“Ənənələrimizi yaşatmağa çalışırıq” - MÜSAHİBƏ
Şervin Şadpur: “Əsas tamaşaçılarımız Kanadada yaşayan azərbaycanlılardır. Farslar, türklər, başqa millətlərin nümayəndələri konsertlərimizə gəlirlər. Yerli kanadalıları da zalda görürük”.
Təbriz Azərbaycanlıları Musiqi və Rəqs Ansamblı Kanada hökuməti tərəfindən qeydiyyatdan keçib. Azərbaycan musiqi mədəniyyətini yaşatmaq, rəqslərimizə yeni həyat verməklə, klassik əsərləri səhnələşdirməklə böyük bir auditoriya toplayıb.
Ansamblın yaradıcı direktoru Şervin Şadpur “Kaspi”yə müsahibəsində ansamblın hazırkı fəaliyyəti və gələcək planlarını bölüşdü:
- Şervin xanım, Təbriz Azərbaycanlıları Musiqi və Rəqs Ansamblı Kanadada çox tanınır.
- Ansambl 2003-cü ildə yaranıb. O zaman biz Kanadada yaşamırdıq. Qardaşım Ramin dostları ilə ansamblı rəqs qrupu olaraq yaratmışdı. O, Türkiyədə təhsil alarkən Azərbaycan dərnəyində iştirak edib, Afaq Məlikova və Xanlar Bəşirov kimi ustad sənətkarlardan dərs alıb. Qardaşım Kanadaya köçəndən sonra dostları ilə birlikdə bu ansamblı yaratmağa qərar verdi. Məşqlərdən sonra Toronto Universitetində çıxış etdilər. 2012-ci ildə mən ailəmlə Kanadaya köçdüm. Bu ansamblı daha da genişləndirmək, ona xor və musiqi əlavə etmək qərarına gəldik.
Mən özüm estetik cərrah, hazırda ansamblın musiqi direktoru olan həyat yoldaşım Polad Kaşif inşaat mühəndisi olsa da, uşaqlıqdan musiqi təhsilimiz var. Mən tar, piano, solfecio, yoldaşım da piano və qarmon ifaçılığı üzrə təhsil alıb. Biz ansambla xor və musiqini əlavə etdikdən sonra kiçik konsertlərdə və festivallarda iştirak etməyə başladıq. Beləliklə, qrup get-gedə genişləndi. Biz Azərbaycan bəstəkarlarının əsərlərini, daha sonra operettaları səhnələşdirməyə başladıq.
“Əsas tamaşaçılarımız Kanadada yaşayan azərbaycanlılardır”
- Ansambl genişlənəndən sonra ilk tamaşaçılarınızı necə qazandınız?
- Fəaliyyətimiz genişləndikcə həm Azərbaycan, həm də İran cəmiyyətlərində tanınmağa başladıq. Festivallarda, Novruz bayramında, Çillə bayramlarında təşkil etdiyimiz kiçik konsertlərdə iştirak etmək üçün insanlar artıq yer axtarırdı. Sosial platformalardakı paylaşımlarımız da bu təbliğatda rol oynadı. Biz indi konsertlərimizə bilet satışı təşkil etməklə daha geniş auditoriya toplaya bilmişik.
- Əsas auditoriyanız kimlərdir?
- Əsas tamaşaçılarımız Kanadada yaşayan azərbaycanlılardır. Farslar, türklər, başqa millətlərin nümayəndələri də konsertlərimizə gəlirlər. Yerli kanadalıları da zalda görürük. Onlar konsertlərimizi çox bəyənirlər.
- Repertuarınızı öz istəyinizə, yoxsa tamaşaçıların zövqünə uyğun qurursunuz?
- Konsertlərin repertuarı üçün əsasən bəstəkar əsərlərini seçirik. Bayramlarda daha şən əsərlərə üstünlük veririk. Emin Sabitoğlu, Fikrət Əmirov, Elza İbrahimova və başqa bəstəkarların mahnılarını seçirik. Rəşid Behbudovun repertuarına da müraciət edirik. Bacardığımız qədər mahnıları peşəkar səviyyədə ifa etməyə çalışırıq. Operettalara gəlincə, Üzeyir Hacıbəylinin iki məşhur əsərini - “Məşədi İbad” və “Arşın mal alan”ı modern quruluşda səhnələşdirmişik. Hər iki əsər tamaşaçılar tərəfindən anşlaqla qarşılanıb.
