Gürcü millət vəkili: “Güclü dövlət qurmaq niyyətindəyik” - Fotolar
Azər Süleymanov: Ölkə
vətəndaşları "Gürcü
Arzusu”na "qırmızı kart” göstərir
Gürcüstanda oktyabrın 31-də parlament seçkiləri
keçiriləcək. Gürcüstan Seçki Məcəlləsinə edilmiş düzəlişlərə əsasən, parlamentin
150 deputatından 30-u majoritar, qalan 120-si proporsional sistem üzrə
seçiləcək. Əvvəlki qaydada isə 77
deputat proporsional, 73 deputat majoritar qayda ilə seçilirdi. 66 siyasi
partiya seçkidə iştirak etmək hüququ qazanıb.Ötən həftə bu barədə hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasından deputatlığa namizəd soydaşımızdan müsahibə
almışdıq. Bu dəfə isə eyni sualları müxalifyönlü Milli Hərəkat Partiyasının təmsilçisi, eyni zamanda təşkilatın Siyasi
Şurasının üzvü və liderlərindən biri Azər Süleymanova ünvanladıq. Müsahibimiz
23 iyul 1967-ci ildəGürcüstanın Marneuli rayonunda anadan
olub.1984-cü ildə rus məktəbini, 1991-ci ildə Azərbaycan Dövlət İqtisad
Universitetinibitirib.1991-1996-cı illərdə biznes sahəsində
çalışıb.1996-1999-cu illər ərzində Marneuli İcra hakimiyyətinin
iqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1999-2003-cü illərdə
majoritar yolla deputat seçilib. 2003-2008-ci
illərdəKvemo-Kartliqubernatorunun müavini olub. 2008-2012, 2012-2016
və 2016-2020-ci illərdə millət vəkili olaraq fəaliyyətini davam etdirib.
Hazırda deputatlığa namizəddir.
- Oktyabrın 31-də
Gürcüstanda növbəti parlament seçkiləri keçiriləcək. Sizin də təmsil
olunduğunuz partiya və ya koalisiya yeni seçkilərə hansı əhval-ruhiyyə ilə
gedir?
- Bu, adi deyil, qərarverici seçkidir. Ya "Gürcü
Arzusu” yenə iqtidarda qalaraq Gürcüstanı qaranlıq dünyaya aparacaq, ya da Milli
Hərəkat Partiyası, demək olar ki, yeni koalisiya iqtidara gələcək, indiyə qədər
verilən vədlərin hamısını yerinə yetirəcək. Bildiyiniz kimi, 2012-ci ildə bizim
təmsil olunduğumuz siyasi partiya parlament seçkilərini, siyasi hakimiyyəti
sülh yolu ilə hazırkı iqtidara verdi. Biz Gürcüstan əhalisinin yenilik
istədiyini gördük və xalqın bu tələbini qəbul etdik. Xalq yeniliyi Bidzina
İvanaşvilidə görürdü. Lakin təəssüf ki, o, xalqın bu etimadını doğrultmadı,
ötən 8 ildə Gürcüstanı irəliyə deyil, keçmişə apardı. Hər bir gürcüstanlı öz
üzərində hiss etdi ki, hər hansı yenilik olmadı. İnsanların Gürcüstanın daha da
inkişafına dair ümidləri kəsildi. Ona görə də xalq yenilik tələb edir. Bu kimi
səbəblərdən irəli gələrək Milli Hərəkat Partiyası koalisiya şəklində güclənib,
Gürcüstanın bütün bölgələrində təşkilatlanıb, insanlarda yeni qələbələrə,
dəyişikliklərə böyük ümid yaranıb. Sizi əmin edirəm ki, əgər seçki sabah
keçirilərsə, Gürcüstanın bütün bölgələrində bizim partiya qalib gələcək.
- Son parlament
seçkilərindən ötən vaxt ərzində qanunverici orqan Gürcüstan dövlətçiliyi və
xalqı naminə hansı mühüm işlərə imza atıb?
- 2012-ci ildən indiyə qədər ötən vaxt ərzində Milli
Hərəkat Partiyası müxalifətdədir. Bidzina İvanaşvili hökumətinin rəhbərliyi
altında olan ölkədə ötən 8 il ərzində parlament hansısa qanun layihəsi və sair
ilə xalqa bir yenilik təqdim etməyib. Xalqın, vətəndaşların mənafeyinə uyğun,
ölkəni irəli aparacaq hər hansı qanun layihəsi parlamentdə qəbul olunmayıb.
