"Bu gün ədəbiyyatın da saxtası var” - MÜSAHİBƏ
Günel Anarqızı: “Bir çox şeylərdə olduğu kimi, ədəbiyyatda da dəyərlər dəyişir. Ədəbiyyatın da artıq saxtası var. Digər sahələrdə saxta məhsulları bizə gözəl tərtibatda necə təqdim edirlərsə, ədəbiyyatda da o cür edirlər”.
Ədəbiyyat bütün varlığı - canı və ruhu ilə ona bağlı olan insanları qəbul edir. Onlara bu günündə və sabahında yer verir. Bəzən isə ədəbiyyat insana elə dünəni ilə də bağlı olur. Müsahibimiz yazıçı, publisist, türkoloq, Xalq yazıçısı Anarın qızı Günel Anarqızıdır.
“Onları atama oxuyurdum”
– Ədəbiyyat sizin üçün nə zaman şəxsi ifadə vasitəsinə çevrildi? İlk qələm təcrübənizi necə xatırlayırsınız?
– Kitablar arasında böyümüşəm. Özümü dərk etməyə başladığım ilk illərdən etibarən kitaba, mütaliəyə böyük marağım olub. O dövrlərdə radio və televiziyadan başqa informasiya vasitəsi yox idi, internet, sosial şəbəkələr, texnoloji alətlər həyatımıza hələ daxil olmamışdı. Uşaq verilişləri də az olduğundan vaxtımızın çoxunu kitab oxumaqla keçirirdik. Başlanğıcda bu məşğuliyyət mənə bir qədər darıxdırıcı görünsə də, zaman keçdikcə həyatımın ayrılmaz bir hissəsinə çevrildi. Elə bir məqama gəlib çatdım ki, artıq özümü kitabsız təsəvvür edə bilmirdim. Oxuduğum hər bir əsər mənə güclü təsir bağışlayırdı. Tez-tez özümü əsərin əsas qəhrəmanının yerinə qoyur, onun hisslərini sanki daxilimdə yaşayırdım. Həmin anlar mənim yaradıcılıq təxəyyülümün ilk cücərtiləri idi. Müəllifin təsvir etdiyi obrazları öz baxış bucağımdan canlandırmağa, onlara fərqli bir nəfəs verməyə çalışırdım. Təxəyyülümün əsasları da məhz o illərdə formalaşdı.
Məktəb illərində isə oxuduğumuz əsərlər və verilmiş mövzular əsasında tez-tez inşalar yazırdıq. Bu məşğuliyyət məndə fikirlərimi fərqli və yaradıcı şəkildə ifadə etməyə böyük maraq oyatdı. Gənclik illərimdə artıq qısa hekayələr, nağıllar yazmağa başlamışdım. Onları atama oxuyurdum. O da səbirlə, böyük diqqətlə qulaq asar, mənimlə fikirlərini bölüşərdi. Bu yazıların o dövrdə xüsusi bədii dəyəri olmasa da, atamın münasibəti və diqqəti məndə bu sahəyə daha da dərin maraq oyatdı.
Tələbəlik illərində isə yazılarım artıq mətbuatda dərc olunmağa başladı. Həmin vaxt başa düşdüm ki, yazmaq mənim həyatımın ayrılmaz bir hissəsinə çevrilib. Yazı - mənim özümü ifadə etdiyim, nəfəs aldığım, yaşadığım bir dünyaya çevrildi.
– Möhtəşəm ədəbi irs içində böyümək - Anar, Rəsul Rza, Nigar Rəfibəyli... Bu ailə mühitində yazıçı kimi formalaşmaq sizə daha çox məsuliyyət yüklədi, yoxsa ilham verdi?
