• cümə, 26 Aprel, 00:44
  • Baku Bakı 16°C

Gürcüstanda etiraz səngimir

18.11.19 15:33 1809
Gürcüstanda etiraz səngimir
20-dən çox partiya növbədənkənar parlament seçkilərinin keçirilməsi, hökumətin istefası və MSK-nın yenidən formalaşdırılmasını tələb edir

Paytaxt Tbilisidə də daxil olmaqla Gürcüstanın bir neçə şəhərində beş gündür ki, etiraz aksiyaları davam edir.Tbilisidə Gürcüstan parlamentinə bütün girişləri bloklayan etirazçılar, deputatların qanunverici orqana daxil olmalarına imkan verməyiblər. Hakim "Gürcü arzusu” partiyasının deputatıRevaz Arveladzedünən komitə iclasında iştirak etmək üçün parlamentə daxil olmaq istəsə də, aksiyaçılar onu fitlə qarşılayaraq, binaya daxil olmasına icazə verməyiblər. Etirazçılar Arveladzeni hakim partiyanın rəhbərlik etdiyi parlament çoxluğunu tərk etməyə çağırıblar. Zuqdidinin majoritar deputatıMerab Kvarayada parlament binasına buraxılmayıb. Parlament üzvü noyabrın 14-də proporsional seçki sisteminə keçidlə bağlı qanun layihəsini dəstəkləməyib. Qeyd edək ki, ötən gün parlamentin binası qarşısında müxalifətin və ictimai fəalların keçirdikləri etiraz aksiyasında qanunverici orqanın bütün darvazaları qıfıllanıb və giriş qapılarında çadırlar qurulub. Bununla yanaşı, parlament binasına aparan yollarda qum və daş qırıqlarının olduğu kisələrdən barrikadalar quraşdırılıb.Etirazçılar tələbləri təmin edilməyənə qədər parlamentin bloklanmasını davam etdirəcəklərini bildiriblər. Tələblər, proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsi, hökumətin istefası və Mərkəzi Seçki Komissiyanın tərkibinin dəyişdirilməsidir.
"Tbilisidə parlamentin binası qarşısında keçirilən etiraz aksiyasında5500nəfərə yaxın insan iştirak edib”. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bildirilib. Nazirliyin Patrul Polisi Departamentinin rəhbəriVaja Siradzenin sözlərinə görə, aksiya zamanı saxlanılan olmayıb: "Kiçik qarşıdurmalar olsa da, aksiya dinc şəraitdə keçir”. Aksiyanın bir şüarı da "Gürcü arzusu” partiyasının lideri "Bidzina İvanişviligetsin”dir. Parlament binasının bloklanmasını şərh edən vitse-spiker Giya Volski bunun qanuna və dövlətin maraqlarına zidd olduğunu deyib: "Buna yol verilməməlidir və bu, cəmiyyətin tələbidir”. G.Volski müxalifətin tələblərini Konstitusiyaya zidd adlandırıb.
Məlumatlarda insanların regionlardan paytaxta istiqamətləndiyi vurğulanır. "Biz dinc etiraz aksiyasına gedirik ki, öz mövqeyimizi bildirək və proporsional seçki sistemini gənclərimizə qaytaraq” - deyə"Vahid Milli Hərəkat” Partiyasının Poti bölümünün üzvü David Komerikibildirib. "Vətənə xidmət” hərəkatının fəalları da etirazları son ayların ən vacib aksiyası adlandırıblar. "Yeni Gürcüstan” Partiyasının lideri Georgi Vaşadze "Biz evə getməyəcəyik və parlamenti tam olaraq bloklayacağıq” deyib. "Bizim qələbə planımız var. Biz, yekun qələbəyə çatmaq üçün bu gün, sabah və sonrakı gün nə etməli olduğumuzu bilirik", - George Vaşadze deyib.
