Bəllidir ki, kino hər bir ölkənin tanınması üçün əvəzedilməz
faktordur. İnsanların dünyagörüşünü formalaşdıran, tarixi, milli adət-ənənələri
yaşadan, həyatın bütün sahələrinə nüfuz edən güclü ideoloji silahdır.
Sevindiricidir ki, son illər gənclərin və eləcə də kino sferasında
sözünü deyən rejissorlarımızın beynəlxalq film festivallarına ayaq açdıqlarının
şahidinə çevrilirik. Beynəlxalq film festivalında iştirakın özü isə rejissorlara
yeni ideya, yeni fikir, dünya kino arenasında yaşanan proseslə, az da olsa tanış
olmaq imkanı bəxş edir. İl ötdükcə komediya filmləri ilə yanaşı, gənclərin qısametrajlı filmlər çəkdiyinin də
şahidi oluruq. Filmin harda nümayiş olunacağını soruşduqda isə "Beynəlxalq festivallara
göndərəcəyəm” cavabını alırıq. Bəs
görəsən beynəlxalq film festivalları hər filmi qəbul edirmi, bunun üçün hansı
şərtlər tələb olunur? Hansı filmlər beynəlxalq film festivallarında iştirak edə
bilər? Hansı filmlərin bu festivallarda iştirak etmək hüququ yoxdur?
Suallarımızı ekspertlərimizə ünvanladıq.
"Əgər
çəkilən film yaxşı sənət əsəridirsə...”
Çəkdiyi "Çölçü” filmi beş qitədə, 48 festivalda iştirak edəntanınmış kinorejissor və ssenarist Şamil
Əliyev hər festivalın öz devizinin olduğunu, bəzi festivallarda şiddət
səhnələri, milli ədavəti qızışdıran, narkotik aludəçiliyini təbliğ edən,
parnoqrafik elementləri daha çox təbliğ edən filmlərə qadağa qoyulduğunu
bildirdi: "Beynəlxalq festivallar bir neçə kateqoriyaya bölünür- "A”, "B”, "C”.
"A” kateqoriyalı filmlərdə iştirak etmək
üçün film "Youtube”da yerləşdirilə bilməz. Misal üçün "Çölçü” iki "A”
kateqoriyalı festivalda iştirak edib. "B” kateqoriyalı festivallar da ciddi
tələblər irəli sürürlər. Ancaq ən ciddi tələbləri isə "A” kateqoriyalı
festivallar tələb edir. Hansı ki, onlar filmin premyerasının, ilkin nümayişinin
məhz onların festivallarında göstərilməsini tələb edirlər. Əgər film onlardan
əvvəl hansısa festivalda iştirak edibsə, "A” kateqoriyalı festival onu qəbul
etmir. Moskva beynəlxalq kino festivalı "Çölçü”nü əsas müsabiqəsi üçün
istəmişdi, ancaq film Kan kino festivalına təqdim olunduğu üçün mən imtina
etməyə məcbur olmuşdum”.
Ş.Əliyev qeyd edir ki, filmlərin nümayişi müddətində də müəyyən
tələblər olur. Belə ki, tammetrajlı film
kateqoriyasında 60 dəqiqədən yuxarı olan filmlər qəbul olunur: "Bəzi
festivallar 70 dəqiqədən çox olan filmləri qəbul edirlər. Festivalların ən
önəmli şərtlərindən biri, filmlərin ingilis subtitri ilə təqdim olunması olur.
Misal üçün, Berlin Beynəlxalq Film Festivalı ingilis dilində deyil, alman
dilində olan filmləri qəbul edir. Kan Festivalı filmlərin fransız dilində
təqdim olunmasını tələb edir. Bir də beynəlxalq festivallar, adətən, yaşı iki
ildən çox olmayan filmləri qəbul edirlər. Ancaq "Çölçü” istisna olaraq uzun
müddətdir beynəlxalq film festivallarında iştirak edir. Çünki filmin ötürdüyü ümumbəşəri
dəyərlər cəmiyyət üçün aktual bir mövzudur. Bunun üçün "Çölçü” istisna şəkildə
hələ də festivallarda iştirak etmək hüququ qazanır. Festival üçün elə film çəkilməlidir ki, 20 ildən sonra baxıldıqda,
yenə də öz aktuallığını qoruyub saxla bilsin. Bəzən festivallar üçün günlük
mövzulardan bəhs edən filmlər çəkilir və bir müddətdən sonra öz aktuallığını
itirir. Əgər çəkilən film yaxşı sənət əsəridirsə, bu günün tələbinə cavab verirsə, sabah da maraqsız
olmamalıdır. O film daim öz aktuallığını qoruyub saxlamalıdır”.
"Ola
bilər, mövzu və spesifik istiqamətləri var deyə...”
"START” Beynəlxalq Qısa
FilmlərFestivalınındirektoru FehruzŞamıyev deyir ki, Azərbaycanlı kinematoqrafçıların beynəlxalq festivallarda müəyyən
qədər uğurları var və bu uğurlar təkcə
filmlərin keyfiyyəti ilə deyil, beynəlxalq festivalların qaydaları ilə yaxından
tanışlıqla da bağlıdır: "Təəssüf ki, ölkəmizdə beynəlxalq kinofestivallara
qatılan, oradakı qaydaları bilən mütəxəssislər həddən ziyadə azdır. Xüsusilə
qeyd etmək istəyirəm ki, festivallarda uğur qazanmaq üçün bir çox nüanslara
diqqət etmək lazımdır. Məsələn, filmin mövzusunu, qaldırdığı problemi nəzərə
alıb, uyğun festivala göndərmək şərtdir. Bundan başqa, dünyada həm forma, həm
də mövzu etibarı ilə müxtəlif festivallar var. Debüt filmləri, döyüş filmləri,
qorxu filmləri və s. Ancaq "A” kateqoriyalı festivallar daha çox son bir ildə
istehsal olunmuş filmləri qəbul edirlər. "A” kateqoriyalı olmayan, amma
dünyanın bir çox təşkilatları və kinematoqrafçıları tərəfindən qəbul edilən
festivallar da son bir ildə istehsal olunmuş filmləri proqrama qəbul edirlər.
İkinci dərəcəli festivalların şərtlərində isə son iki ildə istehsal olunmuş
filmlərə üstünlük verirlər. Son beş, on
ildə istehsal olunmuş filmləri qəbul edən festivallar isə xüsusi proqram
əsasında fəaliyyət göstərirlər. Ola bilər ki, mövzu və spesifik istiqamətləri
var deyə, onlar iki ildən öncə də istehsal olunmuş filmləri müsabiqəyə qəbul
edə bilirlər”.
Prodüser festivallara film təqdim edərkən müəyyən texniki məsələləri
də bilməyin zəruriliyindən danışdı: "Filminizin tammetrajlı və ya qısametrajlı
olmasından asılı olmayaraq, onu festivallara göndərməyi düşünürsünüzsə, ilk
növbədə onu müəyyən internet portallarına yükləməlisiniz. Vimeo.com platforması
bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq portaldır. Filminizi bu
platformaya yükləyərək, xüsusi parolla linki bağlı etmək lazımdır. Ekran
əsərini göndərdiyiniz festivalın
proqramına daxil edilib-edilmədiyini bildikdən sonra parolu dəyişə də
bilərsiniz. Və ya elə o parolla başqa festivallara da göndərə bilərsiniz. Yeni
istehsal olunmuş film, internetdə hər kəsə açıq olduqdan sonra onun festivala
göndərilməsinə demək olar ki, səbəb qalmır. Ciddi festivallar bu məqama diqqət
edirlər. Çox təəssüf ki, ölkəmizdə əsasən gənclər film çəkən kimi onu "Youtube”
platformasına yükləyirlər. Bu, bəzən gənclərin tez bir zamanda məşhur olmaq
istəyindən irəli gəlir. Onları festivallar, ciddi kinematoqrafiya
maraqlandırmadığından, bu addıma üstünlük verirlər. Digər tərəfdən gənclər
festivallara filmlərin göndərilməsi ilə bağlı kriteriyalardan xəbərdar
olmadıqları üçün bu addımı atırlar. Film müəllifləri istehsal olunan məhsulun
kinemotoqrafik baxımdan festivala göndərilməsi üçün yararlı olub-olmamasını
peşəkar insanlarla məsləhətləşməklə də təyin edə bilərlər. Bu istiqamətdə
həmişə çalışıram ki gənc kinematoqrafçılara lazımi köməkliyi göstərim”.
Gənclərin bu sahədə yetərincə informasiyalarının olmamasının onları
dünya kino industriyası ilə tanışlıqdan məhrum etdiyini deyən F.Şamıyev, bizimlə
təcrübəsini də bölüşdü: "Gənc kinematoqrafçılara məsləhət görərdim ki, çəkdikləri
filmlər qısametrajlı və tammetrajlıdırsa, bunu ciddi hadisə hesab edib ciddi
festivallara göndərmək istəyirlərsə, həmin materialları tez bir zamanda "Youtube”a
yükləməsinlər. Yükləsələr belə, onu hamı üçün açıq qoymasınlar. Əgər ödənişli
festivallara pulunuz çatmasa, həmin filmi ödəniş tələb etməyən onlarla
festivallara göndərə bilərlər. Bunun üçün sadəcə, o festivalları internetdən
tapıb qeydiyyatdan keçib, filmin linkini onlara göndərmək lazımdır. Əgər
filminiz "youtube”da və ya "vimeo.com” platformasında açıq şəkildədirsə, festival
təşkilatçılarında sizin haqqınızda müəyyən qədər qeyri-ciddi fikir formalaşır.
Buna görə də, festivala film göndərərkən çalışın həmin film hər kəs üçün əl
çatan olmasın. Film festival həyatını başa vurduqdan sonra onun linkini hər
kəsə açıq etmək olar. Məlumdur ki festivallar əlaqə, yeni layihələrin
maliyyələşməsi üçün şərait, müştərək layihələr, pitçinqlər üçün imkanlar
yaradır. Bütün bunları hər il keçirilən BAKI Beynəlxalq Qısa Filmlər
Festivalına film göndərməyi planlaşdıran gənclər də nəzərə almalıdırlar. Sonda qeyd etmək istəyirəm ki, istehsal
olunmuş filmin iki il ərzində festivallara göndərilməsi normal haldır, amma bu
müddət ərzində onun internetdə yayımı məqsədəuyğun sayılmır”. "Hər festivalın öz meyarı
var”
Gənc rejissor Kamal Yaşar deyir ki,
hər festivalın öz şərti var və o şərtlər ölkələrə, onların prinsiplərinə görə
dəyişir: "Festivalların öz tendensiyaları olur və bu tendensiya hər ölkəyə,
festivalın məğzinə uyğun olaraq dəyişir. 2017-ci ildə Berlin Film Festivalında
ən çox miqrantlarla bağlı mövzu üstünlük təşkil etdiyinin şahidi oldum. Bu,
zamana bağlanan sürətli tendensiyalardır. Suriya müharibəsi, Suriyadan Avropaya
köçən qaçqınlar, onlarla bağlı mövzu çoxluğu yaranmışdı. Bu mövzu bütün
festivallar üçün maraqlı idi. Bir də var ki, spesifik meyarlar. Hər festivalın
öz meyarı var. Misal üçün, Sunless Festivalı film sektorunda nüfuzlu festival
hesab edilir. Orada daha çox ssenarinin keyfiyyətinə və filmin ötürdüyü mesaja
üstünlük verirlər. Əsas odur ki, hekayə orijinal olsun. Orada kamera, texniki
vasitələrinin çox qüsurlu olduğunu görə bilərsən. Ancaq ssenarisi, hekayəsi
təbiidirsə, Sunless Festivalı o filmi qəbul edir. Çünki bu festival üçün
prioritet, mövzunun orijinallığı, hekayənin unikallığıdır. Bir də bir mövzuya
həsr olunmuş festivallar mövcuddur. Misal üçün, bir festival qadın haqlarına
həsr olunur və festivala təmayüllü filmlər göndərilir”.
K.Yaşar dünyaca məşhur, "A”
kateqoriyalı festivalların ilkin şərtinin filmin ilk nümayişinin məhz onların
festivallarında göstərilməsi olduğunu vurğulayır: "Filmi ilk olaraq onlardan
başqa heç bir festivala göndərə bilməzsən. Hər ölkədə keçirilən festivalların
öz fərqləri var”.
Xəyalə Rəis
Bu yazı "İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyinin
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Teatr
mədəniyyətinin formalaşması istiqamətində TV və radio proqramların
hazırlanması” layihəsi çərçivəsində hazırlanıb.