– Burada, sözsüz ki, həm qürurverici bir amil var idi, həm də böyük bir məsuliyyət. Əlbəttə, mən hansı ailədə doğulduğumu, hansı irsin daşıyıcısı olduğumu anlayır və bunun məsuliyyətini dərk edirdim. Lakin bununla belə, gənclik illərində insanın daxilində müəyyən bir avantürist ruh, özünə güvən hissi olur. Elə bilirsən ki, hər şey asandır, heç bir çətinlik olmayacaq. Düşünmürsən ki, əgər sən bu yola çıxırsansa, onu davam etdirmək, layiqincə aparmaq da səndən asılı olacaq. O yaşda insan bu kimi incəliklər üzərində çox dayanmaz.
Əgər yaradıcılığa daha yetkin bir yaşda başlasaydım, bəlkə də bu yükün, bu adın nə qədər böyük məsuliyyət tələb etdiyini daha dərindən anlayardım. Yazılarım mətbuatda çap olunmağa başlayanda, ədəbi cameədə artıq məni bir yazıçı, bu nəslin davamçısı kimi qəbul etməyə başladılar. Bu, açığı, mənim üçün bir qədər gözlənilməz oldu.
Həmin dövrdə tanınmış yazıçılar, şairlər yazılarım haqqında çox dəyərli fikirlər səsləndirirdilər. O vaxtlar bu münasibətlər mənim üçün adi görünürdü, çünki onların əksəriyyəti atamın dostları, ailəmizə yaxın olan şəxslər idi. Düşünürdüm ki, bu sözlər daha çox Anarın qızı olduğuma görə deyilirdi, nəinki yazılarımın öz keyfiyyətinə görə. Amma indi - müəyyən bir yaşa çatdıqdan sonra geriyə baxanda anlayıram ki, həmin fikirlərə, o yanaşmalara bəlkə də lazımi qədər dəyər verməmişəm.
İllər sonra o yazıları yenidən oxuyanda, deyilən sözlərin arxasındakı müdrikliyi, dərinliyi daha aydın şəkildə görürəm. Məsələn, Vaqif Səmədoğlunun mənim ilk kitabıma yazdığı ön söz yadımdadır. O, orada belə bir fikir səsləndirmişdi: “Bu gənc xanımda bu biliklər, düşüncələr hardandır? Və anlayıram ki, bu, nəsillərdən gələn genetik yaddaşdır”.
“Biz sözün əsl mənasında o kitablarla böyüyürdük”
– Ədəbi ailədən gəlmək sizi fərqli bir oxucuya çevirdimi? Hansı yazıçılar və ya kitablar sizin dünyagörüşünüzü dəyişib?
– Yaş keçdikcə mütaliə zövqü də, oxunan əsərlərə baxış da dəyişir. Orta məktəbdə oxuyanda mən artıq rus klassikasının dühalarını – Tolstoyu, Dostoyevskini oxuyurdum. Bəlkə də, o zamanlar mən onları tam dərinliyinə qədər anlamamışam, amma istər-istəməz yaddaşımda iz buraxıblar. Orada olan obrazları oxucu kimi daxilimdən keçirmişəm. Biz kitabları səthi oxumurduq, obrazları hiss edərək, daxilinə nüfuz edərək, yaşayaraq oxuyurduq. Rəfiqələrimlə oxuduğumuz kitablarla öyünürdük. Obrazları, hadisələri müzakirə edirdik, fikrimizi deyirdik. Özümüz həmin obrazda olsaq nə edəcəyimizi deyirdik. Biz təkcə o əsərləri oxumağımızla öyünmürdük, həm də onları dərk etməyimiz, həyata baxış bucağımızın dəyişməsi, dünyagörüşümüzün genişlənməsi ilə lovğalanırdıq. Yəni əsas söhbətlərimiz ədəbiyyat olurdu. Bütün bunların nəticəsində formalaşırdıq. Biz sözün əsl mənasında o kitablarla böyüyürdük.
– Əsərlərinizdə hansı mövzular sizi daha çox düşündürür?
– İkinci Qarabağ müharibəsindən sonra çap olunan “Qarabağ hekayələri” kitabım dünyanın on dilinə tərcümə olundu. Məqsədimiz Qarabağ həqiqətlərinin ədəbiyyat dili vasitəsilə dünyaya çatdırılması idi. Bilirdik ki, problemimizi çox az adam bilir, çox az adam adekvat və obyektiv qəbul edir. O zaman yazıçı kimi missiyam Qarabağ həqiqətlərini mümkün qədər böyük auditoriya çatdırmaq idi. Hazırda qələbə sevincini yaşayırıq – həm cəbhədə, həm xarici siyasətdə. Dövlət başçımızın siyasətini özündə tam və mükəmməl şəkildə əks etdirən güclü bədii əsərlərə ehtiyac var. Publisistikanın rolu danılmazdır. Amma sırf bədii əsər olaraq, xronologiyaya əsaslanaraq, həqiqətlərə söykənərək, böyük bir epoxanı əks etdirən nəhəng və fundamental bir əsər yaranmalıdır. Bu, mütləq yeni tariximizi işıqlandıran və bu tarixdə dövlət başçımızın siyasətinin məğzini və özəyini, nəticədə xalqa verdiyi töhfələri tam qiymətləndirən bir əsər olmalıdır.
“Oxucu yazıçını, yazıçı da oxucunu tamamlamalıdır”
– Oxucu ilə münasibətinizi necə qurursunuz? Onu izləyən, yoxsa ona yol göstərən müəllifsiniz?
– Bunları, məncə, ayırmaq olmaz. Oxucu yazıçını, yazıçı da oxucunu tamamlamalıdır. Mən oxucumu anlamalı, nə istədiyini bilməliyəm. Amma bu o demək deyil ki, onun arxasınca gedib, istədiyini verməliyəm. Qətiyyən! Amma mən ən azından onu maraqlandıran, narahat edən məqamları bilməli, müfəssəl öyrənib, öz fəlsəfəmdən, süzgəcimdən keçirib, özüməməxsus formada ona təqdim etməliyəm. Ki, bu oxucuya da maraqlı olsun, mənə də.
Mütaliənin səviyyəsi indi çox aşağıdır. Bununla belə, oxucu var və hətta içlərində çox yaxşı oxucular da var. Amma indi ədəbiyyatın səviyyəsi də tam qənaətbəxş deyil.
– Bakı Kitab Mərkəzinin direktoru kimi siz həm də ədəbi-bədii aləmin mərkəzindəsiniz. Bugünkü oxucu kimdir və nə axtarır?
– Hər oxucunun konkret istədiyi əsər və müəlliflər var. Onların çoxu təəssüf ki, dəbdə olan müəlliflərdir. Bu dəbi də cəmiyyət özü, insanlar yaradır. Bir çox şeylərdə olduğu kimi ədəbiyyatda da dəyərlər dəyişir. Ədəbiyyatın da artıq saxtası var. Digər sahələrdə saxta məhsulları bizə gözəl tərtibatda necə təqdim edirlərsə, ədəbiyyatda da o cür edirlər. Reklam olunur, bestsellerdir, dünyada bütün reytinqləri qırır... Amma oxuyursan ki, içi boşdur, heç bir ədəbi çəkisi yoxdur. Bu tendensiyaya görə çox təəssüf edirəm.
– Ədəbiyyatda modernizm, postmodernizm cərəyanları bitdi. Sizcə, bundan sonra hansısa cərəyan yaranacaqmı? Ümumiyyətlə, cərəyana ehtiyac varmı?
– Mən ədəbiyyatı cərəyanlara bölməyin əleyhinəyəm. Əgər yazıçı bir şey yazanda əsərini hansısa cərəyanın formatında yazmaq istəyirsə və ya hansısa cərəyanın nümayəndəsi kimi yadda qalmaq istəyirsə, bu, artıq qeyri-səmimidir. Yazıçı onu narahat edən, istədiyi bir mövzunu yazmalıdır.
“Çox istedadlı qadın yazıçılarımız da var”
– “Qadın yazıçı” anlayışı nə dərəcədə doğrudur?
