Etibarlı sosial təminat başlıca vəzifə kimi - Fotolar
2019-cu ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
uğurlu siyasət Azərbaycanın sürətli inkişafını təmin edib, ölkə qarşısında yeni
perspektivlər açılıb
Prezident İlham Əliyev
dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə
verib. O, 2019-cu ilin ölkəmiz üçün uğurlu olduğunu diqqətə çatdırıb. Qeyd edib
ki, cari ilin əvvəlində qarşıya qoyulan bütün vəzifələr həyatda öz əksini
tapıb, Azərbaycan 2019-cu ildə uğurla inkişaf edib. Dövlət başçısının sözlərinə
görə, bu inkişaf imkan verir ki, gələcək illərdə də düzgün addımlar atılsın və
2020-ci il ölkəmiz üçün uğurlu olsun. Xarici siyasətlə bağlı məsələlərə toxunan
Azərbaycan prezidenti deyib ki, il ərzində ənənəvi tərəfdaşlarla əlaqələrimiz
daha da yüksək pilləyə qalxıb, qonşu ölkələrlə bir çox birgə təşəbbüslər irəli
sürülüb, çox önəmli razılaşmalar əldə edilib. Dövlət başçısı son illər ərzində
qonşu ölkələrlə əlaqələrimizin inkişaf etdiyini xatırladaraq, bu əlaqələrin qarşılıqlı
anlaşma, hörmət, qarşılıqlı maraqlar və bir-birinin işinə qarışmama prinsipləri
əsasında qurulduğunu dilə gətirib. Bildirib ki, özünün və hökumət üzvlərinin
xarici səfərləri ilə yanaşı, bu il Azərbaycana 40-dan çox dövlət və hökumət
başçısı səfər edib. Azərbaycanın il ərzində bir sıra beynəlxalq tədbirlərə, o
cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının
zirvə görüşlərinə ev sahibliyi etdiyini söyləyən Prezident İlham Əliyev
vurğulayıb ki, bütün bu tədbirlər ölkəmizin xarici əlaqələrinin daha da
güclənməsinə xidmət edib. Vurğulanıb ki, Qoşulmama Hərəkatında birləşən 120
ölkə, Avropa İttifaqına üzv olan 28 ölkə, eyni zamanda Qoşulmama Hərəkatına üzv
olmayan digər türkdilli dövlətlər, ümumilikdə beynəlxalq aləmin mütləq əksəriyyəti
Azərbaycanı dəstəkləyir, ölkəmizə inanır, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin ərazi bütövlüyü prinsipi çərçivəsində həllinə tərəfdar çıxırlar.
Prezident İlham Əliyev cari
ildə Azərbaycanda iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində mühüm addımlar
atıldığına da diqqət çəkib. Qeyd edib ki, ümumi iqtisadi artım 2 faizdən çox,
sadəcə qeyri-neft iqtisadiyyatımız isə təqribən 3,5 faiz artıb. O, qeyri-neft
sənaye sahəsində artımın təxminən 14 faiz olmasını sevindirici hal kimi
qiymətləndirib. Deyib ki, son illərdə kənd təsərrüfatına böyük investisiyalar
qoyulub, böyük islahatlar paketi icra edilib və burada da 7 faizdən çox artım özünü
göstərib. Bununla yanaşı, inflyasiya 11 ayda təqribən 2,6 faiz olub, xarici
ticarət dövriyyəsi artıb. Xarici borcumuz aşağı düşüb və ümumi daxili məhsulun
17 faizini təşkil edib ki, bu, dünyada 9-cu göstəricidir. Azərbaycanın valyuta
ehtiyatlarının xarici dövlət borcundan 5 dəfə çox olduğunu diqqətə çatdıran
dövlət başçısı deyib ki, bu, dünya təcrübəsində nadir nəticədir. Adambaşına
düşən valyuta ehtiyatlarının həcminə görə isə Azərbaycan MDB-də birinci yerdədir.
Prezident qeyd edib ki, ilin sonuna qədər Azərbaycanın valyuta ehtiyatları 50
milyard dollara çatıb. İl ərzində maaşlar, pensiyalar, sosial müavinətlər,
tələbələrin təqaüdləri artırılıb, ümumilikdə sosial sahədə olan bütün məsələlər
kompleks şəkildə öz həllini tapıb.
Milli
Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü
Hikmət Babaoğlu bildirib ki, Prezident İlham Əliyevin dekabrın
23-də yerli jurnalistlərə verdiyi müsahibə 2019-cu ilin 9 ayının yekunları ilə
bağlı olsa da, ümumilikdə dövlət başçısının fikirlərində 2003-cü ildən bu günə
kimi həyata keçirilən siyasətin əsas paradiqmaları öz əksini tapıb: "Prezident
müsahibə zamanı bir sıra mühüm məsələlərə toxundu. Bu məsələlər içərisində
Azərbaycanın xarici siyasəti ilə bağlı mühüm tezislər, beynəlxalq
münasibətlərdə rolu və bugünkü nüfuzunu təmin edən fəaliyyətinin istiqaməti ilə
bağlı fikirlər var. Eyni zamanda, burada regional və qlobal çağırışlar
kontekstində beynəlxalq münasibətlərin nüfuzlu aktoru kimi Azərbaycanın
davranışlarının əsas istiqamətləri də yer alıb. Azərbaycan Prezidenti qeyd etdi
ki, bizim siyasətimiz konseptual xarakter daşıyır və ardıcıl olaraq həyata keçirilir.
2003-cü ildən bu günə qədər həyata keçirilən siyasətə diqqət yetirdikdə görmək
olar ki, heç nə təsadüfi baş verməyib. Bu illər ərzində həyata keçirilən
siyasət əvvəlcədən düşünülmüş, strateji məqsədlərə və milli maraqlara
hədəflənmiş intensiv fəaliyyət proqramı kimi nəzərdən keçirilə bilər. Bunun
nəticəsidir ki, bu gün Azərbaycan inkişaf edib, qüdrətlənib. Həm xarici, həm
daxili siyasət komponentləri milli maraqlar çərçivəsində uzlaşdırılaraq bugünkü
qüdrətli Azərbaycan yaradılıb”.
Prezident İlham Əliyevin ölkəmizdə
həyata keçirilən sosial siyasət və iqtisadi uğurlar üzərində xüsusi dayandığını
xatırladan millət vəkili deyib ki, hər iki komponent bir-birindən asılı olan
vahid tamın iki ayrılmaz hissəsidir: "İqtisadiyyat olmasa, sosial problemləri həll
etmək olmaz və sosial problemlərin həlli birbaşa iqtisadiyyatla bağlıdır.
Sosial dövlət olma öhdəliklərini yerinə yetirmək üçün, ilk növbədə, güclü
iqtisadi gücə malik ölkə olmaq lazımdır. Prezident İlham Əliyev bu məsələlərə
toxunaraq ölkəmizdə həyata keçirilən sosial siyasətdən danışdı. Eyni zamanda, 9
ay ərzində görülən işlərin, həyata keçirilən islahatların, nəticə etibarilə,
Azərbaycan vətəndaşının rifahına yönəlmiş olduğunu diqqətlə təqdim etdi. Bütün
bunlar bir daha onu sübut edir ki, Azərbaycan Prezidentinin fəaliyyətinin
əsasında vətəndaşların rifahı durur. Azərbaycanın inkişafı başlıca prioritet
hədəfdir. Ölkənin hərbi gücü və siyasi nüfuzunun artması Qarabağ probleminin
ərazi bütövlüyümüz çərçivəsində həll olunmasına imkan verəcək”.
Milli
Məclisin Elm və təhsil komitəsinin üzvü Pərvin Kərimzadə son illər
ölkənin daxili və xarici siyasətində böyük uğurlar əldə olunduğunu,
Azərbaycanın dünyada siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük
nailiyyətlər qazandığını, sürətli inkişaf, tərəqqi nümunəsi göstərdiyini
söyləyib. Bildirib ki, dünya şöhrətli siyasi xadim, ulu öndər Heydər Əliyev
siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin hakimiyyətə gəldiyi
gündən indiyə qədər ötən müddət ərzində Azərbaycan beynəlxalq əlaqələrini bir
qədər də artırıb, ölkə vətəndaşının etibarlı sosial təminatı başlıca vəzifəyə
çevrilib. Onun sözlərinə görə, ölkə başçısının 16 il əvvəl söylədiyi "Xalqa
xidmət etmək mənim ən böyük vəzifəmdir, bu, mənim borcumdur” sözləri bu gün tam
təsdiqini tapıb. Millət vəkili qeyd edib ki, Prezidentin yerli jurnalistlərə
verdiyi müsahibə sadəcə 2019-cu ilin 9 ayının yekunları ilə məhdudlaşmayıb,
onun bütünlüklə fəaliyyətinin real nəticəsini növbəti dəfə nümayiş etdirib, bir
növ hesabat xarakteri daşıyıb: "Cənab İlham Əliyev ölkə rəhbəri kimi fəaliyyətə
başladığı dövrdən xalqın marağını hər şeydən üstün tutan, xoşniyyətli əməlləri,
imzaladığı fərman və sərəncamları, praqmatik qərarları ilə hər bir Azərbaycan
vətəndaşının Prezidenti olduğunu təsdiqləyib. Hər zaman xalqın yanında olan
dövlətimizin başçısı xoş və sevincli günlərində olduğu kimi dar gündə də
vətəndaşların kədərinə şərik çıxıb, onların əsl himayədarına çevrilib. Çətinə,
dara düşən hər bir azərbaycanlı inanır ki, onun köməyinə, dəstəyinə ilk
inandığı, etibar etdiyi Prezidenti – cənab İlham Əliyev gələcək və dəstək
olacaq. Yalnız cari ilin 9 ayında deyil, ümumilikdə son 16 ildə Prezident İlham
Əliyevin düşünülmüş islahatları və müdrik qərarları sayəsində əldə edilən
uğurlar, nailiyyətlər xalqımızın rifahının yalnız bu gün deyil, gələcəkdə təmin
olunmasına zəmanət yaradıb”.
Milli
Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ölkədə
həyata keçirilən islahatların Azərbaycanın qüdrətinin daha da artmasına xidmət
etdiyini dilə gətirib. Onun fikrincə, Azərbaycan Prezident İlham Əliyevin
həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət
nəticəsində güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik ölkəyə
çevrilib: "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji
siyasət kursu Azərbaycanın dinamik inkişafını təmin etməklə yanaşı, ölkəmizin
qarşısında yeni perspektivlərin açılmasını şərtləndirib. Xüsusilə də, dövlət
başçısının rəhbərliyi ilə sosial sahədə sistemli, kompleks xarakterli,
fundamental islahatlar həyata keçirilməsi vətəndaşların rifah halının
gündən-günə daha da yaxşılaşmasına yol açır. 2019-cu il, demək olar ki, sosial
islahatlar ili kimi yadda qaldı. Bu dövrdə atılan addımlara nəzər salsaq
görərik ki, sosial islahatlar, verilən qərarlar, demək olar ki, bütün sosial
sferanı əhatə etdi. Hələ ilin əvvəlində problemli kreditlərin həlli ilə bağlı
Prezident Fərmanı həm də ölkəmizdə makroiqtisadi sabitliyin təmin olunduğunun,
iqtisadi inkişaf templərinin bərpa edilərək artdığının göstəricisi idi. Bunu
dekabrın 23-də jurnalistlərə müsahibəsində möhtərəm Prezidentimiz də bildirdi.
Dövlət başçısı qeyd etdi ki, bu məsələ daim diqqət mərkəzində idi. Sadəcə,
artıq dövlətin buna tam gücü və imkanı çatdı və bu problem öz həllini tapdı.
2019-cu ildə maaşların, pensiyaların, sosial müavinətlərin, tələbələrin
təqaüdlərinin artırılması, eləcə də digər sosial təminat məsələləri diqqət
mərkəzində olub: "İlin yekunları ilə bağlı müsahibəsində cənab Prezident
bildirdi ki, müavinətlər orta hesabla 50 faiz, yaxud da 2 dəfə, minimum
əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faizdən çox artırıldı. Minimum pensiyanın
alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB-də birinci yerdədir. Cənab
Prezident vurğuladı ki, sosial islahatlar gələn il də davam etdiriləcək”.
Milli
Məclisin insan hüquqları komitəsinin üzvü, Mətbuat Şurasının sədri Əflatun
Amaşov Prezident İlham Əliyevin yerli jurnalistlərə müsahibəsində
səsləndirdiyi fikirləri ədalət anlayışına xüsusi münasibət ifadəsi kimi
dəyərləndirib. Qeyd edib ki, dövlət başçısı müsahibədə ölkənin ictimai-siyasi,
sosial-iqtisadi həyatının ən müxtəlif tərəflərinə dair fikirlər səsləndirib,
bununla da cəmiyyətdə, vətəndaşlarda əminlik yaradıb. Millət vəkili vurğulayıb
ki, Prezident gələcəkdə də vətəndaşları narahat edən tendensiyalara münasibətdə
barışmaz olacaq: "Biz görürük ki, barışmır da. Onun apardığı struktur və kadr
islahatları bunu təsdiqləyir. Heç şübhəsiz ki, islahatlar davamlıdır. Bu isə
Azərbaycan xalqının rifahına, daha yaxşı yaşamasına olan ali təminatdır. İlham
Əliyev həmçinin, Azərbaycanın beynəlxalq arenadakı mövqeyini də izah etdi.
Xarici siyasətimizdəki 2 əsas xətti gördüm. Bunlardan birincisi, bütövlükdə
beynəlxalq siyasi proseslərin kontekstində Azərbaycanın mövqeyi, xüsusən də
enerji siyasəti, Avropaya inteqrasiya məsələləridir. Digər məqam Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı siyasi-diplomatik fəaliyyətdir. Cənab Prezident
müsahibəsində hər iki məsələyə yetərincə əhatəli yanaşdı. Ölkəmizin xarici
siyasətdəki dayanıqlılıq faktorlarını açıqladı. Təbii, Dağlıq Qarabağ
münaqişəsi başlıca hədəfdir”.
Ə.Amaşov söyləyib ki, ümumən
ölkəmiz enerji sahəsindəki üstünlüyünü Dağlıq Qarabağ münaqişənin ədalətli
həlli yolundakı diplomatik fəaliyyətə kifayət qədər bacarıqla tətbiq edir. Onun
sözlərinə görə, bu, xarici siyasətimizin mühüm təsir qüvvəsi, prinsipiallıq
dayağıdır: "İlham Əliyevin düşüncələri, açıqladığı fikirlər də bundan xəbər
verir. İstənilən cəmiyyət ədalət axtarışındadır. Fərqi yoxdur, inkişaf etmiş
olsun, ya inkişaf etməkdə olan. Əlbəttə, müəyyən mənada bu anlayışın özü də
nisbidir. Ancaq nəzərə alaq ki, geniş ictimaiyyətin, toplumun baxışlarındakı
ədalətin kökü həmin cəmiyyətin milli-mənəvi dəyərlər sisteminə, ənənələrinə
söykənir. Cənab Prezident müsahibəsində bu cəhətlərə kifayət qədər incəliklə
toxundu. Onun fikirləri ədalət anlayışına xüsusi münasibət ifadəsidir. Dövlət
başçısı bəyan edir ki, bu münasibət dövlət idarəçiliyinin qayəsini təşkil
etməlidir. Hesab edirəm ki, hər bir məmur, vəzifəli şəxs gələcək fəaliyyətini
ölkə başçısının müsahibədə səsləndirdiyi fikir və düşüncələrdən ciddi nəticə
çıxararaq qurmalıdır”.
Rufik
İSMAYILOV