“Ansambl ətrafdan ianələr, maliyyə dəstəyi gözləyir”
- Bu cür ansamblların saxlanması üçün maliyyə lazımdır. Siz problemi necə həll edirsiniz?
- Ansamblın heç bir gəliri yoxdur. Məqsədimiz Azərbaycanın mədəniyyət və incəsənətini Şimali Amerikada başqa millətlər arasında təbliğ etməkdir. Konsertlərdən əldə edilən gəlir ansamblın fəaliyyətinə yönəlir. Bütün iştirakçılarımız könüllüdürlər. Əlbəttə, büdcə sıxıntımız var. Ansambl ətrafdan ianələr, maliyyə dəstəyi gözləyir.
- İanə verən və ya maliyyə dəstəyi göstərənlər olurmu?
- Bizə əsas yardım sponsorlar tərəfindən edilir. Onlar konsertlərimizə xüsusi olaraq qatılırlar. Bakıdan Diasporla İş üzrə Dövlət Komitəsi də bəzi tədbirlərimizə dəstək göstərir.
“Sonuncu tamaşamızda 70 nəfər səhnəyə çıxmışdı”
- Ansamblın Kanadadan kənara qastrolları ilə bağlı planlarınız varmı?
- Toronto, Ottava, Monrealda çıxışlarımız olub. Bu yerlərə avtomobillə getmək olur. Ansamblın üzvləri üçün də birlikdə bu şəhərlərə getmək rahatdır. İndi konsertlərimizi daha uzağa – ABŞ-yə aparmaq haqqında düşünürük. Bunun üçün də böyük büdcə lazımdır. Bizim ansamblı Kanada hökuməti qeydiyyatdan keçirib. Əgər Kanada dövlətindən qrantlar ala bilsək, ansamblın qastrollarını daha uzaqlarda təşkil edəcəyik. Kanada dövlətinin başqa millətlərin mədəniyyətini qorumaq kimi proqramları var. Amma bu maliyyəni əldə etməyin yolu bir qədər uzundur və biz indiyə qədər ala bilməmişik.
-Ansamblın üzvlərinin sayı nə qədərdir?
- Üzvlərin sayı sabit deyil, gəlib-gedənlər olur. Sonuncu tamaşamızda 70 nəfər səhnəyə çıxmışdı. Üzvlərə sərbəst şəkildə məşq keçir, musiqi nəzəriyyəsini, vokal dərslərini, rəqsləri öyrədirik. Bu məşqlərin hamısını pulsuz keçiririk. Qarşılıq olaraq onlar konsertlərimizdə təmənnasız çıxış edirlər. Bizim üçün əsasən gənclərlə işləmək maraqlıdır. Onları cəlb etməyə çalışırıq. Ansamblın yarısı gənclərdir. Amma bu, kifayət deyil, sıralarımıza daha çox gənci qatmağı hədəfləmişik.
- “Arşın mal alan” operettasının təqdimatı haqqında sosial şəbəkələrdə, qruplarda elanlar tirajlandı. Sonradan rəylərdə tamaşanın böyük uğurla keçdiyini oxudum. İştirakçılar hamısı peşəkarlar idi?
- Mən Təbrizdə yaşayanda ata-anamdan eşidərdim ki, “Arşın mal alan” hər il Təbriz səhnəsində oynanır və ya kinoteatrlarda göstərilir. İnsanlar haqqında bildikləri əsərə daha çox maraq göstərirlər. Biz “Arşın mal alan”ı 5-6 nəfərlə səhnələşdirməyə başladıq. Tədricən məşqləri sosial şəbəkələrdə paylaşdıqca insanlar maraqlanır və yaxınlaşıb həvəs göstərir, iştirak etmək istəyirdilər. Biz onların içərisindən vokal səsi olan, operettada oynamağı bacaran, aktyorluq qabiliyyəti olanları seçirdik. Nəticədə çox maraqlı tamaşa alındı. İndi planımız bu tamaşa ilə Vankuver və Kalqari səhnələrində çıxış etməkdir. Daha sonra bəstəkar mahnılarından ibarət konsertlərimiz davam edəcək, yeni layihələr və tamaşalar üzərində işləyəcəyik. Biz bu tədbirlərlə insanları bir yerə yığır və ənənələrimizi yaşatmağa çalışırıq.
Təranə Məhərrəmova
Bakı-Toronto