• cümə, 19 Aprel, 23:36
  • Baku Bakı 24°C

"Göyçə həsrətli bir ömür" - YENİ NƏŞR

03.03.23 10:46 1430
"Göyçə həsrətli bir ömür" - YENİ NƏŞR

Bir il öncə vəfat edən Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasının baş müəllimi, Göyçəli şair Maksim Sarıqayanın “Göyçə həsrətli bir ömür” adlı 760 səhifəlik kitabı bu günlərdə “Elm və təhsil” nəşriyyatında nəfis şəkildə çap olunub.

Saz, söz, sənət beşiyi olan Göyçə mahalında dünyaya göz açan müəllifin kitabında olan şeirlər mövzu, məzmun, forma baxımından müxtəlif və rəngarəngdir. Şeirlərdə müasir həyatımızın hər bir sahəsinə, istər mənfi, istərsə də müsbət tərəflərinə, ictimai-siyasi proseslərə, tarixi hadisələrə, milli-mənəvi dəyərlərə, cəmiyyətimizdəki nöqsan və qüsurlara aid məsələlərə toxunulur, hər bir hadisəyə müəllif baxışı, vətəndaş ziyalı mövqeyi öz əksini tapır.

Kitab “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin təşəbbüsü ilə Maksim Sarıqayanın əziz xatirəsinə həsr olunub. Kitaba ədəbiyyatşünas, şair Salman Qaralar “Gec tapıb, tez itirdiyim dostum” başlıqlı ön söz yazmışdır. Həmçinin şairə Güllü Eldar Tomarlı da Maksim Sarıqayanın yaradıcılığı haqqında “İkiyə bölünmüş Göyçəli və Göyçəsiz ömür” adlı məqaləsində oxuculara fikirlərini çatdırmışdır.

“Göyçə həsrətli bir ömür” kitabında cəm olunan şeirləri şairin bacısı Əntiqə Cabbarlı və şairin oğlu Ceyhun Şamiloğlu toplamışlar. Kitabın məsləhətçiləri “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli və Maksim Sarıqayanın yaxın dostu Rəşid Süleymanovdur.

Qeyd edək ki, müəllif Maksim Sarıqaya (Cabbarov Şamil Hümbət oğlu) 9 mart 1952-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olub. Onu el-oba arasında hamı Maksim adıyla tanımışdır.

Şamil Cabbarov 1969-cu ildə Daşkənd kənd orta məktəbini bitirmiş və həmin il Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna qəbul olmuşdur. Şamil Cabbarov istədiyi fakültəyə daxil olmadığından institutda təhsilini davam etdirməmiş, 1971-ci ildə həqiqi hərbi xidmətə getmiş, 1973-cü ildə hərbi xidmətini başa vurmuşdur.

1975-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunun “Riyaziyyat” fakültəsinə qəbul olmuş, 1979-cu ildə həmin institutu bitirərək məzunu olduğu Basarkeçər rayonu Daşkənd kənd orta məktəbində riyaziyyat müəllimi işləməyə başlamışdır. 1986-1988-ci illərdə həm də Daşkənd kənd orta məktəbində dərs hissə müdiri vəzifəsində çalışmışdır. Müəllim işlədiyi ilk illərdən savadlı bir riyaziyyatçı kimi ad-san qazanmışdır.

M.Sarıqaya 1988-ci ildə ailəsi ilə birlikdə doğma Göyçə mahalından deportasiya olunmuş, Bakı şəhərində məskunlaşmışdır. 1988-ci ildən Bakı şəhərindəki orta məktəblərdən bir neçəsində müəllim, daha sonra isə Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasında baş müəllim vəzifəsində çalışmışdır.

Onun çətinliyi artırılmış məsələ və misallardan ibarət “Riyaziyyat nəyi sevir” (Bakı, “Elm və təhsil”, 2012) kitabı riyaziyyatsevərlərə ən layiqli töhfədir. Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasında tədris edilmək üçün “Ehtimal nəzəriyyəsi və riyazi statistika” (Bakı, “Elm və təhsil”, 2012), “Ali riyaziyyat kursundan mühazirələr və məsələlər” (I, II hissə, Bakı, “Elm və təhsil”, 2013), “Ehtimal nəzəriyyəsinin qısa kursu” (Bakı, 2016), “Ehtimal nəzəriyyəsinə dair çalışmaların həlli üsulları” (Bakı, 2016) kitabları (həmmüəllif) da tələbələr üçün ən yaxşı metodik vəsaitlərdir.

M.Sarıqaya həmçinin ədəbiyyatı da riyaziyyat qədər dərindən mənimsəmiş, şeirin müxtəlif janrlarında qələmini sınamışdır. Şeirlərini “Maksim Şamil”, “Müəllim” və “Maksim Sarıqaya” imzası ilə yazmışdır. Şeirlərindən ibarət “Tufandan tez yeli çatar” (Bakı, “Nurlan”, 2013) adlı kitabı çap olunmuşdur. Kitabdakı şeirlər tərbiyəvi ruhda yazılmışdır, ustadnamələrlə zəngindir. “Sabirsayağı” tənqidi şeirlər çoxluq təşkil edir.
Şamil Cabbarovun 9 mart 2022-ci ildə 70 illik yubileyi qeyd olunmuş, Azərbaycan aşıq yaradıcılığının inkişafandakı xidmətlərinə və Dədə Ələsgərin 200 illik yubileyi tədbirlərindəki aktiv iştirakına görə “Aşıq Ələsgər – 200” yubiley medalı ilə təltif olunmuşdur.

22 mart 2022-ci ildə Bakı şəhərində vəfat etmiş, Hövsan qəbiristanlığında dəfn olunmuşdur.

M.Sarıqaya 1973-cü ildə ailə həyatı qurmuşdur, iki oğlu, bir qızı, yeddi nəvəsi, bir nəticəsi var.

banner

Oxşar Xəbərlər