Məhz buna görə də Gürcüstan vətəndaşları "Gürcü Arzusu”na "qırmızı kart”
göstərir. Ötən 8 ildə hakim partiya parlamentdəki bütün peşəkarları sıxışdırdı,
uzaqlaşdırdı. Buraya istər komitə sədrləri, istərsə də sıravi millət vəkilləri
daxildir. Hakim partiya tərəfindən qohumbazlıq, dostbazlıq prinsipi ilə
idmançılar, sənət və iş adamları parlamentə toplandı. Hansılar ki, qanunvericilikdən
çox-çox uzaq idilər. Ötən səkkiz ildə Gürcüstan Parlamentinin fəaliyyətinin
qənaətbəxş olmamasının səbəbi bununla əlaqədardır. Gürcüstanda bir neçə dəfə
ictimai rəy sorğusu keçirilib. Vətəndaşların rəyinə görə, parlament, o cümlədən
hakim partiyanın deputatları ən az etibar edilən, ümid yeri kimi baxılan orqan
oldu, rəy sorğusunda axırıncı yerdə oldu. Ötən 8 ildə hakim partiyanı təmsil
edən deputatlar parlamentdəki müxalifyönlü həmkarlarının hər hansı təklifi,
qanun layihəsi ilə razılaşmadılar. Parlamentdəki 150 deputatdan 35-ə yaxın
müxalifətçi millət vəkili var ki, onların da arasında 5-6 nəfər Bidzina
İvanaşvilinin "Vətənpərvərlər Alyansı”nı təmsil edir və yalnız adları
müxalifətçidir. Yerdə qalan bütün deputatlar iqtidarı təmsil edirlər. Ötən
səkkiz il ərzində iqtidardan olan 50-dən çox deputat parlamentdə ümumiyyətlə
ağzını açıb nə isə danışmayıb, hər hansı təklif və ya təşəbbüslə çıxış etməyib.
Bütün bunlar parlamentə bəslənən ümidləri itirdi.
- Gürcüstan Seçki
Məcəlləsinə edilmiş düzəlişləri zəruri edən nə idi? Bu düzəlişlər müsbətə doğru
nəyi isə dəyişəcəkmi?
- Gürcüstan Parlamentinə deputatların 73-ü
majoritar, 77-si proporsional siyahı üzrə seçilirdi. 2019-cu ilin 20 iyun
hadisəsindən sonra xalqın istəyi və tələbi ilə majoritar sistemin ləğv
edilməsi, hər kəsin proporsional sistemlə parlamentə düşməsi məsələsi gündəmə
gəldi. Siyasi partiyalar üçün əvvəlki qanunda nəzərdə tutulmuş 5 faizlik
baryerin 1 faizə endirilməsi də əsas tələblərdən biri idi. Bidzina İvanaşvili
bunu edəcəyinə dair söz versə də, sonradan "Gürcü Arzusu” bu vədinə əməl
etmədi. Çünki majoritar sistem hakimiyyətin maraqlarına uyğundur. Majoritar
sistem hesabına parlamentdə özlərinə kifayət qədər səs toplaya, istədiklərini edə bilirlər. Xalqın tələbi,
davamlı mitinqlərdən, Avropa İttifaqına üzv dövlətlərin, ABŞ-ın səfirlərinin
iştirakı ilə, həmçinin hakimiyyətlə müxalifət arasında keçirilən müzakirələrdən
sonra iqtidar məcburiyyət qarşısında qaldı, Seçki Məcəlləsinə dəyişiklik
edildi. Beləliklə, parlamentin 150 deputatından 30-u majoritar, qalan 120-si proporsional
sistem üzrə seçiləcək. Halbuki, majoritar sistemin tamamilə ləğv edilməsi əsas
tələb idi. Bu baxımdan Məcəlləyə dəyişiklik edildikdən sonrakı tələblər də
bizim üçün əlverişli deyil. Çünki 73 majoritarın funksiyası bu gün 30 nəfərin
arasında bölünməlidir. Onlar arasında mən də varam. Üç dəfə parlamentə
majoritar qayda ilə seçilmişəm. Bilirəm ki, bu, seçicilər qarşısında nə
dərəcədə məsuliyyət deməkdir. Majoritar sistem Gürcüstan üçün əlverişli deyil.
Ən uyğun olanı proporsional sistem idi. Hər bir seçicinin, hər bir partiyanın
parlamentdə nümayəndəsi təmsil olunmalı idi. Bir faizlik baryerin
saxlanılmasına da razı deyildik. Bu, birbaşa "Gürcü Arzusu”nun tələbi idi. Bəzi
satellit partiyalar var ki, "Gürcü Arzusu” onları bu bir faizlik baryerdən keçirməklə
parlamentə yenə özünün təmsilçisi kimi salacaq. Növbəti mərhələdə koalisiya
hökuməti qurulanda bu satellit partiyalardan hazırkı iqtidar öz maraqları
naminə istifadə etməyi düşünür. Lakin onu da nəzərə almaq gərəkdir ki,
Gürcüstan 90-cı illərin əvvəlindəki ölkə deyil. Gürcüstan vətəndaşları, o
cümlədən müxalifət hər hansı qanunsuzluğa göz yummayacaq. Bundan əlavə, 500-ə
yaxın xarici müşahidəçilər, qurumlar, təşkilatlar parlament seçkilərini
izləyəcəklər. Qanunvericiliyə görə, dövlət məmurları hər hansı seçki prosesinə
müdaxilə edərsə, hansısa seçiciyə və ya namizədə təzyiq göstərərsə, buna görə
minimum 2 il həbs cəzasına, 5 min lariyə qədər cəriməyə məhkum oluna bilər. Bu
baxımdan inanmıram ki, kimsə seçkiyə müdaxilə etsin. Gürcüstan vətəndaşları
azad şəkildə seçkiyə gedəcək, öz seçimlərini edəcəklər. Xatırladım ki,
parlament seçkisindən öncə əhali arasında ictimai rəy sorğusu keçirilərək
onlardan kimə, yaxud hansı partiyaya səs verəcəyi soruşulub. 56 faiz kimə səs
verəcəyini bildirməyib. Sorğuda iştirak edənlərin cəmi 25 faizi "Gürcü
Arzusu”na səs verəcəyini bildirib. Tam əminik ki, o 56 faiz də birləşmiş
müxalifətin səsi olacaq.
- Gürcüstan Seçki
Məcəlləsinə edilmiş düzəlişlər soydaşlarımızın namizəd olaraq seçkidə iştirak
etməsi üçün hansı imkanlar yaradır? Ötən seçki ilə müqayisədə budəfəki
seçkilərdə azərbaycanlı namizədlərin sayı çoxluq təşkil edirmi? Onların şansı
nə dərəcədədir?
- Bu dəyişiklik soydaşlarımız üçün də əlverişli
deyil. Mübarizə yalnız Marneuli və Qardabani bölgəsi üzrə gedəcək. Yəni, bu iki
bölgə bir majoritar deputat seçəcək. Əvvəllər isə təkcə Marneuli rayonunda iki bölgə
üzrə azərbaycanlı namizədlər deputat seçilmək üçün ayrıca, Qardabani bölgəsi
üzrə ayrıca mübarizə aparırdı. Bir qədər əvvəl vurğuladığım kimi, 73 nəfərin
sayını 30-a endiriblər deyə, iki bölgədən 10 nəfər azərbaycanlı namizəd cəmi
bir deputat mandatı uğrunda mübarizə aparacaq. Demək olar ki, bütün partiyalar
azərbaycanlıların səsini parçalamaq üçün bir bölgəyə toplaşıb. Burada ən ciddi
rəqib keçmiş prezident Mixail Saakaşvilinin Milli Hərəkat Partiyasıdır. Ona
görə də mübarizə bizim partiya ilə "Gürcü Arzusu” arasında gedəcək. Hakim
partiyanın siyahısında birinci iyirmilikdə bir nəfər azərbaycanlı namizədin adı
yoxdur. Digər partiyalardan da yəqin ki, azərbaycanlılar birinci onluqda
olmayacaq. Olsalar belə, digər partiyalardan ümumilikdə 3-4 nəfərin parlamentə
düşmə ehtimalını nəzərə alaraq, onların şansının az olduğunu indidən söyləyə
bilərik.
- Gürcüstan
azərbaycanlılarını parlamentdə təmsil edən millət vəkili olaraq Siz bu vaxta
qədər qanunverici orqanda hansı təşəbbüslərlə çıxış etmisiniz?
