AZE | RUS | ENG |

Gənc aktyorlarımızın Riqa fəthi

Gənc aktyorlarımızın Riqa fəthi
“Günay” teatr-studiyası qran-pri mükafatına layiq görülüb

Bu gün teatrlarımızın nəzdində fəaliyyət göstərən studiyaların da uğurları sərhədləri aşır. Bu studiyalar arasında isə uşaqlardan ibarət olan komandalar daha çox uğur qazanır və beynəlxalq arenalarda ölkəmizi tanıdırlar. Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən "Günay” teatr-studiyası buna  ən bariz nümunədir. 16-20 avqust tarixlərində Riqada 10-cu dəfə keçirilən  "Amberstar-2019” beynəlxalq incəsənət müsabiqəsində iştirak edən uşaq studiyası  festivaldan əli dolu qayıdıb. Festivala müxtəlif ölkələrdən gənc istedadlar qatılıb. 

Festivalda "Günay” studiyası Azərbaycanı layiqincə təmsil edib. Belə ki, uşaqlarımız "Kitabi-Dədə-Qorqud” dastanı əsasında "Üç ocaq” tamaşasını nümayiş etdirib. Festival-müsabiqənin qran-pri mükafatı Azərbaycana təqdim olunub. 
 
Festivaldan böyük uğurlar qayıdan "Günay” teatr-studiyasının bədii rəhbəri, ssenarist və quruluşçu rejissoru Larisa Tarusova bizimlə söhbətində səfər barədə təəssüratlarını bölüşdü. Bildirdi ki, o, festivalın idarə heyəti tərəfindən münsif seçilib. Festivalın sonunda isə gənc istedadların inkişafındakı fəaliyyətinə və beynəlxalq mədəni əlaqələrin möhkəmlənməsinə göstərdiyi köməkliyə görə, beynəlxalq diplom-sertifikatla təltif olunub.

Gənclərimizin nümayiş etdirdiyi tamaşaya gəlincə isə müsahibimiz bildirdi ki, onların çıxışı münsiflər heyətinin  və tamaşaçıların təkcə marağına deyil, hətta göz yaşlarına səbəb olub: "Beynəlxalq  festivallarda iştirak etmək böyük məsuliyyət tələb edir. Biz bu festivaldakı çıxışımızın üzərində çox həssaslıqla işləmişdik. Heyətimiz 7 nəfərdən ibarət idi. Yayda məzuniyyətdə olduğumuz üçün şəxsi evlərimizdə hazırlaşmalı olurduq.  Biz vətəndən kənarda ölkəmizin adından çıxış edirdik və bilirdik ki, üzərimizə böyük yük düşür. Möhtəşəm festival keçirildi və bizi orada gözəl qarşıladılar. Onlar məndən münsif heyətinin üzvü olmağımı istədilər. Mən də etiraz etmədim. Festivalda istedadlı vokalistlər var idi və biz məmnunluqla onların hamısını dinlədik. Onların içərisində  hətta 30 yaşı olanlar var idi. Biz bu festivaldan zövq aldıq. Əslində belə festivallarının sayının çox olmasını istəyirik.  Çox festivallara dəvət alsaq da, onların əksəriyyətindən imtina etməli oluruq. Çünki bütün festivallara getmək, xərcləri ödəmək üçün maliyyəmiz yoxdur. Bəzən belə festivallara uşaqların valideynlərinin maliyyəsi hesabına gedirik”. 
 
Müsahibimiz deyir ki,  festivalın ən ali - qran-pri mükafatına layiq görüldükdə sevinclərinin həddi-hüdudu olmayıb: "Komandamızın 4 nəfəri yaxşı rol ifalarına görə diplom aldılar. Çox qəribə  olmuşdum. Başa düşə bilmirdim ki, mənim içimi belə iftixar hissi ilə dolduran nədir.  Orada bizə olan münasibət, gözəl yanaşma, yoxsa həmvətənlərimizin, səfirliyimizin,  diasporumuzun bizə olan münasibəti idi bəlkə də. Çox sevincli idik. Biz ora getmədən əvvəl oradakı Azərbaycan səfirliyinə məktub yazdım ki, gəlirik, sizin himayənizə güvənə bilərikmi? Məktuba cavab olaraq diaspor və Azərbaycan səfirliyinin nümayəndələri zəng edib bildirdilər ki, biz burdayıq və sizi qarşılamağa hazırıq. Açığı, gözləmirdim ki, bizi qarşılayarlar. Xaricdə olanda, qəribə də olsa, insan özünə qarşı diqqət arzulayır”.
Larisa xanım Riqanı möcüzələr şəhəri adlandırır: "Şəhərin mərkəzində köhnə Riqa şəhəri nağılı xatırladır. Bizim orda olmağımız bayram günlərinə təsadüf etmişdi. Çoxlu qonaqlar küçələrdə gəzişir, musiqi təşkil edilir, insanların üzündə gülüş, təbəssüm, xoşbəxtlik vardı. Biz bu səfərdə həm ticarət, həm də ziyarət etmiş olduq”. 
 
Qeyd edək ki, gənc aktyorlardan  Əliyeva Leyla, Qədimli Leyla, Cəbrayılbəyov Təyyar və Həmidli Tuncay ən yaxşı rola görə diplomla təltif olunublar. 
 
Larisa xanım deyir ki, müsabiqə ərəfəsində - 17 avqust tarixində  "Günay” studiyasının gənc artistləri Riqa şəhərində tamaşa-konsert proqramı ilə çıxış ediblər: "Riqa şəhərində keçirilən konsertdə iştirakımız müsbət qarşılandı. Azərbaycan səfirliyinin dəstəyi və diaspor fəallarının təşkilatçılığı ilə Latviya Universitetinin Akademik Kitabxanasında keçirilmiş tədbirə Azərbaycan icması və Latviya ictimaiyyətinin üzvləri tərəfindən dəvət olunmuşduq. Konsertdə Azərbaycanın milli rəqs və musiqi nümunələrini ifa etdik, şerlər səsləndirdik. Xüsusilə "Kitabi-Dədə Qorqud” eposu motivləri əsasında səhnələşdirilmiş "Üç Tonqal” tamaşası və "Arşın mal alan” operettasından qızların yaylıqla rəqsi  tamaşaçıların böyük rəğbəti ilə qarşılandı.  Tədbirin əsas təşkilatçısı, Baltikyanı ölkələrdə yaşayan azərbaycanlıların Koordinasiya Şurasının Latviyadan olan üzvü Elnur Rəhimov "Günay” studiyasının gənc istedadlarına öz təşəkkürünü bildirdi və xalqımızın tarixi, milli və mənəvi dəyərlərinin təbliğində bütün soydaşlarımıza uğurlar arzu etdi. Təbii ki, studiyamıza ünvanlanan təriflər, xoş sözlər bizi məmnun edirdi. Mən bu səfərdən çox məmnun qaldım”.  

Festivaldan sonra isə Azərbaycanın Riqadakı səfiri Cavanşir Axundov "Günay" studiyasının kollektivini qəbul edib və uğura görə təbrik edib, Bakı Uşaq Teatrının studiyasına təşəkkürnamə verib. 
 
Xəyalə Rəis


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873