlər var. Danışıram, "Yuxu” filmi yadımda düşür. Film, əslində, komediya
janrındadır. Amma filmin sonunda baş qəhrəman hara gedir? Müharibəyə gedir. Yəni
sözümün canı odur ki, müxtəlif janrlarda çəkmək olar.
Romandan ekrana yağan "Dolu”
Müəllifi
olduğum "Dolu” romanı Azərbaycanda beş min tirajla, Türkiyədə yüz min tirajla
çap edilmişdi. Yaxşı da satılmışdı. Filmi çəkildi, mən öz ölkəmizdə demirəm,
Türkiyədə ən azı iyirmi dəfə təqdimatı keçirilib, televiziyalarda dəfələrlə
yayımlanıb. Ukrayna televiziyaları da yayımlayıb. Mən o əsəri xalqımız üçün
yazmışdım. Əmin idim ki, biz qalib gələcəyik. Və filmin çəkilişindən 8 il sonra
biz, həqiqətən də, qalib gəldik, bayraqlarımızı sancdıq. Hesab edirəm ki, 44
günlük müharibə, zəfər günü ilə bağlı bədii filmlər çəkiləcək. Amerika dünyanı
filmləri ilə idarə edir. Hollivud siyasi bir təşkilatdır. Bizim də gərək
öz Hollivudumuz olsun”.
Kinostudiyanın töhfələri
Cəfər
Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov
deyir ki, 44 günlük Vətən müharibəsi və Zəfər günü ilə bağlı müxtəlif filmlər çəkilib
və digərlərinin də çəkilməsi nəzərdə tutulub: "Biz” sənədli filmində 44 günlük
Vətən müharibəsi dövründə rəngli xarakterləri və səsləri ilə 100 fərqli vətəndaşımızın
müsahibəsinə yer verilib. Sənədli-salnamə janrında "Görünməyən qəhrəmanlar”
adlı film çəkmişik. Müxtəlif qoşun növlərinin qəhrəman zabit və əsgər heyətinin
44 günlük Vətən müharibəsi müddətində keçdiyi şərəfli və müzəffər döyüş
yolundan bəhs edən bu salnaməyə "27 Sentyabr”, "Hərbi Hava Qüvvələri”, "Hərbi Dəniz
Qüvvələri”, "Artilleriya”, "DSX” filmləri daxildir. İkinci Qarabağ savaşı
zamanı müharibənin acı həqiqətlərini dünyaya çatdıran, "CNN Türk”
televiziyasının hərbi müxbiri Fulya Öztürk və kameramanı Halil Kahramanın
yaşadıqlarından bəhs edən "Fulya” filmi də Türkiyənin "Dada Yapım” şirkəti ilə
birgə istehsal olunub. Bunlardan başqa, "Həyat, deyəsən, gözəldir – Fəryad 2”,
"Müharibə uşaqları”, "Köşk” kimi filmlər çəkilib və çəkilir.
2022-ci
ildə izləyəcəyimiz filmlər
Mədəniyyət
Nazirliyi son bir il ərzində Vətən Müharibəsinə həsr olunmuş 20-dən artıq müxtəlif
metrajlı filmlərin istehsalına maliyyə dəstəyi göstərib. Bu filmlərin istehsalı
həm dövlət studiyaları, həm də özəl prodüser mərkəzləri tərəfindən aparılıb. Bu
mövzuda "Böyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri
müsabiqəsi elan olunmuşdu. Müsabiqənin qalibi olan 11 filmin çəkilişi davam
edir. "Salnaməfilm” studiyasında "Azərbaycanın
Milli Qəhrəmanları” adlı silsilə sənədli filmlər istehsal olunur. Bu il ərzində
bu səpkidə 10-a yaxın film çəkilib. "Biz”, "Şuşa, sən azadsan!”,
"Fulya”, "Görünməyən qəhrəmanlar” (sənədli filmlər silsiləsi) kimi filmlər
artıq hazırdır.
"Həyat, deyəsən, gözəldir”, "Doğma torpaq”, "Müharibənin uşaqları”, "Çin
olan gizlinlər”, "Evimin səsi”, "Tanrının nəbzi”, "İkinci planetin qırmızı rəngi”,
"Arxa cəbhə”, "İki gün”, "Hasar”, "Qarabağ nağılı”, "Tarix” filmlərinin
nümayişi 2022-ci il üçün nəzərdə tutulub.