- Əvvəlki seçkilərin nəticəsi olaraq Gürcüstan
parlamentində 3-4 nəfər azərbaycanlı deputat olub. Mənim də 16 illik deputat
fəaliyyətim var. Bunun 8 ili iqtidarda, 8 ili müxalifətdə keçib. Deputat
fəaliyyətimin 3 ili sabiq prezident Eduard Şevardnadzenin dövrünə, ən çətin
vaxtlara təsadüf edib. Keçmişə nəzər salanda, tam rahatlıqla deyə bilərəm ki,
ən fəal deputatlardan biri olmuşam, bir sıra layihələrlə, qanunvericilik
təşəbbüsləri ilə çıxış etmişəm. Parlamentdəki çıxışlarım, təşəbbüslərim onlayn
mediada, mətbuatda, sosial şəbəkələrdə var. Dini, milli məsələlərlə bağlı,
üzləşdiyimiz problemlərlə əlaqədar fikirlərimi daim diqqətə çatdırmışam.
- Gürcüstan
azərbaycanlılarını bu gün də qayğılandıran, narahat edən, həlli tələb olunan
hansı problemlər var? Həmin problemlərin gələcəkdə həlli üçün nə etmək
fikrindəsiniz?
- Gürcüstan azərbaycanlılarını düşündürən,
qayğılandıran problemlər həddindən artıq çoxdur. Dini, milli müstəvidə, təhsil
sahəsində çoxsaylı problemlər hələ də qalmaqdadır. Millət vəkili olaraq,
ictimai-siyasi fəaliyyətimiz boyunca bu problemləri daim gündəmə gətirib
həllinə nail olmağa çalışırıq. Bir qismi həllini tapıb, lazımi qədər dəstək
almışıq. Lakin təəssüflər olsun ki, 2012-ci ildən indiyə qədər ötən vaxt
ərzində hakim "Gürcü Arzusu” Gürcüstan azərbaycanlılarına ikili standartlarla
yanaşıb. Biz bu dövlətin tam hüquqlu vətəndaşıyıq, hər zaman hüquqlarımız
uğrunda mübarizə aparmışıq. Amma indiki hakimiyyətin dönəmində "tatrebi” –
"tatar” məsələsi yenidən gündəmə gəlib. Gürcüstanın tarixində heç zaman olmayan
hadisə baş verir hazırda. Gürcüstan tarixində indiyə qədər heç bir zaman
azərbaycanlılar indiki səviyyədə iqtidardan, hakimiyyətdən narazı salınmayıb.
Ona görə də azərbaycanlıların yaşadığı bütün bölgələrdə, demək olar ki, hamı
müxalifətə dəstək verir. Buna da səbəb mövcud problemlərin həllinə iqtidar
mənsublarının ciddi yanaşmamasıdır. Əgər Mixail Saakaşvili dönəmində Baş
nazirin köməkçisi, qubernatorun, icra başçısının müavinləri azərbaycanlı idisə,
bu gün onlar sözügedən vəzifələrdə təmsil olunmurlar. Azərbaycanlıların
yaşadıqları bölgələrdə icra strukturlarında 150-yə yaxın yerli azərbaycanlı
çalışırdı. Bu gün o ştatların sayını 400-ə qaldırsalar da, həmin vəzifələrdə
çalışanların 250-yə yaxını Tiflisdən gəlir. Azərbaycanlılar öz vətənlərində
özlərinə iş tapa bilmirlər. Bu və bu kimi səbəblərdən azərbaycanlılar kütləvi
olaraq müxalifətdədirlər.
- Yenidən millət
vəkili seçiləcəyiniz halda, planlarınız nədən ibarət olacaq? Yeni fəaliyyət
planınız varmı?
- Bizim partiyanın ən böyük planlarından biri Gürcüstanı
yenidən qurmaq, onu daha güclü, inkişaf edən dövlətə çevirməkdir. Biz bunu bir
dəfə bacardıq. Boş vədlərlə deyil, əməlimizlə, real fəaliyyətimizlə xalqa
özümüzü sübut etdik. Bu mənada mənim də millət vəkili kimi fəaliyyətim buna,
eyni zamanda azərbaycanlıların səsi olaraq qarşılaşdığımız problemlərin həllinə
xidmət edəcək. Komanda olaraq hər birimiz Mixail Saakaşvilinin rəhbərliyi
altında Gürcüstanı inkişaf etdirməyə hazırıq. Biz bunu bacaracağıq.
Rufik İSMAYILOV