• cümə, 29 Mart, 14:21
  • Baku Bakı 14°C

Gəmi gedir uzaqlara...

03.07.21 10:30 1930
Gəmi gedir uzaqlara...
Ekspertlər əmindirlər ki, Xəzərin turizm potensialı bu sektorun inkişafına böyük töhfə verə bilər
İki il əvvəl Türkiyənin Çeşmə bölgəsindən yunan adası Xiosa (Sakkız adası) kruiz (gəmi turu) ilə gedərkən, qardaş ölkədə bu tip turların nə qədər populyar olduğunun şahidi oldum. Gün ərzində bir neçə dəfə yunan adalarına və yaxın bölgələrə səyahətə çıxan gəmilər, öz komfortu, yüksək servisi, personalının nəzakətli davranışı, yüksək zövqlə təşkil etdikləri şou proqramla turistlərə yaddan çıxmayan anlar bəxş edirlər. Müşahidələrim, gəmi turizminə maraq göstərən turistlərin sayının durmadan artdığını və səyahətçilərin bundan olmazın zövq aldığını göstərdi. Hər şey daxil olan bu növ tətil, əyləncəni, mədəni istirahəti, dincəlməyi, bir çox şəhər və ya ölkəni tanımaq fürsətini birləşdirir. Mavi dənizi və parlaq günəşi yoldaş seçməklə turistlər dünya sahillərini, körfəzləri, adaları, limanları gəzir, gözəllikdən zövq alır, ölkələr, şəhərlər haqqında məlumat əldə edirlər.

Nüfuzlu səyahət şirkətləri hazırda dəniz kruizlərinin çox populyar olduğunu inamla təsdiq edirlər. "Gəmi bir turistin bir çox istəklərini birləşdirir və o dənizdəki "qəsəbə”nin müvəqqəti sakini olur” - deyə qeyd edirlər. Bu baxımdan, hazırda dünyanın sahilyanı ölkələri kruiz turizminin inkişafına böyük önəm verirlər. Okeana, dənizə çıxışı olan dövlətlər üçün bu tip marşrutlar, hazırda turizm sənayesinin əsas gəlir sahələrindəndir. Ona görə də, bu gün dünyada dəniz nəqliyyatı inkişaf bumu yaşayır, kruiz donanması böyüyür, sərnişin gəmilərinin dizaynları yaxşılaşdırılır, rahatlığı artır, yeni dəniz və okean marşrutları müəyyənləşdirilir və inkişaf etdirilir. ABŞ, Böyük Britaniya, İtaliya, Fransa, İsveçrə, Skandinaviya ölkələri hazırda dünya turistlərini cəlb edən ən populyar kruiz səyahətləri həyata keçirirlər.
Sovet dövründə Azərbaycandan da qonşu ölkələrə gəmi turları həyata keçirilib. Hazırda ölkəmizdə turizmin inkişafı prioritet istiqamət kimi müəyyənləşdiyindən gəmi-kruiz turizmi ilə bağlı da müəyyən planlar olmalıdır.

Xəzərsahili səfər

Xəzər, coğrafi baxımdan qapalı hövzə olsa da, beş sahilyanı dövləti birləşdirmək və başqa dənizlərə çıxmaq baxımından kruiz turizm imkanları mövcuddur. Kruiz səfərlərini turistlərin istirahəti üçün ən maraqlı proqram hesab edən ekspertlərin fikrincə, Xəzərin turizm potensialı ölkənin büdcəsini zənginləşdirə bilər. Belə ki, Xəzərsahili kruiz səfəri üçün turistlərin cəlb ediləcəyi yerlər kifayət qədərdir. Xalqımızın zəngin mədəniyyətə malik olması, dənizdə çoxlu adaların mövcudluğu, təbiətin əsrarəngizliyi, dənizin özünün bioloji resursları, habelə zəngin enerji mənbələri, Neft Daşları şəhərciyi və s. kimi marağa səbəb ola biləcək resurslar turistləri cəlb edə bilər.

