Evini kirayə verənlər niyə vergidən yayınırlar? - Araşdırma

Banu Məmmədli
Sabunçu rayonunun Nardaran kəndinin sakinidir. O, 12 il bundan öncə ailə həyatı
qurub və Bakı şəhərinin Səbail rayonunda həyat yoldaşına məxsus evə gəlin
köçüb. Ali təhsili olmadığından evlilik müddətində heç bir yerdə işləməyib,
evdar qadın olub. 8 il bundan öncə onun həyat yoldaşı avtomobil qəzasında həlak
olub. Öhdəsində iki azyaşlı uşağı olan, heç bir yerdə işləməyən Banu ailəsinin
yükünü çəkmək üçün şəhərin mərkəzindəki mənzilini əcnəbi vətəndaşa 950 manata kirayə
verib, özü isə Nardaran qəsəbəsində ayda 100 manat ödəməklə kirayə ev tutub.
Həmin gündən indiyə qədər ailəsinin qayğısını kirayə verdiyi mənzildən əldə
etdiyi gəlir hesabına çəkir. Belə sabit gəliri olduğu üçün işləməyə də ehtiyac
duymur, evdar qadın kimi uşaqlarının tərbiyəsi, təhsili ilə məşğul olur.

Banu kimi
şəxsi evini daha böyük məbləğə kirayə verənlər az olsa da, ümumilikdə
Azərbaycanda mənzilini kirayə verən, bundan müəyyən məbləğdə gəlir əldə edən
vətəndaşlar çoxdur. Amma təəssüf ki, Banu da daxil olmaqla, onların böyük
əksəriyyəti əldə etdikləri bu gəlirdən dövlətə vergi vermirlər. Bunun bir neçə
sadə səbəbi var. Belə ki, evini kirayə verən bir çox vətəndaşlar bilərəkdən
kirayənişinlə öz arasındakı sövdələşməni rəsmiləşdirmir, bununla da gəlirini
gizli saxlayır, vergidən yayınırlar. Bəzi vətəndaşlar isə mənzili kirayə
verərkən razılaşmanı rəsmiləşdirmək lazım olduğundan, bundan sonra atılacaq
addımlardan, üzərlərinə düşən məsuliyyətdən məlumatsızdırlar.

Qanunvericiliyin tələbləri
Vergilər Nazirliyi Vergi siyasəti və
strateji araşdırmalar Baş İdarəsinin rəis müavini Şamil Ərəbovmövzu ilə bağlı "Kaspi”yə bildirib ki, sözügedən məsələ Azərbaycan
qanunvericiliyi ilə tənzimlənir. Onun sözlərinə görə, Mülki və Vergi məcəllələrində
əmlak kirayəsi ilə bağlı tələblər açıq şəkildə göstərilib: "Mülki Məcəllənin
700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu
müqaviləyə görə kirayə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə
götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək
və gəlir götürmək hüququ da verir. İcarəçi əmlak sahibinə müəyyənləşdirilmiş
icarə haqqı ödəməyə borcludur. Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən isə
daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi
tutulur. Vətəndaş evini vergi orqanında qeydiyyatda olan şəxsə kirayə verdiyi
halda kirayəyə götürən tərəfindən ona ödənilən kirayə haqlarından ödəmə
mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur və bu zaman evini kirayəyə verən
şəxsin vergi orqanında uçota alınmaq, əldə etdiyi icarə haqqından vergi ödəmək
və bu barədə vergi orqanına bəyannamə təqdim etmək öhdəliyi yaranmır. Vətəndaş
evini vergi orqanında qeydiyyatda olmayan fiziki şəxsə kirayə verdiyi halda isə
özü yaşadığı yer üzrə vergi orqanına ərizə ilə müraciət etməli və həmin ərizəyə
şəxsiyyətini təsdiq edən sənədin surətini əlavə etməlidir. Vergi orqanı
vətəndaşın ərizəsi daxil olduğu gündən sonrakı 2 gün müddətində ona vətəndaşın
vergi orqanında uçota alınmasını təsdiq edən və üzərində vergi ödəyicisinin
eyniləşdirmə nömrəsi (VÖEN) göstərilən müvafiq şəhadətnamə verir. Bundan sonra,
VÖEN-i olan vətəndaş kirayə haqqından xərclər çıxılmadan əldə etdiyi gəlirdən
dövlət büdcəsinə 14 faiz dərəcə ilə vergi ödəyir və növbəti ilin martın 31-dək
vergi orqanına gəlir vergisinin bəyannaməsini təqdim edir”.

Tətbiq olunan cərimələr
Ş.Ərəbov
kirayə verənin vergini ödəməkdən yayındığı halda həmin şəxsə qarşı tətbiq
edilən cərimələr və sanksiyalar barədə də məlumat verib. Bildirib ki, dövlət
büdcəsinə ödənilməli olan vergilərin yayındırılmasına görə vergi ödəyiciləri
Vergi Məcəlləsinin 57, 58 və 59-cu maddələri ilə müəyyən olunmuş qaydada
məsuliyyət daşıyırlar: "Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, müəyyən
olunmuş müddətdə vergi orqanlarında uçota alınmamasına görə 40 manat məbləğində
maliyyə sanksiyası tətbiq edilir. Həmçinin, Məcəllənin 57.1-ci maddəsinə əsasən,
bəyannamə vermək öhdəliyi olan vergi ödəyicisi tərəfindən əldə etdiyi və ya
ödədiyi icarə haqlarına görə vergi orqanına bu Məcəllə ilə müəyyən olunmuş
müddətdə hesabat təqdim edilməməsinə görə 40 manat məbləğində maliyyə
sanksiyası tətbiq olunur. Bununla yanaşı, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə
əsasən verginin (o cümlədən, ödəmə mənbəyində verginin) hesabatda göstərilən
məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən
azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə
yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi
məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Məcəllənin
59.1-ci maddəsinə əsasən isə vergi məbləğləri qanunvericiliklə müəyyən edilmiş
müddətdə ödənilmədikdə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi
ödəyicisindən və ya ödəmə mənbəyində vergini tutmağa və büdcəyə köçürməyə
borclu olan şəxsdən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz
tutulur”.

Kütləvi
surətdə vergidən yayınma
Vətəndaşların Əmək Hüquqlarını
Müdafiə Liqasının sədri, hüquqşünas Sahib Məmmədov mövzu ilə əlaqədar
qəzetimizə açıqlamasında bildirib ki, mənzil kirayəsindən
gəlir əldə edən vətəndaşların vergidən yayınmasına, kirayənişinlə öz
aralarındakı sövdələşməni rəsmiləşdirməkdən yayınmalarına səbəb tətbiq edilən
vergi faizinin yüksək olmasıdır. Onun sözlərinə görə, vergi faizi yüksək
olduğundan vətəndaş evini kirayə verdiyini dövlət qurumlarından gizlədir, vergi
ödəməkdən yayınır: "Qanuna görə, kirayədən əldə edilən gəlirdən 14 faiz vergi
tutulmalıdır. Yəni vətəndaş fiziki şəxs kimi vergi orqanında qeydiyyatdan
keçməli və hər ay kirayədən əldə etdiyi gəlirin 14 faizini dövlətə ödəməlidir.
Misal üçün, əgər vətəndaş kirayə verdiyi mənzildən hər ay 100 manat gəlir
götürürsə, onun 14 manatını vergi şəklində dövlətə ödəməlidir. Bundan başqa,
evini kirayə verən vətəndaş fiziki şəxs kimi vergi orqanında qeydiyyatda
durduğu andan Dövlət Sosial Müdafiə Fondunda da gəlir əldə edən şəxs kimi
avtomatik qeydiyyata alınır. Vergidən əlavə, hər ay DSMF-yə 21 manat da
ödəməlidir. İndi təsəvvür edin, Bakı ətrafı qəsəbələrdə evini aylıq 100 manata
kirayə verən vətəndaş hər ay 14 manat vergiyə, 21 manat isə DSMF-yə ödəmə
etməlidir. Belə olan halda mənzil sahibinə ayda cəmi 61 manat qazanc qalır.
Vergi faizinin bu cür yüksək olması ona gətirib çıxarır ki, bu kateqoriyaya aid
olan vətəndaşlar kütləvi surətdə vergidən yayınırlar”.

Vergi
faiz dərəcəsinin aşağı salınması
S.Məmmədov
vəziyyətdən çıxış yolu kimi bu sahəyə tətbiq edilən vergi faiz dərəcəsinin
aşağı salınmasını göstərib: "Məsələ burasındadır ki, vergi orqanları buna
gedəcəklərmi, ya yox? Çünki son aylara qədər mənzil kirayəsindən əldə edilən
gəlirdən verginin cəlb edilməsinə o qədər də əhəmiyyət verilmirdi. Amma dünya
bazarında neftin qiymətinin kəskin ucuzlaşmasından, dövlət büdcəsinə gəlirlərin
azalmasından sonra bir çox məsələlər kimi mənzil kirayəsindən əldə edilən
gəlirlərdən vergilərin tutulması da aktuallıq kəsb etməyə başladı. Hesab edirəm
ki, indiki durumda vergi faizini aşağı salmaqla vergi yığımını çoxaltmaq olar.
Bunun üçün elə bir hədd müəyyən edilməlidir ki, vətəndaş özü vergini ödəməkdə maraqlı
olsun. Vətəndaş gizli sövdələşmə ilə deyil, qanun çərçivəsində açıq
müqavilələrlə bu məsələni tənzimləsin. Mən hesab edirəm ki, bu sahədə cəmisi
3-4 faiz vergi tətbiq edilərsə, effektiv
nəticə əldə etmək mümkündür. Həm bu sahədə şəffaflıq artardı, həm də bu
kateqoriyaya aid əhalidə vergi mədəniyyəti daha yaxşı formalaşardı”.

Maarifləndirmə
tədbirləri gücləndirilməlidir
Hüquqşünas
hesab edir ki, bu sahədə maarifləndirmə tədbirləri daha da gücləndirilməlidir: "Misal
üçün, heç bir yerdə işləməyən, lakin evini kirayə verməklə gəlir əldə edən insanlara
izah etmək olar ki, vergi ilə yanaşı DSMF ödənişləri etməsən, yaşlaşıb
pensiyaya çıxanda minimum həddə pensiya alacaqsan. Lakin vergi ödəyicisi
olmaqla bərabər, əldə etdiyi gəlirə görə DSMF-yə hər ay ödəmələr etməsi
gələcəkdə həmin vətəndaşın pensiyanın yüksək olmasına təsir edəcək. Bunun üçün müvafiq dövlət qurumlarında qeydiyyata düşmək, VÖEN və Dövlət Sosial Sığorta Şəhadətnaməsi əldə etmək gərəkdir. Yaxud,
kirayə müqaviləsi imzalamadan, bu müqaviləni rəsmiləşdirmədən sadəcə sövdələşmə
ilə mənzili kirayə verməyin sonradan həm mənzil sahibinə, həm də kirayənişinə
müəyyən problemlər yarada biləcəyini də izah etmək olar. Misal üçün, şərti
razılıqdan bir ay sonra mənzil sahibi məqsədli şəkildə kirayə haqqını artıra,
yaxud kirayənişindən mənili boşaltmasını tələb edə bilər. Və ya əksinə,
kirayənişin bir ay qaldıqdan sonra mənzil kirayəsini verməyib başqa bir yerə
köçə bilər. Hər iki halda tərəflərin üzərlərinə götürdüyü öhdəlik
rəsmiləşdirilmədiyindən, rahatlıqla məsuliyyətdən qaça, bir-birinə qarşı
haqsızlıq, hüquq pozuntusu edə bilərlər. Amma müqavilə olanda, tərəflər
üzərlərində məsuliyyət hiss edərlər. Ümumiləşdirsək, mənzil kirayəsinə görə
nəzərdə tutulan vergi faiz dərəcəsi aşağı salınmalı, daşınmaz əmlakını kirayə
verən vətəndaş da bütün hərəkətlərini qanunla tənzimləməlidir”.

Qanunun
tələblərinə hörmətlə yanaşmalı
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin üzvü, hüquqşünas Çingiz Qənizadə də hesab edir ki,
Azərbaycanda mənzilini kirayə verən vətəndaş öz ölkəsinin qanunlarına hörmətlə
yanaşmalı, qanunvericiliyin tələbləri əsasında fəaliyyətini qurmalıdır. O, "Kaspi”yə
açıqlamasında bunun təhlükəsizlik nöqteyi-nəzərdən də vacib olduğunu
vurğulayıb: "Olur ki, kirayə verilən mənzillərdə hər hansı qətl, cinayət hadisəsi
baş verir, yaxud terrorçu qruplaşma orada "yuva” salır. Misal üçün bu günlərdə
televiziya ilə yayımlanan xəbərlərdə göstərildi ki, Gürcüstandan gələn bir qrup
cinayətkar Bakıda kirayə ev tutub yaşayıblar. Onlar bu evdə kirayə qalaraq
oğurluqla, mənzillərin qarət olunması ilə məşğul imişlər. Qonşuların məlumatı
və şikayəti əsasında sonradan həmin oğrular tutularaq məsuliyyətə cəlb
olundular. Düzdür, qanuna görə mənzilini kirayə verən şəxs kirayənişinin hər
hansı cinayət əməlinə görə məsuliyyət daşımır. Lakin bu halda belə, kirayə
verən polisə çağırılır, müvafiq izahat alınır, müəyyən prosedur işlər həyata
keçirilir. Polis qanun çərçivəsində məsələyə yanaşarsa, qısa zamanda araşdırma
aparar, qonşuların və başqalarının məlumatı ilə ev yiyəsinin törədilən cinayət
əməlində hər hansı marağının, məlumatının, iştirakının olmadığını üzə çıxarar.
Amma əgər kirayə verən kirayəyə götürülən mənzildə hər hansı cinayət əməlinin
baş verəcəyini bilib polisə xəbər verməzsə, cinayətin iştirakçısı olarsa, yaxud
kirayənişininin cinayətkar olmasından məlumatlı ola-ola polisə xəbər verməzsə,
bu halda məsuliyyət daşıyır. Ona görə də tövsiyə olaraq bildirmək istərdim ki,
evini kirayə verən şəxslər qanun çərçivəsində bu işi görsünlər”.

Ən yaxşı biclik elə düzlükdür
Millət vəkili
Ç.Qənizadə Azərbaycanın hüquqi, demokratik bir dövlət olduğunu xatırladaraq, bu
dövlətin bütün istiqamətlər üzrə daha da inkişaf etməsi üçün qanunlara hörmətlə
yanaşmanın zəruriliyini qeyd edib: "Vətəndaşlar dövlətin yanında olmalı,
qanunlara hörmətlə yanaşmalı, həm öz təhlükəsizliklərini təmin etməli, həm də
digərlərinin təhlükəsizliyinin təmin olunmasında fəallıq nümayiş
etdirməlidirlər. Hər bir şəxs evini kirayə verəndə də mütləq qanun çərçivəsində
sənədləşmə işi aparmalı, bu sənədləşməni notarial qaydada rəsmiləşdirməli,
üzərinə düşən məsuliyyətdən qaçmamalıdır. Vətəndaş cüzi miqdarda vergi
ödəməkdən yayınmamalıdır ki, gələcəkdə baş verə biləcək hər hansı hadisəyə görə
də baş ağrısı çəkməsin”.

Büdcədə izi olmayanın, cəmiyyətdə üzü
olmaz
Rufik İSMAYILOV
Yazı Mətbuat
Şurasının və Vergilər Nazirliyinin "Azərbaycanın vergi sistemi yeni iqtisadi
inkişaf mərhələsində” mövzusunda fərdi yazı müsabiqəsinə təqdim olunur

