Gürcü vasitəçiliyi - ŞƏRH

Politoloq:
"Vasitəçiyə o zaman ehtiyac olur ki, tərəflərin hər birinin əlində "kozır”ı
olur. Amma indiki şəraitdə Azərbaycan mütləq üstünlüyə sahibdir. Ermənistan nə
təklif edə bilər?”
44 günlük
Vətən müharibəsindən sonra məğlubiyyətə uğramış Ermənistan ötən bir il ərzində vasitəçi
axtarmaqla məşğul olub. Əvvəl bu vasitəçilik üçün Rusiyaya, sonra ABŞ-a,
Fransaya və son olaraq isə Gürcüstana üz tutub. Bu günlərdə Gürcüstana səfər edən
Ermənistanın baş naziri Nikol Paşinyanın əsas istəyi də məlum oldu. Belə ki,
Paşinyan gürcü həmkarından Türkiyə prezidenti Ərdoğanla görüş üçün vasitəçilik
etməsini xahiş edib. Maraqlı məqam ondan ibarətdir ki, Paşinyanın Ermənistandakı
mövcud ictimai-siyasi gərginlik fonunda atdığı bu addımların hansı məqsəd
daşıdığı qeyri-müəyyəndir. Paşinyanın bu istəyi
Rusiyanın başının üstündən iş görmək mənasına gəlir. Rusiya isə yəqin
ki, özünün forpostu olan ölkənin bu özbaşınalığına biganə qalmaz. Guya
çoxvektorlu xarici siyasət yürüdən Paşinyan hakimiyyətinin Rusiya ilə yanaşı,
ABŞ-ın, Fransanın, eləcə də Gürcüstanın ətəyindən yapışması hansı maraqlara
xidmət edir. Gürcü vasitəçiliyinin hər hansı bir perspektivi varmı? Ermənistan
Gürcüstanı da urvatsız duruma salacaq?
Gürcüstanın
vasitəçiliyinin nə əhəmiyyəti?
Onu da
qeyd edək ki, bir müddət əvvəl Gürcüstan özü də dialoq üçün platforma təklif
etmişdir. Bir neçə gün əvvəl isə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana
səfər etməsi, müəyyən məsələlərlə yanaşı, vasitəçilik missiyasını da gündəmə gətirdi.
Açıqlanan məlumata görə, Prezident İlham Əliyevlə Gürcüstanın Baş naziri İrakli
Qaribaşvili arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın
iclasında bir sıra məsələlər müzakirə olunub. Eyni zamanda səfər zamanı
ticari-iqtisadi münasibətlər və nəqliyyat-logistika sahəsində mövcud
infrastruktur da müzakirə edilib. Bəs Gürcüstanın vasitəçiliyi Azərbaycan və
Ermənistan üçün hansı əhəmiyyət kəsb edir?

"Ermənistan
odu söndürüb, külü ilə oynayır”
Mövzu ilə
bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, Gürcüstanda bu ideya çoxdan var və bu
ölkənin prezidenti Salome Zurabişvili də Azərbaycanla Ermənistan arasında vasitəçi
ola biləcəklərini demişdi: "Şəxsi fikrimdir ki, burada çox da dərin diplomatiya
yoxdur. Faktiki olaraq, Ermənistan odu söndürüb, külü ilə oynayır. Çünki bütün proseslərin
konturları bəllidir. Ermənistan müharibəni uduzub, qalib məlumdur. İndi gərək
öz məğlubiyyətini tanısın və bunun ardınca tələb olunanlar bəllidir. Birincisi,
sərhədlərin demarkasiyası və delmitasiyası keçirilsin, sonra da sülh müqaviləsinə
imza atılsın”.
Vasitəçiyə
o zaman ehtiyac olur ki...
Politoloq
vurğuladı ki, böyük anlamda hazırkı situasiyada heç vasitəçiliyə də ehtiyac yoxdur:
"Çünki prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bildirirlər ki, "altılıq”
formatı ən münasib əməkdaşlıq formatıdır. Ermənistan məğlubiyyətdən sonra
çalışır ki, özünə bəraət qazandırsın. Əslində vasitəçiyə o zaman ehtiyac olur
ki, tərəflərin hər birinin əlində "kozır”ı olur. Amma indiki şəraitdə Azərbaycan
mütləq üstünlüyə sahibdir. Ermənistan nə təklif edə bilər və ya ortaya nə şərt
çıxaracaq? Onun belə bir imkanı yoxdur. Ermənistan, belə deyək, bütün oyun
kartlarını batırıb. Güc, söz və nəzarət Azərbaycandadır. Ona görə də, düşünürəm
ki, vasitəçiliyə lüzum yoxdur. Ermənilər gərək mövcud vəziyyətləri ilə
barışsınlar. Ermənistanın vasitəçilik axtarışı diplomatik oyundur və bu oyun çərçivəsində
də kimlərdənsə vasitəçi olmağı xahiş edirlər”.
"Azərbaycan
kortəbii şəkildə "hə” deməyəcək”
T.Abbasov
qeyd etdi ki, Azərbaycan özü Türkiyə ilə Rusiya arasında vasitəçilik edib:
"Bilirsiniz ki, Rusiya təyyarəsinin vurulması iki ölkə arasında gərginliyə səbəb
olmuşdu. Belə bir məqamda Prezident İlham Əliyev diplomatik məharət göstərdi və
bununla da diplomatik çevikliyini nümayiş etdirdi. Amma inanmıram ki, Gürcüstan
diplomatiyası işlək bir mexanizm və deyək ki, böyük bir ustalıq göstərə biləcək
imkanlara malikdir. Təbii ki, burada son sözü Prezident İlham Əliyev deməlidir.
Özü-özlüyündə bu, nəcib bir təşəbbüsdür. Gürcüstan daha çox Azərbaycandan asılı
bir ölkədir. İndi Ermənistanın belə bir xahişi var. Ancaq Azərbaycan buna kortəbii
şəkildə "hə” deməyəcək. Ölkəmiz əvvəlcə bilməlidir ki, Ermənistanın bu kimi
xahişi hansı maraqlardan yaranıb və gözlənti nədən ibarətdir. Əlbəttə ki,
burada status söhbəti ola bilməz və bütün tərəflər Azərbaycanın dominantlığını
tanımalıdır”.
Bəxtiyar Məmmədli