Müxalif "Vahid Milli Hərəkat” partiyasının lideri Qriqol Vaşadze isə bəyan edib ki, Gürcüstan parlamenti legitimliyini itirib. O, bunu hökumətə irəli sürüləcək ultimatum adlandırıb və parlament binasının qarşısında toplaşan etirazçılardan bu tələbə razılıq əlaməti olaraq əl qaldırmağı xahiş edib.
"Gürcüstanın hakim "Gürcü arzusu” partiyası isə seçki sistemi ilə bağlı hər hansı yeni təşəbbüsü müzakirə etmək niyyətində deyil”. Bunu hakim partiyanın baş katibi, Tbilisinin meri Kaxa Kaladze keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, parlament seçkilərinə bir ildən az müddət qalıb: "Seçkilər qüvvədə olan Konstitusiyaya uyğun, müəyyən olunan müddətdə, yüksək demokratik standartlar və beynəlxalq ictimaiyyətin ən fəal iştirakı ilə keçiriləcək”. "Gürcü arzusu” opponentlərini seçkilərə hazırlaşmağa çağırıb.
Bu arada Gürcüstanın Daxili İşlər Nazirliyi aksiyaçıları parlamentin girişlərini bloklamağı dayandırmağa çağırıb. Sənəddə qeyd olunub ki, parlamentin fəaliyyətinə müdaxilə qanunla qadağan edilib: "Aksiya təşkilatçıları və iştirakçılarını polisin qanuni tələblərini yerinə yetirməyə bir daha çağırırıq. Polis, qanunla nəzərdə tutulan səlahiyyətləri çərçivəsində inzibati orqanların bloklanması cəhdlərinə istənilən halda müvafiq qaydada reaksiya verəcək”. "Pirveli” televiziyasına müsahibəsində Gürcüstanın eks-prezidenti Georgi Marqvelaşvili isə seçki islahatının uğursuzluğunu fırıldaqçılıq adlandırıb. O, vətəndaşların "Gürcü arzusu” partiyasının təhqirləri ilə barışmamağa çağırıb: "Mən İvanişvili və "Gürcü arzusu”nun vəkili deyiləm. Fakt budur ki, fırıldaqçılıq olub. Budəfəki fırıldaqçılıq təhqiramiz olub. Gürcü xalqına bildirildi ki, siz bizi maraqlandırmırsınız, siz bizim üçün vacib deyilsiniz. Əgər cəmiyyət bunu qəbul etsə, o zaman biz heç bir şikayət etməməliyik”.
Öz növbəsində ABŞ-ın Gürcüstandakı səfirliyi və Avropa İttifaqının Tbilisidəki nümayəndəliyi müxalifəti və hakimiyyəti seçki islahatı keçirməyə, etibarın bərpası və böhrandan çıxış üçün ümumi yollar tapmağa çağırıb. "Biz dinc nümayişçilərin hüquqlarını və söz ifadəsi azadlığını tamamilə dəstəkləyirik. Bu hüquqları yerinə yetirən hamını, qanun və konstitusiya çərçivəsində hərəkət etməyə çağırırıq", - deyə müraciətin mətndə bildirilir. ABŞ səfirliyi və Avropa İttifaqı nümayəndəliyi həmçinin bildirib ki, islahatların müvəffəqiyyətsizliyinə görə ölkənin əhalisinin çox hissəsinin məyusluğunu anlayırlar. "Proporsional seçkiyə keçidin ertələnməsihakim partiya ilə digər siyasi partiyalar və vətəndaş cəmiyyəti arasında inamsızlığı və gərginliyi artırıb”,– bəyanatda vurğulanır. Parlamentin dəyişikliyi qəbul etməməsini Avropa Şurası Parlament Assambleyası da tənqid edib.
Xatırladaq ki, qanun layihəsinin uğursuzluğu o deməkdir ki, Gürcüstan proporsional seçki sisteminə 2024-cü ildən keçəcək, gələn il parlament seçkiləri isə qarışıq sistemlə keçiriləcək. Seçicilər 77 deputatı proporsional, 73 deputatı isə majoritar seçki sistemi ilə seçəcək.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər