• bazar, 29 Iyun, 09:08
  • Baku Bakı 17°C

Fotoşop gözəlləri

11.10.16 14:08 8743
Fotoşop gözəlləri
Sadəlik gözəllikdir deyirlər. Amma müasir zəmanəmizdə bunun nə qədər aktual olduğu sual doğurur. Belə ki, bu günün əksər gəncləri süni gözəlliyə daha çox meyil göstərir. İndi hər kəsin telefonunda makiyaj edən proqramlar mövcuddur. Bu proqramlar nəinki makiyaj edir, hətta üz cizgilərini böyüdüb-kiçildir, gözün, saçın, dərinin belə, rəngini dəyişə bilir. Bundan əlavə, hamımızın bildiyimiz "Fhotoshop” proqramı mövcuddur ki, bu proqram vasitəsilə şəkillərin üzərində işləyib "gözəllər gözəlinə” çevrilirsiniz...

Əslində, bu proqramlar aldadıcı görüntü bəxş etməkdən başqa bir şeyə yaramır. Bəzən elə situasiya ilə üzləşirik ki, gündəlik gördüyümüz insanların şəkillərini hardasa görəndə tanıya bilmirik. Çəkilən şəklin üzərində o qədər işlənilir ki, həmin insan dünya ulduzlarından heç də seçilmir. Ya da eyni ölçüdə kəsilib-biçilən burunlar, şişirdilən dodaqlar, tatuaj edilən qaşlar inqibator cücələri kimi hamını bir-birinə bənzədir. Bu kimi proqramlar daha çox tanışlıq zamanı qarşı tərəfin aldanmasına da gətirib çıxarır. Əslində bu məsələnin bir tərəfidir.

Bu gün araşdıracağımız mövzu isə məsələnin incəsənət sahəsində ortaya çıxardığı fəsadla bağlıdır. Belə ki, şəkilləri üzərində oynayan əksər gənclərimiz full makiyajdan istifadə edərək kamera qarşısına keçirlər. Əldə olunan şəkillərin üzərində burunlarını, gözlərinin rəngini dəyişib hər hansı filmin, serialın, reklam çəkilişlərinin kastinqlərinə göndərirlər. Əslində təklif olunan obraz üçün ən ideal biri olduğunu deyirlər. Nəticədə isə vəziyyət bir qədər gərgin olur. Onları ofisə dəvət edən rəhbərlik isə məcbur olub, çəkilişləri davam etdirir.

"Nə qədər dəyişsələr də, rejissoru aldada bilməzlər”

Mövzu ilə bağlı rejissor Rüfət Şahbazov deyir ki, serial çəkilişlərinə yeni başlayanda aktrisalar hazır makiyajla gəlirdilər. İndi isə rejissor onlara öncədən əl-üzlərini yumağı təklif edir: "İndi çəkdiyimiz serialda aktyorlar əl-üzlərini yuyurlar, onlar elə film üçün qrimlənirlər. Çəkiliş zamanı çox qabarıq makiyajdan istifadə olunmasına icazə vermirəm. Misal üçün, çəkiliş zamanı əgər aktrisa gözünə kirşan çəkibsə, onun yuxu və ağlama bölümlərində həmin kirşan axır və bu da çox eybəcər görünüşə səbəb olur. Ümumiyyətlə serial aləmində uzun müddət yalançı gözəlliyi qoruyub saxlamaq olmur”.

Rejissor deyir ki, seriala çəkilmək üçün kifayət qədər müraciətlər olur: "Gənclərimizin çoxu şəkillərini göndərərək, serialda rol almaq istəyini bildirirlər. Onların hamısını prodüserə yönləndirirəm. İki həftədən bir təklifləri dəyərləndiririk. Müraciət edənlərin həm görünüşünü, həm də bacarığını canlı şəkildə yoxlayırıq. Əslinə qalsa, mən şəkillə göndərilən simaya o qədər də inanmıram. Çünki çox zaman bizə 4-5 il bundan qabaq çəkdirdikləri şəkilləri göndərirlər. Hər bir insan hər il görüntü olaraq dəyişir. Hər nə qədər dəyişsələr də, rejissoru aldada bilməzlər. Bizdə hər kəs kimləsə bəhs edir. Xaricdə modellər, aktrisalar, müğənnilər ildə bir neçə dəfə fotosessiya etdirir. Bizdə isə adi sıravi xanımlar bir fotoqraf götürüb özlərinə fotosessiyalar etdirirlər. Fotosessiyanın da bir məqsədi olmalıdır. Məqsədsiz fotosessiyalara ehtiyac yoxdur. İndi çox adam fotoqrafa yalandan, lazımsız yerə pul verir. Bu fikrimlə fotoqrafların çörəklərinə qənim çıxmaq istəmirəm. Ancaq bu danılmaz faktdır. Əlinə fotoaparat alan da kino çəkmək eşqinə düşür”.