Hələ bir neçə il əvvəl kruiz marşrutlarının ideya kimi müzakirə edildiyini deyənDövlət Turizm Agentliyi Azərbaycan-Qazaxıstan-Qırğızıstan-Özbəkistan-Türkiyə İpək yolu marşrutunun əsas destinasiya kimi seçildiyini qeyd edib. Bu marşrut bir neçə ölkənin ərazisindən keçmək şərti ilə tam olaraq fəaliyyətə başlayacağı təqdirdə, ölkəyə bir milyona yaxın turist cəlb edəcəyi nəzərdə tutulub. Pandemiyadan əvvəl Xəzərin o tayından bu tayına mövcud nəqliyyat vasitələri ilə ara-sıra gedib-gələn turistlər vardı. Ancaq bu xidmətin daha da genişləndirilməsi, kommersiya cəhətdən turistlərə göstərilən xüsusi xidmət kimi nəzərdə tutulması əsas şərtdir.O cümlədən, Rusiyanın iki vilayəti ilə - Dağıstan Respublikası və Həştərxanla müzakirə olunan gəmi turizmi də pandemiya səbəbindən fəaliyyətə başlamayıb. Bakı-Həştərxan marşrutu Rusiyanın bu vilayətləri ilə əlaqələrin daha da genişləndirilməsinə hesablansa da, hələ ki, fəaliyyəti dondurulub.
Turizmçilər hesab edirlər ki, bu marşrutların işə düşməsi, hər şeydən əvvəl turistlərin sayının artmasına kömək edəcək və regional turizm paketlərinin formalaşmasına səbəb olacaq. Yəni turist turpaketlə səyahətini quranda, bir neçə ölkəni gəzməsi ona üstünlüklər verəcək və o səyahətdən daha çox zövq alacaq.
"Turizmin növ müxtəlifliyi baxımından gəmi turizm marşrutlarının hazırlanması faydalı olar. Çünki bu, Xəzəryanı qonşu ölkələr üçün də çox maraq yaradar”- deyə turizm ekspertləri hesab edirlər.

Yerli turizmçilərin fikrincə, pandemiya səbəbindən və iqtisadi çətinliklər üzündən beynəlxalq gəmi turları işə düşməsə də, maraqlı turist marşrutlarının açılması üçün o qədər uzağa getməyə ehtiyac yoxdur. Məsələn, Xəzər dənizində və yaxın ətrafda gəzməli-görməli yerlər kifayət qədərdir. Sadəcə, marşrutları təşkil etmək və infrastruktur yaratmaq lazımdır.

Dəfələrlə müzakirə olunsa da...

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun fikrincə, gəmi turizmi sovet dövründə mövcud olsa da, hazırda dünyadakı inkişafı baxımından yeni turizm növü sayılır: "Sovet dövründə Bakı-Həştərxan, Bakı-Türkmənistan (Türkmənbaşı), Bakı-Ənzəli gəmi marşrutları vardı. Yenə də bu ölkələrlə müqavilələr bağlanmalı və marşrutları həyata keçirmək lazımdır. Sovet dövründə dəniz və çay gəmiləri ilə turistləri aparır və Volqa çayı boyunca səyahətlər həyata keçirilirdi”. Turizmçi hesab edir ki, Bakı-Həştərxan marşrutu işə düşsə, bu, turistlər üçün böyük maraq kəsb edər: "Turistlər may-sentyabr aylarında bu marşrutdan həvəslə istifadə edər. Təəssüf ki, bu marşrut dəfələrlə müzakirə olunsa da, turizm qurumları əhəmiyyət vermirlər. Təbii ki, hər hansı məhsulun təqdimatı üçün mexanizm işlənib hazırlanmalıdır. Bunun mexanizmi asandır, sadəcə mütəxəssislər cəlb edib həyata keçirilməlidir. Çevik turizm siyasəti ilə bu cür məhsullar daha tez formalaşır”. Eləcə də, turizmçi hesab edir ki, Xəzərdəki adalara səyahət üçün infrastruktur olmalıdır: "Xəzərdə adalar kifayət qədərdir. Tutaq ki, bu marşrutların fəaliyyətinə başlandı və Bakıya gələn turistlər və ya yerli sakinlər hər hansı bir adaya səyahət etdilər. Oralarda heç bir infrastruktur qurulmayıb. Bizə gələn turistlər üçün Xəzər dənizinə səyahət etmək çox maraqlı olar. Amma bu sahədə çoxlu işlər görülməlidir”.

Bakıdan Sumqayıta da getmək olmur?

