Gənc rejissor və yazarları işə dəvət edən teatr

Yeni nəfəs,
yeni ideyaya ehtiyac duyulur
Aprelin 28 -də "Kaspi” qəzetində
"Teatr süfrəmizdə təzə "duz, istiot” çatışmır” başlığı ilə teatrlarımızda gənc
dramaturq və rejissorlarımıza kifayət qədər şans verilmədiyi vurğulanmış, onları
səhnədən uzaqlaşdıran səbəblər barədə danışmışdıq. Məsələ ilə bağlı araşdırma edib, bunun
səbəblərini aydınlaşdırmağa çalışmışdıq.
Üzərindən bir neçə gün keçdikdən sonra
Azərbaycan Dövlət Lənkəran Dram Teatrının direktoru Tofiq Heydərov bizimlə əlaqə saxlayaraq gənc
rejissor və dramaturqlar üçün yeni imkanlar vəd etdiyini bildirdi. Belə ki,
teatrın direktoru həm teatra yeni nəfəs gətirmək, həm də karantin günlərindən
sonra insanları xoş əhval-ruhiyyə ilə salamlamaq üçün ideya ilə çıxış
edir. O, müsabiqə yolu ilə gənc rejissorları
əməkdaşlığa dəvət edir.
Teatrın direktorunun sözlərinə görə, müsabiqənin keçirilməsində
məqsəd koronavirus pandemiyası bitdikdən sonra sənətsevərlərin
əhval-ruhiyyəsinə müsbət təsir edən, müasir dövrün tələblərinə cavab verən
komediya janrında əsəri tamaşaya hazırlamaqdır. Müsabiqədə əsasən gənc
rejissorların iştirakı nəzərdə tutulub.
T.Heydərov deyir ki,
dramaturji material və eksplikasiya 1 avqust 2020-ci ilə kimi təqdim
olunmalıdır. Tamaşanın ilin sonunadək hazırlanması nəzərdə tutulur: "Teatr
canlı sənət növüdür, belə ki, daima burda aktivlik, canlılıq özünü göstərməlidir.
Pandemiyanın yayıldığı bu dönəmlərdə evdə qalan insanlar, elə aktyorların
özlərinin də əhvalının yenilənməsi üçün yeni nəfəs, yeni ideyaya ehtiyac duyulur.
Bunun üçün də belə bir müsabiqə keçirmək qərarına gəldim. Sizin vasitənizlə də
elan vermək istəyirəm ki, özünə, potensialına güvənən, tamaşaçıları müsbət
əhvala kökləmək üçün maraqlı ssenarisi olan bir əsərə quruluş vermək üçün gənc
rejissor və yazar axtarışındayıq. Sözsüz ki, müsabiqədən keçən gənc, sonuncu
kvartalda, dekabrda həmin əsəri
hazırlayıb təqdim edəcək. Bizə müraciət edən gənclər arasında seçim edəcəyik, onlardan
özünə və işinə güvənən, eyni zamanda buradakı şəraitə, iş mühitinə uyğunlaşan
gənclərə üstünlük verəcəyik. Bizə göndərilən ssenariləri oxuduqdan sonra hansı
ssenari teatr səhnəsi üçün daha real olsa, onun üzərində fikir mübadiləsi edib
səhnələşdirəcəyik. Hazırlanan tamaşa teatrın repertuarında yer alacaq. İlkin olaraq komediya janrına müraciət
edəcəyik. Əgər rejissorun işi qənaətbəxş olsa, bundan sonra da onunla
işbirliyini davam etmək niyyətindəyik.
Belə ki, o, digər mövzularda əsərlər səhnələşdirəcək və teatrımızda aparıcı
rejissorlardan olmaq imkanı yaradılacaq. Teatrda həmin gənclə müqavilə
bağlanacaq, qonorar hesabına qarşılıqlı razılaşma yolu ilə rejissor burda nə
qədər işləyərsə, qarşılıqlı razılaşdırılacaq”.
T.Heydərov müsabiqənin gənclərin marağını cəlb edəcəyini düşünür: "Bu
elanı sosial şəbəkədə və mətbuatda paylaşdıq. Ümid edirəm ki, potensiallarına
güvənib, peşəkar səhnədə özlərini sınamaq istəyən gənclər varsa, onlar bizə
müraciət edəcəklər. Gənclərə istedadlarını göstərmək üçün əlverişli şərait
yaradırıq. Özlərini sınamaq istəyənlər bizə müraciət edə bilərlər. Biz Lənkəran
Teatrı olaraq hər zaman istedadlı, potensiallı gənclər, eləcə də digər aktyor
və rejissorlarla yaradıcılıq mübadiləsi etməyə hazırıq”.
Teatrın direktoru bildirdi ki,
müraciət edən yazar və rejissor özünü təsdiqləyərsə, hazırladıqları tamaşa
maraqlı alınacağı təqdirdə, gəncləri ştata götürmək, onların teatrın daimi
işçisi ola bilməsi üçün əlindən gələn köməkliyi edəcək: "Əgər rejissor özünü
təsdiqləsə, onu teatrın ştatına əlavə edər və teatrımızın repertuarında tamaşalar hazırlamaq üçün şərait yaradarıq. Həmin
gəncin Lənkəranda qalma xərclərini, kommunal ödənişlərini də qarşılamağa hazırıq. Hesab edirəm ki, bu müsabiqə gənclər üçün
maraqlı olacaq”.
Müsabiqə ilə maraqlanmaq istəyən şəxslər isə [email protected] elektron
ünvanına, eləcə də (025)255-49-73 və (050) 377-19-24 (mobil) telefon
nömrələrinə müraciət edə bilərlər.
Xəyalə Rəis