– Mən ümumiyyətlə, ədəbiyyatı qadın və kişi yazıçılara bölməyin tam əleyhinəyəm. Bəzən deyirlər ki, ən yaxşı aşpazlar, ən yaxşı dirijorlar kişilərdir. Bunun səbəbi qadınların istedadsızlığı deyil, həmin kişilərin sadəcə daha çox uğurlu olmasıdır. Sadəcə, daha çox məşhurlaşıblar. Ədəbiyyatda da uğur qazanmış, tanınmış məşhurlar daha çox kişilərdir. Amma bu göstərici qadınların az istedadlı olmasından xəbər vermir. Çox istedadlı qadın yazıçılar, dramaturqlar, eyni zamanda da tanınmış, amma istedadsız kişi yazıçılar var.
– Bəs ədəbiyyata tənqid lazımdırmı? Tənqid yazıçıya nə verir?
– Əgər tənqidçi peşəkardırsa, tənqidi subyektiv yox, obyektivdirsə, təhqir və böhtan deyilsə, bəli, ehtiyac var. Əgər doğrudan da, tənqid mənim səhvlərimi üzə çıxarırsa, gələn dəfə təkrarlamıramsa, demək, mənim xeyrimədir. İndi tənqidi təhqirlə səhv salır bəzi “tənqidçilər”. Düşünürəm ki, sovet dövründə bir çox yazıçılar məhz o tənqiddən çəkinərək əsərlərinə daha məsuliyyətli yanaşıblar. O vaxtkı tənqidçilər də çox peşəkar, düzgün yön verən, obyektiv idilər. Bir tərəfdən də çox istedadlı yazıçıların evini yıxdı o kəskin senzuralar, bədii şuralar. İndi isə çoxuna elə gəlir ki, özü hər şeyi bilir və onlara heç kimin tənqidi lazım deyil.
“Teatrla bəxtim gətirməyib”
– Teatrla aranız necədir?
– Təəssüf ki, mənim teatrla bəxtim gətirməyib. Bir pyesim İbrus Teatrında səhnələşdirilmişdi. Cəmi iki dəfə nümayiş olundu, teatr bağlandı. Ondan sonra heç bir teatrda səhnələşdirilmədi. Daha sonra əsərlərimin digər teatrlarda səhnələşdirilməsi planlaşdırılsa da, qəribə şəkildə heç birində alınmayıb. Özümə də müxtəlif səbəblərdən tamaşaların ərsəyə gəlməməsi təəccüblü gəlir. Amma ümumilikdə teatrı çox sevirəm.
– Əgər bir gün oxucular yalnız bir cümlənizi xatırlayacaqlarsa, o hansı cümlə olsun istəyərdiniz?
– İndiki məqamda məhz “Qarabağ hekayələri” silsiləmdən “Keçmişə sarı” adlı hekayəmdən bir cümlə yadıma düşür. Hekayədə ailənin yeganə oğlu Məsim Birinci Qarabağ müharibəsi zamanı universitetdə təhsil almasına, onu çox gözəl bir gələcəyin gözləməsinə baxmayaraq, cəbhəyə könüllü yazılır və döyüşlərdə şəhid olur. Atası hekayə boyu onun necə doğulduğunu, necə böyüdüyünü – uşaqlıq, yeniyetməlik illərini detallı şəkildə xatırlayır və onun nədən bu qədər vətənpərvər olduğunu anlamağa çalışır. Bir gün yenə də belə xatirələrə dalanda ata-bala Bakı-Ağdam qatarında getdikləri səfər yadına düşür. Yol boyu balaca Məsim yerlərin adlarını soruşur, atası da ona həmin yerlər haqqında məlumat verir. Stansiyaya çathaçatda heyrətdən gözləri böyüyən uşaq atasına sevgi dolu səslə deyir: “Ata, bizim nə gözəl Vətənimiz var!” Bunu xatırlayan şəhid atası oğlunun içindəki vətən sevgisinin haradan qaynaqlandığını başa düşür. Düşünürəm ki, indiyə kimi bütün yazdıqlarımı bir cümlə ilə yekunlaşdırsam, deyərəm ki, mənim nə gözəl Vətənim var!..
Söhbətləşdi: Xanım Aydın
Foto: Rüfət Mikayılov