Ölkəmizdə turizmin inkişafının strateji hədəf kimi seçildiyini deyən turizm üzrə ekspert Ceyhun Aşurov bildirir ki, turizm məhsulları nə qədər çox olarsa, bizim öz turizm potensialımızı xarici və ölkə vətəndaşlarına göstərmək imkanlarımız da genişlənər. Gələn turistlər də çeşidli turizm məhsullarından faydalana və vaxtlarını daha əyləncəli keçirə bilərlər: "Dənizlə bağlı turizmin inkişafı, xüsusən lazımdır. Çünki Azərbaycan Xəzər dənizinin kənarında yerləşir. Gələn turistlərin çoxu Abşeron yarımadası ərazisinə gəldiyi üçün Xəzərdə səyahət onlar üçün vacibdir. Hətta mövsümdən asılı olmayaraq biz dəniz turizmindən istifadə edə bilərik. Yayda çimərlik olaraq, digər mövsümlərdə gəmi ilə səyahət təşkil etmək maraqlı olar”. Turizmçinin sözlərinə görə, sovet dövründə də gəmi ilə müəyyən səfərlər təşkil olunub və müəyyən kruizlər fəaliyyət göstərib: "Hətta Bakı-Sumqayıt arasında, o cümlədən cənub rayonlarına gəmi marşrutları olub. Bu gün də bu marşrutların fəaliyyətə gətirilməsinə ehtiyac var.Hətta turizmçilər arasında danışılmışdı ki, Bakıdan Sumqayıt parkına bir neçə saatlıq gəmi turu təşkil etmək mümkündür. Turistlər sənaye şəhərini görüb geri qayıda bilərlər. Eyni zamanda, Xəzəryanı ölkələrlə gəmi turları nəzərdə tutula bilər. Xəzərdə maraqlı adalar var və onlara müəyyən səyahətlər təşkil oluna bilər. Təbii ki, bu marşrutların yaranması və ideyanın tətbiqi müəyyən resurslar tələb edir. Hər şeydən əvvəl turistlər üçün uyğun olan gəmilər hazırlanmalı, onlara yönəlik məhsullar olmalıdır”. Turizmçi hesab edir ki, gəmi turlarının təşkilində qonşu ölkələrin, məsələn, Türkiyənin praktikasından istifadə etmək olar: "Türkiyənin bölgələrində müəyyən əyləncələr daxil olmaqla, gəmi ilə turlar həyata keçirilir. Bu marşrut Türkiyədə geniş inkişaf edib və onun modelini nümunə kimi götürmək olar. Əyləncə proqramlarında həm tarixə qısa səyahət olur, həm yemək-içmək təşkil edilir, həm də bələdçilər turistlərə ölkə haqqında məlumat verirlər. Bu kimi turların modelini tətbiq edə bilsək, bizə maddi vəsait qazandırar və turistləri daha çox cəlb edər. Biz bunu bir turizm növü kimi öz portfelimizə əlavə edə bilsək, bu sahədə inkişafa nail ola bilərik. Məsələn, Bakıda bir neçə gün qalan turist bir gününü də dəniz turuna həsr etməklə, səyahətini daha maraqlı edər. Bir gəmidə 200-300 nəfər insan Xəzərdəki adaların yanından keçəndə və ya adalara səyahət edəndə onlara məlumat verilər. Fikrimcə, bu məhsula böyük tələbat var. Əminəm ki, gəmi turizmi təşkil olunarsa, turistlərin çox xoşuna gələn bir məhsul olar. Bu marşrutların yaranması, həmçinin ölkələr arasında turistlərin axınına müsbət təsir göstərər”.

Xəzərin adalarını necə tanıdaq?

Nəzərə alsaq ki, Xəzərdə Abşeron arxipelaqına məxsus Pirallahı (Artyom), Çilov, Adsız, Böyük Zirə (Nargin), Gil, Zənbil, Daş adalar qövsü və s. kimi adalar var, ancaq onların həm turizm, həm tarixi, həm də coğrafi baxımdan tanıdılmaması təəssüf doğurur. Elə təkcə Bakı buxtasında, şəhərdən on kilometr cənubda çox kiçik – təxminən üç kvadrat kilometr ərazidə yerləşən, "Cəhənnəm adası” və ya "İlan adası” kimi tanınan Nargin adasını həm yerli, həm də xarici turistlərə tanıtmağa böyük ehtiyac var. Birinci Dünya müharibəsi zamanı imperiya cəlladlarının girov götürdükləri türk əsgərləri, eləcə də türk-müsəlman kəndlərindən əsir götürülmüş 10 000-dən çox insanın bu adada amansız işgəncələrə məruz qalaraq vəhşicəsinə öldürülməsi isə Türkiyədən və türkdilli ölkələrdən olan turistlər üçün böyük maraq yarada bilər. Tarix müəllimi Pərviz Ağalarov da bu fikri təsdiqləyir: "Xüsusən indiki Türkiyə-Azərbaycan yaxınlaşması fonunda Nargin adasında baş verənlərin tarixi aspektdən araşdırılması, həmçinin adaya turistik turların təşkil edilməsi, səyahət edən turistlərə məlumatların verilməsi çox maraqlı olar. Bu, həm tarixilik, həm də indiki dövlət siyasəti baxımından bizim maraqlarımıza xidmət edən məsələdir. Mən bu təklifi alqışlayıram!”
Turizmin müxtəlif marşrutlarının təşkili və fəaliyyəti üçün kifayət qədər imkan və şərait, qonşu ölkələrdə də zəngin təcrübə olduğu halda, istifadə olunmamağı, sadəcə təəssüf doğurur. Bu tip marşrutların formalaşması, təkcə qeyri-neft sektoru kimi inkişafına ehtiyac duyduğumuz turizm sektorunun gəlir əldə etməsi, daha çox turist cəlbi üçün deyil, həmçinin turistlərin ölkəmiz və tariximiz haqqında daha zəngin məlumat əldə etməsi, böyüyən nəslin tariximizi bilməsi, ölkələrarası münasibətlərin daha da yaxınlaşması üçün vacibdir.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər