Fərid Hüseynin “Nizami söhbətləri” kitabı işıq üzü görüb
Azərbaycan Yazıçılar
Birliyinin Gənclər Şurasının sədri, şair Fərid Hüseynin Nizamişünas alimlərdən,
şərqşünaslardan, eləcə də dahi ədibin yaradıcılığına bələd olan söz və fikir
adamlarından aldığı müsahibələrdən ibarət "Nizami söhbətləri” kitabı "Nizami
İli” çərçivəsində nəşr edilib. Kitab Azərbaycan Yazıçılar Birliyinin mətbu
orqanı olan "Azərbaycan” jurnalının layihəsi kimi işıq üzü görüb. Nəşr adı
çəkilən jurnalın "Nizami İli”nə töhfəsidir. Sabir Rüstəmxanlı, İlqar Fəhmi,
Məsiağa Məhəmmədi, Seyfəddin Rzasoy, Firudin Qurbansoy, Səadət Şıxıyeva, Zəhra
Allahverdiyeva, Nəzakət Məmmədli, Əsəd Cahangir, Sərxan Xavəri və Əlimuxtar
Muxtarovun dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqındakı
ədəbi söhbətlərində dahi ədibin əsərlərinin ən müxtəlif istiqamətləri,
məqamları təhlil olunur. Nəşrdəki müsahibələrin əksəri "Azərbaycan” jurnalında
"Nizami söhbətləri” adlı rubrikada dərc edilib.
Nəşrin Ön sözün müəllifi və
redaktoru "Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, məsləhətçisi isə adı çəkilən
jurnalın baş redaktor müavini Südabə Ağabalayevadır. Kitabın ön sözünü qələmə
alan Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə yazır: "Azərbaycan zaman-zaman
dünyaya söz sənəti xəzinəsini nadir incilərlə zənginləşdirən böyük sənətkarlar
bəxş etmişdir. Bunların sırasında Nizami Gəncəvi yaradıcılığı möhtəşəmliyi,
müdrikliyi və həyatiliyi ilə seçilir. Nizami o nadir sənətkarlardandır ki,
dərin fəlsəfi məzmunu yüksək poetik dillə, özü də aydın, anlaşıqlı bir tərzdə
oxucularına çatdıra bilmişdir. Elə ilk növbədə bu səbəbdən də yazıldıqları
dövrdən doqquz əsrə yaxın bir vaxt keçməsinə baxmayaraq, onlar öz bədii
dəyərini bu gün də itirməmişlər. Bəli, Nizami Gəncəvi Azərbaycanın qədim Gəncə
şəhərində doğulub, ömrü boyu orda yaşayıb-yaratsa da, bütün dünyanı fəth edə
bilib. Bu mənada o, fatehdir. Belə ki, onun əsərləri dünya xalqlarının
danışdıqları əksər dillərə tərcümə olunub. Bu hələ hamısı deyil, bu xalqların
təmsilçiləri olan böyük ədəbiyyatşünas alimlər, yazıçılar, tarixçilər Nizami
Gəncəvi yaradıcılığının dərin məzmunu, sənətkarlıq xüsusiyyətlərini təhlil
etməyə çalışmış, qiymətli əsərlər yazmışlar. Xüsusən ingilis, rus, alman,
fransız alimləri və təbii ki, Şərqin tanınmış şərqşünasları çox qiymətli elmi
əsərlər ortaya qoymuşlar. Böyük sənətkarın vətəni Azərbaycanda Nizamişünaslıq
ədəbiyyatşünaslıq elminin həmişə xüsusi önəm verilən sahələrindən olub.
Azərbaycan alimləri, yazıçıları, sənətşünaslar daim Nizami yaradıcılığına
müraciət etmiş, ondan bəhrələnmiş və eyni zamanda, hər yeni nəsil onda özü üçün
nə isə kəşf etmişdir. Azərbaycan Respublikasının prezidenti cənab İlham
Əliyevin sərəncamı ilə 2021-ci il "Nizami Gəncəvi ili” elan olunduqdan sonra
nizamişünaslıqda yeni bir canlanma baş verdi və təbii ki, çoxlu sayda yeni
məqalələr yazıldı. Nizami "Xəmsə”si tükənməz bir enerji mənbəyi kimi ona üz
tutan hər kəsə götürə biləcəyi qədər pay verir. Nizami yaradıcılığı elə bir
dəryadır ki, ora baş vuran əliboş qalmır. Bu mənada Fərid Hüseynin "Azərbaycan”
jurnalı ilə birgə həyata keçirdiyi "Nizami söhbətləri” layihəsi çərçivəsində
Nizami Gəncəvi yaradıcılığına bələd çağdaş söz və fikir adamları ilə apardığı
söhbətlər, müsahibələr çox maraqlıdır, bugünkü Azərbaycanda Nizami Gəncəvi
şəxsiyyətinə və onun əbədiyaşar sənətinə olan sonsuz maraq və məhəbbət barədə
kifayət qədər təsəvvür yaradır. Şübhə etmirəm ki, bu yazılar böyük humanistin
gələcək tədqiqatçıları qarşısında yeni üfüqlər açacaqdır”.