AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Fatma Yıldırım: Dövlətimizin başçısının həyata keçirdiyi islahatlar ölkənin hərtərəfli inkişafına əhəmiyyətli təkan verib

Fatma Yıldırım: Dövlətimizin başçısının həyata keçirdiyi islahatlar ölkənin hərtərəfli inkişafına əhəmiyyətli təkan verib

Cəmiyyət
19 Sentyabr 2021, 14:30 118
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yüksək inkişaf dövrünü yaşayır. Ötən illər ərzində həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın dayanıqlı inkişafı təmin edilib. Dövlətimizin başçısının son illər ərzində apardığı islahatlar ölkənin hərtərəfli inkişafına əhəmiyyətli təkan verib.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, həyata keçirilən islahatlar bütün sahələri əhatə edir və bu prosesdə kadr islahatları da çox önəmli rol oynayır. Çünki hər bir sahənin inkişafında kadr amili vacib şərtdir. Peşəkar kadrların olduğu yerdə hər zaman tərəqqi müşahidə olunur.
Onun sözlərinə görə, öz vəzifəsini layiqincə yerinə yetirməyən, korrupsiyaya qurşanmış məmurlar var və onlar hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunurlar. Bu sıraya bəzi rayonların icra başçıları, eləcə də müxtəlif qurumların rəhbər şəxsləri daxildir. Azərbaycan Prezidenti hər zaman bəyan edir ki, hər bir məmur xalqın xidmətçisi olmalıdır. Dövlətimizin başçısı Cəlilabad və Şəmkir rayonlarına yeni təyin olunmuş icra başçılarını qəbul edərkən bir daha məmurlara xəbərdarlıq etdi. Bu xəbərdarlıq ondan ibarətdir ki, məmurlar öz vəzifələrini layiqincə yetirməli, insanların qayğıları ilə məşğul olmalı, qanunsuz hərəkətlərdən çəkinməlidirlər. Əks halda, bundan sonra da lazımi cəza tədbirləri görüləcək.
F.Yıldırım söyləyib ki, bütün vəzifəli şəxslər öz fəaliyyətində Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini əsas prinsip kimi götürməli və vətəndaşlara layiqli xidmət göstərməlidir: "Prezident İlham Əliyev çıxışlarında ölkəmizdəki inkişaf göstəriciləri ilə yanaşı nöqsanları da açıq-aşkar bildirir və çıxış yollarını göstərir. Ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri də vacib amildir. Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmaqla yanaşı, həmçinin onların qayğıları ilə yaşamalıdırlar”.
Deputat qeyd edib ki, dövlətimizin başçısının bəyan etdiyi kimi etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını vəzifəyə təyin edərkən Prezident İlham Əliyev onlara tövsiyə və tapşırıqlarını verir. Digər məmurlar kimi icra hakimiyyətlərinin başçıları da daim insanlarla ünsiyyətdə olmalı, onların problemlərinin həlli üçün əməli addımlar atmalı, fəaliyyətində şəffaflığa üstünlük verməlidir.
"Prezident İlham Əliyev xalqa layiqli xidməti dövlət məmurları qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Bu amil məhz vətəndaş-məmur münasibətlərinin yüksək əsaslar üzərində qurulmasına xidmət edir ki, bütün bunlar da ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır və dövlətimizin başçısının "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” vədinin reallığa çevrildiyini sübut edir”, - deyə Fatma Yıldırım vurğulayıb.