"Özlərinə əl gəzdirirlər”

Dünya gözəllik konqresinin Qafqaz ölkələri üzrə direktoru Aqil Məmiyevbizimlə söhbətində bildirdi ki, onlar belə hallarla tez-tez rastlaşırlar: "Bizim təşkilatımız beynəlxalq xarakter daşıyır. Seçdiyimiz modelləri xarici festivallara, müsabiqələrə göndəririk. Bir il əvvəlcədən müraciətləri qəbul edirik. Şəkillərə baxırıq, kimləri bəyəniriksə, onları ofisə dəvət edirik. Canlı olaraq gözlərimizlə işimizə yarıyıb-yaramayacaqlarına qərar veririk. Seçdiyimiz xanımları xaricdə keçirilən gözəllik müsabiqəsinə göndəririk. Mütəmadi olaraq müsabiqələrdən ibarət kastinqlər təşkil edirik. Kastinqlərimizə müraciət edən iştirakçılar bizə şəkillərini göndərirlər və görürük ki, real həyatdakı hallarından çox fərqlənir. Hətta elə gözəl xanımlar olur ki, şəkildə hündür görünsələr də, boyları qısa olur. Bizə şəkil göndərəndə onun qüsursuz olduğunu görüb, canlı görüşə dəvət edirik. Ancaq canlı şəkildə onu görəndə yanıldığımızın dəfələrlə şahidi olmuşuq. Məsələn, şəkildə gözəl olan xanımı canlı halda boyca balaca, kök və uzun burunlu biri kimi görəndə, təəccübümüzü saxlaya bilmirik. Çox zaman şəkillər aldadıcı olur. Bəzən şəkil çəkdirərkən full makiyajda olurlar. Stilistlər onları tamamilə dəyişir. Onlar da digər proqramlardan istifadə edərək gözəlliklərinə gözəllik qatırlar. Özlərinə sözün yaxşı mənasında əl gəzdirirlər. Ancaq çox zaman fərqlilikləri hiss edirik”.

"Xahiş edirəm, sinəmi böyüt”

Fotoqraf Məhəmməd Türkmən də bu məsələ ilə tez-tez üzləşdiyini, demək olar ki, fotoqrafların ən problemli mövzusu olduğunu dedi. Bildirdi ki, xanımlarla işləmək həddən ziyadə çətindir: "İş başında olarkən "Elə et ki, arıq düşüm” sözünü azı 100 dəfə eşitmişəm. Zatən çəkiliş sonrası fotolar redaktə edilir və bu zaman üzlərdə olan sızanaqları, çapıq izlərini, qırışları təmizləyirik. Kontrast və qabarıq olmayan rəng effektləri ilə fotonu cəlbedici edirik. Bu, yazılmayan qaydadır. Amma bəzən əlavə istəklər olur. Məsələn, bir dəfə tanınmış bir xanımın fotosessiyasını edirdim. Mənə dedi ki, "Xahiş edirəm, sinəmi böyüt”. Mən də istəyini nəzərə aldım. Cütlükləri çəkəndə də oxşar istəklər olur. Burnu əyri olan bir qız çəkdiyim fotoları bəyənmirdi. Hər fotoya baxanda deyirdi ki, "Burnum əyri düşüb”. Axırda dayana bilmədim və dedim ki, "Mən Allah deyiləm, olanınız budur, istəsəniz, fotoşopda düzəldərəm”.

M.Türkmən deyir ki, yalançı gözəllik cəmiyyətimiz tərəfindən çox sevilir: "Mən hər dəfə müştəriyə təbii fotoların daha yaxşı olduğunu anlatmağa çalışıram, amma alınmır. İnsanlar saxta rəngləri, xüsusi effektləri sevirlər. Əgər fotoqraf çox effekt verib, səni olduğundan fərqli göstərirsə, deməli o, yaxşı fotoqrafdır. Düşüncə belədir. Belə fotoları sosial şəbəkədə paylaşırlar. Fotoqraf tərif alır, qız "gözəlləşir”. Amma o qız oğlanla görüşə gedəndə, həqiqət ortaya çıxır. Orta yaşlı xanımlarda problem daha böyük olur. "Elə çək ki, cavan düşüm”. Sanki fotoaparatda "Cavan və ya yaşlı göstər” düyməsi var, mən basmıram. Biz Tanrı deyilik, fotoqrafıq. Biz, gözümüzlə gördüyümüz həqiqəti foto halına salırıq”.

"Elə insan var ki, çox gözəldir, ancaq kamera onu sevmir”

Kastinq üzrə mütəxəssis Çinarə Hüseynova isə qeyd etdi ki, çəkiliş üçün nəzərdə tutulan qəhrəmanı ilk olaraq canlı şəkildə görmək zəruridir: "Ekran üçün mütləqdir ki, fotogenik olasan. Elə insan var ki, həyatda çox gözəldir, ancaq kamera onu sevmir. Kamerada həyatda olduğu kimi düşmür, əksinə, çox çirkin düşür. Elələri də var ki, real həyatda balacaboy, o qədər də gözəl olmayan biri kamera qarşısına keçir və monitordan baxıb, fikirləşirik ki, görəsən bu həmin insandırmı? Belə hallarla çox rastlaşmışıq”.

Çinarə xanım mövzu ilə bağlı başına maraqlı hadisələr gəldiyini də dedi: "Bir dəfə serial çəkmək üçün kastinq keçirirdik. "Facebook”da olan profil şəkillərini nəzərdən keçirirdim. Bir gözəl qız gözümə sataşdı və ona yazıb, seriala çəkilmək üçün dəvət etdim. Nömrəsini aldım, səhəri gün ofisimizə çağırdım. Dəvət etdiyim xanım serialda əsas obrazlardan birini canlandıracaqdı. Xanım dediyi vaxtda gəldi. Pəncərədən bir xanımın ofisə doğru gəldiyini gördüm və ürəyimdə dedim ki, kaş bu xanım olmayaydı. Ancaq həqiqətən o xanım idi. Hesab edirdim ki, görüntü məni aldadıb. Ona yarızarafat dedim ki, şəkildəki xanım siz deyilsiniz. Yaxşı aktrisa olduğu üçün seriala çəkilməsinə razılıq verdik. Çəkilişlərə başlayandan sonra gümanım məni çox yanıltdı. Bu xanım o qədər monitora yaraşırdı ki, heç kim inanmazdı, o, real həyatda bir başqa cürdür. Düzdür, həyatda gözəl qızdır, ancaq kamerada hündürboy və çox incə düşür. Belə hallarla dəfələrlə rastlaşmışıq”.

Reklamla film simaları tamamilə fərqlidir

"Adamant” kastinq agentliyinin direktoru Anastasiya Kononova bu məsələnin ən aktual problemlərdən olduğunu qeyd etdi. 8 ildir bu sahədə çalışan müsahibimiz deyir ki, onlar şəklə baxıb kiminsə çəkilişinə razılıq vermirlər: "Tez-tez kastinqlər keçiririk. Tək iştirakçının gətirdiyi şəkillərlə kifayətlənmirik, özümüz xüsusi olaraq şəkillər və videoları çəkirik. O ki qaldı aldadıcı şəkillərə, hər hansı şəkildə gözəl xanım və ya yaraşıqlı kişi görəndə, sevinirsən ki, lazım olan obrazı tapmışam. Ancaq onları kastinqə dəvət edəndə təəssüf hissi keçiririk ki, seçimi davam etdirməliyik. Reklam çəkilişləri, kino-serial çəkilişlərindən tamamilə fərqlidir. Reklamlarda gözəl sima axtarırlar ki, insanlar üçün reklam cəlbedici olsun. Kinoda isə sima çox gözəl olmaya da bilər. Əsas, obraza uyğunluq və xarizma deyilən bir şey olmalıdır”.

Deyirlər, ya göründüyün kimi ol, ya da olduğun kimi görün. Bir də deyirlər gözünlə görmədiyinə inanma. Amma şəkildə deyil, həyatda...
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər