• bazar, 29 Iyun, 08:52
  • Baku Bakı 17°C

“Evlənməyə vaxtım yoxdur”

11.04.15 07:34 1198
“Evlənməyə vaxtım yoxdur”
Türkiyənin tanınmış pop ifaçısı Hande Yener ölkə mətbuatına yeni hitə çevrilmiş “Sebastian” mahnısının ona gətirdiyi uğurdan danışıb. Türkiyənin sevilən ifaçısı digər həmkarları kimi ticarətə atılaraq özünə yeni bir istiqamət seçib.
- Hande xanım, “Sebastian” adlı reytinqli mahnınızı öz albomunuza əlavə etmək yerinə, nə üçün Volga Tamözün albomuna əlavə etdiniz?

- Bu musiqini eşidəndə İstanbulda deyildim. O zaman prodüserim Polad Yağcıya zəng edib, bu musiqini almaq istədiyimi bildirdim. Əvvəlcə, düşündüm ki, bu mahnını gələcəkdə çıxacaq olan albomum üçün saxlayaq. Ancaq sonra gözləmək istəmədim. Bu enerjini hər kəs zamanında hiss etsin deyə Volganın albomuna verdik.
- Sebastian kimdir?

- Kişi də ola bilər, qadın da.
- İfa etdiyiniz mahnılarınızın əksəriyyəti tez bir zamanda hitə çevrilir. Mahnılarınızı seçərkən ən çox nəyə diqqət edirsiniz?

- Mən musiqi şirkətlərinin hər hansı bir layihəsi ilə gündəmə gəlməmişəm. Tərzimi özüm yaratmışam. İfa etdiyim mahnılar da çox gözəl və köhnəlməyəcək mahnılardır. Pop musiqi janrında 15 ilə damğa vuran mahnılarım var.
- İfa etdiyiniz mahnılarda adətən tərk edilmiş qadından bəhs edirsiniz.

- Siz tərk edənə deyil, etdirənə baxın. Qadınlar qarşı tərəflə münasibətlərini özləri başladıb, özləri də bitirirlər. Qarşı tərəfin sizə qarşı olan münasibəti bir növ sizi yönləndirir. Buna görə də kimin tərk etdiyini və tərk edildiyini öncədən demək mümkün deyil. Hesab edirəm ki, hər bir insan bu duyğunu dadıb.
- Bodrumda bir istirahət mərkəzi açdınız. Ticarətə qoşulmaq, şirkəti genişləndirmək fikriniz varmı?

- Yayda davamlı olaraq müxtəlif ölkələrə və bölgələrə getdiyim üçün istirahət edə bilmirdim. Getdiyim istirahət məkanlarında isə özümü qəribə və yad hiss edirdim. Düşündüm ki, dəniz kənarında özümüzə aid bir istirahət guşəmiz olsa, gözəl olar. Bu fikrimi Berksanla paylaşdım. O da söylədi ki, sənin İstanbuldakı məkanın kimi olsa, mən ora ilə maraqlanaram. Öz istirahət mərkəzimdə axşamlar akustik mahnılar da ifa edəcəyəm. Berksan mənim bu fikirlərimi öz dostuna danışdı və o, da bizə uyğun bir yer tapdı. Beləcə, xəyalımızı həyata keçirdik. Bundan sonrakı konsertlərimə də elə Bodrumdan gedəcəm. Bura mənə çox sərf edir. Oğlum DJ olduğu üçün o, bizim məkanımızda dinamik mahnıları ilə müştəriləri şənləndirəcək. Bundan başqa, rəqqas qruplarım, orkestrim hamısı yayda orada olacaq. Bir sözlə, bu yay çox əylənəcəyik.
- İstirahət mərkəzinin adını nə üçün Sebastian qoydunuz?

- Sonuncu ifa etdiyim mahnı hit oldu və dillər əzbərinə çevrildi. Bu mahnı bizə uğur gətirdiyi üçün düşündük ki, istirahət mərkəzinin adı da Sebastian olmalıdır. “Sebastian by Hande Yener” olaraq Borumda mövsümü açıq elan edirik.
- İfaçılıqla bərabər, turizmlə məşğul olmaq sizin üçün çətin olmayacaqmı?

- Əslində, bu, bir qədər çətindir. Çünki mən bu mövzulardan heç nə anlamıram. Nə yaxşı ki, bizim ətrafımızda bu işdə dəstək olan dostlarımız var. Hesab edirəm ki, bu sahədə də uğur qazanacağıq. Açdığım istirahət mərkəzində həm istirahət etmək, həm də oranın trendə çevrilmiş bir məkan olmasını istəyirəm. Yəni, Hande Yener adının ticarətdə də bir marka olması mənim üçün gözəl bir başlanğıcdır. Xəbəriniz olsun ki, Çeşmədəki istirahət mərkəzlərindən də mənə təkliflər gəlir. Ola bilsin ki, gələcəkdə istirahət mərkəzi şəbəkələri qurduq. Qış aylarında isə İstanbulda da bir məkan açmağı düşünürük.
- Heç bitməyən bir enerjiniz var. Bu, haradan qaynaqlanır?

- Sənətimlə bağlı böyük enerji toplamışam. Əgər sən mahnı ifa edirsənsə, böyük enerjiyə sahib olmalısan. Mən də bu enerjimi işimə sərf edirəm. Hər şeyi beynimdə xəyal edib, sonra onu gerçəkləşdirirəm. Konsert verərkən belə, orada olan hər bir dinləyicinin üzünə baxıram. Onların xoşbəxt olub-olmadığını anlamağa çalışıram. Konsert verdiyim yerləri beynimə həkk etmədən oradan getmirəm. Bu 15 ildə çox gözəl xatirələrim və mahnılarım oldu. Hər kəsin gözü qarşısında inkişaf edirəm, dəyişirəm, mahnılarımı yaşayaraq oxuyuram. Tamaşaçı ilə mənim aramda böyük bir bağlantı var və enerjimi də onlardan alıram.
- Tez-tez imicinizi dəyişirsiniz. Tərzinizlə bağlı bir probleminiz varmı?

- Musiqi və geyim tərzim çox dəyişkəndir. Çılğın və roker olmağı sevirəm. Təkcə klassik olmağı sevmirəm. Həyatda çox çılğın və dəlisov insanam. Oxuduğum musiqilərə də bu öz təsirini göstərir. İnsanlara fərqli görünmək üçün tərzimi dəyişmirəm. Daima axtarışda olduğum üçün özümə yaraşanı seçib tapmağa çalışıram.
- Özünüzü dünyaca şöhrətli ifaçı olaraq görürsünüzmü?

- Türkiyə dünyada məşhur ölkələrdən biridir. Mən də bu ölkənin bir ulduzuyamsa, deməli tanınmış ifaçıyam. Qeyd edim ki, bu ölkənin ifaçıları çox diqqət çəkir. Mənim “Ya ya ya” mahnım “Youtube”-da 50 milyon dəfədən çox izlənilib. “Sebastian” mahnısı 4 həftədə 3 milyondan çox izlənilib. Dünyaca məşhur olan DJ David Vendetta mənə bir mahnı hazırlayıb. Həmin mahnı həm xaricdə, həm də burada nümayiş olunacaq.
- Rəqibiniz varmı?

- Özüm özümə rəqibəm. Studiyaya mahnı oxumağa girərkən özümlə bir növ yarışıram.
- Pul sizin üçün nə qədər önəmlidir?

- Pul uğurla birlikdə gəlir. Musiqi ilə özümü çox xoşbəxt hiss edirəm. Pula elə də önəm vermirəm. Bir mahnı eşitdikdə, alacağım evdən daha çox o mahnı məni xoşbəxt edir. Dünya malı dünyada qalır. Şükürlər olsun ki, bu gün konsertlərim çoxdur və konsertlərdən gözəl qazanc əldə edirəm. Dünyanın kraliçası olmaq kimi bir iddiam da yoxdur.
- Gələcəyə dair hansı planlarınız var?

- Gələcəyə dair ticari planlarım var. Artıq iş qadını olmağa başladım.
- Aktrisalıq sənətinə münasibətiniz necədir? Sizə belə bir təklif gələrsə, qəbul edərsinizmi?

- Gözəl və fərqli bir layihə olursa, niyə olmasın. Ancaq kiçik obrazlar mənə görə deyil. Mən böyük işlərin qadınıyam. Ola bilər ki, gələcəkdə televiziyalarda şou xarakterli verilişlər aparım.
- Necə bir anasınız?

- Həm anayam, həm də iş qadını.
- Məşhur bir ananın övladı olmaq oğlunuz Çağın üçün bir avantaj olubmu?

- Bir müddət elə bir vəziyyət yaranmışdı. Amma ona “etdiyin hər bir işdə yaxşı olmalısan ki, sənə tələbat olsun” dedim. Radioda DJ olaraq çalışmaq üçün CV göndərib bir il gözlədi. Ancaq işə tez qəbul olmaq üçün mən “Hande Yenerin oğluyam” deməyib. Bunun üçün həmin şirkət də oğlumu bəyənib işə qəbul etmişdi. Heç bir zaman mənim adımdan istifadə etmədi. O, öz cameəsində məşhurdur. Artıq mənim adımdan istifadə edəcəyini düşünmürəm.
- Bədən formanızı necə qoruyursunuz?

- Asudə vaxtlarımda rəqslə məşğul oluram. Səhnədə o qədər hərəkətli oluram ki, məni formada saxlayır. Sağlam şəkildə qidalanıram. İstirahətimə də zaman ayırıram. Özümü 17-30 yaş arasında hiss edirəm. Amma heç zaman bu rəqəmdən yuxarı düşünməmişəm. Hazırda 42 yaşım var və özümü daha gənc hiss edirəm. Mənim üçün özünə baxım önəmlidir.
- Sevgiliniz Ozan Öğütdən evlilik təklifi aldınız. Toy nə vaxtdır?

- Tarix olaraq bir şey planlaşdırmamışıq. İşim çoxdur deyə evlənməyə vaxtım yoxdur. Çünki evlənmək üçün boş günüm yoxdur.
- Necə bir toy düşünürsünüz?

- Səssiz və sakit olmayacağı bəllidir.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər